Viktor ÇAMARA: "Azərbaycan öz uğurlu inkişaf formulunu tapmışdır"

Bu ilin martında Azərbaycan Dövlət Teleqraf Agentliyi - AzərTAc 90 illik yubileyini qeyd etmişdir. Bu münasibətlə keçirilmiş təntənəli tədbirlərdə uzun illər boyu AzərTAc ilə tərəfdaşlıq əlaqələri saxlayan Ukraynanın "Ukrinform" Milli İnformasiya Agentliyinin baş direktoru Viktor Çamara da iştirak etmişdir. Viktor Çamara "Ukrinform"un xarici əlaqələr departamentinin direktoru Natalya Kostinaya verdiyi müsahibəsində həmin səfər barədə təəssüratlarını bölüşmüşdür:
- Viktor Fyodoroviç, bu il AzərTAc-da olduğu kimi, iki il əvvəl "Ukrinform" da 90 illik yubileyini bayram etmişdir. Hər iki agentlik mürəkkəb tarixi yol keçmiş, onların fəaliyyəti dövründə dəfələrlə adları dəyişdirilmişdir. Buna görə də xəbər agentliyi üçün bu yubileyin nə demək olması, xarici ölkələrdəki tərəfdaşlarının müasir mərhələdə AzərTAc-ın inkişafını necə qiymətləndirməsi barədə sizin fikriniz çox maraqlıdır.
- Bu əlamətdar tarixin əhəmiyyətini rəqəmlərlə və zamanla ölçmək çətindir. Mənim nəzərimdə AzərTAc-ın 90 ildə keçdiyi yol ilk növbədə çox böyük ustalıq, mobillik, operativlik, məsuliyyət və dəqiqlik məktəbidir. Bu məktəbin ənənələri davam edir və eyni zamanda, orada yeni istiqamətlər inkişaf edir.
Sovet dönəmində respublikada lider mövqeyini qoruyub saxlamış, müstəqil Azərbaycan dövlətinin təşəkkülü prosesində daha da möhkəmlənmiş AzərTAc indi ölkənin və Qafqaz regionunun hüdudlarından kənarda da mass-media məkanında güclü informasiya mənbəyinə çevrilmişdir.
AzərTAc-ın 90 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində MDB Dövlət İnformasiya Agentliklərinin Rəhbərləri Şurasının XI iclasının Bakıda keçirilməsi, MDB üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasında (ANİA) AzərTAc-ın fəal iştirakı indiki mərhələdə onun postsovet məkanındakı yüksək nüfuzuna dəlalət edir.
Bununla bərabər, AzərTAc-ın sivil informasiya dünyasına inteqrasiyası sürətləndikcə Avropa ölkələrindəki həmkarları və tərəfdaşları onu haqlı olaraq daha ciddi qəbul edirlər. Təqribən iki il əvvəl AzərTAc-ın Avropa İnformasiya Agentlikləri Alyansına (EANA) üzv qəbul edilməsi də bunu təsdiqləyir. Bir məqamı qeyd etmək mənə xoşdur ki, biz ukraynalılar bu mürəkkəb prosesin gedişini həyəcanla izləyir, azərbaycanlı qardaşlarımızın əvəzinə narahatlıq keçirirdik. Biz AzərTAc-ı dəstəkləyirdik və azərbaycanlı həmkarlarımızı qazandıqları uğur münasibətilə ilk növbədə təbrik edənlərdən biri biz olmuşuq.
"Ukrinform" və AzərTAc arasında münasibətlər həmişə dostluq, xeyirxahlıq, bir-birimizə peşəkar və sırf insani maraq göstərməyimiz, dünyamızın yeniləşməsi və təkmilləşməsi naminə insanların onu dərk etməsi üçün eyni dərəcədə səy göstərməyimizlə səciyyəvi olmuşdur. Qara dəniz hövzəsi ölkələrinin Milli İnformasiya Agentlikləri Assosiasiyası formatında əməkdaşlığımızın genişlənməsi çox sevindiricidir. Bu peşə birliyinin yaradılması barədə Ukraynanın bir neçə il əvvəl irəli sürdüyü təşəbbüsü dəstəkləyən AzərTAc indi özünün gündəlik fəal işi ilə ümumi maraqlar və qarşılıqlı anlaşma zəminində ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına imkan yaradır.
Onu da qeyd etmək vacibdir ki, AzərTAc Avropanın təcrübəsindən bəhrələnməklə bərabər, öz dövlətinin nadir coğrafi və geosiyasi mövqeyinin imkanlarından səmərəli istifadə edir, Türkdilli Xəbər Agentlikləri Birliyində (TKA), Asiya və Sakit okean ölkələri Xəbər Agentlikləri Təşkilatında (OANA) üzvlük çərçivəsində xarici ölkələrin media vasitələri ilə səmərəli əlaqə yaradır.
- Sizin fikrinizcə, Azərbaycan Dövlət Teleqraf Agentliyinin uğurlu inkişafı üçün əsas amillər hansılardır?
- Məncə, AzərTAc-ın bugünkü uğurları və dünya informasiya məkanına çıxması həm ölkənin siyasi rəhbərliyi tərəfindən dövlətin informasiya siyasətinin rolunun və bu siyasətdə milli informasiya agentliyinin yerinin düzgün qiymətləndirilməsi, həm də agentliyin Baş direktoru Aslan Aslanovun və onun rəhbərlik etdiyi jurnalist kollektivinin peşəkar işi ilə şərtlənir. Mənə yaxşı məlumdur ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu agentliyin mövqeyinin möhkəmlənməsi üçün uzun müddət çox böyük işlər görmüşdür. AzərTAc-ın yubiley şənliklərinə dəvət edilmiş digər xarici media vasitələrinin rəhbərləri ilə bərabər mən də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmək şərəfinə nail olmuşam. Azərbaycan dövlətinin başçısının KİV məsələləri barədə dərin konseptual dünyagörüşünə malik olması həm mənə, həm də həmkarlarıma güclü təsir bağışladı.
- Viktor Fyodoroviç, siz Bakıda ilk dəfə idi ki, olurdunuz. Azərbaycan paytaxtı sizə necə təsir bağışladı?
- Qlobal maliyyə və iqtisadi böhran dövründə bütün Bakıda çox fəal tikinti işləri aparıldığını görəndə həqiqətən inanırsan ki, bu gün Azərbaycan özünün uğurlu inkişafının formulunu tapmışdır! Özü də belə fikirləşən təkcə mən deyiləm. Yubiley təntənələrində iştirak etmiş xarici qonaqların çoxu buna oxşar fikirlər söyləmişlər.
Bu yaxınlarda mən Azərbaycan Prezidentinin Novruz bayramı münasibətilə keçirilən təntənəli mərasimdə nitqinin mətnini oxudum. İlham Əliyev bir daha qətiyyətlə bəyan etmişdir: "Azərbaycan öz yolu ilə gedir. Bu yol demokratiya, inkişaf, tərəqqi, azadlıq və suverenlik yoludur". Mən bütün Azərbaycan xalqına və əlbəttə, AzərTAc-dan olan həmkarlarımıza bu yolda yeni uğurlar arzulamaq istərdim.
Ümid edirəm ki, dost AzərTAc-ın 90 illik yubiley şənlikləri çərçivəsində keçirilmiş görüşlər yaxşı bir ənənənin - informasiya agentliklərinin beynəlxalq forumlarının günəşli Bakıda keçirilməsi ənənəsinin təməlini qoyacaqdır.

{nl}

Natalya KOSTİNA "Ukrinform"un xarici əlaqələr departamentinin direktoru
Kiyev

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında