Heydər Əliyev böyük dövlətçilik təfəkkürü olan parlaq lider idi

Oxucuların geniş dairəsi əməkdar incəsənət xadimi, kinorejissor Musa Bağırovu həm də yaxın tariximizin bir sıra qaranlıq məqamlarına aydınlıq gətirən, "yeddi qıfıl altında" saxlanan fakt və sənədləri aşkarlayan tədqiqatçı, müasirlərimizin dərin marağına səbəb olan ciddi mövzular jurnalisti kimi tanıyır. Həmkarımızın Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun bu ada ikinci dəfə təqdim olunması barədə tarixi təqdimatı aşkar etməsi və 47 il sonra sonuncu sovet prezidenti M.Qorbaçovun müvafiq sərəncam imzalaması 1991-ci ildə keçmiş SSRİ-də geniş əks-səda yaratmışdı.
Xalqımızın böyük tarixi şəxsiyyətlərindən olan doktor Nəriman Nərimanovun Moskvadakı faciəli taleyi, 26 Bakı komissarlarının bədnam rəhbəri S.Şaumyanın sağ qalması və Hindistanda yaşaması, II Dünya müharibəsi illərində azərbaycanlıların köçürülməsi planı sovet dövründə, xüsusən, M.Qorbaçov zamanında Kremldə cərəyan edən səhnəarxası oyunlar barədə Musa müəlimin "Xalq qəzeti"ndə dərc etdirdiyi silsilə yazılar onu oxucularla "mötəbər mənbələr" arasında körpü salmağı bacaran tədqiqatçı yazar kimi məşhurlaşdırmışdır. "Kreml gizlinləri"ndən maraqlı materiallar əldə etmiş soydaşımız ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin Moskva dövrünə işıq salan nadir fakt və epizodları da aşkarlayıb toplamışdır.
Musa Bağırov redaksiyamıza bu dəfəki gəlişində həmişə özü ilə gəzdirdiyi "mühüm mövzular portfeli"ndən yeni materiallar çıxartdı. Sonra xoş bir əhvalla dilləndi: "Budəfəki söhbətimizin əsas mövzusu ümummilli lider Heydər Əliyevin Moskva dövrü həyatıdır. Türk - müsəlman əsilli Heydər Əliyev "perestroyka" dövründə Kremlin yeganə işıqsaçan lideri idi. Bunu mən yox, Nyu-Yorkda işıq üzü görmüş "Kreml ulduzları" kitabının müəllifi deyir". Beləliklə, Musa Bağırov yenidən müsahibimizdir.
- Musa müəllim, siz həmişə gizlinlərə işıq salan, oxuculara yeni bilgilər verən məqalələrlə çıxış edirsiniz. Son vaxtlar nə aşkar etmisiniz, nə yazmısınız?
Mən Həzi Aslanovla bağlı 40 ildən artıqdır ki, axtarışdayam. Onun həyatı, keçdiyi döyüş yolunu addım-addım gəzib onlarla məqalə, 2 kitab yazıb, 2 kinofilm çəkmişəm. Onun silahdaşları ilə Moskvada, Stalinqradda, Ukraynada, Belarusda, Pribaltikada dəfələrlə görüşüb, bir çox tədbirlərdə iştirak etmişəm. Moskva və Stalinqrad şəhərlərinə dəvət olunub orada keçirilən tədbirlərdə iştirak edirəm. Hər il 9 may Qələbə bayramını Moskvada qalib nəsillə birlikdə qeyd edirəm.
O müharibə xalqımız üçün çox ağır, bəlalı keçib. Mən aşkar etmişəm ki, A.Mikoyanın təşəbbüsü ilə 1941-ci ildə azərbaycanlıları etibarsız bir millət kimi Qazaxıstana sürgün etmək planı olub. Belə bir fikir, təklif çox gizlin müzakirə olunub. Əgər bu plan baş tutsaydı, Azərbaycan milləti üçün böyük faciə olardı. O zaman Stalinin yanında 4 nəfər siyasi büro üzvü olub. Əsas məsələyə başlamazdan əvvəl Stalin əlində iki vərəq kağızı göstərərək azərbaycanlıların müharibə dövründə müvəqqəti olaraq Qazaxıstana köçürülməsi təklifinə onların münasibətini soruşur. Müzakirə cəmi 10-15 dəqiqə çəkir. Bu məsələnin Stalinin yanında necə keçdiyini, söylənilən fikirləri, mənə orada iştirak edənlərdən biri vaxtilə təfsilatı ilə danışmışdı.
2002-ci ildə Moskvada 1941-1945-ci illərdə ön cəbhə ilə arxa cəbhənin əlaqəsinə aid elmi konfrans keçirilirdi. Həzi Aslanovun tədqiqatçısı olaraq, Stalinqrad Cəbhəsi Veteranlar Şurasının fəxri üzvü kimi məni də dəvət etmişdilər. Mən çıxışımda Qələbənin əldə edilməsində əsas üç şərtdən biri olan Bakı nefti və neftçilərin fədakar əməyindən danışdım. Çıxışımda təkzibedilməz faktlar, sənədlər əsasında sübut etdim ki, əgər Bakı nefti olmasaydı, bu müharibədə Sovet İttifaqı məğlub olardı. Bəs belə olan halda nə üçün Bakı indiyə kimi "Qəhrəman şəhər" adı almayıb? Rəyasət heyətində əyləşən bir nəfər alim dedi ki, bu böyük tarixi ədalətsizlikdir və gec də olsa düzəldilməlidir. Hamı bu sözləri alqışladı. Təəssüf ki, məsələ hələ də öz həllini tapmayıb.
- Siz bu gizlinlərdən, həqiqətlərdən yazarkən nəyə, hansı mənbələrə əsaslanırsınız?
- Birincisi, bu məsələlərlə əlaqədar xaricdəki sovetşünasların yazdıqları ilə zaman-zaman tanış olmuşam. İkincisi, mənim Moskvada və başqa şəhərlərdə müstəqil alim, jurnalist dostlarım, tanışlarım var. Bir çox faktları onlardan öyrənirəm. Onlar həmişə mənə kömək edirlər. O ki qaldı məxfi sənədlərə, hələ də çoxdur, vaxtı çatanda hamısı açıqlanıb, xalqa çatdırılacaq. Həmişə tarixi sənədlərə, faktlara, görüşlərə, xatirələrə əsaslanıram. Tarixi heç kim dəyişib, pozub, məhv edə bilməz. Aradan 100 illər də keçsə, o həqiqət dikəlib öz yerini tapacaq. Tarix dövlətin, millətin güzgüsü, dünəni, bugünü, sabahıdır. Arxivlərdə saxlanan sənədlər ən güclü silahdır, həqiqətdir.
50 ildən bəri çox yüksək vəzifəli partiya, dövlət xidmətləri ilə, alimlərlə, qocaman kommunistlərlə, hələ Stalin dövründə siyasi büro üzvləri olmuş adamlarla, hərbçilərlə, o cümlədən Sovet İttifaqı marşallarından Jukovla, Timoşenko ilə, Axromeyevlə, Yeryomenko ilə, Baqramyanla, Belovla, bir çox görkəmli generallarla Moskvada, Kiyevdə, Xarkovda, Stalinqradda, Odessada görüşlərim olub. Moskvada indi də çoxsaylı dostlarım var, onlarla əməkdaşlığımı davam etdirirəm.
- Siz ermənilərin ümummilli lider Heydər Əliyevi Kremldən uzaqlaşdırmaq üçün hansı oyunlardan çıxması barədə də bir çox faktları aşkarlamısınız.
- M.Qorbaçov sovet rəhbəri olar-olmaz ermənilər Qarabağ məsələsi ilə bağlı fəallaşdılar, məkrli tədbirlər planı ortaya qoydular. Onlar həm ittifaq daxilində, həm də xarici ölkələrdə bizim milləti nüfuzdan salmaq üçün ən çirkin, yaramaz yollara əl atırdılar. Onlar bilirdilər ki, Heydər Əliyev Kremldə olsa, Qarabağ məsələsini başlaya bilməyəcəklər. 1988-ci ildə erməni katalikosu II Vazgen Yerevanda Teatr meydanında həyasızlıqda demişdi ki, Heydər Əliyev meydanda yoxdur. Biz bu günü illərlə gözləmişik. Gecikmək və dayanmaq olmaz, indi ermənilərin zəmanəsi başlayıb.
Yeri gəlmişkən bir məsələni də qeyd edim. Əgər Y.Andropov 2-3 ay da yaşasaydı, Heydər Əliyev Nikolay Tixonovun yerinə SSRİ Nazirlər Sovetinin sədri vəzifəsinə keçməli idi. Mən bunu tam əminliklə deyirəm. Təəssüf ki, biz hər yerdə ermənilərin qarşısını kəsməmişik. Ümumiyyətlə, biz bir çox məsələdə laqeyd olmuşuq. Buna görə də zaman-zaman görkəmli şəxsiyyətlərimizi, torpaqlarımızı itirmişik.
Moskvanın da bizə münasibəti fərqli olub. Bildiyimiz kimi, daşnak partiyası əvvəldən millətçi, terrorçu partiyadır. Onun üzvləri minlərlə azərbaycanlını qanına qəltan edib, vəhşicəsinə süngüdən keçirib, şərləyib, məhv ediblər. Müsavat partiyasının məqsədi isə siyasi yolla, dinc mübarizə aparmaqla Azərbaycan Respublikasını yaratmaq olub. Onlar terrora, sui-qəsdə əl atmayıblar. Mən bu iki partiyanın iki üzvündən danışmaq istəyirəm. Bunlardan biri marşal İvan Baqramyan, o birisi isə general Cəmşid Naxçıvanskidir.
Baqramyan 1918-1921-ci illərdə daşnak ordusunda, Naxçıvanski isə az müddət milli ordumuzda xidmət edib. Sonralar onların hər ikisi sovet ordusunda xidmətlərini davam etdiriblər. Naxçıvanski çox təmiz, bacarıqlı hərbi mütəxəssis idi. Talenin işinə bax ki, bunların hər ikisi Moskvada hərbi akademiyada bir qrupda oxuyub. 1937-ci ildə akademiyanın rəisinə sərəncam gəlir. Orada göstərilir: Baqramyan daşnak, Naxçıvanski isə müsavat ordusunda xidmət etdiyinə görə akademiyadan xaric olunub, həbs edilsinlər. Əslində, heç bir günahı olmayan Cəmşid Naxçıvanski akademiyadan xaric edilib, 1938-ci ildə isə güllələnib.
Bəs terrorçu daşnak ordusunda xidmət edən Baqramyan necə? O, hər gün öz həbsini gözləsə də ona gözün üstə qaşın var deyən də olmadı və akademiyada təhsilini davam etdirdi. Çox əfsus ki, o zaman bizim millətdən Naxçıvanskini heç kim müdafiə etmədi, onun da taleyinə laqeyd qaldılar. Xalqına, Vətəninə vicdanla qulluq edən Naxçıvanski də bizim minlərlə günahsız qurbanlardan biri oldu. Amma Baqramyanı müdafiə edib, qoruyub, saxlayan tapıldı.
Bizim bəzi tarixçilər, siyasətçilər, jurnalistlər nədənsə laqeyd olublar. Yoxsa, necə olur ki, ermənilər zaman-zaman üstümüzə yeriyir, biz isə həmişə gecikirik, uduzuruq? Götürək, 1905-1907-ci, 1918-1920-ci, 1946-1953-cü illərdə baş verənləri. Bunların heç birindən vaxtında lazımi nəticə çıxarmadıq, bunlar bizə dərs olmadı. Axırda da ermənilər bütün Qarabağı zəbt etdilər.
- Dediniz ki, siz Heydər Əliyevin Moskva dövrü fəaliyyəti ilə bağlı bir sıra məqamları da araşdırmısınız, sənədləri, xatirələri toplamısınız.
- Moskvada, Rusiyada Heydər Əliyev əfsanəvi şəxsiyyət kimi tanınır. Rusiya mətbuatında Heydər Əliyev haqqında çox yazılıb, çox deyilib. Söz yox, həmin müəlliflər böyük zəhmət çəkib, dəyərli iş görüblər. Amma bunları və mən açıqlamaq istədiyim faktları, təəssüf ki, geniş oxucu dairəsi bilmir.
Heydər Əliyev Kremldə yüksək hörmət və mövqe sahibi olub. Mən onun haqqında uzun illər hələ heç kimə məlum olmayan, heç yerdə dərc edilməyən xeyli fakt toplamağa nail olmuşam.
Ümumiyyətlə, Azərbaycan tarixində bizim millətdən heç kim Heydər Əliyev qalxan zirvəyə yüksəlməyib. Heydər Əliyev hələ 1978-ci ildə Moskvaya getməli idi. Onu Y.Andropov çox yüksək qiymətləndirirdi. Odur ki, 1979-cu ildə ona Moskvada mənzil də vermişdi. O, bilirdi ki, Heydər Əliyev nadir siyasətçi, partiya-dövlət xadimi kimi gələcəkdə sovet dövlətinə lazım olacaq. Y.Andropov 1982-ci ildə Baş katib olan kimi Heydər Əliyevi Moskvaya apardı.
Heydər Əliyev ilk günlərdən Kremldəki həmkarlarından özünün işgüzarlığı, savadı, xarici və daxili mədəniyyəti, dünyagörüşü ilə kəskin fərqlənirdi. Hörməti isə günü-gündən artırdı. Ona Moskva sakinləri, alimlər, incəsənət xadimləri, yüksək dairələr dərin hörmət və ehtiram bəsləyirdilər. O, Y.Andropovun ən yaxın məsləhətçisi idi. Baş katib ona etibar etdiyi kimi heç kimə inanmırdı. Əlbəttə, belə vəziyyət nə M.Qorbaçovu, nə də onun ətrafındakı erməniləri qane edə bilərdi. Xaricdə o vaxt yazırdılar ki, indi Kremldə ən parlaq lider Heydər Əliyevdir.
Y.Andropovdan sonra Moskvada və xaricdə Baş katib vəzifəsinə Heydər Əliyev və Q.Romanovun adları çəkilirdi. Əlbəttə, Heydər Əliyev türk-müsəlman mənsubiyyətinə görə Baş katib ola bilməzdi, bunu o özü də bilirdi. Bu halda M.Qorbaçovla Q.Romanov arasında qızğın mübarizə başladı. M.Qorbaçov Heydər Əliyevi də, Qriqori Romanovu da sevmirdi. Onların hər ikisi M.Qorbaçovdan çox-çox işgüzar, savadlı, təmiz, xalq arasında yüksək hörməti olan partiya və dövlət xadimi kimi tanınırdı. M.Qorbaçov Baş katib olandan sonra onların hər ikisini Kremldən uzaqlaşdırmağa çalışdı. Əvvəlcə Q.Romanovu Siyasi Bürodan və tutduğu yüksək vəzifədən kənarlaşdırdı. İndi Kremldə onun bir rəqibi qalmışdı. O da Heydər Əliyev idi. Onu da siyasi bürodan və hökumətdə tutduğu yüksək vəzifədən uzaqlaşdıra bildi.
Y.Andropovdan sonra M.Qorbaçov və onun erməni dəstəsi Heydər Əliyevi hər vasitə ilə hədəfə aldılar. Ermənilər Heydər Əliyev barədə Siyasi Büroya, Baş katibə saxta məktublar, məlumatlar çatdırmağa başladılar. Çox əfsus ki, o zaman düşmənlər Heydər Əliyevi Kremldə təkləyəndə respublikamızdan da bəzi adamlar onun ünvanına saxta sənədlər, məktublar hazırlayıb Moskvaya göndərirdilər. M.Qorbaçov da bundan bacarıqla istifadə edirdi. Bu işdə ermənilər daha fəal idilər.
Qorbaçov hələ Stavropol vilayətində rəhbər olanda ermənilər onu ələ almışdılar. O ermənilər ki, Tiblisidən qaçıb Qorbaçovun xanımı Raisanın köməkliyi ilə orda gizli qızıl sexləri açıb işlədirdilər. O dövrdə E.Şevardnadzenin M.Qorbaçovla bu barədə çox ciddi telefon danışıqları olmuşdu. E.Şevardnadze Stavropolda gizlənən cinayətkarları Gürcüstana qaytarmağı tələb edəndə M.Qorbaçov ona çox kobud cavab vermişdi. Mən bir neçə il bundan öncə sizin qəzetdə M.Qorbaçovun kimliyi, hansı yollarla hakimiyyətə gəldiyi barədə oxuculara çox geniş məlumat vermişdim.
Sovet dövrünün axırlarında Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilməsi ilə bağlı SSRİ Müdafiə Nazirliyinin baş qərargah rəisi, marşal Axromeyevin qəbulunda idim. Söhbətimizin sonunda o mənə dedi: "İndi mən sizin millətə təəccüb edirəm. Millətinizin nümayəndəsi Heydər Əliyevlə siz gərək fəxr edəsiniz. Onun adını, şərəfini qoruyub ucaltmaq əvəzinə, siz onun əleyhinə işləyirsiniz. Bunu necə başa düşmək olar?"
Gəlin açıq danışaq, Heydər Əliyevin o vaxt ağır xəstələnməsində, ümumiyyətlə, dünyasını tez dəyişməsində biz azərbaycanlıların da günahı az deyil. Heydər Əliyev çox sağlam adam idi. Mən birinci dəfə onunla 1967-ci ildə görüşmüşəm. Onda biz "Milis tarixi" adlı film üzərində çalışırdıq. Sonralar tədqiqat işlərimlə əlaqədar Moskvada, Bakıda və başqa şəhərlərdə də görüşümüz olmuşdu. Belə sağlam insan daha çox yaşaya bilərdi.
Siyasi Bürodan uzaqlaşdırılandan sonra ona hər vasitə ilə böhtan atıb günahlandırırdılar. Bir tərəfdən M.Qorbaçov və onun adamları, bir tərəfdən ermənilər, bir tərəfdən də Azərbaycan rəhbərliyi. O, bunlara dözürdü, amma ürək dözmürdü. O adamlar fikirləşmirdilər ki, bu insan xalqın ən böyük oğlu, şəriksiz lideri Heydər Əliyevdir.
Burada bir hadisəni qeyd etmək də yerinə düşərdi. 1937-ci ildə Stalin Mikoyanı çağırıb deyir: "Anastas, Ermənistanda sənin yerlilərin sovet hökumətinə, partiyamıza qarşı gizli qruplar yaradırlar. Sən bir nəfər də götür, get Yerevana düşmənlərdən partiyamızı təmizlə". Mikoyan da öz növbəsində Malenkovu götürüb gedir Yerevana. Beş gün ərzində Mikoyan təkcə Yerevanda 100-dən çox partiya, dövlət xadimlərini, görkəmli ziyalıları güllələtdirdi. Ermənistanda 1000 nəfərdən çox insan həbs edildi, partiyadan qovuldu, güllələndi. Bu məsələ ilə bağlı ermənilər bir dəfə də olsa danışmadılar. Belə bir böyük faciəni Mikoyana irad tutmadılar. Əksinə, bütün sovet dövründə, indinin özündə də Mikoyanın hörmətini, xidmətlərini ucaltmağa çalışırlar.
- Gec də olsa xalqımız haqqa sahib çıxır, ədalətsizliyi aradan qaldırır.
- Heydər Əliyevin ümummilli lider olaraq xalqımız qarşısında xidmətləri böyükdür. Xalqımız bunu yaxşı bilir. Ən əsası, ulu öndər 1993-cü ilin yayında xalqın tələbi ilə hakimiyətə qayıdıb Azərbaycanın parçalanmasının, vətəndaş müharibəsinin qarşısını aldı. Respublikada hərc-mərcliyə son qoydu. Bu dahi siyasətçi dağılmaqda olan Azərbaycanı müstəqil dövlətə çevirib möhkəmləndirdi. Bu qüdrətli dövlət xadimi Azərbaycanı bütün dünyada tanıdıb şan-şöhrətini ucaltdı. Bu, danılmaz tarixi bir faktdır. Ulu öndərin xidmətləri 50 ildən, 100 ildən sonra daha aydın görünəcək. Onun adı Azərbaycan var olduqca yaşayacaq.
Bütün bunlardan başqa, sonda bildirmək istəyirəm ki, ulu öndərin hələ heç kimə məlum olmayan bir xidməti də var. Bu məsələni Moskvada Lefortovo rayonunda təsadüfi bir görüş zamanı mənə söylədilər. Bu, Musa peyğəmbərin qədim zamanlarda öz xalqına göstərdiyi xidmətə bənzəyir. Heydər Əliyev də onun kimi, həqiqətən, xalqımızı məhv olmaqdan xilas etdi. Hazırda bu mövzu üzərində çalışıram.
Mən tədqiqat işlərimlə, ictimai fəaliyyətimlə ölkəmizdə və həm də onun hüdudlarından uzaqlarda Vətənimin, millətimin adını ucaltmağa çalışmışam. Əgər bu sahədə az da olsa xidmətim varsa, bununla fəxr edirəm.
- Maraqlı müsahibəyə görə sağ olun.

{nl}

Söhbəti hazırladı: Tahir AYDINOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında