Azərbaycan Prezidenti İlham Əliyev bu il mart ayının 16-da “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Həmin sərəncama əsasən, işçi qrup yaradılıb və bura daxil olan yerli və xarici ekspertlərin, təcrübəli mütəxəssislərin, məsləhətçi şirkətlərin və elmi təşkilatların iştirakı ilə, ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq şəraitində milli iqtisadiyyat və iqtisadiyyatın on bir əsas sektoru üzrə strateji yol xəritələrinin layihələri hazırlanıb.
Dövlət başçısı bu il dekabrın 6-da isə ölkənin perspektiv inkişaf hədəflərini və istiqamətlərini müəyyənləşdirmək, onların reallaşdırılmasını təmin etmək məqsədilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” 2016-cı il 16 mart tarixli sərəncama uyğun olaraq müvafiq strateji yol xəritələrini təsdiq edib.
Strateji yol xəritələrinin hazırlanmasına cəlb edilən yerli ekspertlərdən biri də Vüqar Bayramovdur. İqtisadçı-ekspert söhbət zamanı adıçəkilən sənədin mahiyyəti ilə bağlı dedi:
– Ölkəmizdə strateji yol xəritələrinin hazırlanması və həyata keçirilməsinə mühüm önəm verilməsi təsadüfi deyil. Belə ki, bu gün respublikamızda qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətidir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, uzunmüddətli dövr üçün düşünülən iqtisadi siyasət ölkədə makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf üçün əsaslı zəmin yaradıb. Nəticədə sosial-iqtisadi sahələrdə özəl sektorun rolu daha da artıb, ümumdünya iqtisadi sisteminə inteqrasiya sürətlənib, əhalinin rifahı yaxşılaşıb.
Bütün bunlarla yanaşı, görülən işlərin miqyasını daha da genişləndirmək, ölkənin perspektiv inkişaf hədəflərini və istiqamətlərini müəyyənləşdirmək, onların reallaşdırılmasını təmin etmək məqsədilə Azərbaycan Prezidenti cənab İlham Əliyev bu il dekabrın 6-da “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” 2016-cı il 16 mart tarixli sərəncama uyğun olaraq müvafiq strateji yol xəritələrini təsdiq edib. Bununla da iqtisadiyyatın dinamik inkişafı ilə bağlı yeni stratetji yanaşma ortaya qoyulub.
Xatırladım ki, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi post-neft dövrünün yeni çağrışlarına uyğun olaraq hazırlanıb. Başqa sözlə, indiyədək iqtisadiyyatın diversifikasiyası istiqamətində reallaşdırılan islahatlar yeni strateji baxış tələb edirdi ki, starteji yol xəritəsi də məhz buna imkan yaradacaq. Sözügedən yol xəritəsi milli iqtisadi perspektivi və fərqli iqtisadi sahələrə dair inkişaf istiqamətlərini özündə birləşdirən sənəd olmaqla, hər bir aparıcı sektor üzrə strategiyanın müəyyənləşdirilməsinə şərait yaradır.
Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə hazırlanan strateji sənəd iqtisadi islahatların konkret və ardıcıl şəkildə reallaşdırılmasını gerçəkləşdirəcək. Nəzərə almaq lazımdır ki, hər bir xəritənin əvvələr qəbul edilən dövlət proqramlarından əsas fərqi ondan ibarətdir ki, indi fəaliyyətlər qruplaşdırılaraq onların nəticələrini ortaya qoymaq üçün konkret indikatorlar müəyyənləşdirilib. Belə indikatorlar bir tərəfdən mövcud sahədəkı proqramların icrasında səmərəliliyi yüksəldəcək, digər tərəfdən isə dövlət qurumlarının hesabatlılığını artıracaq. Eyni zamanda, sənədlərdə fəaliyyətlərin illər üzrə qruplaşdırılması, məsul dövlət qurumlarının və eləcə də hər bir iş üçün tələb olunan maliyyə vəsaiti həcminin xüsusi qeyd edilməsi strateji xəritələrin müasir standartlara uyğun hazırlanmasından, onların uğurla yerinə yetirilməsindən xəbər verir.
Vurğulamaq istərdim ki, möhtərəm dövlət başçımızın müvafiq tapşırığı ilə strateji yol xəritələrinin hazırlanmasına yalnız xarici mütəxəssislər deyil, eyni zamanda, yerli ekspertlər də cəlb edilmişdi. Bu isə sözügedən sənədlərdə Azərbaycan iqtisadiyyatının gerçək xüsusiyyətlərinin əksini tapmasına öz müsbət təsirini göstərib. Yeri gəlmişkən, sənədlərin hazırlanmasında iştirak edən yerli ekspertlər arasında olduğumdan əminliklə deyə bilərəm ki, strateji yol xəritələrindəki hər bir fəaliyyətin bütün keyfiyyət indikatorlarına əsasən, hərtərəfli əsaslandırılması həyata keçirilib.
Dövlət başçısı İlham Əliyev tərəfindən strateji sənədlərin təsdiq edilməsi Azərbaycan iqtisadiyyatında artıq yeni mərhələnin əsasını qoyur. Həmin sənədlər məhz iqtisadi inkişafa nail olunması, iqtisadi çətinliklərin təsirlərinin minimumlaşdırılması ilə bağlı strateji yol formalaşdırır. Bu baxımdan, şübhəsiz ki, strateji yol xəritələri Azərbaycanda iqtisadi islahatları nəzərdə tutulan vaxtda, eyni zamanda, səmərəli şəkildə reallaşdırmağa imkan verəcək.
Strateji yol xəritələrində islahatların həyata keçirilməsi və bütövlükdə iqtisadi inkişaf ilə bağlı fəaliyyətlər 2020-ci ilədək ayrıca qruplaşdırılıb. Bu isə o deməkdir ki, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışından ibarətdir. Hər bir istiqamət qlobal meyilləri və dəyişiklikləri, iqtisadiyyatın 360 dərəcəli diaqnostikası və mövcud vəziyyətin GZİT təhlilini, görüləcək tədbirləri, tələb olunan investisiya və əsas indikatorları əhatə edir.
Sənədin diqqətçəkən cəhətlərindən biri də odur ki, islahatların gerçəkləşdiriləcəyi nəzərdə tutulan müddətlərdə fəaliyyətlər arasında ardıcıllıq və davamlılıq var. Məsələn, 2020-ci ilədək həyata keçirilən islahatlar və fəaliyyətlər növbəti 5 ildə reallaşacaq tədbirlər üçün baza rolunu oynayacaq. Eyni zamanda, post – 2025 baxışı daha strateji olmaqla yanaşı, iqtisadi islahatların davamlılığını təmin edəcək. İqtisadi inkişafa strateji yanaşma nəticəsində milli iqtisadiyyat perspektivi çərçivəsində dörd strateji hədəf seçilib. Bu hədəflərin və 11 sektor üzrə yol xəritələrinin həyata keçirilməsi ilə real və maliyyə sektorları arasında tarazlıq yaranacaq və davamlı iqtisadi inkişaf təmin ediləcək.
Strateji yol xəritəsi Azərbaycanın sosial-iqtisadi inkişafı üçün yeni imkanlar müəyyənləşdirir və bundan faydalanma yollarını təqdim edir. Bu isə möhtərəm dövlət başçımızın iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun ixrac potensialının gücləndirilməsi və eləcə də ənənəvi bazarlarla yanaşı, yenilərinə çıxış imkanlarının artırılması ilə bağlı tapşırıq və tövsiyələrinə tam uyğundur.
Sənəd Azərbaycanda investisiya mühitinin daha da yaxşılaşdırılması, rəqabətin müdafiəsi, iqtisadi liberallaşma tədbirlərinin davam etdirilməsi və eləcə də kiçik və orta sahibkarlığın inkişafına mühüm önəm verilməsi kimi strateji hədəflərə malikdir. Qeyd edim ki, 11 sektor üzrə strateji xəritələrin hazırlanması və təsdiq edilməsi məhz Azərbaycan iqtisadiyyatında prioritet inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə imkan yaradıb.
Strateji yol xəritəsində fiskal dayanıqlığın gücləndirilməsi və davamlı monetar siyasətin qəbulu, xərc-investisiya intizamının təminatı üçün mexanizmin yaradılması, yeni iqtisadi modeldə effektiv pul siyasəti rejiminin tətbiqi, maliyyə bazarının stabilləşdirilməsi, özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatlar aparılması məsələləri diqqət çəkir. Bütün bunlarla yanaşı, sənəddə iqtisadiyyatda dövlət sektorunun rolunun səmərəliliyinin artırılmasına dair ümumi yanaşmanın koordinasiyası, insan kapitalının inkişafı, təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi, əmək məhsuldarlığını təmin etmək üçün insan kapitalının fasiləsiz inkişafının stimullaşdırılması kimi cəhətlər də mühüm yer tutur.
Sənəddə, eyni zamanda, bu gün qarşıya mühüm vəzifə kimi qoyulan əlverişli biznes mühitinin daha da yaxşılaşdırılması, təşviqedici mühit vasitəsilə biznes davamlılığının möhkəmləndirilməsi əsas hədəflər sırasındadır.
Söhbəti qələmə aldı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.