Ümummilli liderimiz Heydər Əliyevin gərgin səyləri ilə "Əsrin müqaviləsi"nin reallaşması təkcə respublikamız üçün deyil, Qərbin aparıcı dövlətləri, habelə Cənubi Qafqaz və Orta Asiya regionu ölkələri üçün strateji əhəmiyyət daşıyır. Saziş regionda qlobal layihələrin gerçəkləşməsinə yol açmış, xarici dövlətlərin Azərbaycanla bütün sahələrdə genişmiqyaslı əməkdaşlığa marağını artırmış, beynəlxalq maliyyə qurumları ilə münasibətlərdə keyfiyyətcə yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Azərbaycanın dinamik inkişaf edən, güclü və nüfuzlu ölkəyə çevrilməsində müstəsna rol oynayan bu strateji kurs müstəqil dövlətimizin iqtisadi-siyasi qüdrətinin artmasını, beynəlxalq birliyə inteqrasiyasının sürətlənməsini, xalqımızın rifahının durmadan yüksəlməsini təmin edır. Bu gün Azərbaycanın beynəlxalq aləmdə qazandığı uğurlar bu müdrik, uzaqgörən siyasətin uğurlu nəticəsidir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev müxbirimizin bu barədə suallarını cavablandırır.
– Peşə bayramınızı təbrik edirik. Dünya enerji sektorunda layiqli yer tutan ARDNŞ-in uğurları hamımızı sevindirir. Bu gün dünyada SOCAR adı ilə tanınan bu şirkət xarici aləmdə ölkəmiz barədə yüksək təsəvvür yaradır, Azərbaycanın güc və qüdrətinin timsalına çevrilir...
– Bu, həqiqətən belədir. Güclü, modern, çevik və rəqabətədavamlı beynəlxalq qurum kimi fəaliyyətini durmadan genişləndirən SOCAR hazırda böyük enerji və biznes imkanları olan beynəlxalq şirkətlər sırasına daxil olaraq dünya enerji sektorunda özünə layiqli yer tutur. Uğurlu marketinq və koordinasiya işinin nəticəsidir ki, şirkət dünyada baş verən qlobal maliyyə-iqtisadi böhranın nəticələrini müvəffəqiyyətlə dəf edərək, xarici ölkələrdə həyata keçirilən layihələrdə ciddi irəliləyişə nail olur. SOCAR-ın təsisçiliyi ilə fəaliyyətləri neft və qaz sənayesinin, demək olar ki, bütün sahələrini əhatə edən 36 birgə müəssisə, 6 alyans, xarici ölkələrdə törəmə şirkət və nümayəndəliklər yaradılmışdır. SOCAR və onun törəmə şirkətləri 15 ölkəni təmsil edən 23 şirkətlə imzalanmış 17 hasilatın pay bölgüsü sazişlərinin (HPBS) iştirakçısıdır. Bu sazişlərin podratçıları 1995-2016-cı illərdə (bu ilin birinci rübünün sonuna) Azərbaycan Respublikasının neft-qaz sektoruna, ümumilikdə, təxminən, 68,2 milyard ABŞ dolları məbləğində sərmayə qoymuşdur.
– Azərbaycanın neft-qaz sektorunda fəaliyyət göstərən hasilatın pay bölgüsü sazişləri haqqında, buradakı layihələr haqqında bir az geniş danışmağınızı istərdik.
– Bu layihələrin ən böyüyü “Azəri-Çıraq-Günəşli” yataqlarını əhatə edir və buradakı nəhəng karbohidrogen ehtiyatlarının işlənməsi məqsədilə yaradılmışdır. Tərkibinə dünyanın bp, "Statoyl", "Chevron", "Exxon Mobil" kimi iri neft şirkətləri daxildir. Bu layihə Azərbaycan iqtisadiyyatında çox mühüm rol oynayır. Layihə iştirakçılarının 2016-cı ilin birinci rübünün sonuna Azərbaycanın neft-qaz sektoruna yatırdıqları ümumi sərmayə, təxminən, 40,6 milyard ABŞ dolları təşkil etmişdir.
İkinci layihə “Şahdəniz”dir və hal-hazırda, bu yataqda təbii qaz və kondensat hasilatı artan templə yüksəlir. Bu layihədə ən böyük sərmayəçilər bp, TPAO, "Petronas" və SOCAR-ın ortaq neft şirkətləridir. Onların digər iştirakçılarla birlikdə bu layihəyə qoyduqları sərmayələrin ümumi həcmi 2016-cı ilin birinci rübünün sonuna, təxminən, 21 milyard ABŞ dolları təşkil etmişdir.
“Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi SOCAR-ın cəlbedici Avropa bazarlarına çıxışı üçün daha bir imkandır. Yekun investisiya qərarına əsasən, Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, Türkiyə ərazisindən keçən Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) və Yunanıstan, Albaniya ərazisindən keçərək İtaliyaya uzanan Transadriatik Boru Kəmərinin (TAP) tikintisi ilə bağlı planlar gerçəkləşəcəkdir. Bu layihələr, eyni zamanda, Azərbaycan qazını Bolqarıstana ötürəcək infrastruktur və Avropaya yeni bir “Cənub” qaz dəhlizi açacaqdır.
Azərbaycanın neft-qaz sektorunda fəaliyyət göstərən digər yataqlar üzrə də HPBS-lər mövcuddur və bu layihələrdə də Azərbaycanın neft-qaz sektoruna müvafiq həcmdə sərmayələr qoyulmuşdur. Hazırda karbohidrogen hasilatının sabit olması və artırılması istiqamətində geniş tədbirlər həyata keçirilir.
– Bu gün dünyada ən iri neft-qaz şirkətləri sırasında olan SOCAR təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində də fəaliyyət göstərir. Bəlkə, bu gerçəyi əks etdirən xəritəyə diqqət edək...
– Bəli, bu gün dünyada ən iri neft-qaz şirkətləri sırasında olan SOCAR təkcə Azərbaycanda deyil, dünyanın ən müxtəlif ölkələrində də fəaliyyət göstərir. Şirkətimiz Türkiyə, Gürcüstan, İsveçrə, Ukrayna, Rumıniya və Rusiya kimi ölkələrlə yanaşı, Yaxın və Uzaq Şərq ölkələrində də layihələr həyata keçirir. Bir az da bəlağətli desək, indi bütün dünyanın tanıdığı və qəbul etdiyi şirkətlər sırasındayıq və iş qurduğumuz bütün ərazilərdə köklü irəliləyişlərə nail olmuşuq, bütün sahələrdə fəaliyyətimizi genişləndirməkdəyik.
- Bildiyimizə görə, bu sırada Türkiyədəki layihələr daha genişmiqyaslıdır və Azərbaycan qardaş ölkədə ən böyük investorlardan hesab edilir.
-Beynəlxalq portfelimizdə, doğrudan da, ən böyük yeri Türkiyədəki layihələrimiz tutur. SOCAR-ın məqsədi regionun əsas tranzit qovşağı olan Türkiyədə tam inteqrasiya olunmuş neft və qaz şirkəti quraraq, ölkəmizin strateji mövqeyini və bazar potensialını ən yaxşı şəkildə dəyərləndirməkdir. Bu layihələri SOCAR-ın törəmə şirkəti olan "SOCAR Turkey Enerji A.Ş." həyata keçirir.
SOCAR-ın Türkiyədəki sərmayələri qardaşlıq mühitində inkişaf edən ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə kömək edir. Azərbaycan tərəfinin təşəbbüsü ilə Türkiyənin neft-qaz sektorunda həyata keçirilən layihələrə qoyulan sərmayələrin həcmi 5 milyard ABŞ dolları səviyyəsini aşmışdır. Hazırda bizim Türkiyədəki biznesimiz dünya maliyyə institutları tərəfindən 10 milyard ABŞ dolları səviyyəsində qiymətləndirilir. Bunun sübutu kimi, 2015-ci ildə dünyanın ən iri investisiya qurumları olan "Goldman Sachs" və "JP Morgan" tərəfindən təşkil olunan əqdin çərçivəsində, "Goldman Sachs" 1,3 milyard ABŞ dollarına "SOCAR Turkey Enerji A.Ş."da 13 faiz pay əldə etmişdir. Bu da "SOCAR Turkey Enerji A.Ş."-ın həyata keçirdiyi layihələrin iqtisadi əhəmiyyətinin mühüm göstəricisidir.
– Türkiyə neft-kimya sənayesinin, türklər demiş, "devi" və neft-kimya sektorunun yeganə istehsalçısı "Petkim" SOCAR-ın ən böyük xarici sərmayələri sırasındadır...
– SOCAR-ın ən böyük xarici aktivi və Türkiyə neft-kimya sektorunun yeganə istehsalçısı, "Petkim Petrokimya Holding A.Ş."nin 51 faizlik səhm paketi 2008-ci ildən "SOCAR Turkey Enerji A.Ş."a məxsusdur. SOCAR-ın "Petkim"də həyata keçirilən layihələr və davam etdirdiyi investisiyalar hesabına müəssisənin Türkiyə neft-kimya məhsulları bazarındakı payı artaraq 40 faizi üstələyəcəkdir.
– Bildiyimizə görə, bu bölgədə SOCAR-ın fəaliyyəti təkcə "Petkim"lə məhdudlaşmır.
– "Petkim"də həyata keçirilən layihələrlə yanaşı, "Value-Site 2023" konsepsiyası çərçivəsində illik 10 milyon tonluq xam neftin emalı potensialına və 5,6 milyard ABŞ dolları investisiya dəyərinə malik olan STAR neft emalı zavodu, 1,5 milyon TEU həcmində konteyner terminalı, alternativ enerji mənbəyi olan Külək Enerji Stansiyası və digər layihələr daxildir. Petkim yarımadasındakı layihələri gerçəkləşdirməkdən ötrü Türkiyə dövləti "Petkim" ərazisinə "özəl təhlükəsizlik sahəsi" və "Özəl layihə sahəsi" statuslarını vermişdir.
2012-ci ildə STAR neft emalı zavodunun tikintisi üçün dünyanın qabaqcıl podratçı şirkətlərindən təkliflər alınmış, EPC (mühəndislik, satınalma, inşaat) kontraktoru seçilmiş və hazırda bu nəhəng və öz texniki mürəkkəbliyi ilə seçilən layihədə tikinti işlərinin 48 faizi, ümumi işlərin (mühəndislik və satınalma daxil) isə 75 faizi tamamlanmışdır. Layihə üzrə zavoda, təqribən, 3,2 milyard ABŞ dolları sərmayə yatırılmışdır. Zavodun 2018-ci ildə istismara verilməsi planlaşdırılır. Layihənin böyük əhəmiyyətini nəzərə alaraq, Türkiyə hökuməti STAR layihəsinə Türkiyə Respublikası tarixində ilk dəfə olaraq "Strateji investisiyanın təşviqi sertifikatı" vermişdir.
STAR neft emalı zavodunda illik 10 milyon ton xam neftdən istifadə edilməklə həm "Petkim"in yüngül və ağır nafta üzrə xammal ehtiyacı təmin ediləcək, həm də hazırda Türkiyəyə idxal olunan bir sıra məhsullar, o cümlədən ultra aşağı kükürdlü dizel, maye qaz, aviasiya yanacağı, ksilollar kimi digər neft məhsulları emal edilərək, Türkiyədə yerli tələbatı ödəyəcəkdir. Qeyd etmək lazımdır ki, STAR neft emalı zavodunun layihəsi Türkiyədə özəl sektor tərəfindən həyata keçirilən ilk neft emalı layihəsi olmaqla yanaşı, son 30 ildən bəri reallaşdırılan ən böyük özəl sektor layihəsidir.
"SOCAR Turkey Enerji A.Ş."ın Petkim yarımadası üçün müəyyənləşdirdiyi "Value-Site 2023" konsepsiyasının ən önəmli addımlarından birinin – Petkim Konteyner Limanının (Petlim) rəsmi imzalanma mərasimi 2013-cü ildə keçirilmişdir. 2014-cü ildə Goldman "Sachs" layihədəki 30 faiz payı (250 milyon ABŞ dolları məbləğində) "Petkim" şirkətindən almışdır ki, bu da layihənin əhəmiyyətinin bir göstəricisidir. "Petlim" layihəsi çərçivəsində də işlər qrafik üzrə aparılır. Limanın ilk mərhələsi 2016-cı ilin aprel ayında yekunlaşmış və əməliyyatların aparılması üçün dünya miqyaslı lider mövqeyə sahib olan "APM Terminals" şirkətinə təhvil verilmişdir. Limanın tam olaraq istismara verilməsi cari ilin dördüncü rübünə planlaşdırılır. Bu liman Egey bölgəsində ən böyük, Türkiyənin isə üçüncü ən böyük konteyner limanı olacaqdır.
– Azərbaycan və Türkiyə arasında enerji sahəsindəki əməkdaşlığın daha bir nəhəng göstəricisi, demək olar ki, indi bütün dünyanın danışdığı və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında önəmli yer tutan Trans Anadolu Təbii Qaz Boru Xətti (TANAP) layihəsidir.
– Azərbaycanın “Şahdəniz-2” sahəsindən hasil ediləcək təbii qazı 1850 kilometrlik bir xətt boyunca Türkiyənin 20 vilayətindən keçirib Avropaya nəql edəcək və “Cənub” qaz dəhlizinin ən mühüm tərkib hissəsini təşkil edən bu meqa layihə Türkiyənin qardaş dövlət tərəfindən enerji ilə təmin olunmasına, Ankaranın “Şərq-Qərb” enerji dəhlizində güclü söz sahibinə çevrilməsinə, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mövqeyinin möhkəmlənməsinə xidmət edəcəkdir. 17 mart 2015-ci il tarixində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri tərəfindən təməli qoyulan TANAP layihəsi ilə 2018-ci ildə ilk təbii qaz axını planlaşdırılır. Başlanğıcda illik 16 milyard kubmetr olaraq planlanan daşıma həcminin əvvəlcə 24 milyard kubmetrə və ardınca 31 milyard kubmetrə çatdırılması hədəflənir. TANAP bugünədək dünya miqyasında gerçəkləşdirilən ən böyük diametr və uzunluğa sahib olan təbii qaz boru xətti layihələrindən biri olacaqdır.
- Yeri gəlmişkən, bir sualımızı da cavablandırın: Türkiyədə baş verən 15 iyul hadisələri SOCAR-ın işlərinə necə təsir etdi? Bu, həm də vaxtilə gündəmi zəbt edən bəzi şayiələrə də cavab olardı...
-Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişi cəhdindən dərhal sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərliyi qardaş ölkəyə dəstəyini ifadə edib. Bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev və "SOCAR Turkey Enerji A.Ş."nin rəhbərliyi dəfələrlə məlumat veriblər. Onlar SOCAR-ın investisiya layihələrinin qrafikə uyğun şəkildə icra olunduğu və bütün layihələrin əvvəlcədən planlaşdırıldığı kimi, normal qaydada həyata keçirildiyini bildiriblər.
SOCAR-ın Türkiyədə həyata keçirdiyi ümumi dəyəri 18 milyard dollardan çox, arasında Avropanın enerji ehtiyacını qarşılayacaq sərmayələrin də olduğu layihələr tərəddüdsüz və fasiləsiz, bütün sürəti ilə davam etdirilməkdədir. Türkiyə Respublikasının dövlət və hökumət rəhbərləri, o cümlədən enerji və təbii sərvətlər naziri Barat Albayrak, iqtisadiyyat naziri Nihat Zeybekçi SOCAR-ın Türkiyədə ən iri investorlardan biri olduğunu, şirkətin fəaliyyətinin Türkiyə hökuməti tərəfindən tam dəstəkləndiyini dəfələrlə qeyd ediblər.
– SOCAR-ın ölkə xaricindəki digər layihələri haqqında nə deyərdiniz?
– Söhbətimizin əvvəlində qeyd etdiyim kimi, SOCAR təkcə Azərbaycanda deyil, dünyanın ən müxtəlif ölkələrində də fəaliyyət göstərir. Gürcüstandakı fəaliyyətimizi "SOCAR Energy Georgia" MMC şirkəti həyata keçirir. Gürcüstanın ən böyük vergi ödəyicisi olan"SOCAR Energy Georgia" bu ölkədə neft məhsullarının və təbii qazın topdan və pərakəndə satışı ilə məşğuldur. Hazırda, Tbilisi şəhəri istisna olmaqla, bütün Gürcüstan üzrə regional qaz distribusiya şəbəkəsinin 95 faizi SOCAR-ın nəzarətindədir və əhalinin, eləcə də sənayenin təbii qaza olan tələbatını tam təmin edir. SOCAR-ın Gürcüstan bazarında geniş yanacaqdoldurma məntəqəsi (YDM) şəbəkəsi də var. Hazıda YDM-lərin sayı 116-dır (müqayisə üçün qeyd edək ki, bu rəqəm 2009-cu ildə 29 idi). "SOCAR Georgia Petroleum" MMC şirkəti Gürcüstanın neft məhsullarının pərakəndə satış bazarının, təxminən, 25 faizini tutur.
SOCAR-ın Gürcüstandakı fəaliyyəti bununla bitmir. 2006-cı ilin sonunda şirkət Gürcüstanın Kulevi yaşayış məntəqəsində yerləşən Qara Dəniz Neft Terminalını almışdır. Terminalın təyinatı neft və neft məhsullarının qəbulu, saxlanması və tankerlərə yüklənilməsindən ibarətdir. Kulevi terminalının limanı iki tankerin (40 və 100 min tonluq) eyni zamanda qəbuluna və yüklənməsinə, dördxətli dəmir yol estakadası isə 168 sisternin boşaldılmasına imkan verir. Terminal Azərbaycan və Mərkəzi Asiyanın neft məhsullarının Gürcüstan ərazisindən Avropaya ixracını təmin edir və dünya bazarına neftin təhlükəsiz nəqlinin yeni alternativ yollarından biridir.
-Avropadan söz düşmüşkən, SOCAR-ın buradakı fəaliyyəti də maraq doğurur.
-İsveçrədə 2008-ci ildə təsis edilən "SOCAR Trading S.A." şirkəti SOCAR-ın və digər şirkətlərin neft və neft məhsullarının beynəlxalq bazarlarda alış-satışını təşkil edir, üçüncü tərəfin ticarət əlaqələrində vasitəçilik edir və SOCAR-ın qlobal strateji inkişafına dəstək verir. "SOCAR Trading" Azərbaycan mənşəli xam nefti Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Ceyhan limanına çatdırıldıqdan sonra dünya bazarlarına birbaşa SOCAR tərəfindən çıxararaq Azərbaycan neftindən gələn gəlirləri artırmaq və eyni zamanda, beynəlxalq bazarlarda üçüncü tərəfə məxsus neft və neft məhsullarının ticarəti ilə məşğul olaraq SOCAR-ın gəlirliliyini və Azərbaycanın dünyada təsir dairəsini artırmaq üçün yaradılmışdır.
Şirkət BƏƏ-də Fuceyra limanında neft terminalı və Maltada LNG terminalı tikintisi layihələrində iştirak etmiş, beynəlxalq nüfuzunu təsdiqləmişdir. Yalnız 2015-ci ildə "SOCAR Trading" 253 milyon barel xam neftin, o cümlədən 166 milyon bareldən çox Azərbaycan mənşəli xam neftin və 14 milyon ton digər neft məhsullarını dünya bazarında satmışdır.
Şirkət həm də "SOCAR Energy Switzerland" şirkəti vasitəsilə İsveçrə bazarlarında neft və qaz məhsullarının topdan və pərakəndə satışını həyata keçirir."SOCAR Energy Switzerland" 2012-ci ildə SOCAR və "ExxonMobil" şirkətləri arasında imzalanan müqavilə əsasında "Esso Switzerland" şirkətinin aktivlərinin SOCAR-ın nəzarətinə keçməsi nəticəsində yaranmışdır. YDM-lərdə İsveçrədə tanınmış "Migros" şirkəti ilə franşiz müqaviləsi əsasında mağazalar fəaliyyət göstərir.Şirkət təsis edilərkən İsveçrə bazarında Avropa bazarı ortalamasından yuxarı marja əldə etmək imkanı və sağlam premial İsveçrə bazarında biznesin əhəmiyyəti nəzərə alınmışdır.
İsveçrənin Avropa ölkələri arasında aşağı inflyasiyaya, kredit borcuna, işsizlik səviyyəsinə, vergilərə və yüksək ÜDM-ə və sabit siyasi mühitə malik olması biznesin idarə olunmasını asanlaşdırır. Hazırda SOCAR brendi altında bu ölkənin ərazisində 149 YDM fəaliyyət göstərir və hər il, təxminən, 1,2 milyon kubmetr neft məhsulları və qazın satışı həyata keçirilir.
-Bildirdiniz ki, Gürcüstan və İsveçrədən başqa, SOCAR Ukrayna və Rumıniyada da fəaliyyət göstərir.
-Bəli, Gürcüstan və İsveçrədən başqa, SOCAR-ın Ukraynada və Rumıniyada da fəaliyyət göstərən YDM şəbəkələri var. İndi Ukraynada SOCAR brendi altında 59 YDM, Rumıniyada isə 34 YDM fəaliyyət göstərir və bu ölkələrdə də şəbəkələrin genişləndirilməsi planlaşdırılır. SOCAR-ın Rumıniyadakı və Ukraynadakı törəmə şirkətləri neft məhsullarının pərakəndə və topdansatış seqmentlərində fəaliyyət göstərirlər. 2015-ci ildə Ukrayna və Rumıniya bazarlarında SOCAR 350 min tona yaxın neft məhsulların topdan və pərakəndə satışını həyata keçirmişdir.
Böyük bir əminliklə bildirirəm ki, Azərbaycan dövlətinin və möhtərəm Prezidentimiz İlham Əliyevin uzaqgörən siyasəti ilə SOCAR-ın genişlənən fəaliyyəti bizi dünyada daha möhtəşəm layihələrə qovuşduracaq. “Cənub” qaz dəhlizi layihələrinin əhəmiyyətini nəzərə alaraq, qeyd etmək istərdim ki, bu gün Avrasiya regionunda yeni bir əməkdaşlıq formatı yaranır.Ölkəmiz ilkin mərhələdə Türkiyə-Gürcüstan-Azərbaycan arasında enerji, nəqliyyat, siyasi, iqtisadi və strateji tərəfdaşlıq formatı əlaqələrini yaratmışdır. Bu gün həmin format daha da genişlənir. Artıq Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya kimi digər ölkələr də Azərbaycanın tərəfdaşlarına çevrilirlər.
“Cənub” qaz dəhlizinin reallaşdırılmasına 4 əsas layihə xidmət göstərir: Şahdəniz-2 qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, TANAP-ın və TAP-ın inşası. Bütün layihələr üzrə əsas müqavilələr artıq imzalanmış və işlər qrafik üzrə, bəzi layihələrdə isə hətta qrafiki qabaqlamaqla icra edilir. Layihələrin texniki incəliklərinə toxunmadan deyə bilərik ki, Şahdəniz-2 layihəsi üzrə nəzərdə tutulan iş həcminin 70 faizdən çoxu artıq tamamlanmışdır, CQBK, TANAP və TAP üzrə bu göstəricilər müvafiq olaraq 70 faizdən, 30 faizdan çox və 21 faizə yaxın təşkil edir.Bu layihələr dünya bazarlarında neftin və qazın qiymətlərindən asılı olaraq Azərbaycana 35-50 milyard ABŞ dolları gəlir gətirəcəkdirlər.
Yuxarıda qeyd etdiyimiz layihələrlə yanaşı, Azərbaycanın ixrac potensialının artırılması məqsədilə SOCAR ölkəmizin ərazisində həyata keçirilən mühüm layihələrdə də iştirak edir. Bunlar yaxın gələcəkdə Azərbaycanda kimya sənayesinin inkişafına, istehsal zəncirində əlavə dəyərin yaradılmasına və yeni iş yerlərinin açılmasına töhfələrini verəcəkdir. Bu sırada polipropilen və yüksəksıxlıqlı polietilen məhsullarının istehsalı üçün nəzərdə tutulmuş "SOCAR Polimer" və "SOCAR Karbamid" zavodlarının tikintisini qeyd etmək olar.
Göründüyü kimi, ölkəmizin şöhrətini yaxın-uzaqlara yayan milli neft şirkətimiz uğurlarınını günbəgün artırır, xalqımızın güzəranının yüksəlməsinə sanballı töhfə verir.
Müsahibəni apardı:
Namiq Əhmədov,
"Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.