Tahirə Cəfərova: Biz Azərbaycan poeziyasını dünyaya hələ kifayət qədər tanıda bilməmişik

Beynəlxalq arenada yüksək mövqelərə layiq görülən, dünya ölkələri, millətləri və xalqları arasında nüfüzunu artıran və sürətlə inkişaf edən müstəqil Azərbaycan milli sərvətləri ilə yanaşı, zəngin mədəniyyəti, milli-mənəvi dəyərləri və yüksək intellekti ilə tanınır. Çox sevindirici haldır ki, bu gün xarici ölkələrdə yaşayan azərbaycanlıların – həmvətənlərimizin milli mədəniyyətimizə bağlılığı, dünya mədəniyyətinə verdiyi töhfələr xüsusilə diqqətəlayiqdir. Bu sırada olan ziyalılardan biri də yazıçı, tərcüməçi, Avropa Ədəbi Tərcüməçilər İttifaqının (SİETL), Finlandiya Respublikası Tampere şəhəri Yazıçılar İttifaqının, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Azərbaycan- Finlandiya” Dostluq Cəmiyyətinin fəxri üzvü Tahirə Cəfərovadır. Onunla Azərbaycan-Finlandiya Assosiasiyasında görüşüb söhbət etdik.

– Tahirə xanım, Vətəndən uzaqlarda yaşayan yazıçı, tərcüməçi kimi Azərbaycanın geniş oxucu kütləsinə sizi necə təqdim etmək olar? Fin ədəbiyyatının məşhur tərcüməçisi kimi necə tanındınız? İstərdik ki, həyat və yaradıcılıq yolunuz haqqında danışasınız…

– Mən xoşbəxtəm ki, Bakıda tanınmış bir ziyalı ailəsində anadan olmuşam. Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirərək Moskvada MDU-nun məqsədli aspiranturasında təhsilimi davam etdirdim. Sonra ixtisasımı dəyişmək qərarına gəldim, həyatımı dil və ədəbiyyata həsr etdim. Moskvada A.M Qorki adına Ədəbiyyat İnstitutunda təhsil aldım. Ədəbiyyat və incəsənət sahəsinə qayıdandan sonra mən öz düşüncə tərzimi yenidən qurdum, dünyagörüşümü dəyişdim.

 Finlandiyaya 1984 cü ildə getmişəm. İnstitutu bitirən kimi fin ədəbiyyatından tərcümələrə başladım. SSRİ Yazıçılar İttifaqının tərcüməçisi olaraq çalışırdım. Finlandiyaya gələndə, burdakı ədəbi dairələr məni artıq Moskvadan tərcüməçi kimi tanıyırdılar.

Sovet İttifaqı dövründə SSRİ Yazıçılar İttifaqı ilə Finlandiya Yazıçılar İttifaqı arasında sıx əlaqələr vardı.Finlandiyadan yazıçılar heyəti gələndə məni dəvət edirdilər. Oradan tanınmış yazıçı və şairlər gəlirdilər, onlar məni yaxşı tanıyırdılar, eyni zamanda, mən klassiklərin əsərlərini tərcümə edirdim. Bu görüşdən sonra Veyo Meri adlı klassiki tərcümə eləməyə başladım..

Mən həyat yoldaşım Reyno Viitala ilə Moskvada tanış olmuşdum. O, firmada işləyirdi, O vaxt SSRİ- Finlandiya Dostluq Cəmiyyətinin sədri idi. Həm də Finlandiyanın Tampere şəhərində region üzrə sədr vəzifəsində çalışırdı. O, rus dilini öyrənirdi, millətcə findi. Bizim toyumuz Moskvada 1984-ci ildə “Berlin” restoranında oldu. Onun bütün qohumları Finlandiyadan toya gəlmişdilər. Bundan sonra məni Finlandiyaya sərbəst buraxdılar. Beləliklə, qaldım Finlndiyada, ta bugünədək yaşayıram. Bir yeganə qızım var: Nərgiz. Mənimlə yaşayır, Fin gimnaziyasını və Biznes kollecini bitirib, iqtisadiyyat, kompüter proqramları ilə məşğul olur.

 Mən Finlandiyanın Tampere Universitetində əvəlcə slavyanşünaslıq, sonra professor Varpionun rəhbərlik etdiyi fin ədəbiyyatı və incəsənəti fakültəsində dərs deməyə başladım. Professor Yure Varpionun “Qütb ulduzları ölkəsi” kitabını fin dilindən rus dilinə tərcümə elədim.

– Finlandiyada ilk və yeganə Azərbaycan vətəndaşısınız ki, bütün həyatınızı fin dilindən rus dilinə tərcüməyə həsr etmisiniz.Uzun illərdir ki, Avropa Ədəbi Tərcüməçilər İttifaqının üzvü kimi tərcümə sənətinin tanınmış ustadları sırasındasınız. Bu pilləyə necə ucaldınız?

– Uşaqlıqdan ingilis dilini öyrənmişəm. Həmişə çalışırdım ki, fransız və alman dillərini öyrənim, çünki bizim ailədə yalnız ana dlində deyil, rusca, fransızca, almanca danışırdılar. Bir sözlə, Avropanın əsas dillərinin səslənməsi mənə uşaqlıq illərindən tanış idi. Lakin ilk dəfə fin danışığını, nitqini eşidəndə bu dil mənə xususilə ahəngdar, lətif və qeryri-adi göründü, əvvəllər eşitdiyim dillərə oxşamırdı. Dərhal qərara gəldim ki, fin dilini öyrənəcəyəm. Çətin olsa da, bu dili öyrənməyə başladım.

İllər keçdikcə, təkcə fin dilindən rus dilinə deyil, həm də Azərbaycan dilinə də tərcümələr etdim. Beləliklə, finlandiyalı tərcüməçilər sırasında keçən əsrin 70-ci illərindən mərkəzi ofisi Parisdə yerləşən Avropa Ədəbi Tərcüməçilər İttifaqının (SİETL) üzvü seçildim. Bizim Finlandiya Tərcüməçilər İttifaqı da bu birliyə daxildir.

İttifaqda biz ancaq ədəbiyyat üzrə tərcüməçilərik. Mən dörd antalogiyanı tərcümə etmişəm.”Fin poeziyası antalogiysı”(Azərbaycan dilinə də tərcümə etmişəm), ”Fin yumoru antalogiyası” (Əsərin Moskvada təqdimatı oldu.), “Fin novellaları antalogiyası” və Pyeslər. Bu antalogiyaları fin dilindən rus dilinə tərcümə etmişəm. Bu il nəşr olunmuş antalogiyada 27 Azərbaycan şairinin şeirlərini fin dilinə tərcümə eləmişəm. Həmçinin bu almanaxda “Odlar yurdu” məqaləsinə giriş sözü, klassik və müasir şairlər haqqında məlumat yazmışam.

– Yazıçı, tərcüməçi və tədqiqatçı kimi indi hansı əsərlər üzərində işləyirsiniz?

– İlk hekayələrim və povestlərim Bakıda ”Literaturnı Azerbaycan” və “Azərbaycan” jurnallarında dərc olunub.1976- cı ildə “Gənclik” nəşriyyatında Azərbaycan dilinə tərcümə olunmuş “Nigar” adlı ilk şeirlər kitabım çıxdı. 1978- ci ildə “Yazıçı” nəşriyyatında rus dilində hekayə və povestlərimdən ibarət “Sarı cins” məcmuəsi çap olundu. Keçən il Finlandiyada mənim təşəbbüsüm və redaktorluğum ilə “Gövhəri laməkan mənəm” adlı Azərbaycan poeziyası antalogiyası çapdan buraxıldı. Azərbaycan poeziyası ilk dəfə olaraq Finlandiyada təqdim edildi.

Kitablarım rus və fin dillərində nəşr olunmuşdur. Hekayələrim, esselərim və şeirlərim fin dilinə tərcümə edilib. Biz Azərbaycan poeziyasını dünyaya hələ kifayət qədər tanıda bilməmişik. Mən də bu sahədə çalışıram. Azərbaycan ədəbiyyatı ilə Finlandiyanı tanış etmək məsələsini qarşıya qoymuşuq.

Son vaxtlar, əsasən, yeni kitabım üzərində işləyirəm. Finlandiya Milli Arxivində çalışaraq tədqiqatlar aparıram. Axtarışlar zamanı mənə qədərki dövrdə Finlandiyada olan azərbaycanlılar haqqında araşdırma apararkən məşhur adamları tapdım.

"Köhnə Bakı əfsanələri və Suomiyə yol" əsərinin ideyası məni çoxdan düşündürürdü. Valideynlərimin və qohumlarımın yaşadığı və fəaliyyət göstərdiyi dövr haqqında bir kitab üzərində işə başladım. Dərhal aydın oldu ki, arxiv araşdırması olmadan ötüşmək mümkün olmayacaq. Mən Azərbaycan Tarixi Muzeyinə və onun arxivinə müraciət etdim.

 Kitab üzərində işləyərkən və arxivlərdə araşdırmalar nəticəsində məlum oldu ki, babam Ağamehdi Cəfərov, babamın qardaşları Rəhimbəy və Qasımbəy, bacıları, onların övladları, atam Ənvər Cəfərov, anam Lidiya Cəfərova, qardaşlarım və yaxın qohumlarım haqqında indiyə kimi heç kimə məlum olmayan materiallar əldə etdim. Ailəmizin üzvləri Kəngərlilər, Üzeyir Hacıbəyov, Qasımov qardaşları ilə yaxından tanış idilər. O vaxtlar azərbaycanlı ziyalıların söhbət dairəsi çox geniş idi. Bu söhbətlərə Zərdabi, Topçubaşov kimi görkəmli ziyalılar, məşhur jurnalistlər, milli elitanın digər şanlı nümayəndələri daxil idilər. Bu kimi ziyalılar ilə ailəmizin üzvlərinin əlaqələri haqqında maraqlı məlumatlar topladım. Beləliklə, son vaxtlar arxiv materialları əsasında araşdırmalardan sonra öz kitabımı bitirdim.

"Köhnə Bakı əfsanələri və Suomiyə yol" povesti ”Literaturnı Azerbaijan” jurnalının 2016- cı il 9,10 və 11-ci nömrələrində dərc edilmişdir.

– Bu dəfə Bakıya gəlişinizdə hansı dəyişiklikləri gördünüz, təəssüratlarınızı bilmək istərdik...

– Bakıya yeni gəlişim məni heyran etdi. Vaxtilə bizim Mərdəkanda Hacı Zeynalabdın Tağıyevin bağı ilə bir yerdə bağımız olub. O vaxt mən uşaq idim, oranın yolu son dərəcə darıxdırıcı yol idi, neft ilə qoxurdu və hər iki tərəf neft yataqları ilə əhatə olumuşdu... Bugünkü Bakı-Mərdəkan yolu fantastik surətdə dəyişib, hər gün gözəlləşməkdə davam edir. Mən bu yola həqiqətən ürəkdən vuruldum və hər gün bu yolla getmək istəyirəm.Şeirlərimdə yazmışam, bu yerləri tərənnüm etmişəm.

 Heydər Əliyev Mərkəzinin müasir incəsənət üslubunda inşa olunan modern binası, “Eurovision” üçün və Avropa Oyunlarında ucaldılmış bütün orijinal binalar çox xoşuma gəlir. Bütün bakılıların sevimli bulvarının gözəlliyi, yenidən qurulması hamını sevindirir və onun hər iki istiqamətdə davamı adamı valeh edir.

 “Ağ şəhər”in bulvar tərəfi gözəlliyə bürünüb. Burada qəribəliklərlə rastlaşdım. Böyük maraqla "Ağ şəhər"ə ( "White City") baxaraq şəhərin adının otlu hərflərlə yazısını görərkən keçmişi xatırladım. Köhnə Qara şəhərin yerində salınan, Akunin məşhur detektivində təsvir etdiyi bu yer mənə yaxşı tanışdır, biz uşaqlara şəhərin bu hissəsində gəzməyi məsləhət görmürdük, çünki orada dumanlı neftayırma zavodu var idi.

Şəhərin mərkəzi və ətrafları da çox dəyişib. Olimpiya kompleksləri üçün müasir tikililər, Alov qüllələri, göydələnlər, yeni yaşayış massivləri, Aeroport yolu adamı valeh edir.

Tahirə xanımla görüşümüzdə iştirak edən Azərbaycan-Finlandiya Assosasiyasının prezidenti Yaqub Kərimov dedi:

– Tahirə xanım Cəfərova Finlandiyada yazıçı və tərcüməçi kimi tanınsa da, bizim ədəbiyyat və mədəniyyət üzrə həmişə fəxri səfirimuz olub. Uzun illərdir Azərbaycanı Finlandiyada ləyaqətlə təmsil və təbliğ edir. Onun fin dilindən rus və Azərbaycan dillərinə tərcümə etdiyi kitablar, Azərbaycan və fin poeziyası, nəsr, dram və yumor əsərləri oxuculara yaxşı tanışdır.     

 Bir təklifim də var ki, Azərbaycan-Finlandiya münasibətlərindən bir kitab yazılsın. Uzun illərdir Tahirə xanım Finlandiya həyatından xatirələrini yazır. Finlandiya Skandinaviya ölkəsidir, mənim xalqımın poeziyasını orada fin dilində oxuyurlar. Əlaqələrimiz davamlı olmalıdır. Fin dilinin köklərində türk dilinə aid sözlər çoxdur. İstəyim budur ki, Azərbaycan-Finlandiya arasında dostluq körpüsünün əsasını qoyan, Azərbaycan ədəbiyyatının Finlandiyada tanınmasına bütün həyatını həsr edən məşhur tərcüməçinin və yazıçının adı və şöhrəti kimi əsərləri də dünyaya yayılsın.

Müsahibəni apardı:
Afət Sadıqoğlu,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında