Şirvan: qış qapını almamış
Qışın ehtiyatını yayda, yayın ehtiyatını qışda gör, - deyirlər. Nəsillərin, əsrlərin sınağından çıxmış bu zərbi-məsəl, təəssüf ki, çoxları üçün, sadəcə deyim olaraq qalır. Təsərrüfat rəhbərlərinin, səlahiyyətli şəxslərin bir çoxu bu nəsihəti qulaqardına vurur, qar qapını almamış qışa hazırlıq barədə heç düşünmürlər də. Fikirləşirlər ki, hələ vaxt var, bəlkə qış sərt keçmədi... Amma yaxşı ki, heç də hamı belə düşünmür, ehtiyatını vaxtında görür. Şirvan şəhərinin müvafiq təşkilat və təsərrüfatlarında qışa hazırlığın gedişi ilə maraqlanarkən bunun şahidi olduq. Bəri başdan deyək ki, bu iş şəhər icra hakimiyyətinin ciddi nəzarəti altındadır. Şəhər icra hakimiyyəti başçısının müavini Şəfaət Əsgərov bildirdi ki, qışa hazırlığa biz yaz aylarından başlamışıq. Bu məsələ şəhər icra hakimiyyətində müzakirə olunub, müvafiq qurumların hesabatlarını dinləmişik. Eyni zamanda, bu hesabatlarla kifayətlənməyib yerlərdə vəziyyəti, qışa hazırlığın gedişini yoxlamış, üzə çıxan nöqsanları aradan qaldırmaq üçün tədbirlər görmüşük. Şübhəsiz, bu gün qışa tam hazırıq desək, səhv etmiş olarıq. Amma əlaqədar qurumlar tərəfindən xeyli iş görülüb və bu proses davam etməkdədir.
Qışa hazırlığın vəziyyəti ilə bağlı şəhərin bəzi müvafiq təşkilatlarında da olduq. Şirvan şəhər qaz istismarı sahəsinin rəisi Vaqif Şiriyev görülən işlər barədə dedi:
- Şirvan qaz istismarı sahəsi (QİS) 14690 əhali abonentinə (o cümlədən 480 qaçqın-köçkünə), 125 sənaye, kommunal-büdcə və qeyri-dövlət müəssisələrinə xidmət göstərir. 2010-cu ilin 9 ayı ərzində 27998,114 min kubmetr təbii qaz qəbul edilmiş, 1232411,25 manat dəyərində 12324,112 min kubmetr təbii qaz, (o cümlədən 8815,642 min kubmetr əhaliyə, 904,785 min kubmetr sənaye müəssisələrinə, 448,419 min kubmetr kommunal büdcə müəssisələrinə, 38,191 min kubmetr fərdi istixanalara, 1975,062 min kubmetr qeyri-dövlət müəssisələrinə, 56,022 min kubmetr ARDNŞ, 85,991 min kubmetr "Azəriistiliktəchizat" SC müəssisələrinə) satılmışdır.
Cari ilin payız-qış mövsümündə şəhər əhalisini və digər istehlakçıları təbii qazla fasiləsiz, təhlükəsiz və normal təchiz etmək məqsədilə hələ aprel ayında QİS-də qərargah yaradılmış və 11 bənddən ibarət tədbirlər planı hazırlanmışdır. Nəzərdə tutulan işlər əsasən yerinə yetirilmişdir. 135 ədəd QTŞ və QTQ təlimata uyğun təftiş edilmiş, 70 ədəd siyirtmə təmizlənərək yağlanmış, tədbirlər planı çərçivəsində 460 metr uzunluğunda müxtəlif diametrli qaz kəməri yenisi ilə əvəz olunmuşdur. Bundan əlavə, idarənin balansında olan qaz kəmərlərinə baxış keçirilmiş, onların texniki vəziyyəti haqqında aktlar tərtib edilmiş və aşkar olunan texniki nasazlıq aradan qaldırılmışdır.
Məlumat üçün bildiririk ki, istehlakçıların qaz təminatını yaxşılaşdırmaq və qaz itkilərinin qarşısını almaq üçün 2010-cu ilin 9 ayı ərzində daxili imkanlar hesabına 935 metr müxtəlif diametrli yeni qaz kəməri çəkilmiş və xətlərdə təmir işləri aparılmışdır. O cümlədən, T.Bağırov, Füzuli, 1 May, Vidadi, T.İsmayılov, Naxçıvan, G.Şıxbalaoğlu, H.Z.Tağıyev, Xanlar, M.Əsədov küçələrində, ümumilikdə 385 metr uzunluğunda qaz xətti çəkilmiş və təmir olunmuşdur.
Bundan əlavə, şəhərin Hacıqəhrəmanlı qəsəbəsinin qaz təchizatı sisteminin yenidən qurulması başa çatdırılmışdır. Burada 28635 metr uzunluğunda müxtəlif diametrli qaz kəməri çəkilmiş, 443 ədəd yeni sayğac quraşdırılmışdır. Hazırda qəsəbənin qaz kəmərinin mərkəzi qaz kəmərinə birləşdirilməsi üçün 520 metr uzunluğunda 160 mm-lik diametrli yeni qaz kəmərinin çəkilişi başa çatdırılır. Muğan ölçü qovşağından Vidadi küçəsi ilə Heydər Əliyev prospektinə qədər 4000 metrədək 200 mm-lik plastik borunun çəkilməsi başa çatdırılmış və kəmərin mərkəzi qaz kəmərinə qoşulması üçün tamamlama işləri aparılır. Şəhərin kənd evləri massivində yenidənqurma işləri başa çatdırılmaq üzrədir, həmin ərazidə 27325 metr uzunluğunda müxtəlif diametrli polietilen boru çəkilib, 841 fərdi evə çıxış verilib, 250 fərdi tənzimləyici quraşdırılıb.
Şəhərin köhnə şəhər və bağ massivi zonasında 12435 metrlik müxtəlif diametrli daşıyıcı qaz kəmərlərinin həyətyanı sahələrdən kənara çıxarılması təmin edilmişdir və bu iş davam etdirilir. Bu işin nəticəsində qaz itkilərinin və oğurluqlarının qarşısı alınır.
Bundan əlavə, "Azəriqaz" İstehsalat Birliyinin vəsaiti hesabına Heydər Əliyev prospektində 300 metr 100 mm-lik daşıyıcı yeraltı qaz kəməri yenisi ilə əvəz olunmuşdur.
Cari ilin may ayında Kür çayının daşması nəticəsində Bayramlı qəsəbəsini təbii qazla təchiz edən 114 mm-lik orta təzyiqli qaz kəməri sel sularına məruz qalaraq çayın məcrasından keçən hissəsində zədələnmiş və qəsəbə təminatsız qalmışdır.
ARDNŞ və "Azəriqaz" İB-nin yaxından köməyi sayəsində Kür çayını keçməklə 500 metr uzunluğunda 114 mm-lik yeni qaz kəməri çəkilərək qəsəbənin qaz təminatı bərpa edilmişdir. Hazırda məhəllədaxili qaz kəmərlərində təmir-bərpa işləri aparılır, yararsız sayğaclar yenisi ilə əvəz edilir.
İdarə üzrə qaz itkisinin qarşısının alınması və satılmış qazın dəyərinin ödənilməsini təmin etmək istiqamətində əməli tədbirlər görülür. Vaxtaşırı olaraq təbii qazdan istifadəyə görə borcu olan müəssisələrin qaz təchizatı qeyd-şərtsiz dayandırılır.
Əhali və digər abonentlərin qeydiyyatının dəqiqləşdirilməsi məqsədilə mütəmadi olaraq inventarizasiya aparılır və qazdan qanunsuz istifadə edənlərin qaz təchizatı dayandırılaraq barələrində müvafiq tədbirlər görülür.
QİS üzrə hal-hazırda 14165 (96,5 faiz) əhali abonentinə sayğacın quraşdırılması təmin edilmişdir. Beləliklə, təbii qaz ilə təmin olunan abonentlərin hamısına sayğac quraşdırılması başa çatdırılmışdır.
Eyyub Gülməmmədov, şəhər mənzil təsərrüfatı idarəsinin rəisi:
- İdarəmizin kollektivi payız-qış mövsümünə hazırlıqla əlaqədar tam səfərbər olunub. Şəhərin N.Nərimanov küçəsindəki 3 və 13 nömrəli, L-t İbrahimov küçəsindəki 4 nömrəli, F.Eynullayev küçəsindəki 3, 9 və 15 nömrəli, T.İsmayılov küçəsindəki 11, 11A, 15 və 19 nömrəli, M.Ə.Rəsulzadə küçəsindəki 13 nömrəli, H.Əliyev küçəsindəki 1A, 3A, 46 nömrəli, 20 Yanvar küçəsindəki 5 P nömrəli, T.Bağırov küçəsindəki 3 nömrəli, Xəqani küçəsindəki 3 və 88 nömrəli binalarda, ümumilikdə 4100 kvadratmetr dam örtüyü sahəsi əsaslı təmir edilmişdir.
Eyni zamanda, M.Ə.Rəsulzadə küçəsindəki 17 və 17 A nömrəli, F.Eynullayev küçəsindəki 11 nömrəli, Xəqani küçəsindəki 2 və 21 nömrəli, H.Əliyev küçəsindəki 3A və 18 nömrəli, S.Vurğun küçəsindəki 2 nömrəli, T.İsmayılov küçəsindəki 27 B nömrəli, L-t İbrahimov küçəsindəki 1 nömrəli binalarda 38 metr uzunluğunda su və 52 metr uzunluğunda kanalizasiya xətləri təmir olunmuşdur.
Şəhərin G.Şıxbalaoğlu küçəsindəki 13 binada, habelə H.Əliyev küçəsindəki 2 binada, 20 Yanvar, L-t İbrahimov, M.Ə. Rəsulzadə, H.Z.Tağıyev küçələrinin hərəsində bir binada fasad rənglənmiş (3250 kvadratmetr) və suvaq işləri (2300 kvadratmetr) aparılmışdır.
Bundan əlavə, S.Zeynalov və Xəqani küçələrindəki bir neçə evin zirzəmisində kanalizasiya xətləri əsaslı təmir olunmuş, bəzi yerlərdə yeni xətlər çəkilmişdir.
Allahverdi Hüseynov, istilik təsərrüfatı idarəsinin rəisi:
- Müasir tipli 2 qazanxanamız qış mövsümünə tam hazırdır. Bu qazanxanalar şəhərin bir sıra binalarını, o cümlədən şəhid ailələrinin, Qarabağ veteranlarının yaşadıqları evləri istiliklə və isti su ilə təmin edir. Buradan həmçinin Sahib Zeynalov küçəsindəki 5 və 9, 28 May küçəsindəki 6 saylı binaların (beşmərtəbəli, 40 mənzilli binalardır) sakinləri də həm istilik, həm də isti su alırlar.
"Azəriistiliktəchizat" ASC-nin istifadəyə verdiyi müasir tipli yeni qazanxana isə xəstəxananın, "Şirvan" korpusunu, onkoloji dispanseri, ətraf binaları istilik enerjisi və isti su ilə təmin edəcəkdir.
Murad Salmanov, Mərkəzi Xəstəxananın baş həkimi:
- Şəhərin səhiyyə sistemi qış mövsümünə, demək olar ki, tam hazır vəziyyətdədir. Şəhər icra hakimiyyəti rəhbərliyinin köməyi ilə 2 kilomterlik məsafədən xəstəxanaya ayrıca qaz xətti çəkilib. Səhiyyə Nazirliyi tərəfindən Mərkəzi Xəstəxanada əsaslı təmir işləri aparılıb, ayrıca qazanxana tikilib, lazımi avadanlıqla təmin olunub, işıq və istilik sistemi etibarlı şəkildə qaydaya salınıb. Hazırda bütün palatalara isti su və istilik verilir. Bayramlı qəsəbəsindəki müasir həkim ambulatoriyası isə elektrik enerjisi ilə qızdırılır.
Xaləddin Şahbazov, Şirvan Şəhər "Sukanal" İdarəsinin rəisi:
- Biz payız-qış mövsümünə ilboyu hazırlaşırıq. 754 saylı yarımstansiyadan su istehsal sahəsinə gələn 1-ci hava xətti əsaslı təmir olunmuş, 100 metr məsafədən yeni xətt çəkilmişdir. Durulducu hovuzlar yuyulmuş, şəffaflayıcı quyular, elektrik mühərrikləri, siyirtmə və reduktorlar təmir olunmuşdur. Şirvan magistral su xəttində cari təmir işləri aparılmışdır. Demək olar ki, şəhərin bütün küçələrində su xətləri nəzərdən keçirilmiş, bir çoxunda təmir işləri aparılmış, istifadəyə yararsız xətlər yenisi ilə əvəzlənmişdir. Bundan əlavə, şəhərin M.Əzizbəyov, H.Əliyev, Ş.Şükürov, Ə.Bayramov, İ.Qayıbov, S.Zeynalov, S.Mehmandarov, T.İsmayılov, H.Aslanov, M.Əsədov, G.Şıxbalaoğlu, Xəqani, 1 May küçələrində kanalizasiya xətləri təmizlənmiş, bəzilərində yeni xətlər çəkilmiş, nəzarət quyuları quraşdırılmışdır.{nl}
Səməd HÜSEYNOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.