Azərbaycan xalıları avropalıların qəlbini fəth edir

Vidadi Muradov Azərbaycanın tanınmış xalça tədqiqatçısı, sənətşünas alimdir. Onun təşəbbüsü və rəhbərliyi ilə 1996-cı ildə "Azər-İlmə" Məhdud Məsuliyyətli Cəmiyyət yaradılıb, burada Azərbaycan xalçaçılığının bütün məktəblərini əhatə edən zəngin xalça muzeyi- "Sehrli ilmələr" qalereyası təşkil edilib. Ölkəmizə səfərə gələn dövlət və hökumət başçılarının, onların xanımlarının, müxtəlif məramlı nümayəndə heyətlərinin, elm, incəsənət xadimlərinin, turistlərin böyük məmnunluqla üz tutduqları, ən çox ziyarət etdikləri mədəniyyət mərkəzlərindən biri "Azər-İlmə"dir.
V.Muradov onlarca kitab və elmi-publisistik məqalələrin də müəllifidir. Onun 2008-ci ildə "Elm" nəşriyyatı tərəfindən çapdan buraxılmış "Azərbaycan xalçaları" adlı fundamental kitabı həm də rus və ingilis dillərində yüksək poliqrafik formada nəşr edilmişdir. Dünya xalçaçılığına dair ən nüfuzlu və populyar nəşr olan " Halı. Carpet, Textile and İslamic art" dərgisində bir neçə dəfə V.Muradov və onun "Sehrli ilmələr" qalereyası, Azərbaycan xalçaçılığının tarixi və bu günü barədə analitik məqalə və yazılar verilmişdir. Bu unikal elm-istehsalat müəssisəsinin məhsulları dəfələrlə dünyanın bir sıra ölkələrinin sərgilərində nümayiş etdirilmiş, ABŞ (1997), Almaniya (1999), Rusiya (2006), Türkiyədə (2006) keçirilən satış-sərgilərin ən yüksək mükafatlarına layiq görülmüşdür. V.Muradov ötən ay Londonda keçirilən sərgidə iştirak edib. O dedi:
- Heydər Əliyev Fondunun, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin və "Baku" jurnalının birgə təşkilatçılığı ilə noyabrın 15-də Londonda Azərbaycan xalçalarının "Azərbaycan: uçan xalçalarla nağıllar aləminə" adlı sərgisi açıldı. Bir həftə davam edən sərgidə bizim müəssisənin 140 məhsulu nümayiş olundu. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyeva açılışdakı qısa, amma çox səmimi, təsirli nitqində dedi ki, bu sərgi siz seyrçiləri "Odlar yurdu" adlandırılan Azərbaycanın qədim və heyrətamiz nağıllar aləminə aparacaqdır. Görəcəksiniz ki, həqiqətən də minbir gözəllik diyarı olan bizim ölkəmiz təkcə bənzərsiz təbiəti olan, mehriban, yaradıcı insanların yaşadığı bir Qafqaz ölkəsi deyil, həmçinin Şərq və Qərb dəyərlərinin, fikirlərin qovuşduğu, zəngin mədəni irsin mövcud olduğu bir məkandır. Böyük Britaniyanın mədəniyyət naziri də başda olmaqla bütün seyrçilər Leyla xanımın bu sözlərində nə qədər böyük həqiqət olduğunu təkcə xalılarımızda deyil, nümayiş etdirilən kitab, foto-albom, videoçarxlarda, ifa olunan muğamlarımızda da əyani şəkildə gördülər, davamlı suallarla, heyranlıq hissləri ilə insan əlinin nə cür gözəlliklər yarada bildiyini səmimi hisslərlə ifadə etdilər. Xalqımızın milli sərvəti olan xalçalarımızı dünyanın mədəniyyət mərkəzlərindən birində göstərməklə biz həm də xalqımızın nələrə qadir olduğunu anlatdıq, xalçaçılarımızın dünya mədəni irsinə verdiyi töhfələri bir daha diqqətə çatdırdıq, ölkəmizi bu sahədə yetərincə təbliğ edə bildik. Məlumdur ki, qədim və orta əsrlərə aid mənbələrdə, alim, səyyahların qeydlərində ölkəmizdə toxunan xalçaların bənzərsizliyi, əsrarəngsiz gözəllikləri barədə çoxlu faktlar mövcuddur. Xalçalarımız incə ornamentləri, zərif və nəfis naxışları ilə həmişə seçilib, XIX əsrdə artıq beynəlxalq sərgilərdə nümayiş etdirilməyə başlanıb, Moskva, Vyana, Turin, London, Berlin və digər şəhərlərin məşhur saraylarını, muzeylərini bəzəyib. 1539-cu ildə toxunan, Londonun Viktoriya və Albert muzeyində qorunan "Şeyx Səfi" xalısı ornamental xalıların ən gözəl nümunəsi kimi bu gün də Azərbaycan xalçaçılıq məktəbini dünya miqyasında şərəflə təbliğ edir. Sərgiyə gələn müxtəlif ölkələrin alim, mütəxəssisləri, diplomatik nümayəndələri, beynəlxalq qurumların təmsilçilərindən başlamış sıravi seyrçilərə qədər hamı əsrlərlə yaşı olan xalça sənətimizin bu gün də sevilərək yaşadıldığının şahidlərinə çevrildilər. Sərgi ingilis və Avropa mediasının da diqqətini çəkdi. XALÇALAR DA DİL AÇIB "QARABAĞ BİZİMDİR, BİZ QARABAĞLIYIQ" - DEYİR.
-Mədəniyyət həm də ən təsirli siyasətdir. Sizin bu günlərdə yüksək poliqrafik üslubda Azərbaycan və ingilis dillərində 272 səhifəli "Azərbaycan xalçaları: Qarabağ qrupu" kitabınız çıxıb.
-İlk növbədə minnətdarlıq hissləri ilə vurğulamalıyam ki, mədəniyyətimizin, o cümlədən xalça sənətimizin də hamisi olan Heydər Əliyev Fondunun "Azərbaycan xalçaları bütün məktəbləri ilə" adlı layihəsi seriyasından buraxılan bu kitab, adından da bəlli olduğu kimi, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın xalçaçılıq məktəbinə həsr edilmişdir. Kitabda Qarabağın tarixi, qədim xəritələri, burada xalçaçılığın təşəkkülü, onun inkişaf mərhələləri, səciyyəvi xüsusiyyətləri əksini tapmışdır. Qarabağ xalçaçılıq məktəbi haqqında tam təsəvvür əldə etmək üçün nadir xalçalardan ibarət zəngin illüstrativ materiallar, dünya muzey və şəxsi kolleksiyalarında saxlanan xalça, ipək tikmələrin fotosurətləri ilə birlikdə toxunduğu yer və toxuyanın özü barədə Azərbaycan və ingilis dilində bilgi verilmişdir. Kitabda əksləri verilmiş xalçaların əsas hissəsini "Azər-İlmə" MMC-nin "Sehrli ilmələr" qalereyasının tarixi Qarabağ xalcaları kolleksiyası və tarixi ənənə əsasında, bilavasitə "Azər-İlmə"də toxunan xalçalar təşkil edir. Təqdim olunan hər bir tarixi xalçanın təsviri və texniki gostəriciləri də əlavə edilmişdir. Kitabda verilmiş butun materiallar Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu, Qarabağın Azərbaycan tarixi və mədəniyyətinin üzvi hissəsi olduğunu bir daha təsdiq edir. Ermənilər bütün cəhdlərinə baxmayaraq, bu sahədə həmişə bizim təqdim etdiyimiz faktlar qarşısında aciz qalıb, miskin vəziyyətə düşüblər. Nəşrin ilk nüsxələri də artıq 40-dan çox ölkədəki tərəfdaşlarımıza, xalı tədqiqatçılarına, tacirlərinə, sahəyə dair institut, beynəlxalq qurum və nəşrlərə göndərilmişdir. Bu səpgidə fəaliyyət digər istiqamətlərdə də, həm də dünya siyasətini yönləndirən ölkələrin paytaxtlarında aparılmalıdır. Qarabağa qayıdışımızın yolu həm də buradan başlanır.
-Xalçaçılıq, bu sənətin, peşənin adamları da hökmdar saraylarında, el arasında həmişə məxsusi hörmət, izzət sahibi olublar...
-Həqiqətən də xalı, xalçalar tarix boyu təkcə hökmdarların əzəmətini göstərmək üçün yox, həm də bir dövlətin, xalqın nəyə qadir olduğunu sübut etmək üçün sanballı meyar sayılıb. Tarix, ədəbiyyat kitablarımızda bu haqda çoxlu maraqlı faktlar var. Bu fikrin məntiqi davamı olaraq deməliyəm ki, qədim və zəngin tarixə malik olan xalı sənətimizin ötən əsrin 60-cı illərindən başlayaraq tərəqqisində ulu öndər Heydər Əliyevin şəxsi diqqət və qayğısı mühüm amilə çevrildi. Heydər Əliyev Azərbaycan mədəniyyətinin, istisnasız olaraq bütün sahələrinin, tarixi ənənələr nəzərə alınmaqla, müasir inkişaf konsepsiyasını müəyyənləşdirdi. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ulu öndərin mədəniyyət sahəsində siyasətini uğurla davam etdirir və xalçaçılığa münasibət xüsusi yer tutur. Prezident İlham Əliyev 2004-cü il dekabrın 7-də "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiq etmişdir. Qanunda gostərilir ki, "Azərbaycan xalçası Azərbaycan xalqının maddi və mənəvi sərvətidir, intellektual fəaliyyətin nəticəsi olub, xalqın estetik dünyagörüşünü və mədəni identikliyini əks etdirir". 2005-ci il fevralın 7-də "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə fərman imzalamışdır. Bu sənədlər Azərbaycanda xalçaçılığın inkişaf tarixində yeni səhifə açmaqla, onun daha da inkişafına misilsiz töhfə vermişdir. Xalça sənətinin nailiyyətlərinin təbliği də diqqət mərkəzindədir. Prezident İlham Əliyev 2006-cı il martın 18-də Respublika Muzey Mərkəzində olarkən əvvəlcə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin fondunda saxlanan xalçalara və buradakı şəraitə baxmış, sonra çox mühüm bir ideya irəli sürmüşdür. O demişdir ki, bu muzeyin ayrıca binası olmalıdır. Çünki xalça muzeyi doğrudan da dünyada yeganə muzeylərdəndir. Prezident İlham Əliyev bu ideyanın həyata kecirilməsinə qayğı ilə yanaşmış, onun iştirakı ilə 2008-ci il may ayının 15-də Dənizkənarı Milli Parkın ərazisində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi binasının təməlqoyma mərasimi olmuşdur. Prezidentimiz Azərbaycanda xalçaçılığın inkişafına və təbliğinə daim diqqət göstərir, bütün işləri nəzarətdə saxlayır və həyata keçirilməsini təmin edir. Dövlət başçımız xanımı Mehriban Əliyeva ilə birlikdə 2009-cu il dekabrın 1-də muzey ücün inşa edilən binada tikinti işlərinin gedişi ilə tanış olmuşdur. Ulu öndərin həmişəyaşar ideyalarının həyata kecirilməsində onun adını daşıyan Heydər Əliyev Fondu misilsiz rola malikdir. Təsadüfi deyil ki, Mehriban xanımın şəxsi diqqət və qayğısı Azərbaycan xalçasının YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi sahəsində görülən işlərdə də həlledici amil olub. Bu missiyanın reallaşması Azərbaycan xalçaçıları qarşısında da yeni yaradıcılıq üfüqləri açır, bizi fərəhləndirir, qürurlandırır, daha məsuliyyətlə çalışmağa ruhlandırır.

{nl}

Müsahibəni apardı: Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında