Azərbaycanda rəqəmli yayıma keçid zamanın diktəsidir

Müsahibimiz Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin texniki direktoru Mikayıl Abbasovdur

– Mikayıl müəllim,  noyabrın 1-dən Bakı və Sumqayıt şəhərlərində, eləcə də  Abşeron yarımadasında rəqəmli televiziya yayımına keçilib. Bu yenilik hansı zərurətdən irəli gəldi?

– Bəri başdan deyim ki, rəqəmli yayıma keçid zamanın diktəsidir. Məlum olduğu kimi, son illər ölkəmizdə dövlət qayğısı sayəsində informasiya-kommunikasiya texnologiyaları (İKT) sektoru böyük inkişaf yolu keçib. Respublikamızda İKT sahəsində  ən son texnoloji yeniliklər tətbiq edilib, internetə,  simli, simsiz, mobil texnologiyalarla çıxış imkanları yaradılıb. İKT sektorunun dinamik inkişafı bu sahədə ən son yeniliklərin ölkəmizdə də tətbiqinə imkan yaradır.

Dünyada və ölkəmizdə informasiya texnologiyalarının sürətli inkişafı televiziya yayım şəbəkəsinin də müasir standartlara uyğun qurulmasını zəruri edib.

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) bu sahə üzrə apardığı araşdırmaların nəticəsi olaraq, 2006-cı ilin may ayında İsveçrənin Cenevrə şəhərində keçirilmiş Regional Radiorabitə Konfransında rəqəmli televiziya yayımına keçidlə bağlı müvafiq qərarlar qəbul edilib və bu keçidin BTİ üzvü olan hər bir ölkədə həyata keçirilməsi tələb kimi irəli sürülmüşdü.

Dünyada gedən proseslərə uyğun olaraq, Azərbaycanda da bu yayım üsuluna keçid üzrə sınaq yayımına 2004-cü ildə başlanmışdı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, respublika ərazisində rəqəmli televiziya yayımı üçün DVB-T standartının tətbiqi məqsədəuyğun hesab edilmiş və “Azərbaycan  Respublikası ərazisində DVB-T rəqəmli televiziya yayımı sisteminin tətbiqi və inkişafı Proqramı” təsdiq edilmişdi.

Beləliklə, 2014-cü ilin sonundan başlayaraq, ölkədə analoq TV proqramlarının yayımının  mərhələlərlə dayandırılması həyata keçirlib. İlk olaraq rəqəmli yayım Naxçıvan Muxtar Respublikasında  tətbiq edilib.

Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın icrası  üzrə Tədbirlər Planına əsasən, Bakı, Sumqayıt şəhərlərində və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 1 noyabr 2016-cı il tarixdən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 1 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası tərəfindən müvafiq qərar qəbul edilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Televiziya və Radio Şurası ilə birgə həyata keçirdiyi kompleks işlər nəticəsində artıq Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasında analoq televiziya yayımı dayandırılmaqla, bu il noyabrın 1-dən etibarən tam olaraq rəqəmli televiziya yayımına keçilib.

Xatırladaq ki, respublikanın digər ərazilərində tam olaraq rəqəmli televiziya yayımına cari ilin 1 dekabr tarixindən keçiləcək və analoq yayım dayandırılacaq.

 --Rəqəmli televiziya yayımının üstünlükləri barədə nə deyə bilərsiniz?

--Öncə qeyd edim ki, rəqəmli TV – TV proqramların rəqəmli formatda hazırlanaraq yayımlanmasıdır. Rəqəmli TV yayımının ötürülmə üsulundan asılı olaraq  müxtəlif növləri mövcuddur. Bunlara yerüstü (DVB-T), peyk (DVB-S) və kabel (DVB-C) yayımı aiddir.  DVB-T rəqəmli TV yayımı vasitəsilə proqramların qəbulu üçün analoq TV qəbulunda istifadə olunan anten sistemindən istifadə olunur. Rəqəmli TV yayımının analoq TV-dən ən əsas üstünlüyü bir tezlik kanalında 10 və daha çox TV proqramının yüksək keyfiyyətlə yayım imkanlarının olmasıdır ki, bu da ölkənin istənilən ərazisində paytaxtda yayımlanan TV proqramların yüksək keyfiyyətlə qəbul olunmasına imkan yaradır. 

DVB-T standartlı rəqəmli televiziya yayımının digər üstünlüklərinə gəlincə qeyd edək, təsvir və səs siqnallarının ötürülmə və qəbul keyfiyyəti daha yüksəkdir. Belə ki, yayımda kənar maneələr hiss olunmur, informasiyaların saxlanılmasında itki baş vermir.  Proqramların sayının artırılması imkanı mövcuddur.  TV proqramları ilə yanaşı, əlavə xidmətlər üzrə məlumatların ötürülmə imkanı (hava haqqında, nəqliyyatın hərəkət cədvəli, reklamlar və s.) var.  Rəqəmli TV digər rabitə vasitələri tərəfindən yaradılan maneələrin minimuma endirilməsinə də şərait yaradır.

--Rəqəmli TV proqramların qəbul olunması üçün hansı şərtlərə əməl olunmalıdır?

--Rəqəmli televizor və ya rəqəmli TV qəbuledici qurğudan (dekoderdən) istifadə edilməlidir. İstənilən satış obyektindən DVB-T HD qəbuledici qurğunun alınması tövsiyə olunur. Qurğu HD qəbullu olmazsa, HD formatda yayımlanan TV kanallara baxmaq mümkün deyil. Qurğunu aldıqda, təqdim edilən qutuda video və audio giriş-çıxışlı kabelin olmasına diqqət etmək lazımdır.

Hazırda bir sıra satış məntəqələrində və poçt şöbələrində satılan “NPR-4000T” markalı rəqəmli çevirici qurğu analoq televizorlara qoşulmaqla açıq yayımlanan DVB-T standartlı rəqəmli televiziya proqramlarının qəbulu üçün nəzərdə tutulub. Sözügedən qurğunun sazlanması üçün aşağdakı təlimata əməl etmək məsləhət görülür:

- Çevirici qurğu vasitəsilə rəqəmli televiziya proqramlarını qəbul etmək üçün analoq televizora birləşdirilən adi efir antenası bu qurğunun arxa hissəsində yerləşən RF İN girişinə qoşulmalıdır;

- A/V (üçrəngli başlığı olan) kabelin bir tərəfi rənginə uyğun  olaraq  çevirici  qurğunun  arxa  hissəsində  yerləşən VİDEO (sarı),  R-AUDİO (qırmızı) və    L-AUDİO (ağ) girişlərinə birləşdirilməlidir;

- A/V kabelin digər tərəfi isə analoq televizorun arxasında (və ya yan hissələrində) yerləşən İN VİDEO (sarı), R-AUDİO(qırmızı) və L-AUDİO (ağ) girişlərinə birləşdirilməlidir;

- Analoq televizorların arxa hissəsində yalnız İN VİDEO (sarı) və   R-AUDİO (qırmızı) və ya İN VİDEO (sarı) və L-AUDİO(ağ) girişləri olduqda  yalnız bu qeyd olunan iki girişə A/V kabelin qoşulması təmin edilməlidir;

- Yuxarıda qeyd olunan kabellər birləşdirildikdən sonra qurğunun elektrik kabeli 220V-luq şəbəkəyə qoşulmalı və bu halda qurğunun ön hissəsində sol tərəfdə qırmızı işıq yanarsa, bu işığın yanında olan və ya pultdakı POWER düyməsi basılmalı, analoq televizor A/V rejiminə keçirilməlidir;

– Çeviricinin pultundakı “Menyu” düyməsini sıxmaqla, “Menyu”ya daxil olmaq lazımdır;

- Pultun idarəetmə düymə-lərindən (sağ, sol, yuxarı və aşağı) istifadə etməklə, “Menyu”da Axtarış səhifəsinə keçmək və Avtomatik və ya Əl ilə axtarışa daxil olmaq lazımdır;

- Əl ilə axtarış zamanı kanal tezliyi qurğunun yerləşdiyi yaşayış məntəqəsində rəqəmli televiziya kanalına uyğun  seçilərək (məsələn, Bakı şəhəri üçün 37 və     48-ci TV kanallar) axtarış üçün OK düyməsi aktiv edilməlidir.

– Oxuculara rəqəmli televiziya yayım kanalı və tezlikləri barədə məlumat verməyinizi xahiş edirik...

– Rəqəmli televiziyanın Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadası ərazisində yayımlanan rəqəmli televiziya yayım kanal və tezlikləri bunlardır:

Bakı, Sumqayıt şəhərləri və Abşeron ərazisində Bakı Teleqüllə Kompleksindən yayımlanan rəqəmli TV yayım kanal və tezlikləri

37-ci TVK - 602 MHs (AzTV, Mədəniyyət TV, İdman Az. TV-HD, İctimai TV, CBC sport TV-HD).

48-ci TVK - 690 MHs (AzTV, İdman Az. TV, Mədəniyyət TV, İctimai TV, ATV, Space TV, Lider TV, Xəzər TV, ARB TV, CBC sport-SD).

Fatmayı və Goradil qəsəbələri ərazisində Fatmayı radio-TV stansiyasından yayımlanan rəqəmli TV yayım kanal və tezlikləri

23-cü TVK - 490 MHs (AzTV, İdman Az. TV, Mədəniyyət TV, İctimai TV, ATV, Space TV, Lider TV, Xəzər TV, ARB TV, CBC sport-SD).

Hövsan, Qaraçuxur qəsəbələri ərazisində Günəşli radio-TV stansiyasından yayımlanan rəqəmli TV yayım kanal və tezlikləri

50-ci TVK - 706 MHs (AzTV, İdman Az. TV, Mədəniyyət TV, İctimai TV, ATV, Space TV, Lider TV, Xəzər TV, ARB TV, CBC sport-SD).

Məlumat üçün bildirim ki, rəqəmli TV yayımı ilə bağlı hər hansı əlavə sual yaranarsa hər gün 24 saat ərzində ölkənin istənilən yaşayış məntəqəsindən 1 fevral 2017-ci il tarixinədək ödənişsiz olmaqla, 1411 qaynar xəttinə zəng etmək və ya http://www.ntrc.gov.az ,  www.dvbt.az saytlarından ətraflı məlumat əldə etmək mümkündür.

Müsahibəni apardı:
Qüdrət PİRİYEV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında