Torpaq müqəddəs olmaqla bərabər, həyat və min-bərəkət mənbəyidir. Onu düşməndən də qorumaq, "bekar" qalmaqdan da qurtarmaq şərəfli borcdur. Torpaq şumlanıb əkildikcə oyanır, canlanır. İnsan əlinin sığalına yatdıqca səxavətini artırır. Babalarımız deyib ki, əgər torpağı əkib-becərmirsənsə, onu qorumağa dəyməz. Torpaqsa deyir ki, öldür məni, dirildim səni...
Məhsuldar torpaqları olan Cəlilabad ölkəmizin iri kənd təsərrüfatı rayonlarındandır. Hər il rayonun fermerləri torpağa çəkdikləri zəhmətin artıqlaması ilə bəhrəsini görürlər. Aqrar bölməyə dövlət qayğısının artması burada faydalı iş əmsalının daha da yüksəlməsinə səbəb olub. Elə rayon rəhbərliyi də bu sahənin inkişafı naminə məqsədyönlü addımlar atır, torpaq sahibkarlarına hərtərəfli dəstək göstərir. Müsahibimiz Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Nazim Səlimovdur.
-Nazim müəllim, əvvəlcə rayonunuzun aqrar sahəsi barədə ümumi məlumat verməyinizi xahiş edirəm.
-Rayonumuzun 145 min hektaradək ərazisinin üçdə-ikisi kənd təsərrüfatına yararlı torpaqlardır. Sovet dönəmində Cəlilabada "Azərbaycanın Ukraynası" deyirdilər. Ənənələr bu gün də davam etdirilir. Rayonda taxılçılıq, kartofçuluq, üzümçülük sürətlə inkişaf edir. Taxılçılığın əkin strukturunda yeri xüsusilə böyükdür. Bu il rayonumuzda 60 min hektar sahədə taxıl əkini nəzərdə tutulmuşdur. Əkinçilərin kartofçuluğa meyli də güclüdür. Müqayisə üçün deyim ki, əgər 1996-cı ildə rayonda 4600 ton kartof istehsal edilmişdisə, bu il həmin rəqəm 100 min tonu keçir. Tərəvəzçilik, şəkər çuğunduru istehsalı, pambıqçılıq və digər sahələr də inkişafdadır. Ötən əsrin 70-80-ci illərində Cəlilabadda üzümçülüyün inkişafı ən yüksək həddə idi. O vaxt rayonda 31 min hektar üzüm sahəsi vardı, 29 ilkin üzüm emalı müəssisəsi və iki şərab zavodu fəaliyyət göstərirdi. Bu gün həmin xeyirli sahənin yenidən tərəqqi dövrü başlanmaqdadır. Aqrar islahatlar bütün bu sahələrdə məhsul bolluğuna şərait yaradıb.
-Hazırda ölkədə taxılçılığa xüsusi önəm verilir...
-Elədir ki, var. Taxıl çörəkdir, başlıca dolanacaqdır. Təsadüfi deyil ki, taxıl əkini sahələrimizin 56 hektarını buğda, qalanını isə arpa əkinləri təşkil edir. Hazırda taxıl əkinləri, demək olar ki, tam başa çatmışdır. Cəlilabadın təbii iqlim şəraiti imkan verir ki, burada dekabr ayında da taxıl səpilsin. Bu, heç bir problem yaratmır. Əsas odur ki, iş üçün hər cür şərait mövcuddur. Rayonda min ədəddən çox traktor, səpin aqreqatı və kotan vardır. Bundan əlavə, "Aqrolizinq" müəssisəsi də kənd əməkçilərinə yaxından kömək göstərir. Həmin müəssisə fermerlərə təkcə texnika ilə deyil, həm də gübrə ilə təmin etməklə yardımçı olur. Əkinçilərə bu il məsləhət görülmüşdür ki, fosfor gübrəsindən istifadə etsinlər. Bu, həm də bitkilərin yaxşı inkişaf etməsinə səbəb olar.
Keçən il rayonumuzda 131 min ton taxıl istehsal olunmuşdu. Həmin rəqəm əvvəlki illərdəkindən az idi. Səbəb iqlim şəraiti ilə bağlıdır. Belə ki, soyuqların düşməsi mayalanmanı müəyyən qədər məhdudlaşdırmış, birdən-birə istilərin düşməsi isə əmələ gəlmiş toxumların çox zəif və çəkisinin aşağı olmasına gətirib çıxarmışdı. Əlbəttə, 131 min ton da kiçik rəqəm deyil. Bu məhsuldan növbəti il üçün toxumluq, mal-qara üçün yem, təbii itki faizi çıxıldıqdan sonra 290 min əhaliyə çatacaq qədər ərzaqlıq buğda əldə edilmişdir. Məlumat üçün deyim ki, Cəlilabadın cəmi 193 min əhalisi var. Builki taxıl əkininin vəziyyəti isə ümid verir ki, biz 2011-ci ildə daha çox məhsul istehsal edək.
Onu da əlavə edim ki, taxılçılıq Cəlilabadda təkcə pay torpaqlarda deyil, həm də 10 min hektarlıq dövlət ehtiyat fondu torpağında da inkişaf etdirilir. Burada əsasən icarə üsulu tətbiq olunur. Mirsahib Soltanov, Yaşar Kərimov, Gülağa Mirzəyev kimi fermerlərimiz bu sahəni inkişaf etdirirlər. Möhtərəm Prezidentimizin kənd əməkçilərinə güclü dəstəyinin olması taxılçılığın daha da irəli getməsini təmin edir. Bu gün hər hektar buğda sahəsinə 80 manat, digər bitkiçilik sahələrinin hər hektarına isə 40 manat həcmində pul vəsaitinin ayrılması istər-istəməz əkinçiliyə maraq göstərilməsinə səbəb olur.
-Taxılın satışının təşkili də mühüm məsələdir. Bu barədə nə deyə bilərsiniz?
-Sahəyə marağın saxlanması bu amildən də çox asılıdır. Satışla bağlı problemləri aradan qaldırmaqdan ötrü bu gün rayonumuzda 10 min tonluq dəyirman və 10 min tonluq da elevator tikilməkdədir. Yaxın vaxtlarda həmin obyektlər istismara veriləcəkdir. Onların tikilməsi hər şeydən əvvəl yeni iş yerlərinin açılması deməkdir. İkinci bir tərəfdən taxılçı istehsal etdiyi məhsulu müqavilə əsasında həmin obyektlərə təhvil verəcək. Yəni əziyyəti az olacaq və gəliri artacaqdır.
-Cəlilabad kartofu da indi adla deyilir...
-Doğrudur. Adamlar kartofdan yüksək gəlir götürürlər. Rayonumuzda ildə üç dəfə kartof məhsulu yetişdirilir: yazlıq, payızlıq, bir də örtük altında kartof. Bu günə kimi rayonda 77 min ton kartof istehsal edilmişdir və yığım hazırda da davam etdirilir.
-Bəs digər sahələrdə vəziyyət necədir?
-Cəlilabadda əhalinin çoxluğu nəzərə alınmaqla üzümçülük inkişaf etdirilir. Çünki üzümçülük əmək tutumlu sahədir və burada adamlar ilboyu işlə təmin olunurlar. İndiyədək rayonda 1500 hektardan artıq üzümlük salınmışdır. Bunun 800 hektarından çoxu məhsuldar bağlardır. Cari ildə rayonda 4200 tondan artıq üzüm istehsal olunmuşdur ki, bu da əvvəlki ildəkindən çoxdur. Üzümçülükdə əsas problem ilkin emalla bağlıdır. Hazırda yalnız Qarazəncir kəndində müasir standartlara cavab verən ilkin üzüm emalı zavodu vardır. Yeni şərab zavodlarının tikiləcəyi də istisna deyildir.
Bitkiçiliyin inkişafı heyvandarlığın da inkişafına təkan vermişdir. Bu gün rayonumuzda 100 min başa qədər iribuynuzlu mal-qara, 121 min başdan çox qoyun və keçi, 600 min başdan çox isə quş vardır. Rayonda istehsal olunan ət, süd və digər heyvandarlıq məhsulları nəyinki öz əhalimizin tələbatını ödəyir, ölkəmizin digər şəhər və rayonlarına da göndərilir.
-Başlıca çətinlik nədən ibarətdir?
- Problem yenə də ilkin emal sexlərinin olmaması ilə bağlıdır. Cəlilabadın müxtəlif yaşayış məntəqələrində südün ilkin emalı sahələrinin yaradılması çox vacibdir. Bu, həm də südçülüyə marağın artmasına səbəb olardı...
Hazırda rayonun aqrar sahə adamları bu payız əkilən buğda sahələri üçün yardım verilməsi ilə əlaqədar sənədləri toplayıb respublika komissiyasına təhvil verməyə hazırlayırlar. Cəlilabad respublikada ən çox yardım verilən rayondur. Hər dəfə 20-23 min istehsalçıya 2,5 milyon manat həcmində yardım hesablanır. Bu, ölkə üzrə verilən ümumi yardımın 4,3 faizi qədərdir. Bu kimi yardımlar torpaq adamlarının işə marağını daha da artırır və kənd təsərrüfatının inkişafına əlavə stimul verir.
{nl}
Əli ƏLİYEV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.