Stepan Mesiç: Bakı Forumu unikal əhəmiyyəti ilə seçilən mötəbər tədbirdir

Bakıda keçirilən V Beynəlxalq Humanitar Forumu bu dəfə də  müxtəlif xarici ölkələrdən gəlmiş görkəmli siyasətçilərin, sabiq prezidentlərin, Nobel Mükafatı laureatlarının, bir sözlə tanınmış ictimai-siyasi xadimlərin iştirakı ilə yadda qaldı. Keçən forumda olduğu kimi, bu dəfə də Xorvatiya Respublikasının sabiq prezidenti Stepan Mesiç Bakıya təşrif buyurub. Bakıya vurğunluğunu hər dəfə gəldikdə daha çox hiss etdiyini qeyd edən S. Mesiç mətbuata verdiyi müsahibəsində forumun əhəmiyyətini şərh etdi:

– Cənab Mesiç, Bakı forumunda iştirakınızdan yaranan təəssüratları necə ifadə edərdiniz?

– Hər dəfə gələndə şəhərinizi daha işıqlı görürəm. Deyərdim ki, Bakı Qafqazın paytaxtı olmaqla yanaşı, bütövlükdə ön Asiyanın ən böyük mədəni və siyasi mərkəzlərindən biridir. Şəhəriniz həm də  multikulturalizmin episentrlərindən biridir. Bu inkişafı yalnız dəstəkləyə bilərəm.

– V Beynəlxalq Humanitar Forumun Bakıda keçirilməsi ilə bağlı hansı zəruri qeydləriniz var?

– Bakı Forumu çətin ictimai-siyasi proseslərin müzakirələrinin və həlli yollarının axtarıldığı unikal toplantılardan biridir. Bakı artıq böyük bir platformaya çevrilib. Bu platformanın adı sülhdür. Öz sülh missiyası ilə irəli addımlar atan Bakı bu dəfə də dünyanı heyrətləndirməkdə davam etdi. Hər zaman  Azərbaycanın mövqeyini və siyasətini dəstəkləyirəm. Görünən odur ki, bu forum hazırda vacib və beynəlxalq ictimaiyyətdə tanınmış şəxsləri hər il Bakıya cəlb edir. Bu, çox önəmli məsələdir. Dünyanın ağıllı adamlarını toplamaq və onların məsləhətlərindən yararlanmaq üçün şərait yaratmaq, təşkilatçılıq etmək təqdirəlayiqdir. Dünyada bu gün aqressiya, nihilizm, terror, sülhə qarşı çağırışlar edən paranoik siyasətçilərin olduğu bir dövrdə sülh missiyasını öz üzərinə götürmək və bəşəriyyəti dialoqa dəvət etmək yalnız alqışlanmalıdır. Bu, həm də Azərbaycanın siyasi çəkisini, dövlətinizin gücünü göstərir. Bir sözlə, Bakı Beynəlxalq Humanitar Forumu toplaşaraq dünyanı narahat edən vəziyyətlərdən çıxış yolları axtarmağa, problemlərin həllini birgə tapmağa şərait yaradan amildir. Biz münaqişələrin qarşısının alınmasında siyasi ambisiyaların zərərli cəhətlərini və bunu mümkün qədər kənara atmağın yollarını, dinlərarası dialoqu, tolerant mühitin formalaşdırılmasını, multikulturalizmi, qlobal təhlükəsizlik və əməkdaşlıq məsələlərini müzakirə etdik.

– Cari ilin Azərbaycanda “Multikulturalizm ili”nin elan olunmasını və eyniadlı mərkəzin yaradılmasını bir nümunə kimi qəbul etmək olarmı?

– Əlbəttə, bu gün bayaq qeyd etdiyim kimi, Azərbaycan multikulturalizmin mərkəzinə çevrilməkdədir. Bu, böyük missiyadır. Bu yolda siz dövlət səviyyəsində mühüm qərarlar qəbul etmisiniz. Multikulturalizm Mərkəzini açmısınız, bu ili “Multikulturalizm ili” elan etmisiniz. Bütün bunlar, əlbəttə ki, tək Cənubi Qafqaz üçün deyil, həm də Balkan ölkələri üçün gözəl örnəkdir. Düşünürəm ki, bu gün terroru, aqressiyanı, siyasi qarşıdurmaları dəstəkləyən, işğalçılıq siyasəti yürüdən ölkələr Azərbaycanın  seçdiyi yoldan bəhrələnməlidirlər.

– Azərbaycan-Xorvatiya əlaqələrinin gələcəyini necə görürsünüz?

– Sevinirəm ki, həm Xorvatiya, həm də Azərbaycan arasında qarşılıqlı mədəni, siyasi əlaqələr var. Bu əlaqələrin daha da inkişaf edəcəyinə inamım böyükdür. Biz elə bir yol seçməliyik ki, ölkələrimiz inkşaf etsin və bir-biri ilə əlaqələrini hər gün artırsınlar.

Müsahibəni qələmə aldı:
Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında