Məqsəd yeniliklər gətirməklə ənənələri qorumaqdır

İdarəetmənin təkmilləsdirilməsi  istiqamətində ölkəmizdə  səmərəli islahatlar aparılır.  Mədəniyyət sahəsində də  belə islahatlar uğurla  reallaşdırılmaqdadır. Bir il bundan əvvəl  Mədəniyyət və Turizm Nazirliyinin stuktur vahidi  olan  Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzdə də  struktur islahatı  aparılmağa başlanılmışdır.  Mərkəzin direktoru Asif Usubəliyevlə söhbətimiz də  bu barədədir.

– Asif müəllim, bir il öncə  siz bu müəssisəyə  rəhbər  təyin olunmusunuz. Bu müddət ərzində görülən işləri necə dəyərləndirirsiniz?

– Mədəniyyət və turizm naziri  Əbülfəs Qarayevin təşəbbüsü ilə mərkəzdə reallaşdırılan  islahatların məqsədi onun fəaliyyətini təkmilləşdirməkdən və cəmiyyətdə  baş vermiş dinamik dəyişikliklərə uyğunlaşdırmaqdan  ibarətdir.

Hazırda mərkəzdə  beş  şöbə fəaliyyət göstərir.  Onlar elmi araşdırmalar, informasiya-analitik,  mədəniyyət müəssisələrinin təkmilləşdirilməsi, bədii təhsil və kreativ layihələrin hazırlanması  kimi istiqamətləri əhatə edirlər. 

Ötən bir il ərzində, ilk növbədə,  bir neçə yerli və xarici elmi və ali təhsil müəssisələri ilə əməkdaşlıq müqavilələri imzalamağa müvəffəq olduq.  Onlardan AMEA-nın Folklar İnstitutu,  Ədəbiyyat İnstitutu,  Azərbaycan  Turizm və Menecment Universiteti, Azərbaycan Milli Tarix Muzeyi, Bakı Dövlət Universiteti, Mədəniyyət Məsələləri üzrə Belarus Tədqiqat Mərkəzi,  İstanbul Mədəniyyət Dərnəyi,  Rusiya  Mədəniyyət və Təbii İrs üzrə  Tədqiqat İnsitutu və digər müəssisələrin adını çəkə bilərəm.

Struktur dəyişikliklərdən sonra  yaradılmış şöbələrdən  birini xüsusi olaraq  vurğulamaq  istərdim. Bu, innovasiyalar və yeni texnologiyaların tətbiqi şöbəsidir ki,  onun əsas fəaliyyəti  regionlarda çalışan gənc mədəniyyət işçiləri ilə əməkdaşlıq yaratmaqdan ibarətdir.  Aparılmış struktur dəyişiklikləri sahəyə yenilik gətirməklə uzun illər ərzində qazanılmış ənənələrin qorunmasına xidmət etmişdir.

Mədəniyyət sahəsində  mövcud  problemlərin həlli naminə ölkəmizin elmi potensialının cəlb olunması bizim əsas  fəaliyyət istiqamətlərimizdəndir.  Önəmli  fəaliyyət  istiqamətlərimizdən  biri  də müxtəlif  təyinatlı metodiki  vəsaitlərin hazırlanmasından ibarətdir.  Məlumat üçün bildirmək istərdim ki, ötən müddət ərzində mərkəzimizin əməkdaşları tərəfindən 30-a yaxın müxtəlif  metodiki  vəsait hazırlanmışdır. Vəsaitlər, demək olar ki, sistemdə  çalışan bütün növ mədəniyyət müəssisələrinin fəaliyyətini əhatə etmişdir.  Eyni zamanda, bizim əməkdaşlarımız daim yerlərdə metodiki  kömək göstərməkdədir. Fəxrlə deyə bilərəm ki, ötən il ərzində  təşkil etdiyimiz  təlim və tədbirlərimizin coğrafiyası  32 rayonu  əhatə edir. Tədbirlərimizin  böyük  əksəriyyəti  təlim xarakterlidir.

Fəaliyyətimizin digər önəmli istiqamətini respublikada çalışan uşaq və musiqi məktəbləri ilə apardığımız iş təşkil edir. Bu mənada biz mütəmadi olaraq  yerlərdə ustad dərslər təşkil edirik və həmin məktəblər üçün müxtəlif vəsaitlər hazırlayırıq.

Xüsusi diqqət ayırdığımız digər sahə  mədəniyyətin təbliği və mətbuatla işin təşkilindən ibarətdir. Bu mənada mütəmadi olaraq mətbuat işçiləri üçün təşkil etdiyimiz təlim və konfransları qeyd etmək olar. Əminəm ki, yalnız birgə və fəal çalışmalar nəticəsində təbliğat məsələlərində arzuolunan nəticələri əldə edə bilərik. Bu kontekstdə xüsusi olaraq bir fəaliyyət istiqamətimizi də qeyd etməliyəm. Belə ki, nazirliyin təşəbbüsü ilə mərkəzin nəzdində xarici internet resursları və sosial şəbəkələrdə Azərbaycan mədəniyyətinin mənimsənilmə, o cümlədən saxtalaşdırma faktlarının aşkar olunması ilə bağlı müvafiq işçi qrupları yaradılmışdır. Hesab edirəm ki, aparılan informasiya müharibəsi çərçivəsində qeyd olunan məsələlər xüsusi siyasi çəkiyə malikdir. 

– Regionlarla  işinizdə hansı yenilikləri  qeyd edərdiniz?

– Kollektivimizdə bütün nəsillərin nümayəndələri çalışırlar. Bu səbəbdən təcrübənin və müasirliyin, ənənənin və kreativliyin vəhdətini təmin etmək üçün kifayət  qədər işçi potensialımız var. Ən böyük uğurlarımızdan biri odur ki, mərkəzimizin regionlarda fəaliyyətini  təmin edə bilmişik. Qısa müddət ərzində təşkil etdiyimiz tədbirlər fəaliyyətimizin vizit kartına çevrilmişdir. Bu səbəbdən rayon mədəniyyət mərkəzlərinə metodiki köməyin göstərilməsi ilə bağlı çoxlu sayda müraciət olunmuşdur. Baxmayaraq ki, il ərzində əməkdaşlarımızın rayonlara ezam olunmasının sayı 250-yə çatmışdır, lakin bu, yenə də azlıq edir. Əməkdaşlar fiziki olaraq bütün müraciətləri cavablandırmağı çatdırmırlar. Vəziyyətdən çıxış yolu kimi, biz İKT-dən istifadə edirik. Misal üçün, metodiki vəsaitlərimizin elektron versiyalarını saytımızda yerləşdirir və apardığımız tədbirlərin canlı yayımını təşkil edirik.

Rayonların mədəni həyatını təhlil edərkən bir sıra  problemlər qabarıq şəkildə nəzərə çarpır. Bu problemlər bəzən mədəniyyət müəssisələrinin regionlarda qeyri-populyarlığından irəli gəlir. Hesab edirəm ki,  müəssisələrimizin rayonlarda populyarlığını artırmaq üçün, ilk növbədə, həmin müəssisələrə gənclərin axınını təşkil etməliyik. Bunun nəticəsində mədəniyyət müəssisələrinə cəlb olunma sosial dəbə çevrilə bilər. Nazirliyin təşəbbüsü ilə mərkəzin nəzdində gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu yaradılmışdır. Bu qrupa regionlarda çalışan yüzlərlə gənc mədəniyyət işçisi daxildir. Qrup fəaliyyəti sayəsində sistemdə təşəbbüskarlıq mühitinin yaradılmasına nail ola bildik. Eyni zamanda, qrup vasitəsilə sahəyə yenilik gətirməklə zəngin ənənələrimizi də qoruya bilirik.

– “Multikulturalizm ili”  çərçivəsində hansı tədbirləri  həyata keçirə bilmisiniz?

– Bu mövzu həmişə diqqət mərkəzində olmuşdur və düşünürəm ki, fəaliyyətimizin növbəti illərində də aparıci istiqamət olaraq  qalacaq. Bu, Azərbaycan Respublikasının Prezidenti tərəfindən aparılan və ölkəmizin beynəlxalq imicini yüksəldən böyük siyasətdir. Eyni zamanda, multikulturalizm tarixən Azərbaycanda formalaşan milli ənənədir. Odur ki, mədəniyyət müəssisələri həmin ənənələrin qorunub saxlanılmasına xidmət etməlidir.

“Multikulturalizm ili” çərçivəsində biz məqalələr müsabiqəsi, seminarlar, konfranslar, debatlar, flaşmob və konsertlər təşkil etmişik. Bir tədbirimizin adını xüsusilə çəkmək istərdim. Belə ki, 24 iyunda Xaçmazda respublikamızda ilk dəfə olaraq I Beynəlxalq Multikulturalizm Festivalını təşkil etdik. Cəmi bir gün ərzində festival çərçivəsində xalqımızın multikultural sərvətlərini nümayiş etdirən yeddi müxtəlif tədbir təşkil  edə bildik.  Qeyd edim ki, mədəniyyət və turizm nazirinin və digər hökumət nümayəndələrinin iştirakı ilə keçirilən festivalda 1000-ə yaxın yerli və əcnəbi qonaq iştirak etmişdir. Nazirliyin qərarı ilə həmin festival ənənəvi elan olunmuşdur və növbəti ünvan Quba  şəhəridir.

Söhbəti  qələmə  aldı:
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında