Hikmət Hacıyev: Serj Sarkisyan bir daha sübut etdi ki, Ermənistanın danışıqlarda iştirakı imitasiya məqsədi daşıyır

Xəbər verildiyi kimi, bu yaxınlarda Ermənistan prezidenti Serj Sarkisyan “Sputnik” informasiya agentliyinə müsahibəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, Helsinki Yekun Aktına, digər beynəlxalq təşkilatların müvafiq sənədlərinə zidd olan fikirlər səsləndirib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan prezidentinin bu fikirlərini AZƏRTAC-a müsahibəsində şərh edib. Müsahibəni təqdim edirik.

– Ermənistan prezidenti Serj Sarkisyanın “Sputnik” informasiya agentliyinə müsahibəsini necə qiymətləndirirsiniz?

–Ümumiyyətlə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan prezidentinin müsahibəsində qeyd olunan məqamlara bir neçə dəfə münasibət bildirib.

Müsahibədə Ermənistan prezidenti yenə də öz mahiyyətini ortaya qoydu, iddialarla və şikayətlərlə çıxış etdi.

Ondan bir neçə gün əvvəl eyni informasiya agentliyinə müsahibə verən Prezident İlham Əliyevin çıxışını xatırlatmaq istərdim. Dövlətimizin başçısı müsahibəsində dərin strateji düşüncə və baxışa əsaslanaraq ölkəmizin daxili və xarici siyasəti, gələcək inkişaf prioritetləri və üzləşdiyi problemlər, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, regional və beynəlxalq məsələlər ilə əlaqədar aydın və qətiyyətli mövqe, gələcəyə yönəlmiş məqsədyönlü fəaliyyət planı ortaya qoydu.

– Ermənistan prezidenti müsahibəsində Ermənistan-Azərbaycan münaqişəsinə geniş yer ayırdı. Yenə də özünəməxsus tərzdə münaqişənin həllinin əsasını təşkil edən prinsiplərə toxundu. Bunlar hansı prinsiplərdir və nəyə əsaslanır? Burada xalqların öz müqəddəratını təyin etməsi dedikdə nə nəzərdə tutulur?

– ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin Akvil, Muskoka, Dövil, Los-Kabos və Enniskilen bəyanatlarında Helsinki Yekun Aktına uyğun olaraq münaqişənin həllinin əsasını təşkil edən prinsiplər öz əksini tapıb. Bu prinsiplərə güc tətbiq etməmək və ya güc tətbiq edərək hədələməmək, dövlətlərin ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə daxildir. Sarkisyan Ermənistanın xarici işlər naziri Edvard Nalbandyandan fərqli olaraq bu prinsiplərin ardıcıllığını düzgün şəkildə təqdim etdi.       

Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini, o cümlədən ölkəmizin ərazi bütövlüyünə qarşı güc tətbiqetmə və ya güclə hədələmə, gücdən istifadə etməklə ərazilərin ilhaqı və əhalinin zorla öz doğma yurdlarından qovulması kimi beynəlxalq hüquqa zidd hərəkətlərini ört-basdır etmək məqsədilə bu prinsipləri təhrif edir, onların tətbiqində selektiv yanaşmaya və ikili standartlara yol verməyə çalışır. Gəlin, Helsinki Yekun Aktı əsasında bu prinsiplərin əsl mahiyyətinə bir daha varaq.

1975-ci il Helsinki Yekun Aktında ilk növbədə bir dövlətin digər dövlətin ərazi bütövlüyü və ya siyasi suverenliyinə qarşı güc tətbiq etmək və ya güc tətbiq edərək hədələməkdən çəkinməsi kimi öhdəliyinin olduğu qeyd edilir. Eləcə də dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipləri bir daha təsdiq olunaraq güc vasitəsilə ərazi əldə edilməsinin qəbuledilməzliyi vurğulanır. Bununla bərabər, dövlətlərin ərazi bütövlüyü və ya siyasi suverenliyinə qarşı gücdən istifadə nəticəsində yaranmış vəziyyətin hüquqi qəbul edilməməsinə dair dövlətlərin öhdəliyi var. 

Güc tətbiq etmək və ya güc tətbiq edərək hədələmək prinsipindən çox danışan Ermənistan tərəfi anlamalıdır ki, bu prinsipdən irəli gələn şərtlərin icra edilməsi məsuliyyəti də bilavasitə Ermənistana aiddir. Hərbi güc tətbiq edərək Azərbaycanın ərazilərini işğal edən tərəf Ermənistandır. Azərbaycanın işğal edilmiş ərazilərində çoxsaylı hərbi kontingent saxlayaraq hədə doğuran tərəf də məhz Ermənistandır. Ermənistanın qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmayana qədər Ermənistan Azərbaycana qarşı güc tətbiq etmək və güc tətbiq edərək hədələmək kimi qeyri-qanuni fəaliyyətini həyata keçirir.

Ermənistan Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı güc tətbiq edərək onun ərazilərinin işğalını və törədilmiş etnik təmizləmənin nəticələrini “öz müqəddəratını təyinetmə” kimi təqdim etmək cəhdləri göstərir. Bu, sadəcə olaraq, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini və ölkəmizin ərazilərinin ilhaqını pərdələmək cəhdindən başqa bir şey deyil.

Xalqların öz müqəddəratını təyin etməsi hüququnun ifadəsi hər hansı dövlətin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı fəaliyyətin həyata keçirilməsinə imkan verən hal kimi təfsir oluna bilməz. Helsinki Yekun Aktının 8-ci bəndində deyilir: “İştirakçı dövlətlər xalqların bərabər hüquqları və öz müqəddəratını təyin etmək hüququna hörmət edərək, bütün hallarda BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə və beynəlxalq hüququn müvafiq normalarına, eləcə də dövlətlərin ərazi bütövlüyünə uyğun şəkildə fəaliyyət göstərəcəklər”.

Eyni zamanda, adından və mahiyyətindən göründüyü kimi, bu hüququn ifadə olunması xalqlara məxsusdur ki, erməni xalqı da bu hüququnu artıq bir dəfə ifadə edib və SSRİ-nin dağılmasından sonra Ermənistan Respublikası təsis edilib. Öz müqəddəratını təyinetmə prinsipi hər bir halda mərkəzi hakimiyyətin razılığı əsasında müəyyən olunan formada öz ifadəsini tapmalıdır.

Dövlətimizin başçısının “Sputnik” informasiya agentliyinə müsahibəsində münaqişənin həlli kontekstində Dağlıq Qarabağ Muxtar Respublikasının yaradılması barədə konstruktiv təklifi Helsinki Yekun Aktına və müasir beynəlxalq hüquqa uyğun olaraq, Azərbaycanın sərhədləri daxilində Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının öz müqəddəratını təyin etməsini ehtiva edir. Bu, tam şəkildə münaqişənin həlli ilə əlaqədar ATƏT-in Minsk qrupunun həmsədrlərinin irəli sürdüyü prinsiplərə uyğun olaraq, münaqişənin həlli ilə əlaqədar konstruktiv, real və kompromis əsaslı təklifdir. Müasir beynəlxalq hüquqda bu “daxili öz müqəddəratını təyin etmə (internal self-determination)” anlayışı ilə təfsir olunur.

– Müsahibədə Serj Sarkisyan bir tərəfdən Ermənistanın bütün dövlətlərin, cümlədən Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və digər tərəfdən Dağlıq Qarabağın ya müstəqil, ya da Ermənistana birləşdirilməsini arzu etdiyini ­bildirib.

– Ermənistan BMT-yə, ATƏT-ə və digər beynəlxalq təşkilatlara üzv olarkən öz üzərinə digər dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət etmək kimi öhdəlik götürüb. Hər bir dövlət kimi, Ermənistanın da borcu və öhdəliyidir ki, digər dövlətlərin, o cümlədən qonşu Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşsın.

Azərbaycanın ərazi bütövlüyünün yalnız bir anlayışı var və bu anlayış da Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini nəzərdə tutur. Ölkəmizin ərazi bütövlüyü Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olaraq bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınır.

Ermənistan konstitusiyasına görə, ölkənin xarici siyasətini dövlət başçısı müəyyən edir və o, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını dediyi halda, digər şəxslər fərqli bəyanatlarla çıxış edirlər. Ermənistan prezidenti həqiqətən Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşırsa, onda ilk addım kimi öz qoşunlarını işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarmalıdır. Ermənistan prezidentinin də şəxsən qatıldığı Sankt-Peterburq görüşündə müzakirə olunan təkliflər də bunu nəzərdə tutur. İndi Ermənistan tərəfi Sankt-Peterburq görüşündən irəli gələn məsələlərin həlli istiqamətində addımlar atmaq və qəbuledilməz hesab olunan status-kvonu dəyişmək əvəzinə, bəhanələrə əl atır, qəsdən insidentlərin araşdırılması kimi texniki məsələləri gündəliyə gətirməklə əsas hədəfdən yayınmağa cəhd göstərir.  

Nəzərə almaq lazımdır ki, münaqişənin həlli prosesində BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri kimi vacib sənədlər var. Bu qətnamələr də ATƏT-in Minsk qrupunun həmsədrlərinin mandatının əsasını təşkil edir. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası 822, 853, 874 və 884 saylı qətnamələri qəbul edərək Azərbaycana qarşı gücdən istifadə olunmasını və onun torpaqlarının işğal edilməsini pisləyib. Bu qətnamələrdə Təhlükəsizlik Şurası Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətini bir daha ifadə edib və Dağlıq Qarabağ regionunun Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edib, işğal olunmuş ərazilərdən bütün işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Bu qətnamələr, eləcə də beynəlxalq humanitar hüququn pozulması hallarını, Azərbaycanda böyük sayda mülki əhalinin zorakılıqla qovulmasını, mülki əhaliyə qarşı hücumları və onun ərazisinin bombardman edilməsini xüsusilə vurğulayıb. Ermənistan bu qətnamələrin tələblərini hələ də yerinə yetirməyib.

Onu da qeyd etmək lazımdır ki, 2015-ci il iyunun 16-da Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasının “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarı münaqişə tərəfi kimi Ermənistanın məsuliyyətinin bir neçə aspektdən ortaya qoyulması baxımdan önəmlidir. İlk növbədə, Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini və bu ərazilərdə hərbi mövcudluğuna dair məsuliyyətini davamlı şəkildə inkar etməsinə əsaslı şəkildə son qoydu.

Bunların müqabilində Ermənistan dövlətinin başçısının Dağlıq Qarabağın “müstəqil olmasını və ya Ermənistana birləşdirilməsi”ni görməyi arzulaması və hələ bundan bir qədər əvvəl “Dağlıq Qarabağ Ermənistanın ayrılmaz hissəsidir” deməsi beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, Helsinki Yekun Aktına, digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələrinə köklü şəkildə ziddir. Bu, bir daha sübut edir ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqı siyasətini yürüdür və Ermənistan münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında danışıqlar yolu ilə həllinin tərəfdarı deyil, bu ölkənin danışıqlarda iştirakı imitasiya məqsədi daşıyır.

– Ermənistan prezidenti müsahi­bədə daha bir arzusunu bildirib. O, Ermənistanın qonşu Azərbaycan və Türkiyə ilə problemlərinin olmamasını ­arzuladığını söyləyib.

– Arzular hər bir insan üçün xarakterik xüsusiyyətdir. Amma dövlət başçısı olub yalnız arzu və xülyalarla yaşamaq kifayət deyil. Sual olunur, nəyə görə Ermənistanın Azərbaycan və Türkiyə ilə problemləri var? Ona görə ki, Ermənistan beynəlxalq hüququ pozaraq ərazi iddiaları əsasında qonşu Azərbaycana qarşı hərbi təcavüz edib və Azərbaycan ərazilərini işğal edib. İşğal olunmuş ərazilərdə Azərbaycan xalqına qarşı qanlı etnik təmizləmə törədib. Əgər Ermənistan prezidenti Azərbaycanla problemin həll olunması arzusunun tezliklə reallaşmasını istəyirsə, işğal edilmiş Azərbaycan ərazilərindən Ermənistan qoşunlarını çıxarsın və nəticədə iki dövlət arasında sivil və mehriban qonşuluq əlaqələri formalaşsın.

Ermənistanın konstitusiyasında Türkiyəyə qarşı birbaşa ərazi iddiası irəli sürülür. Bundan əlavə, Ermənistan tarixi saxtalaşdıraraq Türkiyəyə qarşı qondarma “soyqırımı” ittihamı ilə çıxış edir. Ermənistanın digər qonşu dövlətlərə qarşı da ərazi iddiaları var.

S.Sarkisyan Ermənistan prezidenti kimi, qonşu dövlətlərə qarşı yürütdüyü siyasət nəticəsində ölkəni təcrid halına salmasından, Ermənistanın ağır maliyyə-iqtisadi və demoqrafik böhran və tənəzzül həddinə çatdırmasından nəticə çıxarmalı, qonşu dövlətlərlə normal münasibətlər qurmalıdır. Ermənistan rəhbərliyi nəhayət onu da dərk etməlidir ki, Azərbaycan ərazilərinin işğalına, qonşu dövlətlərə qarşı iddialara son qoyduqdan sonra regionda bərqərar olacaq sülh, sabitlik və hərtərəfli əməkdaşlıqdan ilk növbədə Ermənistan və erməni xalqı da faydalanacaq.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında