"Biz Türkiyə və Azərbaycan ictimaiyyətini türk düşmənlərinə qarşı həmrəy olmağa çağırırıq"

Məlum olduğu kimi, Turqut Ər adlı şəxsin və onu dəstəkləyən məhdud ermənipərəst qrupun Türkiyədə dərc etdirdiyi "Azadlıqdan tiranlığa" adlı "kitab"ı hər iki ölkədə böyük narazılığa səbəb olub. Məsələyə münasibətini öyrəndiyimiz türk qardaşlarımızın hamısı birmənalı şəkildə türk dünyasının böyük oğlu, bütün dünya tərəfindən qəbul edilən şəxsiyyət Heydər Əliyevin Azərbaycan üçün gördüyü əvəzsiz işlərə kölgə düşürməyə çalışanlara öz etirazlarını bildirirlər. Etiraz edənlər arasında həmkarlarımız da az deyil. Ancaq bu məsələdə təhsil aldığım Türkiyənin Mərmərə Universiteti jurnalistika fakültəsinin məzunlarının mövqeyini öyrənmək də maraqlı idi. Bu məqsədlə İstanbulda fəaliyyət göstərən "Mərmərə Universitetinin Jurnalistika Fakültəsi Məzunları" İctimai Birliyi ilə əlaqə saxlamaq qərarına gəldim.
Məlumat üçün deyək ki, 27 ildir fəaliyyət göstərən və ətrafında yüzlərlə məzunu birləşdirən ictimai birlik Türkiyənin aparıcı qeyri-hökumət təşkilatlarından biridir. Onların arasında Türkiyənin nüfuzlu köşə yazarları, televiziya jurnalistləri, tanınmış sənətçiləri də var. Fikirləşəndə ki, Mərmərə Universiteti jurnalistika fakültəsindən hər il 500-dən çox peşəkar jurnalist məzun olur, onda həmin təşkilatın qardaş ölkə üçün əhəmiyyəti daha yaxşı anlaşılır. Bu da faktdır ki, hazırda Türkiyədə elə bir media quruluşu yoxdur ki, orada fakültəmizdən məzun olan həmkarımız işləməsin. Əksəriyyəti də öz sahəsinin bilicisi kimi, ictimaiyyətin böyük rəğbətini qazanan insanlardır.
"Mərmərə Universitetinin Jurnalistika Fakültəsi Məzunları" İctimai Birliyinin başqanı Hüseyn İrmakla əlaqə saxladıq. Hüseyn bəy məsələdən xəbərdar olduğunu və çox təəssüfləndiyini bildirdi. Azərbaycana və türk dünyasının böyük oğlu Heydər Əliyevə həmişə məhəbbət bəslədiklərini söyləyən ictimai birliyin başqanı xahiş etdi ki, "Xalq qəzeti" vasitəsiylə onun da ürək sözlərini oxucularımıza çatdıraq. "Mərmərə Universitetinin Jurnalistika Fakültəsi Məzunları" İctimai Birliyinin başqanı dedi:
-- Türkiyədə elə bir şəxs tapılmaz ki, Azərbaycanın, Türkiyənin və bütün türk dünyasının dahi oğlu Heydər Əliyevi tanımasın. O, Azərbaycan üçün gördüyü çox vacib və əhəmiyyətli işlərlə qəlblərimizi fəth edib, yaddaşlara əbədi həkk olunub. Qədirbilən Azərbaycan xalqı da Heydər Əliyevin misilsiz siyasi fəaliyyətini, xalqının, millətinin gələcəyi naminə qatlaşdığı bütün fədakarlıqları yüksək qiymətləndirərək böyük şəxsiyyəti ümummilli lider, ulu öndər kimi daim xatırlayır. Türkiyədə bizlər də ulu öndər Heydər Əliyevi hörmətlə yad edir, onun vaxtilə Türkiyə - Azərbaycan dostluğunun, qardaşlığının möhkəmlənməsi, güclənməsi istiqamətində yürütdüyü cəsarətli siyasəti yüksək qiymətləndiririk. Bu qədər böyük işlər görən fövqəlbəşər bir lider barədə tarixi həqiqətlərdən uzaq və kimlərinsə maraqlarına xidmət edən təhrif olunmuş məlumatlar yaymağa çalışanların var olması isə bizi çox təəssüfləndirir.
Mən Heydər Əliyev irsi ilə maraqlanan yüzlərlə türkdən biriyəm. Araşdırmalarım nəticəsində belə qənaətə gəlmişəm ki, tarixi saxtalaşdırmağa çalışan nadanlara ən gözəl cavabı da, ən doğru yolu da elə vaxtilə Azərbaycan Cümhuriyyətinin memarının özü verib. Ulu öndər bir çıxışında deyib: "Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır." Digər çıxışlarında isə "Tarix heç nəyi silmir" və ya "Tarix həmişə hər şeyi öz yerinə qoyur" - söyləməklə heç vaxt həqiqətləri ört-basdır etməyin mümkün olmadığını diqqətə çatırıb. Həqiqətən də, belədir. Bu gün Türkiyədə çoxları tərəfindən tanınmayan Turqut Ər adlı bir şəxs bütün dünya tərəfindən qəbul edilən böyük şəxsiyyət Heydər Əliyevin siyasi fəalliyyətini başdan-sona qaralamaq məqsədi güdən bir "kitab" yazıb. Nəşrdə tarixi faktlar tamamilə təhrif olunmuş formada oxucuya təqdim olunur.
1990-cı illərin əvvəllərindən etibarən Azərbaycanda baş verən proseslərdən xəbəri olan biri kimi, cızma-qarayla tanış olanda çox təəcübləndim. Məni təəssüfləndirən isə odur ki, bu "kitab" biz türklərin yaşadığı, türklərin hakim olduğu bir ölkədə, bir şəhərdə, türk dünyasının qəlbi hesab olunan İstanbulda işıq üzü görüb. Əminəm ki, dış qüvvələr və ya daxilimizdəki nankorlar bilə- bilə bu addımı atıblar. Türklüyün mərkəzində böyük türk liderinə qarşı qarayaxma kampaniyasının tərkib hissəsi olan nəşri yaymaqla bizləri çaşdırmağa cəhd göstəriblər. Ancaq bu mümkün deyil, çünki biz türkiyəli türklər Heydər Əliyevin necə vətənpərvər siyasi xadim, əziz bir insan olduğunu çox yaxşı bilirik.
Təbii ki, bu, ölkəmizdə fikir və söz azadlığının mövcudluğu ilə bağlıdır. Ancaq bəzi qüvvələr cümhuriyyətimizdə yaradılan demokratik şəraitdən sui-istifadə edərək, bəzən Türkiyə əleyhinə də işlər görməyə çalışırlar. Mən türk dünyasının böyük oğlu Heydər Əliyev barədə yanlış məlumatlar yayan nəşrin İstabulda işıq üzü görməsini təkcə Azərbaycanın deyil, həm də Türkiyənin əleyhinə atılan bir addım kimi dəyərləndirirəm. Çünki Heydər Əliyev Türkiyənin ən böyük dostu idi. Onun siyasi fəalliyyətinə kölgə düşürən bir "kitab"ın məhz İstanbulda işıq üzü görməsi ulu öndərin əziz xatirəsinə hörmətsizlikdir. Bu, ölkəmizə dost münasibət bəsləyən digər ölkə liderlərinin də diqqətindən yayınmır. Bu isə Türkiyənin xarici siyasətinə zərbə deməkdir. Qətiyyətlə demək istəyirəm ki, həmin "kitab"da verilən "şərhlər", ortaya qoyulan mövqe 73 milyon türk xalqının mövqeyini ifadə etmir, edə də bilməz!
Bizə məlumdur ki, Heydər Əliyevin yolu ilə yüksələn Azərbaycan Cümhuriyyəti keçid dövrünü başa vurmuşdur. Bu il noyabrın 7-də ölkədə baş tutan parlament seçkiləri barədə türkiyəli müşahidəçilərin rəylərini öyrəndikdə, bir daha əmin olduq ki, Azərbaycan demokratiya yolunda da böyük məsafə qət edib. Hər bir namizədə bərabər şəraitin yaradılması, seçki prosesinin bütün mərhələlərinin demokratiyanın tələblərinə uyğun qanun çərçivəsində keçməsi də buna sübutdur. Təbii ki, bəzi hallarda, yuxarıda qeyd etdiyim kimi, bu şəraitdən pis niyyətlərin həyata keçirilməsi üçün istifadə edənlər də tapılır. Turqut Ərin müəllifi olduğu nəşri tərcümə edərək Azərbaycanda məhz seçkilərdən əvvəl yayınlamağa başlayanlar da qara niyyətli insanlardır. Bütün dünyaya məlumdur ki, Azərbaycan çox əhəmiyyətli geostrateji mövqedə yerləşir və o, zəngin təbii sərvətlərə malikdir. Azərbaycan Şərq ilə Qərbin qovuşduğu məkan da hesab olunur. Bu xüsusiyyətlər Türkiyə üçün də xarakteriktir. Türkiyə də Qərb ilə Şərq arasında çox önəmli bir mövqedə yerləşir. Hər iki ölkə mədəniyyətlərarası dialoqun baş tutmasında açar rolunu oynayır. Bu, təsadüfi deyil. Çünki biz ulu öndər Heydər Əliyevin də dediyi kimi, "Bir millət, iki dövlət"ik. Yəni qeyd etdiyim xüsusiyyətlərlə yanaşı, tarixi yaxınlıq, soykökümüzün eyni olması, eyni dili danışmağımız, eyni dinə etiqad bəsləməyimiz bizi daha da yaxınlaşdırır. Bizim birlikdə olmağımız regionda və dünyada müsbət nəticələr doğurur. Cümhurbaşqanım İlham Əliyevin dediyi kimi, bizim gücümüz birliyimizdədir. Sayın İlham Əliyevin bu sözlərini Türkiyənin siyasi rəhbərliyi də tam dəstəkləyir və öz işlərində onun ifadə etdiyi həqiqətləri rəhbər tutmağa daim səy göstərir. Məhz ona görə də ölkələrimiz arasında iqtisadi, sosial, humanitar və digər sahələrdə əlaqələr hər iki dövlətin maraqları çərçivəsində daha da yüksək səviyyədə inkişaf edir.
Nəticə isə göz qabağındadır: Bu gün xarici təzyiqlərə baxmayaraq, Türkiyə təcavüzkar Ermənistan ilə sərhəd qapılarını açmır. Rəsmi İrəvanın qarşısında qoyulan əsas şərt isə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli məsələsidir. Türkiyə iqtidarı Azərbaycanın bütün dünya tərəfindən tanınmış ərazisi tam bərpa olunanadək bu şərtdən geri addım atmayacaq. Çünki ölkəmizdə siyasi iradə ilə yanaşı, bir də xalqın iradəsi öz sözünü deyir. Bəlkə də, Türkiyədə həm iqtidarın, həm müxalifətin, həm də bitərəflərin tam razılığa gəldiyi yeganə məsələlərdən biri də Azərbaycanın işğal altında olan torpaqlarının azad olunmasıdır. Biz Dağlıq Qarabağ problemini öz problemimiz kimi qəbul edirik. Heç bir türk oğlu Azərbaycanın bir qarış torpağının düşmənə verilməsinə razı olmaz.
Bilirik ki, Azərbaycan ictimaiyyəti də Türkiyəyə böyük sevgi bəsləyir, onun sevincini öz sevinci, kədərini öz kədəri bilir. 1999-cu ildə Türkiyənin Mərmərə bölgəsində baş verən dəhşətli zəlzələdən sonra ilk yardıma gələn ölkənin Azərbaycan olduğunu unutmamışıq. Həmin günlərdə ulu öndər Heydər Əliyevin dərhal açıqlama verərək "Türkiyədə baş vermiş zəlzələ Türkiyə xalqını qəmə-qüssəyə saldığı kimi, Azərbaycan xalqını da qəmə-qüssəyə salır, bizim qəlbimizi ağrıdır" - söyləməsi od tutub yanan ürəklərimizə su sərpdi. Anladıq ki, bizim dərdimizə də bizim kimi yanan qardaşımız var. ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin Nümayəndələr Palatası qondarma "erməni soyqırımı" ilə bağlı qərar qəbul edəndə də ilk ciddi və kəskin reaksiya Azərbaycandan gəldi. İsrail əsgərləri "Mavi Mərmərə" gəmisinə hücum etdikləri zaman isə Azərbaycan Cümhuriyyətinin rəhbərliyi haqqın-ədalətin tərəfdarı kimi çıxış edərək, Türkiyə ictimaiyyətinin rəğbətini qazandı.
Həmrəyliyimizi, birliyimizi görən bəzi xarici, eyni zamanda, daxili bölücü və dağıdıcı qüvvələrin narahatlıq keçirməsi başadüşüləndir. Ancaq görünən odur ki, bizi əsrlərdir ayıra, qəlbimizdəki sevgini azalda bilməyən məkirli düşmən yenə də öz əməlindən əl çəkmir, yenə də təxribat xarakterli addımlar atır. Qardaşı-qardaşla üz-üzə qoymağa, bir-birindən küsdürməyə, münasibətləri soyutmağa çalışır. Həmin qüvvələr Turqut Ər kimi insanlardan istifadə edir, belələrinə "kitab" yazdırır və ya açıqlamalarıyla könül bulandırmağa çalışırlar. Nəşrdə hər iki ölkənin münasibətlərinin möhkəmlənməsində xidmətləri olmuş şəxslərin hədəf götürülməsi, onlar haqqında həqiqətlərə uyğun olmayan qərəzli məlumatların yazılması da gəldiyimiz qənaətin doğru olduğunu sübut edir.
Artıq hər kəs bilir ki, Türkiyənin və Azərbaycanın böyük oğlu Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə ümumilikdə türk dünyasının milli maraqlarının qorunması istiqamətində çox əhəmiyyətli addımlar atıb. Təkcə bunu demək kifayətdir ki, Türkiyəyə böyük fayda verən Bakı - Tbilisi - Ceyhan neft boru kəməri məhz ulu öndərimiz Heydər Əliyevin qətiyyəti sayəsində reallaşdı. Təsadüfi deyil ki, Türkiyə rəhbərliyinin təklifi ilə bu kəmərə Heydər Əliyevin adı verildi. Çünki həmin günlərdə xarici dövlətlər kəmərin Türkiyədən keçməməsi üçün usta siyasətçi olan Heydər Əliyevə təzyiq göstərirdilər. Lakin o, bütün təzyiqlərə sinə gərdi və türk dünyasının ümumi mənafeyini hər şeydən üstün tutdu. Buna görə bizlər - Türkiyə və bütün türk dünyası ulu öndərimizə borcluyuq. Çünki bu gün həmin kəmərlə təkcə Azərbaycanın deyil, Qazaxıstanın, Türkmənistanın nefti də nəql olunur. Azərbaycanın siyasi iradəsi sayəsində Bakı - Tbilisi - Ərzurum qaz boru kəməri də reallaşdı. Bunları unutmaq mümkündürmü? Təbii ki, yalnız qərəzli olduqda bu möhtəşəm uğurları gözardı etmək olar.
Bu gün bizlər hər zamankından daha diqqətli olmalıyıq. Çünki Azərbaycan və Türkiyənin əməkdaşlığına qısqanclıqla yanaşan qüvvəllər hər cür hiyləyə əl atırlar. Onlar çalışırlar ki, bizim aramızda inciklik salmaqla regionda öz siyasətlərini həyata keçirmək imkanı qazansınlar. Bu isə mümkün olmayacaq. Çünki Azərbaycan - Türkiyə dostluğu, qardaşlığı tarixin çətin sınaqlarından həmişə şərəflə çıxıb. Bundan sonra da belə olacaq. Biz buna tam əminik.

{nl}

Söhbəti qələmə aldı: Rauf ƏLİYEV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında