Konstitusiyaya dəyişikliklər insan hüquq və azadlıqlarının prioritetliyinə xidmət edir

Müsahibimiz Milli Məclisin dövlət quruculuğu və hüquq siyasəti komitəsi sədrinin müavini Rövşən Rzayevdir

– Rövşən müəllim, dövlət başçısı tərəfindən referenduma çıxarılması təklif olunan əlavə və dəyişikliklərin məqsədi və mahiyyəti haqqında nə deyə bilərsiniz?

– Azərbaycan Respublikası Konstitusiyasına edilən əlavə və dəyişikliklərdən təxminən 7 il keçib. Bildiyiniz kimi, bu müddətdə Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ictimai-siyasi münasibətlər sistemi  kifayət qədər təkmilləşmişdir. Ümumiyyətlə, dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanda azad vətəndaş cəmiyyəti və güclü dövlət quruculuğu sahəsində ciddi addımlar atılmışdır. Bizim sabit inkişaf edən iqtisadi və hüquq sistemimiz Əsas Qanuna - Konstitusiyaya söykənir. Bu, o deməkdir ki, dövlətimiz gücləndikcə Konstitusiya normaları səviyyəsində ədalətli iqtisadi münasibətlərin təminatı, sosial ədalət şərtləri, habelə dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə əlaqədar müddəalar yaranır.  2009-cu il referendumunda Konstitusiyanın 15-ci maddəsinin 2-ci hissəsinə əlavə edilmişdi ki, Azərbaycan dövləti bazar münasibətləri əsasında, sosialyönümlü iqtisadiyyatın inkişafına şərait yaradır. Bildiyiniz kimi, iqtisadiyyatın sosialyönümlülüyü isə insanların rifahının yüksəldilməsinə xidmət edir.

2009-cu il dəyişikliklərindən sonrakı dövr göstərdi ki, iqtisadiyyatın sosialyönümlülüyü bəyanatı daha çox dövlət qarşısında vəzifə yaratdı. Halbuki, iqtisadiyyatın təməlini təşkil edən mülkiyyətin fərqli növləri (dövlət, xüsusi, bələdiyyə) mövcuddur və hər bir mülkiyyət növü sosial öhdəliklər ilə yüklü olmalıdır. Məhz bu baxımdan Konstitusiyanın 29-cu maddəsinə təklif edilən hər iki əlavə bənd daha çox daşınmaz əmlaka mülkiyyətdən yaranan sosial məsuliyyətlə əlaqəlidir.

Digər tərəfdən, Konstitusiyamız insan hüquq və azadlıqlarının prioritetliyini ifadə edir. İnsan hüquqlarının prioritetliyini Konstitusiyanın məzmunundan, habelə strukturunda əks olunan ardıcıllıqdan da müşahidə etmək olar. Belə ki, Əsas Qanunumuzun əsaslarını bəyan edən bölmənin ardınca dərhal insan haqlarına aid edilən bölmə gəlir. Məhz bu səbəbdən Konstitusiyaya edilən əlavə və dəyişikliklərdə insan hüquqları sahəsində mütərəqqi müdafiə vasitələri və təminat prinsipləri hər zaman öz əksini tapır.

Bu referendum aktı layihəsində Konstitusiyanın insan və vətəndaş hüquq və azadlıqlarının əsas prinsiplərini əks etdirən 24-cü maddəsinə vacib prinsipinə əlavə edilməsi təklif olunur. Bildiyiniz kimi, hər bir kəsin hüquq və azadlıqları hüquqi dövlətdə ali dəyərdir. Dövlət və cəmiyyətdə insan ləyaqətinin ali dəyər kimi tanınması şəxsin özünü və ya digərlərinin onun şəxsiyyətini qiymətləndirməsindən asılı deyil. Lakin ləyaqət subyektiv olaraq hər bir kəsin özünü qiymətləndirməsində, obyektiv olaraq isə digərlərinin onu qiymətləndirməsində ifadə olunur. Ləyaqətin alçalması digərlərinin qanunsuz əməlləri ilə əlaqəli ola bilər. Məhz bu baxımdan ləyaqətin qorunması ilə yanaşı, ona hörmət edilməsi hər bir kəsin qarşısında qoyulan vəzifədir.

Ləyaqətin qorunması hüququ nadir hüquqdur ki, heç bir halda məhdudlaşdırıla bilməz və insanın ayrılmaz hüququ kimi çıxış edir. Bu hüququn qorunmasının xüsusi vacibliyi və əhəmiyyəti insanın azadlıqdan məhrumetmə yerlərində saxlanıldığı və ya ümumiyyətlə, digərlərindən asılı vəziyyətdə olduğu hallarda (hərbi xidmətdə, qocalar evində, tibb müəssisələrində və s.) daha zəruridir.

Bu hüququn əhəmiyyətini və ayrılmazlığını nəzərə alaraq təklif olunur ki, Konstitusiyada insan ləyaqətinin qorunması və ona hörmət edilməsi norma - prinsip kimi çıxış etsin.

Təbii ki, ölkə iqtisadi cəhətdən inkişaf etdikcə, insanların sosial rifahı yüksəldikcə dövlət orqanlarının idarəçilik sistemi də təkmilləşdirilməlidir. Bu səbəbdən parlamentə prezident nəzarətinin artırılması, hüquq sistemimiz üçün yeni olan vitse-prezident statusunun təsis edilməsi təklif olunur.

– Mülkiyyətin sosial öhdəliklərlə yüklü olması təklifinə aydınlıq gətirməyinizi xahiş edirik.

– Konstitusiyanın 29-cu maddəsinə təklif edilən hər iki əlavə bənd daha çox daşınmaz əmlaka mülkiyyətdən yaranan sosial vəzifə ilə əlaqəlidir.

Mülkiyyətdən yaranan bu vəzifə hələ qədim Romada mövcud idi. Məsələn, kiminsə torpağa mülkiyyətinin yaranması və ya tanımaq üçün həmin torpaq mülkiyyətçi tərəfindən ən azı 2 il ərzində faydalı (yəni sosial ehtiyaclar üçün) istifadə edilməli idi.

Hələ 1909-cu ildə Birləşmiş Krallıqda mənzil tikintilərinin planlaşdırılmasına razılığın alınmasına dair qanun qəbul edilmişdir. Yəni mülkiyyətçi, hətta, özünə ev tikdiyi halda da digərlərinin qarşısında sosial öhdəlikləri yaranır.  

İkinci dünya müharibəsindən sonra torpağa qoyulan sosial vəzifələr Avropa ölkələrinin konstitusiyalarında daha geniş şəkildə öz əksini tapmağa başladı. İtaliyanın 1947-ci ildə qəbul etdiyi Konstitusiyaya torpaqların sosial ədalətli və rasional (xüsusi mülkiyyətdə olan torpağın həddi, kənd təsərrüfatı torpaqlarının zonası və s.) istifadəsinə dair müddəalar daxil edildi. Almaniyanın 1949-cu il Konstitusiyasında qeyd edildi ki, mülkiyyət onu ümumi sosial rifah üçün istifadə etmək vəzifəsini yaradır və habelə həmin mülkiyyətin publik mülkiyyətə çevrilməsinə hüquqi imkan mövcud olmalıdır. Oxşar müddəalar İspaniya Konstitusiyasında da vardır.  Torpaqdan təyinatı istiqamətində və sosial ehtiyaclar üçün istifadə edilməsi müddəaları İsveçrə, Fransa, Norveç kimi ölkələrdə də mövcuddur.    

 Hər bir hüquqi dövlətdə olduğu kimi, Azərbaycanda mülkiyyət hüququ məhkəmə qaydasında məhdudlaşdırıla bilər. Təbii, bunun üçün qanuni səbəb olmalıdır. Məsələn, kompensasiya ödənilmək şərti ilə dövlət ehtiyacları üçün torpaq sahəsi məhkəmə qaydasında alına bilər və bu məsələ mübahisə yaratdığı halda, məhkəmə qaydasında həll oluna bilər.

Digər tərəfdən, deyək ki, torpaq xüsusi mülkiyyətə ayrılmışdır və həmin torpaq sahəsinə dövlət ehtiyacı yaranmır. Lakin torpaq sahəsi təyinatı üçün istifadə olunmur və insanlara xidmət etmir. Yəni insanların sosial ehtiyacını ödəmir, sosial maraqlara xidmət etmir. Konstitusiyanın 29-cu maddəsinə təklif edilən yeni əlavələr belə hallarda həmin torpağa mülkiyyətin məhdudlaşdırılmasına, sosial öhdəliklərlə yüklənməsinə hüquqi əsas yaratmış olur.

– Konstitusiyanın 49-cu maddəsinin 2-ci bəndinə sərbəst azadlıq hüququnun məhdudlaşdırılmasının əsaslarının əlavə edilməsi təklif olunur. Sizin fikrinizcə, bu məhdudiyyət ədalətli şərtləri nəzərdə tuturmu?

– Hər bir demokratik ölkədə siyasi hüquqların təminatı dövlət qarşısında müəyyən öhdəliklər yaradır. Onlardan biri də vətəndaşların sərbəst şəkildə toplaşması üçün şəraitin yaradılmasıdır. Sərbəst toplaşmaq hüququ siyasi hüquqların və azad inkişaf edən vətəndaş cəmiyyətinin əsasını təşkil edir.

Konstitusiyasının 49-cu maddəsi sərbəst toplaşmaq azadlığına konstitusion hüquq verir. Sərbəst toplaşmaq azadlığı hüququ 13 noyabr 1998-ci ildə qəbul edilmiş "Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Sərbəst toplaşmaq azadlığının tətbiqinə həsr olunmuş 3-cü maddədə qeyd edilir ki, Azərbaycan Konstitusiyasının 49-cu maddəsində təsbit edilmiş sərbəst toplaşmaq azadlığı beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq tətbiq edilir və dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi zamanı şəxslərin bərabərlik hüququna təminat verir.

Qanunda göstərilir ki, mühüm dövlət əhəmiyyətli tədbirlər (seçkilər, referendum, beynəlxalq tədbirlər) zamanı və bəzi dövlət əhəmiyyətli obyektlərin yaxınlığında toplantıların keçirilməsi qadağandır. Qanunda, həmçinin əks olunan dövlət əhəmiyyətli beynəlxalq tədbirlərin keçiriləcəyi şəhər və rayonun ərazisində siyasi məqsədli dinc toplantıların, qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının yerləşdiyi binaların ətrafında 300 metr radius çərçivəsində dinc toplantının keçirilməsinə qadağa qoyulması məhdudiyyəti əks olunub.

Bütün bu məhdudiyyətlər qanunda balans və proporsionallıq yaradır. İctimai asayişin qorunması, milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə müəyyən konstitusion hüquqlar, o cümlədən sərbəst toplaşmaq hüququ məhdudlaşdırıla bilər. Məsələn, ictimai təhlükəsizliyin təminatı baxımından sərbəst toplantıların şəhərin mərkəzində keçirilməsi məhdudlaşdırılaraq onların şəhər kənarında keçirilməsinə icazə verilə bilər. Bu, o məqsədlə edilir ki, toplantı zamanı iğtişaşlar yaranarsa, onların qarşısını almaq mümkün olsun və digər insanlar bundan ziyan görməsinlər.    

"Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu 1998-ci ildə qəbul olunsa da, 2005 və 2007-ci illərdə bu qanuna bir sıra dəyişikliklər edilimişdir. Beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınaraq, 2008-ci ilin may ayında Milli Məclisdə qəbul edilən əlavə və dəyişikliklər qanunvericiliyi liberallaşdırmışdır.

2008-ci ilin dəyişiklikləri azadlığın qanuni məhdudlaşdırılma və icazə qaydalarını təkmilləşdirmişdir. Məsələn, 7-ci maddənin 1-ci bəndi yeni redaksiyada verilərək, "İnsan Hüquqları haqqında" Avropa Konvensiyasının 11-ci maddəsinə tam uyğunlaşdırılmışdır. Burada, beynəlxalq standartlara uyğun olaraq, məhdudlaşdırılmanın ilkin əsası kimi, milli təhlükəsizliyin təmin olunması göstərilmişdir.

7-ci maddəyə edilən digər dəyişikliklər toplantıların məhdudlaşdırılmasının konkret formalarını nəzərdə tutmuşdur. Məsələn, "toplantının vaxtının və yerinin, küçə yürüşünün marşrutunun dəyişdirilməsi". Bu dəyişiklik əsassız qadağaların qarşısını almaq üçün edilmişdir. Həmçinin 8, 9, 14-cü maddələrə də əhəmiyyətli dəyişikliklər edilmişdir.

Dəyişikliklər və əlavələr qanunun ümumi balansının qorunmasına xidmət edir. Dövlətdə milli və ictimai təhlükəsizliyi təmin etmək üçün, qanuni vasitələrdən istifadə etmək imkanları olmalıdır. Dövlət orqanları əmin olmalıdır ki, toplantı keçirilərkən digər şəxslərin hüquqları pozulmayacaqdır. Məhz bu baxımdan 49-cu maddəyə təklif edilən dəyişiklik sərbəst toplaşmaq hüququnun məhdudlaşdırılmasının əsaslarını təyin edir.

Azərbaycan üçün yeni olan vitse-prezident institutunun təsis edilməsi məsələsinə də münasibət bildirməyinizi  xahiş edirik.

ABŞ təcrübəsi müxtəlif ölkələr üçün vitse-prezidentlik institutunun nümunəsidir. Bu dövlət institutu 1789-cu ildə ilk dəfə ABŞ-da yaranmışdır. Avropa ölkələri arasında vitse-prezident vəzifəsi İsveçrə və Bolqarıstanda mövcuddur. Bu institut Latın Amerikası ölkələrində geniş istifadə olunur.

İlk növbədə vitse-prezident institutu siyasi  qüvvələrin həmrəyliyi məqsədi ilə yaransa da, sonradan vitse-prezident vəzifəsini bir partiyadan olan siyasətçilər tutmağa başladı.

Müasir dövrdə əksər ölkələrdə bu dövlət vəzifəsi dövlət idarəçiliyi sistemində çevik, dinamik idarəçiliyin təşkilinə xidmət edir. Nəzərə almaq lazımdır ki, Prezidentin üzərinə daxili və xarici funksiyaların icra edilməsi ilə əlaqədar çox sayda vəzifə düşür. Onlar əksər halda publik xarakterlidir və həmin funksiyaları administrasiya və ya xüsusi inzibati struktur əvəz edə bilməz. Məhz bu səbəbdən yüksək səlahiyyətli, toxunulmaz və Prezident tərəfindən birbaşa səlahiyyətləri müəyyən edilən vəzifəli şəxslərin təsis edilməsi məqsədə müvafiqdir.

Bildiyiniz kimi, əlavə və dəyişikliklərə görə Azərbaycan Respublikasının birinci vitse-prezidenti və vitse-prezidentləri Prezident tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər. Prezident olmadığı halda isə vitse-prezidentlər konstitusion ardıcıllıqla onun səlahiyyətlərini icra edirlər.

Bütün bunlar o zərurətdən irəli gəlir ki, Azərbaycanın müasir inkişafı dövründə çevik ali dövlət orqanları olmalıdır. Vitse-prezidentlik institutu sürətlə inkişaf edən ölkəmizdə konstitusion varisliyi və siyasi sabitliyi təmin etmək üçün vacib vasitəyə çevrilə bilər.

Müsahibəni qələmə aldı:
Əliqismət BƏDƏLOV,
"Xalq qəzeti"

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında