Azərbaycan Elm Festivalı: nəticələr, perspektivlər

Noyabr ayının ilk həftəsində respublikamızda böyük elm bayramı yaşandı. Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü ilə İkinci Azərbaycan Elm Festivalı keçirildi. 2014-cü ildə təşkil olunan Bakı Elm Festivalından fərqli olaraq, budəfəki festival miqyasını genişləndirərək regionlarımızı da əhatə etdi. Bu da öz növbəsində, elmin ictimaiyyətin müxtəlif təbəqələri arasında populyarlaşdırılmasına, uşaq və gənclərin elmi biliklərə can atmasına, elmə olan marağın daha da artmasına gətirib çıxardı. Bütün bunlar haqqında AMEA nəzdində fəaliyyət göstərən Alimlər evinin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva bildirdi:

– Elm festivalı Cənubi Qafqaz ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təşkil edilib. 2013-cü ildə AMEA-nın prezidenti, akademik Akif Əlizadə mənim də daxil olduğum dörd nəfərdən ibarət olan nümayəndə heyətini Moskva şəhərinə ezam etdi ki, biz Ümumrusiya Elm Festivalında yaxından iştirak edək, festivalların keçirilmə təcrübəsi ilə tanış olaq. Elm Festivalının təşkilində rusiyalı həmkarlarımızın da bizə böyük dəstəyi, köməyi oldu. Bakı Elm Festivalı keçiriləndə Moskvadan qonaqlarımız gəldi. Onlar ilk dəfə keçirilməsinə baxmayaraq, bizim festivala çox yüksək qiymət verdilər. Hətta Moskva Dövlət Universitetinin saytında festival haqqında geniş məlumat yerləşdirildi. Ümumrusiya Elm Festivalının təşkilatçısı məhz Moskva Dövlət Universitetidir.

– 2014-cü ildə keçirilən Bakı Elm Festivalından sonra hansı müsbət dəyişikliklər müşahidə etdiniz?

– “Bakı Elm Festivalı – 2014” bir neçə platformanı əhatə edib. Bunlar Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisələri, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbi, 6 nömrəli orta məktəb, 132-134 saylı Təhsil Kompleksi idi. Bayram ab-havası bütün şəhəri bürümüşdü, hətta tədbirlər bitdikdən sonra saytımıza çoxsaylı suallar daxil oldu: “Festivalın davamı olacaqmı?”, “Digər şəhərlərdə də keçiriləcəkmi?” və s. Bu, o deməkdir ki, Bakı Elm Festivalı cəmiyyət tərəfindən çox böyük ruh yüksəkliyi ilə qarşılanmışdı. Sanki insanlarımız bu festivala çoxdan hazır idi, festivalı səbirsizliklə gözləyirdilər. Festivalda alimlər qazandıqları nailiyyətləri, elmə gətirdikləri yenilikləri ziyarətçilərlə yanaşı, öz həmkarları ilə də  bölüşürdülər. Bundan əlavə, festivala bir sıra iş adamları, müxtəlif peşə sahibləri də qatılıb layihələrini bir-birlərinə təqdim etmişdilər. Yəni Bakı Elm Festivalı insanlarımız üçün böyük bir platforma yaratdı.

Tədbirlərimizdə iştirakçı sayının çox olmasının bir səbəbi də festivala hazırlığın yüksək səviyyədə qurulması idi. Bu işdə bizə Bakı Şəhər İcra Hakimiyyəti böyük köməklik göstərdi, festivaldan bir ay öncə paytaxtın bütün monitorlarında reklam çarxları yayımlandı. Bir sözlə, Bakı əhalisinin əksəriyyətinin festivalın keçirilməsi haqqında məlumatı var idi. Nəticədə, tədbirlərimizdə gözlədiyimizdən daha çox insan iştirak etdi. Məcbur qalıb vətəndaşlarımızın böyük bir hissəsini sərgi məkanlarına yönəldirdik. Bu, o deməkdir ki, festival çox böyük rezonans doğurmuş, qarşıya qoyduğumuz məqsədə nail olmuşduq.

– Bəs builki elm festivalı nə ilə yadda qaldı?

– İkinci Azərbaycan Elm Festivalı Birinci Elm Festivalının uğurlu davamı, nəticəsi kimi cəmiyyətə təqdim edildi. İnsanlar bu tədbirlərə tam hazır olduğu üçün biz çətin suallarla qarşılaşmadıq. Festivalın təşkilatçılarının sayı artdı. Əgər Bakı Elm Festivalının təşkilatçıları AMEA, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti idisə, bu il festivala daha çox qurum qoşulmaq istədi. Lakin biz düşündük ki, təşkilatçı qrupumuzu tədricən böyütsək, daha yaxşı olar. Builki festival AMEA-nın təşəbbüsü, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, ABŞ-ın Azərbaycandakı səfirliyi və Moskva Dövlət Universitetinin təşkilati dəstəyi ilə keçirildi.

Festivalın uğurlu təşkilində beynəlxalq partnyorlarımızın da rolu böyük oldu. Belə ki, cari ilin yayında biz ABŞ-a səfər edərək Nyu-Yorkda Ümumdünya Elm Festivalının prezidenti ilə görüşdük. Ümumiyyətlə, ABŞ-da keçirdiyimiz görüşlər, apardığımız müzakirələr uğurlu alınırdı, çünki ortada bizi birləşdirən bir dəyər var, biz bir ali məqsədə – elmin cəmiyyətdə təbliğinə xidmət edirik.

Cəmiyyətimiz festivala çox böyük maraq göstərdi, xüsusilə də regionlarımızı qeyd etmək istəyirəm: Naxçıvan, Sumqayıt, Şəki və Gəncə şəhərlərində keçirilən tədbirlər zamanı bütün zallarımız dolu idi. Elm festivalında AMEA-nın həqiqi və müxbir üzvləri, akademiyada və ali məktəblərdə çalışan görkəmli alimlərimiz insanlarla ünsiyyət qurdu, tibb, fizika, kimya, geologiya sahələrində baş verən yeniliklər haqqında məlumatları vətəndaşlara sadə, populyar dildə çatdırdı. Təbii ki, hər bir vətəndaşı ölkə elminin inkişafının hansı səviyyədə olması maraqlandırır, çünki cəmiyyətin gələcəyi elmin inkişafı ilə birbaşa bağlıdır. Məhz bu səbəbdən İkinci Azərbaycan Elm Festivalında təxminən 50 min insan iştirak edib. Televiziya kanallarının, eləcə də digər KİV-in tədbirlərin gedişatını yüksək səviyyədə işıqlandırdığını nəzərə alsaq, festivalın yenilikləri ilə 100 minlərlə insanın tanış olduğunu deyə bilərik.

– Elmi mühazirələrə kimlər qatıldı?

– Bizə o qədər elmi mühazirə təqdim edilmişdi ki, seçimdə çətinlik çəkdik. Bu səbəbdən elmi mühazirələrin planının tərtib edilməsi üçün xüsusi qrup yaradıldı. Qrupun gərgin əməyi nəticəsində proqram tərtib edilərək saytlarda, sosial şəbəkələrdə yerləşdirildi, çap formatında elmi müəssisələrə və ali məktəblərə paylanıldı. Beş gün ərzində ayrı-ayrı məkanlarda 19 konfrans keçirildi, 150-yə yaxın mühazirə dinlənildi. Hər kəs maraqlarına uyğun olaraq mühazirələrdə iştirak edə bilərdi. Giriş tam sərbəst, olduğundan zallarımız dolu idi. Mühazirələr müxtəlif mövzulara həsr edildiyindən insanlar çoxlu faydalı məlumat ala bildilər. Gələn festivallarımızda daha çox mövzu əhatə etməyi, konfrans keçirməyi planlaşdırırıq. Bunu da qeyd etmək istəyirəm ki, ölkənin hər bir vətəndaşı üçün Azərbaycan Elm Festivalının qapıları həmişə açıq olacaq.

İki yaşımız olmasına baxmayaraq, builki festivalın əks-sədası nəinki bütün Azərbaycana, hətta xarici ölkələrə yayılıb. Bizim üçün bu, böyük nailiyyətdir. İstərdim ki, artıq festivalı beynəlxalq miqyasda təşkil edək, daha çox xarici həmkarlarımızı cəlb edək, müəyyən tədbirləri isə Azərbaycandan kənarda keçirək.

Nəzmin Cəfərova,
sənətşünaslıq üzrə
fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında