Düz 90 il bundan əvvəl Bakının mərkəzində yerləşən İsmailiyyə adlanan binada Türk dünyasının görkəmli şəxsiyyətlərinin, dilçilərinin, elm xadimlərinin iştirakı ilə Birinci Türkoloji Qurultay keçirilmişdi. 14 ölkədən Azərbaycana gələn 130-dan artıq dəyərli ziyalı türk xalqları arasındakı tarixi əlaqələri gücləndirmək amacı ilə geniş müzakirələr aparmışdılar. Bu günlərdə Türk dünyasının adlı-sanlı təmsilçiləri yenə Bakıda həmin məkana – AMEA-nın Rəyasət Heyətinin binasına yığışmışdılar ki, sələflərinin yarımçıq qalan arzularını, elmi araşdırmlarını uca Tanrının köməyi ilə yenidən həyata keçirsinlər. Bu müqəddəs məkan yenə də Türk dünyası sevdalılarını qoynuna almışdı. O sevdanı daim qəlbində gəzdirən və göyərdən insanlardan biri Beynəlxalq Türk Akademiyasının prezidenti, 230 min tirajla nəşr olunan “Егемен Қазақстан” qəzetinin idarə heyətinin sədri Darxan Kıdıralı da 90 illik yubileyə dəvət olunan mötəbər qonaqlar sırasında idi. Professor Darxan bəy Kıdıralı ilə müsahibəni sizə təqdim edirik:
– Darxan bəy, bu il may ayının 23-ü və 24-də Astanada türkdilli ölkələrin müstəqilliyinin 25 illiyinə həsr olunmuş "Böyük Çöl" I Sosial Elmlər Forumu keçirildi. O forumda Türkoloji Qurultayın 90 illiyi haqqında Türk dünyasının tanınmış və dəyərli alimləri maraqlı fikirlər söylədilər. Bakı toplantısı barədə təəssüratınızı bölüşməzdən əvvəl, istəyirəm ki, bir də o may günlərinə qayıdaq.
– “Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında” fərman Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu ilin 18 fevralında imzalanıb. Adından da göründüyü kimi, Beynəlxalq Türk Akademiyasının qayəsi də Yer üzündə mövcud olan bütün türk dəyərlərini araşdırmaq, tapmaq, yenidən o qədim və zəngin irsimizi özümüzə qaytarmaq, türk dünyasının elmdə, əməldə birliyinə nail olmaqdır. Qazaxıstanda keçirilən "Böyük Çöl" I Sosial Elmlər Forumunda türk dövlətlərinin müstəqilliyinin 25 illiyi, Bakıda Türkoloji Qurultayın keçirilməsinin 90 illiyi və eləcə də türk dünyasının əfsanəvi sufi alimi Xoca Əhməd Yasəvinin dünyadan köçməsinin 850 illiyi və Yusuf Balasaqulunun 1000 illiyinə həsr olunmuş panel müzakirələrində Amerika, Almaniya, Yaponiya, Çin, Cənubi Koreya, Türkiyə, MDB ölkələri və Böyük Britaniyadan gəlmiş 200-dən çox alim və türk dünyasının tədqiqatçıları iştirak edirdi. Bu forumda Azərbaycan Milli Məclisinin deputatı, fəlsəfə doktoru Cavanşir Feyziyevin "Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli" adlı kitabının təqdimatı oldu. Azərbaycan İqtisad Universitetinin rektoru, Türk Dünyası İqtisadçılar Birliyinin sədri Ədalət Muradov məruzəsində Türk Dövlətləri Birliyi modelində türkdilli ölkələrin iqtisadi potensialının öyrənilməsi və bu ölkələr arasında iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyini vurğuladı.
AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru, millət vəkili İsa Həbibbəylinin moderatorluq etdiyi panel müzakirələrində tanınmış türkoloqların həyat və fəaliyyəti, onların dilçilk sistemində yaratdıqları məktəb və əsərlər haqqında verdiyi məlumatlar forum iştirakçılarının marağına səbəb oldu. AMEA-nın müxbir üzvü, Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoy ortaq türk dili problemlərinə həsr olunmuş məruzə ilə çıxış etdi. Panellərarası fasilələrdə Azərbaycandan olan millət vəkilləri və türkoloq alimlər dünyanın bir çox ölkələrindən gəlmiş elm adamları ilə ikitərəfli görüşlər də keçirirdilər. Çox səmərəli görüşlərimiz indi də bəhrəsini verməkdədir.
– Bu gün Bakı I Türkoloji Qurultayın 90 illik yubileyinə həsr olunan “Türkoloji elmi-mədəni həyatda ortaq dəyərlər və yeni çağırışlar” adlı Beynəlxalq Konfransa ev sahibliyi edir.
–Belə bir vacib tədbirə ev sahibliyi etdyi üçün, Türk dünyasının müxtəlif bölgələrindən sayğıdəyər elm adamlarını bir araya gətirdikləri üçün Azərbaycan Milli Elmlər Akademiyasına, AMEA Nəsimi adına Dilçilik İnstitutuna, AMEA Nizami adına Ədəbiyyat Institutuna və təşkilatçılıq işində əmək sərf edən bütün digər qurumlara təşəkkürlərimi çatdırmaq istəyirəm. Birinci Türkoloji Qurultayın yubileyi ilə bağlı Ankara, Astana və Bişkekdə keçirdiyimiz tədbirlər çox önəmlidir, amma Bakı konfransının xüsusi bir əhəmiyyəti var. Az qala bir əsr öncə elə bu məkanda, dünyanın öndə gələn türkoloq alimləri toplaşıb, türkologiyanın problemlərini müzakirə etmiş və vacib qərarlar qəbul etmişdilər. İndi o dahi insanlar fiziki olaraq burada olmasalar da, ruhən buradadırlar və biz o ruhların ətrafına toplaşmışıq. Çünki 90 il öncə buraya toplaşan aydınlarımızın, ziyalılarımızın məqsədi müstəqillik idi... Bu qurultay Bakıda keçirilərkən Levon Mirzəyan Stalinə məktub yazaraq qeyd etmişdi: “Türklər Bakıda toplaşır”. Sonralar qurultayın iştirakçılarının əksəriyyətini güllələdilər. Onları fiziki cəhətdən məhv etməklə, güllələməklə, arzularını, ideyalarını və böyük amallarını güllələmək mümkün olmadı. Onların istəyi gec-tez reallaşmalı idi və bu, baş verdi. Bu il müstəqilliyimizin 25 illiyini qeyd edərkən, o türk sevdalılarının irəli sürdüyü ideyaları əməli işə çevirmək istədiyimizi sübut edə bildik.
– Məlum və mürəkkəb səbəblər üzündən o zamandan qalan arzuları biz müstəqillik qazanana qədər dilə gətirə bilmədik. Türkiyədə isə böyük Atatürkün dəstəyi ilə arzular çiçəkləyirdi.
– Nə yaxşı ki, Türkiyədə o tarixi unutmayanlar var idi. Bakı Qurultayına qatılanlardan yalnız birinə, bu il yubileyi UNESCO səviyyəsində qeyd edilən Fuad Köprülüyə Tanrı öz missiyasını davam etdirmək şansı verdi. Onun elmi, böyük Atatürkün siyasi öndərliyi ilə Türkologiyanın ruhu yaşadı, ona yeni bir nəfəs verildi. Türkiyədə böyük türkoloqlar nəsli yetişdi. Mən uzun illər türkologiyanın bayrağını enməyə imkan verməyən bütün hocalarımıza səmimi təşəkkürlərimizi və sayğılarımızı çatdırmaq istəyirəm.
– Həmin qurultayda İsmayıl bəy Qaspıralı belə bir fikir də söyləmişdi: “Dildə, fikirdə, əməldə birlik”. 90 illiyini qeyd etdiyimiz qurultayın yarımçıq qalan o arzularını həyata keçirə biləcəyikmi?
– Hər səfərimdə əzəmətini bir daha hiss etdiyim Bakı şəhəri uzun illər boyu Türk dünyasının, türkologiyanın mühüm mərkəzlərindən biri olub. Ötən yüzillin başlanğıcında ilk Türkoloji Qurultayın burada keçirilməsi də təsadüfi deyildi. O zaman Azərbaycan, Bakı şəhəri siyasi, iqtisadi və elmi cəhətdən artıq bir mərkəz halına gəlmişdi. Türkoloqlar Bakıda toplaşaraq, İsmayıl Qaspıralının “Dildə, fikirdə, əməldə birlik” ideyasını gerçəkləşdirməyin yollarını aradılar, Türk dünyasının problemlərini, ortaq əlifba, dil məsələlərini ələ aldılar. Qurultay hər nə qədər sovetlər tərəfindən təşkil olunsa da, əslində, o zamanki vəziyyət və şərait bunu diktə etmişdi, bu labüd idi və baş verdi. O zaman ziyalılarımız ortaq dildə danışar, ortaq qəzetləri oxuyar, ortaq idealları paylaşardılar. 90 il öncə, əsarət altında olmasına baxmayaraq, ziyalılarımız, bəlkə də bir gün buna görə qurşuna tuş gələcəklərini bilərək, burada milli ruhumuzun mücadiləsini verdilər, onun özülünün sarsılmaması üçün öz üzərlərinə düşən missiyanı layiqincə və şərəflə yerinə yetirdilər. Bu gün də biz buradayıq. Dünyanın müxtəlif yerlərindən alimlər, türkoloqlar türkologiyanın problemlərini müzakirə edirik. Amma 90 il öncəkindən fərqli olaraq, indi hansısa narahatlıq və təlaşa əsas olmadan, müstəqil dövlətlərin azad vətəndaşları kimi bunu edirik. İndi biz 21-ci yüzillikdə qarşımızda duran o hədəflərə çatacağıq. Ən təqdirəlayiq məqamlardan biri ondan ibarətdir ki, bu gün ən ali səviyyədə, dövlət başçılarımız tərəfindən siyasi iradə ortaya qoyulib və Türk dünyasının qaynayıb-qarışması, inteqrasiyası üçün münbit zəmin yaranıb. 2009-cu il dövlət başçılarımızın Naxçıvan görüşündə yaradılan Türk Şurası, Türk PA, Türk İrsi və Mədəniyyəti Fondu, Beynəlxalq Türk Akademiyası kimi təşkilatlarımız bu gün uğurlu fəaliyyətlərini davam etdirir və inkişaf edirlər. Bundan başqa biz milli elmlər akademiyalarımızın birliyi çərçivəsində səmərəli elmi əməkdaşlıq edirik.
– Bu gün vəziyyət necədir? Qarşımızda duran bəzi problemlərin həlli asan başa gəlirmi?
– Fəaliyyətə başladığımız vaxtdan qısa müddət keçməsinə baxmayaraq, Azərbaycan Respublikası AMEA-nın yardımı ilə türkologiya sahəsində araşdırmalar, kitabların və elmi-tədqiqatların yazılması istiqamətində iş aparmışıq və bunu böyük məmnuniyyətlə davam etdiririk. Bu gün Qazaxıstan, Azərbaycan, Qırğızıstan və Türkiyə alimləri və araşdırmaçıları, bilik qurumları Beynəlxalq Türk Akademiyasının bayrağı altında birləşib. Ümid edirəm ki, çox yaxın zamanda Özbəkistan və Türkmənistan da bizimlə bərabər olacaq. Rusiyanın tərkibində olan türkdilli xalqlarımızın nümayəndələri çox həvəslə bizimlə işləməkdən qürur duyurlar.
– Söhbət kitablardan düşmüşkən, bu yubiley tədbirində Türk dünyasının dəyərli alimləri, eləcə də akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Beynəlxalq Türk Akademiyasının yenicə çapdan çıxmış “8-ci siniflər üçün ortaq türk tarixi dərsliyi” adlı kitabını da sərgilədiniz.
– Beynəlxalq Türk Akademiyası türk dünyasının elmi fəaliyyətinə işıq tutan bir təşkilatdır. Biz yarandığımız gündən ortaq Türk əlifbasının ərsəyə gətirilməsini qarşımıza məqsəd qoymuşuq. Bu məsələlər hər zaman Türk dünyasının bir hissəsi olan Qazaxıstanı da narahat edir. Qazaxıstanın Prezidenti Nursultan Nazarbayev Türk Şurasının iclaslarının birində bu məsələ ilə bağlı bizim fikrimizi öyrənərkən, ona cavabımız belə oldu ki, Türk dünyasındakı inteqrasiya çalışmalarını ən əvvəl uşaqlarımızdan başlamalıyıq. Ulu və qədim tariximizi o balalara öyrətməliyik. Bizim ortaq tariximiz və məkan dilimiz olmalıdır. Ona görə də bizim həm ortaq tarix, həm ortaq coğrafiya, həm də ortaq ədəbiyyat kitablarını yazmağa ehtiyacımız var. Düşünəndə ki, Azərbaycanın ərazisi təkcə bu yerlərlə ölçülmür, Ötükən də Azərbaycandır, Baykal da, eləcə də qazaxların da Vətəni təkcə qazaxlara məxsus deyil. Çoğrafiyada biz tariximizi, tariximizdə isə coğrafiyamızı tapırıq. Və yaxud da ədəbiyyat, eyni zamanda, sadəcə ədəbiyyat deyil, mədəniyyətdir, düşüncədir. Bu yaxın zamanlarda isə ortaq ədəbiyyat dərsliyimiz işıq üzü görəcək. Hələlik həmin dərsliyin ilk variantının layihəsini bu gün Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun alimlərinin müzakirəsinə verdik. Bu seriyadan hazırlanan kitablar bir qayda olaraq, Beynəlxalq Türk Akademiyasına aidiyyatı olan bütün türkdilli ölkələrin elm mərkəzlərində müzakirə olunduqdan sonra kitabın çapı üçün yekun qərar qəbul edilir, daha sonra onu oxucuların ixtiyarına veririrk. Biz akademik deyil, məktəbyaşlı uşaqların başa düşəcəyi səviyyədə bir dərslik hazırlayırıq.
– Siz bu yaxınlarda həm də qədim türklərin yaşadığı bir məbədi aşkar etdiniz...
– Biz bu ilin yay aylarında qədim türk babalarımızın, Göy türklərin dirçəliş tapdığı Ötükənə getdik. Ötükəndə “Şivet Ulan” torpaqlarında Kutluq İlteriş xaqanın Tanrı inancını yaydığı məbədi tapdıq. Burada türk dünyasının arxeoloqları və alimləri ilə başladığımız arxeoloji qazıntılar zamanı çox qədim tariximizdən xəbər verən dəyərli eksponatlar və daş kitabələr də üzə çıxardıq. Axtarışlarımız hələ uzun zaman davam edəcək. Bu vaxta qədər deyirdilər ki, türklərin bir dini yoxdur, kitabı yoxdur. Burada olan daş kitabələr və məbəd bir daha bizim dinin və kitabımızın daha qədim olduğunu sübut etdi. Biz tarix dərsliyi kitabını da hazırlayarkən, eyni zamanda, arxeoloji qazıntılar zamanı aşkar etdiyimiz həmin kitabələrin tarixindən “Ortaq türk dünyası” dərsliyində şəkillərlə bəhs etmişik. Bu dərsliyi oxuyan məktəblilər, əlbəttə ki, özünün qədim türk tarixindən xəbər biləcək, maraqlanacaq, ən azı, onlardan heç olmazsa 5 nəfəri müəyyən yaş dövrünə çatandan sonra həmin bilgilərə dərindən yiyələnmək istəyəcəklər.
– Bakıda düzənlənən belə mötəbər bir məclisin keçirilməsindən sonra sizin də, bizim də gözləntilərimiz, təbii ki, böyükdür.
– Qeyd etdiyim kimi, artıq türk dövlətləri və qurumlarının inteqrasiyasına xidmət edən kifayət qədər insanlar və tədqiqatçılar var və düşünürəm ki, bəzi çətinliklərə baxmayaraq, onlar ayrı-ayrılıqda üzərlərinə düşən işin öhdəsindən ləyaqətlə gələ bilirlər. Biz hələ yolun başlanğıcındayıq. Saf birlik niyyətlərimizin gerçəkləşməsini təmin etmək məqsədilə bir özül, altyapı formalaşdırmaqdayıq. İnanıram ki, məqsədimizə nail olacağıq. İndiyədək türkologiyaya şərqşünaslıq kontekstindən yanaşılırdı. Şərqi öyrənərkən bu sahəyə müraciət edirdilər. Yəni, başqaları bizi öyrənməyə çalışırdı. İndi isə, artıq bizim özümüzün-özümüzü öyrənməyimiz, özümüzü tanımaq və tanıtmaq üçün məqam yetişib. Biz gənc nəslimizi buna sövq etməliyik. Qeyd etdiyim çətinlikləri dəf edə bilsək, düşünürəm ki, qarşıya qoyulan hədəflərə zamanında və uğurla çatacağıq.
– Siz həm də qazax dilində nəşr olunan “Егемен Қазақстан” rəsmi dövlət qəzetinin idarə heyətinin sədrisiniz. Və bu qəzetin taleyində bir Hacı Zeynalabdin Tağıyev möhürü də var.
– 1919-cu ildən Qazaxıstanda nəşr eidlən bu qəzetin, əslində, türkçülük tarixində də danılmaz yeri var. Bu gün konfransda sərgilədiyimiz kitablar içərisində yaşıl üzlü “Егемен Қазақстан” kitabının içərisindəkilər Qazaxıstanda 1911-13-cü illərdə ilk nəşr olunan saylarının toplusudur. Bu kitabda türk dünyasının tanınmış şəxsiyyəti Hacı Zeynalabdin Tağıyev barədə də bir bölüm var. Çünki hələ dünyada arabalar, qatarlar olmayan bir vaxtda “Егемен Қазақстан” qəzetinin o zamankı naşirləri qəzetin xərclərini ödəyə bilmədikləri üçün, dənizləri aşıb gələrək Bakıda Hacı Zeynalabdin Tağıyevlə görüşürlər. Hər zaman elmə, məktəbə, öyrənməyə yol açan, işıq tutan milyonçu, Qazaxıstandan onun qapısına gələnləri boş əllə qaytarmayaraq, qəzetin bütün illik xərcini ödəmişdi. Tağıyev Xəzər dənizini aşaraq kömək üçün müraciət edən naşirlərə qucaq açır, geniş qəlblə, açıq ürəklə oz səxavətini əsirgəmir. Biz də bu yeni kitabda onun adını əbədiləşdirməyi özümüzə borc bildik. Mən bir beynəlxalq təşkilatın rəhbəri kimi deyil, bir Qazaxıstan vətəndaşı kimi bütün Türk dünyasının ziyalanmasında, maariflənməsində xidməti olmuş Hacı Zeynalabdin Tağıyevin ruhu qarşısında baş əyirəm.
– Darxan bəy, mənim isə sizə – var olun, gördüyünüz xeyir işlərdə Tanrı köməyiniz olsun, Kültəkinin ruhu başınızın üstündən əksik olmasın, deməkdən başqa sözüm yoxdur. Beynəlxalq konfrans çərçivəsində AMEA-nın vitse-prezidenti, hörmətli akademik İsa Həbibbəyli sizə AMEA-nın Fəxri doktoru diplomunu təqdim etdi. Bü münasibətlə də sizi təbrik edirəm.
Aida Eyvazlı,
araşdırmaçı jurnalist
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.