Elman Nəsirov: Yeni Azərbaycan Partiyasının fəaliyyəti nəticəsində bu gün ölkəmiz çox böyük uğurlara imza atıb

Respublikanın ictimai-siyasi həyatında çoxşaxəli fəaliyyəti ilə xüsusi yer tutan Yeni Azərbaycan Partiyasının yaranmasının 24 ili tamam oldu. Yarandığı gündən əsas amalı dövlətçilik, müstəqillik, inkişaf, təhlükəsizlik olan siyasi qurum iqtidara  gəldikdən sonra bu ideyalar Azərbaycanda reallığa çevrilmişdir. Ötən müddət ərzində partiyanın qəbul etdiyi qərarlar, ölkənin ictimai-siyasi həyatındakı fəaliyyəti müstəqilliyimizin möhkəmləndirilməsində və əbədiləşdirilməsində, demokratik proseslərin inkişafında, həmçinin respublikamızın beynəlxalq aləmə inteqrasiyasında mühüm rol oynamışdır. Bu gün Yeni Azərbaycan Partiyası ölkəmizin aparıcı siyasi qüvvəsi kimi Cənubi Qafqazın ən böyük partiyasıdır.

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirov YAP-ın  24 illik fəaliyyətinə münasibət bildirərkən dedi:

– Tariximizin son dərəcə ağır və kəşməkəşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə ziyalıların təşəbbüsü və fəal iştirakı ilə Yeni Azərbaycan Partiyası yaradılıb. 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının bütün regionlardan seçilmiş nümayəndələrin təmsil olunduğu təsis konfransı ­keçirilmişdir.

Yeni Azərbaycan Partiyası 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınmış və qısa müddətdə rayon təşkilatları və özəkləri yaradılmışdır. YAP-ın təsis konfransında qəbul etdiyi Proqram və Nizamnamə partiyanın 1999-cu il dekabrın 20-21-də keçirilən I Qurultayında geniş şəkildə müzakirə edilərək təsdiq olunmuşdur.

Yeni Azərbaycan Partiyasının yarandığı dövr Azərbaycan tarixinin ən mürəkkəb dövrlərindən biri idi. Ulu öndər Heydər Əliyev qurucusu olduğu YAP xalqımız, dövlətimiz üçün  misilsiz xidmətlər göstərib. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev ulu öndərin yolunu, siyasi xəttini sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq davam etdirdi. Bu siyasət çevik, hücum taktikasına söykənən, balanslaşdırılmış siyasətdir. Bu siyasətin nəticəsində Azərbaycan daha da güclü və nüfuzlu dövlətə çevrilib.

Ölkəmiz 2012–2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Azərbaycanın nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi bu uğurlar silsiləsindəndir. Ölkəmiz çox sürətlə inkişaf edir və beynəlxalq birlik bunu görərək dəyərləndirir. Bütün bunlarda hakim Yeni Azərbaycan ­Partiyasının mühüm rolu vardır. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında, Yeni Azərbaycan Partiyasının fəaliyyəti nəticəsində bu gün Azərbaycan çox böyük uğurlara imza atıb.

Yeni Azərbaycan Partiyasına  gənclərin böyük axını var. Bu da partiyanın təməlinin möhkəm və əzəmətli olmasından irəli gəlir. Ölkəmizin gələcəyinin də əzəmətli olması üçün yüksək intellektli gəncliyin imkanlarından istifadə olunması vacib şərtdir. Bu baxımdan, hazırda YAP sıralarında gənclərin təmsilçilərinin 40 faizi keçməsi qürurverici haldır. Azərbaycanın intellektual gəncliyi öz gələcək  siyasi taleyini YAP-la  bağlayaraq, sıralarımıza qoşulurlar.

Qürurverici haldır ki, bu gün Yeni Azərbaycan Partiyası öz sıralarında 700 mindən artıq Azərbaycan vətəndaşını birləşdirir.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında