Prezident İlham Əliyevin 2016-cı il 16 noyabr tarixli fərmanı ilə “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin vətəndaşların güzəştlə əldə etməsi Qaydası” təsdiqlənib. Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev təsdiq olunmuş yeni qaydalarla bağlı və vətəndaşların güzəştli şərtlərlə mənzilə sahib olmasını təmin etmək məqsədilə görülən işlər barədə AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.
– Samir müəllim, dövlət başçısının imzaladığı bu fərmanın vətəndaşlar üçün sosial əhəmiyyətini necə qiymətləndirirsiniz?
– Prezident İlham Əliyevin 2016-cı il 16 noyabr tarixli fərmanı və “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin vətəndaşların güzəştlə əldə etməsi Qaydası” ölkə vətəndaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində son illər ərzində həyata keçirilən sosial siyasətin məntiqi davamıdır və olduqca mühüm əhəmiyyət kəsb edir.
Müstəqillik dövründə ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu və genişmiqyaslı islahatlar ölkəmizdə iqtisadi və sosial mühitin yaxşılaşdırılmasına xidmət edir. Həyata keçirilən uzaqgörən dövlət siyasəti sayəsində ölkəmizin dayanıqlı inkişafı təmin olunmaqla yanaşı, bir çox sosial problemlər öz həllini tapıb, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və rifahının daha da yüksəldilməsi istiqamətində mütərəqqi addımlar atılıb.
Dövlət başçısının qarşıya qoyduğu məqsədlərdən biri də vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Ölkə əhalisinin sayının artması vətəndaşlarımızın mənzilə tələbatının təmin olunması məsələsini daha da aktuallaşdırır. Xüsusilə də aztəminatlı vətəndaşların, gənc ailələrin mənzil probleminin həlli Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə kimi müəyyən edilib.
İmzalanmış fərman ölkədə aztəminatlı ailələrin güzəştli şərtlərlə mənzillərlə təmin edilməsi məsələsinə cənab Prezident tərəfindən ayrılan xüsusi diqqətin, habelə Azərbaycan Respublikası vətəndaşının maraqlarının təmin olunması məqsədilə sosial sahədə həyata keçirilən dövlət siyasətinin reallaşdırılması çərçivəsində aparılan islahatların davamlılığı ilə bağlı qətiyyətin göstəricisidir.
Fərmanla təsdiq olunmuş qayda vətəndaşların güzəştli şərtlərlə mənzilə sahib olmasını təmin etməklə yanaşı, bu sistemin tam şəffaf şəkildə fəaliyyət göstərməsinə şərait yaradacaq.
Prezidentin tapşırıqları əsasında “Elektron hökumət” portalında yaradılacaq “Güzəştli mənzil” sistemi mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların vaxt itirmədən elektron qaydada qeydiyyatının aparılmasına və bu prosesdə insan faktorunun minimuma endirilməsinə imkan verəcək.
– Yeni qaydanın əsas mahiyyəti nədən ibarətdir? “Güzəştli mənzil” sistemi nə zaman istifadəyə veriləcək?
– Prezident İlham Əliyevin müvafiq fərmanı ilə mənzilləri güzəştlə əldə etmək hüququ olan şəxslər, habelə “Güzəştli mənzil” elektron sistemi vasitəsilə mənzillərin əldə olunması şərtləri və mexanizmi müəyyənləşdirilib. Qaydaya əsasən, “Elektron hökumət” portalında “Güzəştli Mənzil” sistemi yaradılacaq və vətəndaşlara Mənzil İnşaatı Dövlət Agentliyinə ayrılmış torpaq sahələrində inşa olunacaq yaşayış binalarında mənzilləri güzəştli şərtlərlə əldə etmək imkanı təqdim olunacaq. Sistem 2017-ci il mayın 1-dən etibarən istifadəyə veriləcək.
“Güzəştli mənzil” sistemi agentliyin tabeliyində fəaliyyət göstərən “MİDA” MMC-nin sərəncamında olan mənzilləri əldə etmək istəyən Azərbaycan Respublikası vətəndaşının elektron müraciətinin real vaxt rejimində vahid və ictimaiyyət üçün açıq olan qeydiyyatının aparılmasını təmin edəcək.
– İlk dəfə Azərbaycanda tətbiq olunacaq “Güzəştli mənzil” sisteminin əsas üstünlükləri nədən ibarətdir? Mənzilləri kim əldə edə biləcək və proses necə həyata keçiriləcək?
– Güzəştli şərtlərin əsas mahiyyəti ondan ibarətdir ki, satılacaq mənzillərin qiyməti həmin ərazidəki orta bazar qiymətindən aşağı olacaq. Eyni zamanda, vətəndaşlar mənzilin dəyərini “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin güzəştli ipoteka krediti vasitəsilə də 3 ildən 30 ilədək müddət ərzində aylıq ödəmək imkanı əldə edəcəklər. Qeyd edim ki, mənzillər tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə təhvil veriləcək.
Qaydaya əsasən mənzilləri güzəştlə əldə etmək hüququ Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 3.2-ci bəndində nəzərdə tutulmuş şəxslərə məxsusdur.
Həmin bəndə uyğun olaraq aşağıdakı şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdirlər.
Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:
-şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);
-Milli Qəhrəman (özü, əri/arvadı, övladları);
-məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
-ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
-ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;
-fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
-idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer);
Bununla yanaşı, ailə vəziyyətindən asılı olmayaraq, aşağıdakı şəxslər də güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdirlər:
-elmlər doktoru elmi dərəcəsi olan şəxs;
-ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs;
-ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);
-ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs.
Bu kateqoriyalara aid olunan şəxslər sosial ipotekadan yararlanmaq hüququna malik idilər. Artıq bununla yanaşı, təsdiq olunmuş yeni qaydaya əsasən, həmin şəxslər sosial mənzillərin orta bazar qiymətindən aşağı qiymətə əldə edilməsi hüququna da sahib olurlar.
Qeyd olunan şəxslər “Güzəştli mənzil” sistemi vasitəsilə müraciət edib qeydiyyatdan keçdikdən sonra mənzil seçimini həyata keçirə biləcəklər. “Güzəştli mənzil” elektron sistemi ikipilləli olacaq. İlk növbədə müraciət edən vətəndaşın təqdim edəcəyi məlumatlar əsasında təsdiq olunmuş kateqoriyaya aid olub-olmadığı yoxlanılacaq. Müraciətə 5 iş günü ərzində baxılacaq və qeydiyyat haqqında qərar qəbul olunacaq.
Növbəti mərhələdə, satışa çıxarılan mənzillər haqqında elan dərc olunduqdan sonra sosial mənzil almaq hüququ olan və qeydiyyatdan keçmiş şəxs elektron sistem vasitəsilə mənzili ünvan əsasında otaq sayı və mərtəbə göstərilməklə seçərək əldə edə biləcək. Onu da vurğulayım ki, qaydaya əsasən yalnız layihə üzrə tikinti işlərini 30 və daha çox faizi yerinə yetirilmiş binaların mənzillərinin satışa çıxarılması barədə elan verilə bilər. Elan satışın başlanmasına ən azı 30 gün qalmış veriləcək.
– Agentliyin ilk layihəsinin icrası ilə bağlı işlər hansı mərhələdədir?
– Artıq ictimaiyyətə məlumat verdiyimiz kimi, agentliyin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksi Bakı şəhərinin Yasamal rayonunda, xarici dairəvi avtomobil yolunun kənarında ayrılmış və sahəsi 11,6 hektar təşkil edən ərazidə həyata keçirilir. Yasamal Yaşayış Kompleksinin ərazisinin seçilməsi zamanı insanların rahat yaşayışı üçün zəruri olan bütün amillər nəzərə alınıb. Ərazi şəhərin ekoloji cəhətdən təmiz və əlverişli hissəsində yerləşir.
Ötən müddət ərzində Yasamal Yaşayış Kompleksinin yerləşəcəyi ərazi üçün şəhərsalma əsaslandırılması sənədi hazırlanaraq təsdiq olunub, habelə tikintinin layihə-smeta sənədləri tərtib edilib. Hazırkı mərhələdə tikinti layihəsi müvafiq ekspertiza rəyinin alınması məqsədilə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Baş Ekspertiza İdarəsinə təqdim edilib. Eyni zamanda, əraziyə yeni avtomobil yolunun çəkilməsi və mövcud mühəndis-kommunikasiya xətlərinin köçürülməsi işləri həyata keçirilir.
– Vətəndaşları maraqlandıran əsas məsələlərdən biri də mənzillərin keyfiyyəti ilə bağlıdır. Tikiləcək binaların keyfiyyətinə nəzarət və tikinti şirkətləri ilə əməkdaşlıq necə təşkil ediləcək?
– Qeyd etməliyəm ki, ölkə rəhbərliyi tərəfindən qarşımıza qoyulan əsas məqsədlərdən biri də həm binaların, həm də təmirin keyfiyyətinin yüksək səviyyədə olması ilə bağlıdır. Tam əminliklə qeyd etmək istəyirəm ki, həm görülən işin, həm də istifadə olunan tikinti materiallarının keyfiyyətinə ciddi nəzarət ediləcək. Agentlikdə və onun tabeliyində fəaliyyət göstərən “MİDA” MMC-də çalışan şəhərsalma üzrə mütəxəssislər, memarlar və tikintiyə nəzarəti həyata keçirən müvafiq bölmələrin əməkdaşları bu layihənin yüksək səviyyədə həyata keçirilməsini təmin edəcəklər. Ciddi nəzarət, eyni zamanda, tikintini həyata keçirən sahibkarlara işlərini tələb olunan keyfiyyət standartlarına uyğun təşkilinə xidmət edəcək.
Xüsusi vurğulanmasını zəruri hesab etdiyim daha bir amil yerli tikinti materiallarından istifadə məsələsidir. Son illər ərzində Azərbaycanda tikinti sənayesi sürətlə inkişaf edib. Həm dövlət, həm də yerli və xarici özəl investisiyalar hesabına ölkədə həyata keçirilən tikinti işləri bunun bariz nümunəsidir. Agentliyin sözügedən və növbəti tikinti layihələrinin reallaşdırılmasını da əhatə edəcək fəaliyyəti vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, həmçinin, inşaat sektorunun inkişafına da müsbət təsir göstərəcək. Sosial mənzillərin tikintisi yeni iş yerlərinin yaradılmasına, habelə inşaat sektorunun və tikinti materialları sənayesinin investisiya baxımından daha da cəlbedici olmasına töhfə verəcək.
– Bəs güzəştli şərtlərlə mənzilə sahib olan vətəndaşlar üçün hər hansı məhdudiyyətlər nəzərdə tutulurmu?
– Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na əsasən mənzillər əldə olunduqda vətəndaşla müvafiq müqavilə imzalandığı gündən onun tam mülkiyyətinə veriləcək. Bununla belə, müvafiq müqavilədə mənzilin 3 il müddətində özgəninkiləşdirilməsinə, habelə icarəyə və kirayə verilməsinə məhdudiyyət nəzərdə tutulacaq. “MİDA” MMC-nin sərəncamında olan mənzillərin güzəştlə satılması dövlətin vahid sosial siyasətinin həyata keçirilməsi istiqamətində atılan addımlardan biridir və imtiyaz olaraq insanlara sosial dəstək göstərilməsi məqsədini daşıyır. Sirr deyil ki, güzəştli şərtlərlə orta bazar qiymətindən aşağı qiymətə əldə olunmuş mənzillər dərhal satışa çıxarılacağı təqdirdə əmlak bazarına mənfi təsir edər, həmçinin sui-istifadə hallarının baş verməsinə səbəb ola bilər. Qeyd olunan məhdudiyyət bunun qarşısını almaq məqsədi daşıyır. Güzəştli mənzil sahibləri əldə etdikləri əmlakı satmaq və ya icarəyə vermək hüququnu yalnız müəyyən olunmuş müddət bitdikdən sonra əldə edəcəklər.
– Samir müəllim, ətraflı müsahibəyə görə təşəkkür edirik.
– Mən də AZƏRTAC-a agentliyimizin fəaliyyətini daim diqqət mərkəzində saxladığına görə təşəkkürümü bildirirəm. Oxucularımızı isə əmin etmək istəyirəm ki, dövlətimizin başçısının tapşırıqlarını rəhbər tutaraq, sosial mənzillərin tikintisi layihəsini və “Güzəştli mənzil” sisteminin yaradılmasını ən yüksək səviyyədə təşkil etmək üçün öz səylərimizi əsirgəməyəcəyik.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.