Şəffaf vergi partnyorluğu intizamlı vergiödəyiciləri ilə işin aparılmasını nəzərdə tutan bir sistemdir

Bu ilin dekabr ayından Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti və 1 saylı Vergilər Departamentində şəffaf vergi partnyorluğu idarələri fəaliyyətə başlayıb. Mövzu ilə bağlı söhbətində vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri İlkin Vəliyev dedi:

– Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən yeni iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri ölkəmizdə qeyri-neft sektorunun inkişafı, əlverişli biznes mühitinin yaradılması, ölkə iqtisadiyyatının lokomotivi hesab olunan sahibkarlığa geniş dövlət dəstəyinin göstərilməsidir.

Dövlət başçısının “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” sərəncamı vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın və şəffaflığın daha da artırılması, sahibkarlara əlverişli şəraitin yaradılması məqsədilə vergi sistemində islahatların davam etdirilməsini, ölkədə könüllü əməletmə səviyyəsinin yüksəldilməsinə nail olunmasını nəzərdə tutur.

Vergi sisteminin əsas subyektlərindən olan vergiödəyicisi və vergi orqanı arasında qarşılıqlı etimada və əməkdaşlığa söykənən münasibətlərin formalaşması vergilərin məcburi ödənilməsindən könüllü ödənilməsinə keçidin əsas şərtlərindən biri hesab olunur. Könüllü əməletmə səviyyəsinin artırılması isə ilk növbədə vergi ödəyicilərinə geniş spektrli xidmətlərin formalaşdırılması, vergilərin hesablanması və ödənilməsi sisteminin sadələşdirilməsi, vergi ödəyiciləri və vergi orqanları arasında əlaqələrin daha da təkmilləşdirilməsi ilə bilavasitə bağlıdır.

Təsadüfi deyil ki, son illər Vergilər Nazirliyi könüllü əməletmə səviyyəsinin artırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirib. Hazırda vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin sayı 63-ə çatdırılıb, vergi orqanlarına göndərilən bəyannamələrin 90 faizindən çoxu elektron formada təqdim olunur. Vergi bəyannamələrinin könüllü təqdim edilməsi göstəriciləri hər il daha da yaxşılaşır və müxtəlif vergilərdən asılı olaraq 75-85 faiz arasında dəyişir.

Vergilər Nazirliyinin könüllü əməletmə səviyyəsinin artırılması yönündə həyata keçirdiyi mühüm tədbirlərdən biri də vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin partnyorluq müstəvisinə keçirilməsidir. Bu sahədə son illər əhəmiyyətli işlər görülüb. Şəffaf vergi partnyorluğu idarələrinin yaradılması tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi və keyfiyyətcə yeni müstəviyə qaldırılması istiqamətində təzə bir yanaşmadır. Bu, ilk növbədə, intizamlı vergi ödəyiciləri ilə işin aparılmasını nəzərdə tutan bir sistemdir. Vergi öhdəliklərini vaxtında yerinə yetirən ödəyicilərə xüsusi münasibətin göstərilməsi beynəlxalq səviyyədə geniş yayılmış təcrübədir. İntizamlı vergi ödəyicilərinə xidmət vergi öhdəliyini yerinə yetirməyən, problemli ödəyicidən, əlbəttə ki, fərqlənməlidir.

İlkin Vəliyev daha sonra bildirdi ki, intizamlı vergi ödəyiciləri ilə tərəfdaşlıq münasibətlərinin yeni səviyyəyə qaldırılması, eləcə də vergi orqanları tərəfindən onlara çevik və şəffaf xidmətlərin göstərilməsi məqsədilə vergi xidmətində “Yaşıl dəhliz” prinsipi ilə çalışan yeni strukturlar yaradılıb. Beynəlxalq təcrübədə bir qayda olaraq “Yaşıl dəhliz” məhfumundan şəffaflıq və sadələşdirmə simvolu kimi istifadə olunur. Yeni idarələrdə, sözün əsl mənasında, ayrıca “Yaşıl dəhliz” yaradılacaq. Şəffaf vergi partnyorluğu idarələrinin qeydiyyatında olan ödəyicilərə növbədənkənar xidmət ediləcək. Bundan başqa, belə ödəyicilər üçün vergi əməkdaşlarından xüsusi kuratorlar təhkim ediləcək. Onların vergi sahəsində hər hansı çətinliyi yaranarsa, sualı meydana çıxarsa, hansısa ziddiyyətli bir məsələ qalxarsa, onların öz kuratorlarına müraciət etmək imkanı olacaq.

Belə ödəyicilərə çevik xidmət göstəriləcək, bütün məsələlərin operativ şəkildə həllinə nail olunacaq. Məsələn, mühüm sənədlər vergi orqanı tərəfindən ödəyiciyə birbaşa təqdim ediləcək, onlara ünvanlı xidmətlər göstəriləcək. Vergiödəyicisinin uçot məlumatlarında hər hansı uyğunsuzluq aşkar edilərsə, təhkim olunmuş kurator dərhal vergiödəyicisi ilə əlaqə saxlayaraq onu məlumatlandıracaq, onunla birlikdə ortaya çıxmış məsələni müzakirə edəcək və onun çətinliklərini aradan qaldırmağa çalışacaq. Yəni belə ödəyicilərin öhdəliklərini davamlı olaraq yerinə yetirilməsinə kömək etmək üçün vergi orqanı həmişə onların yanında olacaq.

Şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri, ilk növbədə, vergi öhdəliklərini vaxtında yerinə yetirən, vergilərini tam həcmdə ödəyən, işçi heyətinin sayını və faktiki əmək haqlarını düzgün bəyan edən, mühasibat uçotunu beynəlxalq və ya milli uçot standartlarına uyğun olaraq aparan, riskli vergi ödəyiciləri ilə əməliyyatlar aparmayan, son 3 il ərzində iqtisadi sahədə cinayət təqibinə məruz qalmamış ödəyicilərdir.

İlkin Vəliyev  söhbət zamanı onu da diqqətə çatdırdı ki, vergi öhdəliyini vaxtında və tam həcmdə ödəmək hər kəsin konstitusiya ilə müəyyən olunmuş vəzifəsidir. Yəni sahibkar öz konstitusiya borcunun həyata keçirilməsi üçün dövlətdən əvəz ummamalıdır. Ayrı bir məsələdir ki, öz borcunu anlayan, onu vicdanla həyata keçirən vergiödəyicisinin daha yüksək keyfiyyətli xidmət əldə etməyə, fərdi yanaşmaya əsaslanan yüksək münasibət gözləməyə haqqı var.

Şəffaf vergi partnyorluğu idarəsinin qeydiyyata alınacaq vergi ödəyiciləri məhz yüksək səviyyəli xidmət əldə edəcəklər. Buraya, ilk növbədə, vaxt itkisinə yol verilməməsi, qəfil yoxlama və ya vergi nəzarəti tədbirləri ilə üzləşməməsi, sabit vergi planlaması apara bilməsi, vergilərlə bağlı yaranmış çətinliklərinin onunla razılaşdırılmış qaydada həll edilməsi və s. daxildir.

Vergi orqanı belə ödəyicilərin vergitutma ilə bağlı müraciətlərinin cavablandırılması, təqdim etdikləri bəyannamələrlə bağlı hər hansı uyğunsuzluq və ya sual yaradan məqam olduğu halda həmin vergi ödəyicilərinin və ya onların nümayəndələrinin iştirakı ilə belə halların qısa müddətdə aradan qaldırılması, onlara ünvanlı xidmətlərin göstərilməsi, onların vergi qanunvericiliyində baş vermiş dəyişikliklərlə bağlı dərhal məlumatlandırılması, vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin birgə müzakirə edilməsi və digər istiqamətlərdə vəzifələri həyata keçirəcək.

Söhbəti qələmə aldı:

Vaqif  BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında