Nigar ARPADARAİ: “Formula-1” yarışı ilə əlaqədar infrastrukturun hazırlanmasına gələn ilin martında başlanılacaq

Mötəbər beynəlxalq yarışların və tədbirlərin keçirildiyi məkana çevrilən Azərbaycan cari ilin iyununda “Formula-1” Avropa Qran-prisinə yüksək səviyyədə ev sahibliyi edərək, yenidən dünyanın diqqətini özünə cəlb etdi. Şərq və Qərb mədəniyyətini özündə birləşdirən Bakı bu dəfə yüksək sürət, həyəcan və adrenalini ilə paytaxt sakinlərinin və qonaqların zövqünü oxşamağı bacardı. 2017-ci ildə ölkəmizdə ikinci dəfə təşkil olunacaq Qran-priyə hazırlıq işlərinə artıq start verilib. “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri və “Formula-1” Avropa Qran-prisinin mətbuat katibi Nigar Arpadarai görülən işlərlə bağlı AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.

– Nigar xanım, “Formula-1” Avropa Qran-prisinin növbəti mövsümünə hazırlıq işləri necə gedir?

– Gələn il təşkil olunacaq yarışın hazırlıqlarına artıq start verilib. Əvvəlcə qeyd etmək istərdim ki, dekabrın 1-dən biletlərin satışına başlanacaq. Beynəlxalq Avtomobil Federasiyasının (FIA) hazırkı təqviminə görə, yarışın keçirilməsi gələn il iyunun 18-nə nəzərdə tutulub. Lakin bu tarix dəyişdirilə bilər. Çünki dekabrın birinci həftəsində FIA-nın konqresində “Formula-1” təqvimi elan olunacaq və Azərbaycanda da yarışın dəqiq vaxtını biləcəyik. Ötən il yarış Avropa Qran-prisi adı altında keçirilmişdi. Ancaq cari mövsümün əvvəlindən yarışın adının dəyişdirilməsi ilə bağlı FIA-ya müraciət etmişik. Əgər təklifimiz qəbul olunarsa, 2017-ci ildə yarış “Formula-1” Azərbaycan Qran-prisi adlandırılacaq. Bununla bağlı qərar yaxın günlərdə qəbul olunacaq və dekabrın əvvəlində FIA-nın konqresində elan ediləcək.

– Yarışın ölkə daxilində və beynəlxalq miqyasda təbliği istiqamətində hansı işlər görülür?

– Təbliğat işləri ilə bağlı çox ciddi planlarımız var. Keçən il olduğu kimi, bu il də əsas hədəfimiz Avropa ölkələrində təbliğat kampaniyalarının təşkil edilməsidir. Bu istiqamətdə işimizi daha çox internet vasitəsilə, əsasən onlayn qaydada aparmağa çalışacağıq. Həmin internet resurslarında yarışın reklamları yerləşdiriləcək. Yerli azarkeşlər üçün də maarifləndirmə kampaniyalarının təşkili nəzərdə tutulub. Bu kampaniyalar çərçivəsində onlar “Formula-1” haqqında, pilotların həyatı və idmanın bu növünün qaydaları barədə ətraflı məlumat əldə edəcəklər. Bununla bağlı videoçarxlar və xüsusi verilişlər hazırlanacaq.

Yaxın zamanlarda səfirlər proqramı da fəal olacaq. Kimlərin bu proqrama qoşulacağını yaxın günlərdə elan edəcəyik. Keçən il olduğu kimi, bu il də möhtəşəm əyləncə proqramı təşkil ediləcək. Yarışdan əlavə paytaxt sakinləri və qonaqlara konsert proqramları təqdim olunacaq. Konsertdə hansı dünya ulduzlarının çıxış edəcəyi hələ sirr olaraq saxlanılır. Ancaq azarkeşlərə maraqlı şou vəd edirik. Bu möhtəşəm yarışı və əyləncə proqramını izləmək istəyənləri biletləri əldə etməyə çağırıram.

– Nigar xanım, yeni mövsümlə əlaqədar trekdə hazırlıq işlərinə nə vaxtdan başlanılacaq? Hazırlıq prosesində Bakı şəhər halqasında hansı işlər görüləcək?

– Ötən il Bakının küçələrində, trasın keçdiyi ərazilərdə təmir işləri aparılmışdı. Bunun da əsas məqsədi şəhərin Formula-1 trasına çevrilməsi idi. Asfalt qatı, tribunalar və təhlükəsizlik baryerlərinin quraşdırılması müəyyən vaxt tələb edirdi. Növbəti mövsümdə bu işlər daha az görüləcək. Tribunalar, beton bloklar və təhlükəsizlik baryerləri artıq bizdə var. Lazım olan vaxtda onlar anbarlardan götürülərək quraşdırılacaq. Qarajların yerləşdiyi pit-binası isə yarışdan sonra sökülməyib. Asfalt qatı beynəlxalq standartlara cavab verdiyi üçün yenilənməyəcək. Sadəcə qənbər daşları olan küçədə yeni asfalt qatı salınacaq. Biz qənbər daşlarını zədələmədən ilk yarışımızı uğurla təşkil etdik. Digər işlər isə qısa vaxt tələb edəcək. Çalışacağıq ki, paytaxt sakinlərini narahat etmədən işlərimizi görək. Şəhərdə infrastrukturun hazırlanması prosesinə gələn ilin martından start veriləcək. O vaxtadək isə əsasən təbliğat və reklam işləri ilə məşğul olacağıq.

– Fernando Alonso növbəti mövsümdə də Avropa Qran-prisinin rəsmi elçisi olacaqmı?

– Tanınmış pilot Fernando Alonso çox güman ki, bu il Qran-prinin rəsmi elçisi olmayacaq. Lakin bu məsələ ilə əlaqədar digər məşhurlarla danışıqlar aparılır. Yaxın günlərdə həmin şəxsin adı açıqlanacaq.

– Bakı Marşal Klubunun fəaliyyəti barədə nə deyə bilərsiniz?

– Bakı Marşal Klubu fəaliyyətini yüksək səviyyədə davam etdirir. Yerli marşallarımız Bəhreyndə təşkil olunan yarışlara qatılıblar. Klub olaraq, sektor marşalların fəaliyyətini yüksək qiymətləndirirəm. Lakin onlar üçün də treninq və təlimlər təşkil olunacaq. Düşünürəm ki, marşallarımız daha yaxşı təcrübə qazanaraq, ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil edəcəklər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında