Hikmət HACIYEV: Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə qurumun əsas məqsəd və məramlarının inkişafına çalışacaq

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının “İnkişaf naminə sülh, suverenlik və həmrəylik” devizi altında sentyabrın 13-18-də Venesuela Bolivar Respublikasının Marqarita adasında keçirilmiş XVII Sammitinin nəticələri ilə bağlı AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik:

– Qoşulmama Hərəkatının beynəlxalq münasibətlərdə rolu və əhəmiyyəti nədən ibarətdir?

– Qoşulmama Hərəkatı hərbi ittifaqlara qoşulmayan dövlətlər tərəfindən 1961-ci ildə Belqradda keçirilmiş sammitdə təsis edilib. Dövlətlərin ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyinə hörmət, daxili işlərinə qarışmama Hərəkatın əsas prinsipləridir. Yarandığı dövrdə “Soyuq müharibə” və bloklararası qarşıdurmanın doğurduğu gərginliyi azaltmağı əsas məqsəd kimi qarşısına qoymuş Qoşulmama Hərəkatı qısa müddət ərzində beynəlxalq sülh, təhlükəsizlik və inkişafa dair məsələlərin müzakirə edildiyi mühüm beynəlxalq foruma çevrilmişdir. BMT-nin islahatı üzrə illərdən bəri aparılan proseslərdə irəliləyişin əldə olunmaması alternativ format kimi Qoşulmama Hərəkatının beynəlxalq önəmini daha da artırmışdır. Bu baxımdan, Soyuq müharibənin başa çatmasına baxmayaraq, Hərəkat öz aktuallığını qoruyub saxlamış və öz sıralarını daha da genişləndirmişdir.  Son 25 il ərzində Hərəkata üzv dövlətlərin sayı 99-dan 120-yə yüksəlmişdir. Azərbaycan Respublikası Qoşulmama Hərəkatına 2011-ci ildə üzv olmuşdur.

– Venesuelanın ev sahibliyi etdiyi Qoşulmama Hərəkatının XVII Zirvə Toplantısı Azərbaycan üçün hansı məqamlarla yadda qaldı?

– Tədbirdə xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizi təmsil etdi. Nazir E.Məmmədyarov Sammitin Rəyasət Heyətinin sədr müavini seçildi və bu keyfiyyətində plenar iclasa sədrlik etdi. O, həmçinin Zirvə görüşündə geniş çıxış etdi.

Dövlət və Hökumət başçıları Sammitdə qəbul olunmuş yekun sənəddə Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri əsasında həll etməyə çağırış etdilər. Münaqişənin həllinə dair bu mövqe Azərbaycanın Qoşulmama Hərəkata üzv olmasından sonra zirvə toplantıları və xarici işlər nazirləri səviyyəsində qəbul olunan sənədlərdə davamlı surətdə öz təsbitini tapır. Bu beynəlxalq ictimaiyyətin münaqişənin həllinə dair yekdil və qəti mövqeyinin ifadəsidir. Ermənistan və ATƏT-in Minsk qrupunun həmsədrləri də beynəlxalq ictimaiyyətin qəti iradəsinin ifadəsi olan bu mövqeyi nəzərə almalıdırlar.

XVII zirvə toplantısının mühüm nəticələrindən biri də Hərəkata üzv dövlətlərin yekdil razılığı ilə 2019-2022-ci illərdə sədrliyin Azərbaycana verilməsi və 2019-cu ildə XVIII zirvə toplantısının Azərbaycanda keçirilməsidir. Ölkəmizə olan etimadın və dövlətimizin artan nüfuzunun göstəricisidir ki, qısa müddət ərzində təsisata üzv olmağımıza baxmayaraq, üzv dövlətlər tərəfindən yekdilliklə ölkəmizin sədrliyi dəstəkləndi.

– Zirvə toplantısında qəbul edilmiş sənədlər beynəlxalq problemlərə yanaşma baxımdan daha hansı məqamlarla fərqlənir?

– Diqqət yetirməli olan məqamlardan biri zirvə toplantısının yekun bəyanatında xalqların öz müqəddəratını təyin etmə prinsipinə münasibətdir. Qoşulmama hərəkatının üzv dövlətləri bu prinsipin ifadəsini BMT Nizamnaməsinə uyğun olaraq, əsasən dekolonizasiya və müstəmləkəçiliyə qarşı mübarizə kontekstində görürlər. Bu kontekstdən kənarda  xalqların öz müqəddəratını təyin etmə prinsipi süni şəkildə dövlətlərin ərazi bütövlüyünün pozulması üçün alət ola bilməz. Bu bir daha onu göstərir ki, Ermənistanın bu prinsipdən sui-istifadə edərək Azərbaycan ərazilərinin işğalını pərdələməyə cəhd göstərməsi tamamilə əsassızdır.   

Üzv dövlətlər həmçinin dövlətlərin ərazi bütövlüyü və milli birliyinin pozulması cəhdlərinə qarşı kəskin etirazlarını ifadə edərək dövlətlərin suverenliyi, ərazi bütövlüyü və daxili işlərinə qarışmamaq prinsiplərinə öhdəliklərini ifadə edirlər. Eləcə də insan hüquqlarının universallıq, şəffaflıq, qərəzsizlik prinsipləri əsasında qeyri-seçimli və siyasi alətə çevirmədən inkişafına dair mövqe ifadə olunur. Yekun sənəddə üzv dövlətlər mədəniyyətlər, dinlər və sivilizasiyalararası dialoqun inkişafının vacibliyini vurğulayaraq, BMT Sivilizasiyalar Alyansının 2016-cı il aprelin 26-27-də Bakıda keçirilmiş VII Qlobal Forumunu və bu Qlobal Forumda BMT-nin üzv dövlətləri, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti təsisatlarının fəal iştirakını xüsusilə qeyd etdilər. 

İnkişaf etməkdə olan dövlətlər adından Qoşulmama Hərəkatının üzvləri Sammitin bəyanatında medianın inkişaf etməkdə olan ölkələrin hökumətlərinə qarşı propaqanda aləti kimi istifadə edilməsinə münasibətdə ciddi narahatlıqlarını ifadə etdilər. Həmçinin inkişaf etməkdə olan ölkələrin xalqlarının maraqlarını və onların reallıqlarını nəzərə alaraq, alternativ, azad, məsuliyyətli və plüralist medianın inkişaf etdirilməsinin vacibliyini vurğuladılar.

Bunlardan əlavə, Sammitin yekun sənədlərində BMT-nin Baş Assambleyası və Təhlükəsizlik Şurasının islahatı ilə əlaqədar Qoşulmama Hərəkatının üzv dövlətlərinin baxışları da öz əksini tapmışdır.

– Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin məqsədi nə olacaq?

– 2019-cu ildə Bakıda keçiriləcək 18-ci Sammit rəmzi xarakter daşıyacaq. Belə ki, Avropa qitəsi 1989-cu il Belqrad Sammitindən 30 il sonra Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının görüşünə yenidən ev sahibliyi imkanı qazanacaq.

Qoşulmama Hərəkatı yarandığı tarixdən bəri beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsində əsaslı rol oynamışdır. Mövcud olduğu 50 ilə yaxın müddət ərzində Hərəkata üzv dövlətlər ortaq prinsip və dəyərləri qoruyub saxlamış və qarşılıqlı əməkdaşlığa gətirib çıxaran fəaliyyət üçün ortaq zəmin yaratmaq bacarığı nümayiş etdirmişdir.

Hərəkat qoşulmama anlayışını müsbət və cəlbedici səy kimi formalaşdıra bilmişdir. Müstəmləkələrin ləğv edilməsi və qlobal sosial inkişaf gündəliyinin yaradılması kimi XX əsrin ən mühüm nailiyyətlərindən bir çoxu Hərəkatın bu günədək dünyaya verdiyi önəmli töhfələri sırasındadır.

Lakin hələ də Hərəkatın sülh, inkişaf, iqtisadi əməkdaşlıq və beynəlxalq münasibətlərin demokratikləşdirilməsi kimi uzunmüddətli məqsədlərinin tam olaraq həyata keçirilməsi istiqamətində görüləcək işlər çoxdur.

Azərbaycan Respublikası Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiqdir və sədrliyi dövründə hərəkatın təməlini təşkil edən məqsəd və məramların inkişafı naminə çalışacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında