Dmitri Savelyev: İqtisadi əlaqələrimiz getdikcə möhkəmlənir

Xəbər verildiyi kimi, bu günlərdə Bakıda iki ölkənin münasibətlərində növbəti mərhələ olan VII Azərbaycan–Rusiya Regionlararası  Forumu öz işini başa çatdırıb. Rusiya–Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Dmitri Savelyev AZƏRTAC-a müsahibəsində iqtisadi sahədə tərəfdaşlığa aid bir sıra sualları cavablandırıb.

– Dmitri İvanoviç, siz iki dövlətin strateji əlaqələrinin nizamlanmasında regionlararası forumun əhəmiyyətini necə qiymətləndirərdiniz?

– Həm dövlətlərarası, həm də horizontal səviyyədə - iki dövlətin regionları və ayrı-ayrı müəssisələri arasında əlaqələrin nizamlanması təkcə zəruridir. Bu cür əlaqə telləri nə qədər çox olsa, ölkələrimiz arasında münasibətlər bir o qədər möhkəm olacaq. Bu günə qədər Azərbaycan Rusiyanın 19 regionu ilə ticari-iqtisadi münasibətlər sahəsində 36 saziş imzalayıb, bütövlükdə isə Rusiya Federasiyasının 78 subyekti bizim cənub qonşumuzla əlaqə saxlayır.

Bu yüksəlişdə Regionlararası Forum inteqrasiya proseslərinin genişlənməsinə və konstruktiv təşəbbüslərin formalaşmasına kömək edən, biznes-strukturlar arasında təcrübə mübadiləsi və əlaqələrin tənzimlənməsi üçün imkan yaradan məkan rolu oynayır. Foruma maraq ilbəil artır: Bakı Forumunda Azərbaycanın 300-ə yaxın nümayəndəsi və Rusiyanın 9 regionundan 250-dən çox iştirakçı toplaşmışdı. Qeyd etmək lazımdır ki, Rusiya Azərbaycanın bu cür birgə tədbirlər keçirdiyi yeganə ölkədir.

– Rusiya ilə Azərbaycan arasında iqtisadi münasibətlərin cari vəziyyətini necə səciyyələndirərdiniz?

– Qeyd etmək lazımdır ki, ölkələrimiz dünya iqtisadiyyatında neqativ hadisələrə qarşı uğurla müqavimət göstərir, neftin qiymətinin düşməsinin öhdəsindən gəlirlər. Rusiya və Azərbaycan bir-biri üçün çox qiymətli ticari tərəfdaşlardır. Azərbaycanın ixrac etdiyi kənd təsərrüfatı məhsullarının  90 faizi Rusiya bazarına gedir. Rusiya Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarından biridir: Azərbaycanın idxalında Rusiya  17,9 faiz pay ilə liderlik edir, respublikanın ümumi əmtəə dövriyyəsində bizim ölkəmiz 11,4 faiz təşkil edir.

Bizim iqtisadi əməkdaşlıq potensialımız çox böyükdür və hər iki tərəf bu potensialı reallaşdırmaq üçün kifayət qədər səy göstərir. Son illərdə neftin qiymətinin düşməsinə baxmayaraq, Azərbaycanda ÜDM üçqat artıb, Neft Fondunun ehtiyatları artır, rəqabət qabiliyyətinə görə isə respublika iqtisadiyyatı dünyada 37-ci yeri tutur. Bu gün bütün Cənubi Qafqaz iqtisadiyyatının 70 faizi Azərbaycanın payına düşür. Deməli, ölkədə biznes üçün, o cümlədən Rusiya biznesi üçün də çox böyük imkanlar var.

– Sizin fikrinizcə, iqtisadi əməkdaşlığın hansı istiqamətləri daha perspektivlidir?

– Son illərdə Azərbaycandan Rusiyaya aqrar məhsullar satışının həcmi əhəmiyyətli dərəcədə artıb, Rusiya maşınqayırma məhsullarının, o cümlədən kənd təsərrüfatı texnikasının Azərbaycana ixracında da artım müşahidə olunur. Ölkələrimiz arasında əmtəə axınlarını  daha fəal artırmaq üçün Rusiya ərazisində logistika  mərkəzləri tikilməsi tələb olunur. VII Regionlararası Forumda Tümen və Nijni Novqorod vilayətlərinin nümayəndə heyətləri bunun zəruri olduğunu bildirdilər. Lap yaxın vaxtlarda Kaspiyskdə iri ticarət-logistika mərkəzinin tikintisi layihəsi həyata keçiriləcək. Azərbaycanın “Caspian Invest Group” şirkəti  bu layihəyə 10 milyard rubl sərmayə qoyacaq. Aqrar sahədə tərəfdaşlığın prinsipcə yeni formaları yaranır: Dağıstanda fındıq yetişdirilməsi üzrə müştərək təsərrüfat yaradılması perspektivi müzakirə edilir. Üstəlik, Dağıstan azərbaycanlı sahibkarlara torpaq icarəyə verməyə hazırdır. Beləliklə, onların yetişdirdiyi kənd təsərrüfatı məhsullarının dövlətlərimiz arasında sərhəddən keçməsinə ehtiyac olmayacaq.

Ənənəvi əməkdaşlıq sahələrinə son vaxtlar turizm, nəqliyyat, əczaçılıq malları istehsalı və informasiya-kommunikasiya texnologiyaları da əlavə olunub.

Lap təzəlikcə Pirallahı Texnoloji Parkının ərazisində əczaçılıq müəssisəsinin təməli qoyulub. Bu, Rusiyanın “R-farm” şirkətinin, Azərbaycanın “VİTA-A” şirkətinin və “Azərbaycan İnvestisiya Şirkəti”nin birgə müəssisəsi olacaq. Yerli kimyəvi xammal əsasında işləyəcək və 2018-ci ilin sonunda istifadəyə veriləcək bu müəssisə Azərbaycan əhalisini ucuz dərman preparatları ilə təchiz edəcək, məhsulun bir hissəsi isə ixrac üçün göndəriləcək.

2015-ci ildə Azərbaycanın ÜDM-də turizmin payı 3 faizdən çox olub. Bu halda orta hesabla hər üç turistdən biri rusiyalı olub. Qarşılıqlı turist axınları üçün çox böyük imkanlar var.  Xəzərdə dəniz turizmini inkişaf etdirmək, Şimali Qafqaz respublikalarından Azərbaycana turist qatarları göndərmək olar. Dağıstan ərazisindən keçməklə, Həştərxandan Azərbaycan sərhədinə qədər çəkilən avtomobil yolu da tezliklə istifadəyə veriləcək. Bu ölkələrimiz arasında avtomobil turizminin inkişafına təkan verəcək.

– Bunlar yaxın gələcəyin işidir. Bəs artıq həyata keçirilmiş investisiya layihələrindən hansıları nümunə göstərə bilərdiniz?

– Belə layihələr çoxdur! Statistik məlumatlara görə, hazırda Azərbaycan ərazisində yüz faiz Rusiya kapitalına əsaslanan 200 müəssisə və 400-dən çox müştərək müəssisə fəaliyyət göstərir. Bu müəssisələrin Azərbaycan iqtisadiyyatının inkişafına qoyduğu investisiyaların məbləği 3 milyard dollara yaxındır. Məsələn, VTB Qrupu yeddi il ərzində “Bank VTB” (Azərbaycan) ASC törəmə bankının inkişafı üçün 300 milyon dollar ayırıb, nəqliyat və kommunikasiyalar sahəsində 400 milyon dollar dəyərində layihələri maliyyələşdirib. “KamAZ” Publik Səhmdar Cəmiyyəti 2015-ci ildə Gəncə Avtomobil zavodunun istehsal gücləri əsasında yük maşınları yığma xətti açıb, cari ilin mart ayında isə “Avtomobilnıy zavod “Ural” ASC də ona qoşulub.

Öz növbəsində Azərbaycan tərəfin Rusiya iqtisadiyyatına sərmayə qoyuluşu bir milyard dollara yaxındır. “Karat holdinq” şirkəti Yesentukidə “İstoçnik” sanatoriya-kurort mərkəzinin tikintisinə 25 milyon dollar sərmayə qoyub. “Karvan - L” şirkəti Kabardin-Balkar Respublikasında “Stalprom” şirkəti üçün zavod və Dağıstanda “Anji” idman kompleksi inşa edib. “Azərsun Holdinq” Krasnodar diyarında çay fabrikini, habelə meyvə və tərəvəz konservləri istehsal edən zavodu istifadəyə verib. Elə həmin diyarda “Mətanət-A” şirkəti quru inşaat qatışıqları istehsal edən müəssisə tikir. Bu siyahını çox davam etdirmək olar. 

– Sizin fikrinizcə, Rusiya Federasiyası subyektlərinin hansıları Azərbaycan ilə iqtisadi əlaqələri daha fəal inkişaf etdirir?

– Ölkələrimiz arasında ümumi əmtəə dövriyyəsində Azərbaycanın ən iri tərəfdaşlarının payı 75 faizdən çox təşkil edir. Belə tərəfdaşlar sırasına Moskva və Sankt-Peterburqu, Dağıstan və Tatarıstanı, Stavropol və Krasnodar diyarlarını, habelə VII Regionlararası Foruma ən böyük nümayəndə heyəti göndərmiş Həştərxan vilayətini aid etmək olar.  Məsələn, Stavropol diyarından Azərbaycana taxıl, mineral gübrələr, heyvan yemi və plastik kütlə fəal ixrac edilir, azərbaycanlı biznesmenlər isə Mineralnıye Vodıda müalicəxanalar inşa olunmasında iştirak edirlər. Təkcə 2015-ci il ərzində  bu region ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 200 milyon dollara yaxın olub.

Rusiyanın digər əraziləri də lider regionlara çatmaq üçün fəal çalışır. Tümen vilayətinin nümayəndə heyəti Bakı Forumunda polimerlərin birgə emalı barədə təkliflər irəli sürüb, Arxangelsk vilayəti isə Azərbaycana gəmiqayırma, ətlik-südlük heyvandarlıq və faydalı qazıntıların hasilatı sahəsində əməkdaşlıq təklif edib. Öz növbəsində, keyfiyyətli kənd təsərrüfatı məhsullarına ehtiyac duyan bu şimal regionu da öz sakinlərini Azərbaycanın sanatoriya-kurort müəssisələrinə göndərməyə hazırdır.

– Beləliklə, biz Bakı Forumunun gedişində əldə edilmiş konkret razılaşmalara yaxınlaşdıq...

– Elədir, bütövlükdə 10-dan çox sənəd imzalanıb, lakin məsələyə daha geniş miqyasda yanaşsaq, Rusiyanın hər bir regionu və Azərbaycanın hər bir rayonu onlarca bu cür müqavilə bağlaya bilərdi, ona görə də bu istiqamətdə birgə iş üçün çox böyük ehtiyatlar var.

Fəridə Abdullayeva,
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında