Oktyabrın əvvəlində Latviya Seyminin sədri İnara Murnietsenin Azərbaycana rəsmi səfəri olub. İ.Murnietse AZƏRTAC-a müsahibəsində səfərinin yekunlarından danışıb və Azərbaycanın paytaxtı barədə təəssüratlarını bölüşüb.
– Xanım sədr, bu yaxınlarda Siz Azərbaycanda rəsmi səfərdə oldunuz. Səfərin yekunlarını necə qiymətləndirirsiniz?
– Səfəri çox müsbət qiymətləndirirəm. Bu səfər Latviya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin, Avropa İttifaqı-Azərbaycan münasibətlərinin aktual məsələlərini, habelə Cənubi Qafqaz regionuna dair aktual məsələləri müzakirə etmək imkanı verdi.
Bu, Latviyanın müstəqilliyinin bərpasından sonra Seymin sədrinin Azərbaycana ilk səfəri idi. Qeyd edim ki, indiki çağırış parlamentdə Azərbaycan parlamenti ilə əməkdaşlıq üzrə çoxsaylı və fəal deputat qrupu yaradılıb. Bu qrupda 25-dən çox deputat işləyir. Nəzərə alınsa ki, seymdə cəmi 100 deputat təmsil olunub, bu, olduqca çoxdur.
Azərbaycan parlamentinin sədri Oqtay Əsədovla görüşdə onu Latviyaya səfərə dəvət etdim. Biz qeyri-rəsmi razılaşdıq ki, bu səfər gələn ilin yayında baş tuta bilər. Latviya Prezidenti Raymonds Veyonisin də Azərbaycana rəsmi səfəri gözlənilir.
– Latviya-Azərbaycan iqtisadi münasibətlərinin inkişaf perspektivləri barədə nə deyə bilərsiniz?
– Səfər zamanı vurğuladım ki, Azərbaycan iqtisadi əməkdaşlıq sahəsində Latviyanın mühüm tərəfdaşıdır və ticarətin indiki həcmi əslində ölkələrimizin real iqtisadi potensialını əks etdirmir. Latviyanın coğrafi mövqeyinin strateji baxımdan əlverişli olduğu nəzərə alınsa, nəqliyyat və tranzit sahəsində əməkdaşlıq üçün yaxşı perspektivlər ola bilər. Mən xatırlatdım ki, Latviya Şimali Avropanın Asiya və Qara dəniz regionu ölkələri ilə nəqliyyat əlaqələrində öz rolunun artmasında maraqlıdır.
– Latviya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın ərazi bütövlüyünə dəstəyini dəfələrlə bildirib. Amma hər halda, Sizcə, bu münaqişənin nizamlanmasını necə sürətləndirmək olar?
– Latviya hesab edir ki, Dağlıq Qarabağ münaqişəsini yalnız dinc vasitələrlə, beynəlxalq hüququn hamı tərəfindən qəbul olunmuş prinsiplərinə, o cümlədən dövlətin ərazi bütövlüyü prinsipinə əsaslanaraq həll etmək olar. Oktyabrın 3-4-də Azərbaycana səfər zamanı Prezident İlham Əliyevlə, parlamentin sədri, Baş nazir və xarici işlər naziri ilə görüşərkən mən Latviyanın bu mövqeyini bir daha təsdiq etdim.
– Seym tərəfindən Dağlıq Qarabağ münaqişəsinə, Xocalı soyqırımına dair rəsmi sənədin (qətnamənin) qəbul edilməsi barədə məsələ nəzərdən keçirilirmi?
– Seymin Azərbaycan parlamenti ilə əməkdaşlıq üzrə deputat qrupu 2015-ci il fevralın 25-də Xocalı faciəsi haqqında bəyanat qəbul edib. Elə həmin gün Azərbaycanın rəsmi şəxsləri ilə görüşdə Xocalıda faciəli hadisələrlə əlaqədar Azərbaycan dövlətinə və xalqına dərin hüznlə başsağlığı vermişəm.
– Latviya cəmiyyətində Azərbaycan diasporunun rolunu necə qiymətləndirirsiniz?
– Latviyada fəal Azərbaycan diasporu yaşayır. Ölkəmizdə təqribən 2 min azərbaycanlı yaşayır və həmvətənlərinizin bir sıra qeyri-dövlət təşkilatları fəaliyyət göstərir. Onlar Latviyanın çoxşaxəli mədəni həyatına sanballı töhfə verirlər. Azərbaycan diasporu öz milli ənənələrinə bağlıdır. Bu da bizi zənginləşdirir. Xatırladım ki, Latviyanın ali məktəblərində yüzdən çox azərbaycanlı tələbə təhsil alır.
– Azərbaycanın paytaxtı barədə təəssüratlarınızı bölüşmənizi xahiş edirəm.
– Bakı çox gözəl şəhərdir. Bu şəhərdə tarixiliklə müasirlik qoşa addımlayır. İnsanların öz milli adət-ənənələrini qoruyub saxlamasını görmək xoşdur. Bakı çox gözəl arxitekturası, mədəni müxtəlifliyi ilə heyrətləndirir. Heydər Əliyev Mərkəzində olmaq, ölkənizdə sivilizasiyanın dərin köklərinin parlaq təsdiqi olan tarixi abidələri görmək çox maraqlı idi.
Nigar CƏFƏRZADƏ,
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.