"Səsvermədə iştirak hər kəsin vətəndaşlıq borcudur"

Böyük Vətən müharibəsi iştirakçısı, II qrup əlil, "SSRİ maarif əlaçısı" Mirzəxan Hüseynovun 91 yaşı var. O, ömrünü, demək olar ki, bütünlüklə pedaqoji işə həsr edib. 54 il məktəb direktoru işləyib. Qabaqcıl maarif xadimidir. Pedaqoji sahədə  fəaliyyətdə olduğu vaxtlarda – elə indi də – bir amalı olub: xalqını , Vətənini sevmək və ölkəmizin adının daha uca zirvələrdən eşidilməsi.

Bu günlərdə Mirzəxan Hüseynovla görüşüb söhbətləşdik. Xatirələr onu yenə də  keçmişə apardı. Sonra ölkəmizin müstəqilik illərindən danışdı və "Nə yaxşı ki, xalq Heydər Əliyevi, o böyük şəxsiyyəti vaxtında ölkə rəhbərliyinə dəvət etdi, yoxsa, indi kim bilir, Azərbaycan neçə hissəyə parçalanmışdı".

Onunla görüşümüz respublikamızın böyük siyasi kampaniyaya, ümumxalq səsverməsinə (referenduma) ciddi hazırlaşdığı dövrə təsadüf etdiyindən söhbətimizə də bu mövzudan başladıq.

-  Mirzəxan müəllim, siz dünya görmüş ziyalılardansınız. İstərdik ki, "Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında" Prezident sərəncamı əsasında keçirilən referenduma münasibətinizi bilək.

-  Bilirsiniz, hər hansı qanuna və ya Konstitusiyaya əlavə və dəyişiklik edilməsi zərurəti ölkənin inkişafından, beynəlxalq aləmdə əlaqələrinin genişlənməsindən, reytinqinin artmasından irəli gəlir. Ona görə də qanunlara əlavə və dəyişikliklər edilməsi zəruri haldır. Demək, ölkəmiz inkişaf edir, dünya birliyinə inteqrasiya olunur, inkişaf etmiş dövlətlərlə əməkdaşlığını genişləndirir. Ona görə də qanunlara dəyişiklik etmək, yeni aləmə uyğunlaşdırmaq zərurəti yaranır. Bütün ölkələrdə belə hallar baş verir. Bu vaxta qədər Konstitusiyaya iki dəfə əlavə və dəyişiklik edilib. Bu, ölkəmizin nüfuzunu daha da artırıb.

-  Söhbət ölkəmizin dünya birliyində reytinqinin artmasından  düşmüşkən, bu barədə bir qədər ətraflı məlumat verməyinizi xahiş edərdik.

-  Azərbaycanın dövlət müstəqilliyini yeni bərpa etdiyi vaxtı gözlərimiz önünə gətirək. O vaxt ölkədə  hərc-mərclik, özbaşınalıq, mənəm-mənəmlik yaranmışdı, heç kim qorxusundan evdən çıxa bilmirdi. Dövlət idarəçiliyindən bixəbər olanların respublikaya rəhbərliyi Azərbaycanı parçalanma həddinə çatdırmışdı. Beynəlxalq aləmdən tamamilə təcrid olunmuşduq. Ölkəyə rəhbərlik edən savadsızlar, hətta, 9 May Qələbə Gününü ləğv edərək deyirdilər ki, bu, rusların bayramıdır. Daha  dərk edə bilmirdilər ki, biz Vətənimizi faşistlərdən qorumuşuq. On minlərlə azərbaycanlı qəhrəmanlıq göstərərək bu yolda canını qurban vermişdir. O məsələ qaldırılanda mən bir müharibə veteranı, əlil kimi özümü təhqir olunmuş hesab etdim. Nə yaxşı ki, xalq son anda müdrik şəxsiyyət olan Heydər Əliyevə müraciət etdi. O da xalqın xahişini yerə salmadı və Azərbaycana gəlib xalqı, milləti, Vətəni düçar olduğu ağır bəladan xilas etdi. Azərbaycanın müstəqilliyi davamlı oldu, beynəlxalq aləmdə nüfuzu getdikcə artdı. Onun siyasi kursunu, yarımıçıq qalmış ideyalarını yalnız Heydər Əliyev siyasi məktəbinin ən layiqli nümayəndəsi İlham Əliyev davam etdirə bilərdi. Xalq onu Prezident seçməkdə yanılmadı. İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz daha sürətlə inkişaf etdi, regionlarda yeni fabriklər, zavodlar tikildi, əhalinin həyat tərzi tamamilə yaxşılaşdı. Müharibə veteranlarına, Qarabağ döyüşlərində əlil olanlara, şəhid ailələrinə pulsuz ev, maşın, torpaq sahəsi, yüksək pensiya  verilir. Heç bir ölkədə belə bir imtiyazlar yoxdur. Ölkəmiz indi dünyada söz sahibinə çevrilib. Respublikamız BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib, bu nüfuzlu quruma iki dəfə sədrlik edib. Son illər ən nüfuzlu qurumlar öz tədbirlərini Azərbaycanda keçirirlər. Əlbəttə, bütün bunlar təsadüfi deyil. Prezident İlham Əliyevin düşünülmüş strategiyasının uğurlu nəticəsidir.

- Son vaxtlar bəzi qruplar xarici  himayədarlarının təkidi ilə yenidən ölkədə aranı qarışdırmağa, əhalini ümumxalq səsverməsində iştirak etməməyə çağırır. Bir ağsaqqal kimi belələrinə tövsiyənizi bilmək istərdik.

- İnsanları səsverməyə gəlməməyə çağıranlar Vətənini, xalqını, millətini sevməyənlərdir. Səvermədə iştirak etmək hər kəsin vətəndaşlıq borcudur. Kimsə kimsənin səsvermə hüququnu əlindən ala bilməz. Bu gün həmin çağrışları səsləndirənlər bir vaxtlar ölkəyə rəhbərlik də etdilər. Görünür, dişlərində hələ də şirə qalıb. Onlar hakimiyyətdə olduqları vaxtı xatırlayıb utanmaq, xəcalət çəkmək əvəzinə, xalqa müraciət də edirlər? Hansı üzlə? Müstəqilliyimizi məhvə aparan həmin adamlar, görünür, Azərbaycanın inkişafını, reytiniqinin yüksəlməsini istəməyənlərdir. Mən referendum aktı layihəsi ilə yaxından tanış olmuşam. Dünyanın bir sıra ölkələrində prezidentlik müddəti 7 ildir. Biz hələ indi buna nail olmaq istəyirik. Digər tərəfdən, gənclərimizə erkən yaşda həm seçmək, həm də seçilmək hüququ verilir. Ölkədə yeni vitse-prezidentlik institutu yaradılır. Bunların nəyi pisdir? Bu, inkişaf, tərəqqi, yenilikdir. Xalqı pis yollara dəvət edənlər istəyirlər ki, ölkəmiz müstəqilliyin ilk illərində düşdüyü vəziyyətə qayıtsın. Bu, mümkün deyil. Mən bütün gəncləri, seçiciləri ümumxalq səsverməsində (referendumda) fəal iştirak etməyə  çağırıram. Kimlərinsə təhriki ilə yenidən ortalığa atılıb mitinq etmək istəyənlərə, bağıra-bağıra, ağzı köpüklənə-köpüklənə danışanlara fikir verməyin. Onlar haqlarını alıb kimlərinsə sifarişlərini yerinə yetirirlər. Referendum başa çatan kimi yenə də öz qınlarına çəkiləcəklər.

İnanıram ki, ötən seçkilərdə olduğu kimi, ümumxalq səsverməsində də hamı seçki məntəqələrinə gələcək, Azərbaycanın gələcək inkişafında çox mühüm rol oynayacaq  Konstitusiyaya əlavə və dəyişikliklərə səs verəcək. Bu, həm də hər birimizin gələcəyidir.

Müsahibəni qələmə aldı:
Əliqismət BƏDƏLOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında