Respublikamızın dəyərli ziyalılarından olan Timuçin Əfəndiyev uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə rəhbərlik etmiş, 2014-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Xoreoqrafiya Akademiyasına (BXA) rektor təyin olunmuşdur. Professor Timuçin Əfəndiyev Azərbaycan təhsilinin, elminin və mədəniyyətinin inkişafında xidmətlərinə görə müxtəlif vaxtlarda “Əməkdar incəsənət xadimi”, “Əməkdar elm xadimi” fəxri adlarına, “Şöhrət” ordeninə və Prezidentin Fəxri diplomuna layiq görülmüşdür. Akademiyanın rektoru, professor Timuçin Əfəndiyevlə müsahibəni oxuculara təqdim edirik.
–Timuçin müəllim, Bakı Xoreoqrafiya Akademiyası bir ildən artıqdır ki, fəaliyyət göstərir. Bu dövr ərzində görülən işlər, həyata keçirilən tədbirlər barədə nələri demək istərdiniz?
– Bildiyiniz kimi, Bakı Xoreoqrafiya Akademiyası Azərbaycan Prezidenti İlham Əliyevin 30 aprel 2014-cü il tarixli sərəncamı ilə Bakı Xoreoqrafiya Məktəbinin bazasında yaradılmışdır. Ölkə başçısının 26 dekabr 2014-cü il tarixli fərmanı ilə BXN-nın nizamnaməsi təsdiq olunmuşdur. Qeyd etmək lazımdır ki, Şərq aləmində xoreoqrafiya təhsilinin əsası da ilk dəfə Azərbaycanda qoyulmuşdur. 90 il davamlı fəaliyyətdən sonra 2014-cü ildə respublika Prezidentinin müvafiq sərəncamı ilə Bakı Xoreoqrafiya Akademiyası (təhsil kompleksi) yaradılmışdır.
Prezidentin təsdiq etdiyi nizamnamədə yeni yaradılmış ali məktəbin qarşısında qoyulan vəzifələrdən biri də elmi potensialının gücləndirilməsi, xoreoqrafiya sənətinə dair sanballı tədqiqat əsərlərinin yazılmasıdır. Bununla əlaqədar akademiya son bir il ərzində elmi potensialını möhkəmləndirmək məqsədilə onlarca fəlsəfə və elmlər doktoru, dosent və professor, həmçinin xoreoqrafiya sənətinin daha da yüksək səviyyədə tədris olunması üçün respublikanın məşhur səhnə xadimləri, xalq və əməkdar artistləri, əməkdar incəsənət xadimləri və s. təhsil müəssisəsinə cəlb olunmuşlar.
Akademiyanın qısa fəaliyyəti ərzində klassik rəqs üzrə müəllimləri Lyudmila Qutlyanskaya və Mayra Almaszadə Əməkdar mədəniyyət işçisi adına layiq görülmüşlər.
BXA-da baletmeyster sənəti, klassik rəqs, milli rəqslər, musiqi fənləri, Azərbaycan dili və ədəbiyyatı, ictimai fənlər və xarici dillər kafedraları yaradılmış, burada Elmi Şura fəaliyyət göstərir.
Qısa vaxt ərzində BXA-da “Sənət Akademiyası” adlı elmi-nəzəri jurnal nəşr olunur. Jurnalda təhsilin bütün pillələri üzrə aktual pedaqoji və psixoloji məsələlərə, eləcə də xoreoqrafiya və musiqi sənəti, sənətşünaslıq, teatrşünaslıq və kulturologiya sahələrini əhatə edən mövzulara həsr olunmuş elmi məqalələr, tədrisin aktual məsələlərinə və təhsilin metodikasına dair qabaqcıl müəllimlərin iş təcrübəsini əks etdirən materiallar dərc edilir. Hazırda jurnalın 3-cü nömrəsi çapa hazırlanır.
Akademiyada xoreoqrafiya sənəti üzrə müxtəlif ixtisas və ixtisaslaşmalar üzrə tədris başlanmış, o cümlədən balet artisti, baletmeyster sənəti, balet pedaqogikası, instrumental ifaçılıq, prodüser və teatr sənəti ilə bağlı bir sıra ixtisaslar açılmışdır.
Təhsilin Bolonya sisteminə keçməsi ilə əlaqədar olaraq akademiyanın maliyyələşdiriliməsi adambaşı maliyyələşdirmə prinsipi ilə həyata keçirilir. Buna görə də tələbə kontingentinin artıq olması üçün ixtisasların çeşidinin artırılması vacibdir.
Təbii ki, xoreoqrafiyaya yaxın olan ixtisasları nəzərdə tuturam. Bu üsuldan istər Moskva, Sankt-Peterburq xoreoqrafiya akademiyaları, istərsə də bir sıra digər xarici akademiyalar istifadə edirlər.
Bununla yanaşı bu dövr ərzində akademiyada respublika əhəmiyyətli bir neçə elmi konfrans, o cümlədən “Böyük Vətən müharibəsi və Azərbaycan incəsənət xadimləri”, “Xoreoqrafiya sənətinin aktual problemləri” və “Heydər Əliyev və Azərbaycan incəsənəti” mövzularında elmi-nəzəri və elmi-praktik konfranslar keçirilmiş, konfrans materialları nəşr olunmuşdur. Akademiyada çalışan professor-müəllim heyəti tərəfindən müvafiq dərsliklər hazırlanmış, tədris proqramları yenidən işlənmiş, xoreoqrafiya sənətinin ayrı-ayrı sahələri üzrə metodiki vəsaitlər, təlimatlar və digər materiallar tərtib olunaraq çap edilmişdir.
Hazırda akademiyanın doktorantura və dissertanturasına qəbul prosesi başlamaq üzrədir. Çalışacağıq ki, burada mədəniyyət və incəsənət sahəsində olan böyük boşluqları əhatə edən elmi mövzular işlənilsin. Açığı deməliyəm ki, təkcə opera və balet tarixi sahəsində gözəçarpacaq sanballı elmi-tədqiqat işləri yoxdur.
Son aylar ərzində BXA respublikanın ictimai və mədəni həyatında fəal iştirak edərək, profilinə uyğun tədbirlər, anım mərasimləri, yubiley və yaradıcılıq gecələri, sərgilər, konsertlər və digər mədəni-kütləvi tədbirlər keçirmişdir. Böyük ustad sənətkarlar Qəmər Almaszadə və Əlibaba Abdullayevin 100 illik yubileyləri yüksək səviyyədə qeyd olunmuşdur.
Tələbələrimiz müntəzəm olaraq xaricdə keçirilən müxtəlif rəqs və balet müsabiqələrində iştirak edir, Azərbaycan bayrağını böyük konsert salonlarında dalğalandırırlar.
–Bakı Xoreoqrafiya Akademiyası unikal təhsil ocağıdır. Burada elm, təhsil və sənət vəhdət təşkil edir. Bu cür nəhəng elm, təhsil və yaradıcılıq prosesini idarə etmək, sübhəsiz, çox maraqlıdır...
–Əlbəttə, incəsənətin hər bir sahəsi böyük maraq kəsb edir. Lakin sənət sahələrinin tədrisi daha maraqlıdır. Çünki sənət adamları pedaqoji fəaliyyətlə məşğul olan zaman həm yaradıcılıq axtarışları apara, həm də öz təcrübələrini tələbələrinə öyrədə bilirlər. Bakı Xoreoqrafiya Akademiyası özündə bədii yaradıcılığı və elmi düşüncələri cəmləşdirən bir təhsil və sənət ocağıdır. Sənətlər arasında nəcib incəsənət növü kimi tanınan xoreoqrafiya və onunla bağlı bütün fəaliyyətlərlə məşğul olmaq nəinki maraqlı, eyni dərəcədə məsuliyyətlidir. Çünki 90 illik tarixi olan Azərbaycan xoreoqrafiya məktəbinin zəngin ənənələri, yüksək professionallığı və miqyaslı fəaliyyəti artıq çoxdan beynəlxalq aləmə bəllidir.
–Yeri gəlmişkən, akademiyanın beynəlxalq əlaqələri nə vəziyyətdədir?
–Biz fəaliyyətə başladığımız ilk gündən çalışmışıq ki, akademiyamızın beynəlxalq əlaqələrini genişləndirək. Akademiyanın buna çox böyük ehtiyacı var. Bu gün təkcə keçmiş ənənələrlə sənəti inkişaf etdirmək mümkün deyil. Bugünkü dünyamızda hər bir sahədə olduğu kimi, sənət sahəsində də təkamül, yeniləşmə gedir və müasir tamaşaçının tələbi 30 il bundan öncəkindən tam fərqlidir. Odur ki, biz milli ənənələri qorumaqla yanaşı, beynəlxalq əlaqələri genişləndirir, dünyanın ən məşhur xoreoqrafiya məktəbləri ilə işbirliyi qurmaq üçün müqavilələr imzalayır və dünya şöhrətli balet ustaları BXA-ya ustad dərsləri keçmək üçün dəvət olunurlar. Misal üçün Almaniyanın Höte İnstitutunun müasir rəqs üzrə xoreoqrafı Sussane Graunun, dünya şöhrətli amerikalı xoreoqraf Mark Morrisin, məşhur xoreoqraf, Rusiya Federasiyasının Xalq artisti, xalq-səhnə rəqsi üzrə peşəkar müəllim Dikalu Muzakayevin, tanınmış rusiyalı quruluşçu baletmeyster, Sankt-Peterburq Dövlət Teatr Sənəti Akademiyasının müəllimi və Belarus Respublikası Akademik Böyük Opera və Balet Teatrının quruluşçu baletmeysteri Aleksandra Tixomirovanın, Litva Milli İncəsənət Məktəbinin klassik rəqs üzrə müəllim-xoreoqrafı Petras Skirmantasın və Niderlandın Haaqa Kral Konservatoriyasında Rəqs Departamentinin direktor müavini vəzifəsində çalışmış, xalq səhnə rəqsləri üzrə peşəkar müəllim-xoreoqraf Tom Bosmanın ustad dərslərini göstərmək olar.
Bununla yanaşı, Moskva Dövlət Xoreoqrafiya Akademiyası, Sankt-Peterburqdakı Rus Baleti Akademiyası, Moskva Dövlət Mədəniyyət İnstitutu, Litvanın Çurlyonis adına İncəsənət Məktəbi, Qazaxıstanın Qazax Milli İncəsənət Akademiyası, Belarus Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə əməkdaşlıq müqavilələri imzalanmışdır. Bu gün BAX Avropa İncəsənət İnstitutları Liqasının tam hüquqlu üzvüdür.
Bu yaxınlarda akademiyanın bədii rəhbəri, Xalq artisti Kamilla Hüseynova ilə birgə Belarus Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektorunun dəvəti ilə Minsk şəhərindən rəsmi səfərdən qayıtmışıq. Səfər çərçivəsində ali təhsil müəssisələrimiz arasında əlaqələrin genişlənməsi barədə protokol imzalanmış, Bakı Xoreoqrafiya Akademiyasında təhsil məsələsi və ümumilikdə Azərbaycan mədəniyyəti ilə bağlı məruzə etmiş, ustad dərsləri aparmışıq. Eyni zamanda, akademiyanın müəllimləri, Əməkdar artistlər Rimma İskəndərova və Eteri Cəfərova Çurlyonis adına İncəsənət Məktəbinin yubiley tədbirlərində, Əməkdar mədəniyyət işçisi Lyudmila Qutlyanskaya Həşrətxan vilayətində, Akif Kərimli Gürcüstanda keçirilən festivallarda, tələbələr isə müsabiqələrdə iştirak etmişlər.
Bundan əlavə, akademiyada əcnəbi tələbələr də təhsil alırlar. Akademiyamızın unikallığını və təcrübəsini nəzərə alaraq, burada ilbəil əcnəbi tələbələrin sayının daha çox olacağına əminik.
Gələcəkdə biz öz müəllimlərimizi də dünyanın aparıcı xoreoqrafiya, rəqs və balet akademiyalarına ixtisasartırma kurslarına göndərməyi planlaşdırırıq. Bu, təhsilin yüksək keyfiyyətinə və səmərəliyinə kömək edəcəkdir.
Beynəlxalq münasibətlərin qurulması və inkişaf etdirilməsi, eləcə də beynəlxalq təcrübənin öyrənilməsinin bariz nümunəsi kimi bu yaxınlarda təntənəli şəkildə keçirdiyimiz Qəmər Almaszadə adına klassik və milli rəqs üzrə I Beynəlxalq Müsabiqəni misal göstərə bilərəm. Müsabiqə, nəinki Şərq aləmində, həm də MDB məkanında klassik və milli rəqs istiqamətlərini əhatə edən ilk beynəlxalq tədbir idi.
Paytaxt və regionlarla yanaşı, müsabiqədə ABŞ, Rusiya, Litva, Ukrayna, Qazaxıstan kimi ölkələrin nümayəndələri də iştirak etmişlər. Kiçik və böyük yaş kateqoriyalarında 200-dən artıq, milli və klassik rəqs istiqamətləri üzrə iştirak etmək üçün müsabiqəyə qatılmışdır. Üç gün davam edən müsabiqə iki turdan ibarət idi. Müsabiqə qalibləri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baş tutmuş qala konsertdə mükafatlandırılmışlar. Müsabiqənin əsas mükafatına--Qran Priyə Cəmilə Kərimova layiq görülmüşdür. Müsabiqənin münsiflər heyətinə Azərbaycanın görkəmli incəsənət xadimləri ilə yanaşı, Rusiya və Litvadan peşəkar xoreoqraflar daxil edilmişdir.
Bu beynəlxalq tədbir sübut etdi ki, o, tam olaraq beynəlxalq tələblərə cavab verir və bu sahədə gələcək perspektivlərin müəyyənləşməsinə xidmət edir. Mədəniyyət və Turizm Nazirliyinin qərarı ilə Qəmər Almaszadə adına müsabiqə Bakı şəhərində iki ildən bir keçiriləcəkdir.
–Hazırda akademiya qarşısında duran başlıca vəzifələr hansılardır?
–İlk növbədə, xoreoqrafiya sənətinin beynəlxalq səviyyəyə qaldırılması, bunun üçün həm təhsil, həm də sənət baxımından təxirəsalınmaz tədbirlərin görülməsidir. Bu istiqamətdə biz öz tərəfimizdən imkanlarımız daxilində bir sıra tədbirlər görürük. Qeyd edim ki, təkcə bu il akademiyada məşhur əcnəbi xoreoqrafların ustad dərsləri keçməsi, tədris və metodiki vəsaitlərin günümüzün tələblərinə uyğun hazırlanması, struktur islahatlarının aparılması və nəhayət, professional elmi və pedaqoji kadrların cəlb olunması tədris prosesinə müsbət təsir göstərib. Artıq kafe-dralara tapşırıq verilmişdir ki, milli xoreoqrafiya sənəti tarixi və xoreoqrafiya sənətinə dair dərsliklərin və metodik vasitələrin hazırlanması təmin olunsun.
Planlaşdırmışıq ki, müəllimlərimizi və imkan olduqca tələbələrimizi müasir rəqs cərəyanlarını öyrənmək üçün xaricdə olan xoreoqrafiya akademiyalarına uzunmüddətli ezamiyyətə göndərək.
–Yəqin ki, problemləriniz də yox deyil?
–Əvvəla, onu qeyd edim ki, maddi-texniki bazamız müasir tələblərə cavab vermir. Əlbəttə, akademiya fəaliyyətə başlayandan sonra keyfiyyətli təhsil və zəruri yaradıcılıq prosesinin təmin edilməsi məqsədi ilə maddi-texniki baza cüzi də olsa gücləndirilmiş, iki korpusun auditoriyaları təmir edilmiş və müəyyən standartlara uyğunlaşdırılmışdır.
Qeyd etməliyəm ki, ulu öndərimiz Heydər Əliyevin tapşırığı ilə tikilən və gözəl memarlıq abidəsi olan akademiyanın hazırki binası və onun ayrılmaz tərkib hissəsi olan tədris teatrı ötən əsrin 80-ci illərinin əvvəllərində istifadəyə verilmiş, ancaq bir dəfə də təmir olunmamışdır. Əvəzinə akademiyanın tədris teatrı üçün inşa edilmiş müasir tələblərə cavab verən gözəl binasını sökərək yerində çoxmərtəbəli yaşayış binası tikmişlər.
Akademiyanın ərazisi imkan verir ki, tələbələrin səhnə təcrübəsi üçün əlahiddə rol oynayan tədris teatrının inşası, özündə çoxpilləli təhsili ehtiva edən təhsil kompleksi üçün əlavə tədris korpusu, xaricdən və regionlardan olan tələbələr üçün müasir tələblərə cavab verən yataqxana tikilərək istifadəyə verilsin.
Bir daha qeyd etmək istərdim ki, Bakı Xoreoqrafiya Akademiyasının mütləq tədris teatrı olmalıdır, çünki müəllimlərin də, tələbələrin də ən əsas yaradıcılıq laboratoriyası tədris teatrıdır. İstər diplom, istərsə də kurs tamaşaları, imtahanlar tədris teatrında keçirilməlidir.
Bir məsələnin də qeyd olunmasını vacib bilirəm. Məlumdur ki, ali təhsil sistemində maliyyələşmə adambaşı prinsipi ilə həyata keçirilir. Yaxşı haldır ki, rəssamlıq, heykəltəraşlıq, bəstəkarlıq, instrumental ifaçılıq və s. qabiliyyət tələb edən ixtisaslar üzrə adambaşı maliyyələşmə 5000-8000 manat arası dəyişir. Lakin qəribədir ki, qeyd olunan ixtisaslardan daha çox xərc tələb edən xoreoqrafiya ixtisası üzrə təhsil alanların adambaşı maliyyələşməsi 1300 manat təşkil edir. Halbuki, xoreoqrafiya sənəti üzrə təhsil alan hər kəsə puanta, rəqs ayaqqabıları, kostyumlar və bu kimi digər geyim və aksesuarlar tələb olunur. Görünür ki, bu məsələyə baxılarkən xoreoqrafiya sənətinin spesifik xüsusiyyətləri nəzərə alınmayıb. Biz bu barədə artıq müəyyən təşkilatlara müraciət etmişik. Ümidvaram ki, bu məsələ də yaxınlarda öz müsbət həllini tapacaq.
Xüsusilə qeyd etmək istəyirəm ki, Prezident İlham Əliyevin belə bir təhsil kompleksini yaratması Azərbaycan təhsil və mədəniyyəti tarixində çox böyük hadisədir və gələcəkdə bunun gözəl nəticələri olacaqdır. Lakin bu nəticələri əldə etmək üçün müasir tələblərə cavab verən tədris teatrının, yataqxananın və yeni tədris korpusunun tezliklə tikilməsi vacibdir. İnanıram ki, yaxın zamanlarda bu problemlər öz həllini tapacaqdır.
Müsahibəni qələmə aldı:
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.