Azərbaycan Avropa Təlim Fondu ilə əməkdaşlıq edəcək

Son illər ölkəmizin Avropa ilə təhsil sahəsində əməkdaşlıq əlaqələri genişlənməkdədir. Bu yaxınlarda Azərbaycanın Avropa Birliyinin Avropa Təlim Fondunun Qonşuluq Siyasəti üzrə Müşahidəçi Şurasına üzv seçilməsi də bu yolda atılan uğurlu addımlardan biridir. Azərbaycanı bu qurumda Təhsil Nazirliyinin texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov təmsil edir. Onunla müsahibəni oxucularımıza təqdim edirik.
- Namiq müəllim, əvvəlcə bu qurum haqqında məlumat verməniz maraqlı olardı.
- Avropa Təlim Fondu Avropa Birliyinin agentliyi olaraq 1990-cı ildə İtaliyanın Turin şəhərində yaradılmışdır. Bu qurum 1994-cü ildən aktiv fəaliyyətə başlamış və Avropa Birliyi üzv ölkələri ilə yanaşı, qonşu ölkələrlə təhsil sahəsində tərəfdaşlıq əlaqələrinin genişlənməsinə də xüsusi önəm vermişdir. Fondun əsas fəaliyyət istiqaməti Avropa Birliyi və qonşu ölkələrdə əmək bazarının tələblərinə müvafiq olaraq təhsil sisteminin yaradılması, peşə təhsili sisteminin inkişaf etdirilməsi və işəgötürənlərlə əməkdaşlıq əlaqələrinin genişləndirilməsindən ibarədir.
Avropa Birliyinin təşəbbüsü ilə bu il Avropa Təlim Fondunun Qonşuluq Siyasəti üzrə Müşahidəçi Şurasına 3 ölkə üzv seçilmişdir. Bunlar Türkiyə, İordaniya və Azərbaycandır. İlk öncə qeyd etməliyəm ki, keçmiş Sovetlər Birliyindən Baltikyanı ölkələri çıxmaq şərtilə yalnız Azərbaycan Avropa Təlim Fondunda belə statusa malikdir. Bu, Avropa Birliyinin Azərbaycana verdiyi önəm və respublikanın müxtəlif sahələrində, o cümlədən təhsil sahəsində həyata keçirilən islahata verilən dəstəyin nəticəsidir.
- Azərbaycanın bu quruma qəbul edilməsi hansı zərurətdən irəli gəlir?
- Avropa Təlim Fondunun qərarına əsasən Təhsil Nazirliyinin nümayəndəsi kimi Azərbaycanı bu qurumda mən təmsil edəcəyəm. Çox böyük məsuliyyətdir. Belə ki, Avropa Təlim Fondunun proseduruna əsasən müşahidəçi statusuna malik olan ölkə kimi fondun fəaliyyətinin planlaşdırılmasında, regiondakı fəaliyyətinin istiqamətləndirilməsində, həmçinin fəaliyyətin qiyməltəndirilməsində biz də iştirak edirik.
Şübhəsiz, məhz Azərbaycanın bu quruma üzv seçilməsi böyük maraq doğurmaya bilməzdi. Bu bir çoxları üçün gözlənilməz olsa da, biz buna hazır idik. Çünki Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Avropa İttifaqı arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Belə ki, təhsilin ayrı-ayrı pillələri, o cümlədən texniki peşə təhsili sahəsində bir sıra uğurlu layihələr həyata keçirilmiş, birgə seminarlar, iclaslar təşkil edilmişdir. Avropa Təlim Fondunun dəstəyi və mütəxəssislərinin iştirakı ilə Azərbaycanda peşə təhsili sahəsində qanunverici bazanın təkmilləşdirilməsi istiqamətində müəyyən addımlar atılmışdır.
- Bu yaxınlarda İtaliyanınn Turin şəhərində fondun növbəti iclası keçirilmişdir. Bilmək istərdik ki, bu iclasda hansı vacib məsələlər müzakirə edilmişdir?
- Budəfəki iclasın əsas məqsədi Müşahidəçi Şuraya üzv seçilən ölkələrin təqdimatı, fondun illik fəaliyyətinin hesabatı, gələn il üçün fəaliyyət planının və büdcənin ilkin olaraq təsdiq edilməsi idi. Qeyd etməliyəm ki, gələn il Avropa Təlim Fondu respublikamızda fəaliyyətini genişləndirməyi planlaşdırır və yeni qəbul edilmiş Təhsil Qanununun tələblərinə əsasən təhsil sektorunun normativ-hüquqi bazasının genişləndirilməsi istiqamətində Təhsil Nazirliyinə yardım göstərəcəkdir.
- Turin şəhərində həmçinin "Avropa Təlim Fondu partnyor ölkələrdə innovativ təlim vasitələri ilə işəgötürənlə əlaqələrin inkişaf etdirilməsi" mövzusunda seminar da keçirilmişdir. Bu seminarın keçirilməsində əsas məqsəd nə idi?
- Bu gün peşə təhsilində əsas məqsəd işəgötürənlərin tələblərinə müvafiq olaraq kadr hazırlığı sisteminin yaradılmasıdır. Bu həm ilk, həm orta ixtisas, həm də ali peşə təhsili sisteminə aiddir. Bu məsələ fondun da əsas fəaliyyət istiqamətini təşkil edir. Fond bu məqsədlə bir sıra ölkələrdə - Türkiyə, Serbiya, Liviya, Makedoniya və s. müxtəlif layihələr həyata keçirmişdir. Seminarda ilk öncə həmin layihələr haqqında məlumat verildi, eyni zamanda bu sahədə daha böyük nailiyyətlərin əldə edilməsi yolları müzakirə olundu.
Təqdimatlardan aydın oldu ki, bu gün bir çox ölkələrdə təhsil müəssisələrində dinləyicilərə nəzəri biliklərdən daha çox praktik vərdişlərin aşılanması vacibdir. Onlar bilavasitə istehsal, xidmət, bir sözlə, iş prosesi ilə yaxından tanış olmalıdırlar.
- Əmək bazarının öyrənilməsi ilə bağlı hansı yeniliklərin olacağı gözlənilir?
- Təhsil müəssisələri mütləq əmək bazarı ilə, işəgötürən təşkilatlarla qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərməlidir. Onların tələbatlarının öyrənilməsi, kurikulumların hazırlanması, ixtisasların planlaşdırılması həyata keçirilməsə, təhsilin nəticəsi olmayacaq. Sahibkarlıq subyektləri təkcə tədris prosesinin formalaşmasında deyil, təhsil müəssisəsinin gələcək fəaliyyətinin müəyyən edilməsində də birbaşa iştirak etməlidir.
Bu gün bir çox Avropa Birliyi, eləcə də Avropaya inteqrasiya edən ölkələrdə tədris olunan ixtisaslar, öyrədilən peşələrlə onların tələbyönümlülüyü arasında uyğunsuzluğun mövcud olması problemi var. Əmək bazarında hər hansı bir peşənin kəmiyyət və keyfiyyət göstəriciləri təhlil olunmur.
Təqdimatların sonunda həmin ölkələrdə tədris prosesində bu kimi məsələlərə xüsusi diqqət yetirilməsinin, ali, orta ixtisas və peşə təhsili müəssisələrinin sahibkarlıq subyektləri ilə əlaqələrinin möhkəmlənməsinin zəruriliyi vurğulandı. Qeyd olundu ki, yaradılmış standartlar, kurikulumlar əmək bazarına istiqamətlənməli, praktik vərdiş və bacarıqlar aşılamalıdır.
Hazırda Avropada və bütün dünyada belə bir tendensiya formalaşıb. Təhsil müəssisələrində elə praktik biliklər aşılanmalıdır ki, sonda müəyyən bir məhsulun hazırlanmasına və iş qurmağa imkan yaratsın. Məsələn, Serbiyanın Tibb Universitetinin təqdimatında son illər bu müəssisənin fəaliyyətində baş verən dəyişikliklərdən bəhs olundu. Verilən məlumata görə, burada həkimlərə öz sahələri üzrə praktik bacarıqlarla yanaşı, marketinq, sahibkarlığın əsasları, tibbin yeni sahələri, əczaçılıq biznesi, təhsil müəssisələrinin idarə edilməsi və s. əlavə ixtisaslar da öyrədilir.
Təhsil müəssisələri tərəfindən müəyyən tədqiqatlar aparılaraq yeni məhsulların yaradılması üçün tapşırıqlar müəyyən edilir. Bu tapşırıqların yerinə yetirilməsi isə həm təhsil müəssisəsinə, həm də tələbəyə böyük imkanlar verir. Belə ki, tələbə artıq məzun olduğu təqdirdə bazarın ehtiyaclarına uyğun hazır məhsula sahib olmaqla sərbəst surətdə fəaliyyət göstərə bilir. Yəni, məzun iş axtarmaqdansa, iş yaratmaq imkanına, biliyə və bacarığa malik olur.{nl}

Müsahibəni qələmə aldı: Mehdi MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında