Dünyanın ən böyük idman tədbirində müstəqil Azərbaycan yeni tarix yazdı. Olimpiya hərəkatının öncüllərindən olmaq missiyasını layiqincə yerinə yetirən ölkəmizin müstəqillik dövründə olimpiadalar tarixində ən böyük uğuruna imza atması dinamik inkişafın məntiqi nəticəsi idi. Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abiyevlə görüşüb, idmançılarımızın Rioda iştirakı, əldə olunan nailiyyətlər, gələcək perspektivlərlə bağlı müsahibə aldıq. Həmin müsahibəni oxucularımıza təqdim edirik.
– Ağacan müəllim, müstəqil Azərbaycan yığması Yay Olimpiya Oyunlarında möhtəşəm qələbəyə imza atdı. Olimpiadadan-olimpiadaya nəticələrini yaxşılaşdıran komandamız bu dəfə fantastik göstərici ilə Olimpiadada çıxışını yekunlaşdırdı. İdman sahəsində bu cür tarixi nailiyyətin əldə edilməsi ilə bağlı nə deyə bilərsiniz?
– Rio-de-Janeyroda XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin rəsmi yolasalma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev "Əminəm ki, həm olimpiyaçılar, həm paralimpiyaçılar ölkəmizi ləyaqətlə təmsil edəcəklər və Vətənə böyük qələbə ilə qayıdacaqlar", – deyə olimpiyaçılarımızın böyük uğurlar qazanacağına inandığını bildirdi. İdmançılarımızın hər dəfə olimpiadaya təntənə ilə yola salınması və Olimpiadadan qayıdandan sonra Prezident İlham Əliyev tərəfindən qəbul edilib nailiyyətlərinin yüksək qiymətləndirilməsi onlara ruh yüksəkliyi bəxş edir və gələcək qələbələr üçün zəmin yaradır.
Dördilliyin zirvə yarışına bütün ölkələr xüsusi hazırlaşırlar. Burada hər hansı bir dövlətin yüksək səviyyədə iştirakı, həm də həmin dövlətin gücünün, qüdrətinin, nüfuzunun göstəricisidir. Yalnız inkişaf etmiş, güclü dövlətlərin idmançıları bu qədər yüksək nəticə qazana bilərlər. İdman sahəsinin inkişafı infrastrukturdan çox asılıdır. Son illər Azərbaycanda yaradılmış nəhəng idman infrastrukturuna inkişaf etmiş dövlətlər belə həsəd aparır. Bu cür şəraiti hər dövlət öz vətəndaşları üçün yarada bilmir. Düşünülmüş məqsədyönlü dövlət siyasəti nəticəsində idman cəmiyyətdə mühüm ictimai amilə çevrilmişdir. Nəinki Bakıda, habelə bölgələrimizdə, ən ucqar rayonlarda belə müasir idman infrastrukturunun yaradılması bu sahənin inkişafına xidmət etməklə yanaşı, həm də gənc nəslin sağlamlığının qorunmasında mühüm rol oynayır. Uşaq və yeniyetmələrimiz idmanla məşğul olmağa çox həvəslidirlər. Buna görə də nailiyyətlərimiz sürətlə çoxalır. Müstəqillik dövründə doğulub boya-başa çatmış gənc nəslin nümayəndələri bütün sahələrdə parlaq qələbələrlə bizi sevindirməkdə davam edirlər. Qələbələrimiz bundan sonra daha möhtəşəm olacaq.
– London Olimpiadasında Azərbaycan yığması 10 medal qazanmışdı. Nailiyyətlərimizin artmasına rəğmən idman ictimaiyyətinin nümayəndələri budəfəki Olimpiya Oyunlarında 12-13 medal olacağını proqnozlaşdırırdılar. Bu qədər medal gözləyirdinizmi?
– Azərbaycanın bütün sahələrdə inkişafının yüksək tempi idman sahəsində də böyük qələbələrin əldə edilməsinin məntiqi nəticəsidir. Ötən Olimpiya tsiklində, 2013-2016-cı illərdə Azərbaycan idmançıları mindən artıq beynəlxalq yarışda iştirak ediblər. Bu yarışlarda idmançılarımız 3 min medal qazanıblar. Onlardan 1042-si Olimpiya idman növlərinə aiddir. Təsəvvür edirsinizmi, həmin illər ərzində 3 min dəfə müxtəlif məkanlarda Azərbaycanın üçrəngli bayrağı yüksəklərə ucaldılıb. Ayrı-ayrı idman növləri üzrə ölkəmizdə bir sıra nüfuzlu beynəlxalq yarışlar keçirilib. Bunların içərisində tarixi I Avropa Oyunlarını xüsusi qeyd etmək istəyirəm. İdman sahəsinin inkişafına dövlət səviyyəsində yaradılan yüksək şərait yeni qələbələrə təminat verir. Rioya yola saldığımız yığmanın tərkibində Olimpiya Oyunlarının, dünya və Avropa çempionatlarının qalib, mükafatçıları, eləcə də çoxlu perspektivli, öz sözlərini müxtəlif beynəlxalq yarışlarda demiş gənc idmançı var idi. 56 idmançının hamısına ümid bəsləyirdik. Onlardan 18-i medal qazandı. 56 nəfərə 18 medal o deməkdir ki, yığmanın 32,14 faizinin payına medal düşür. Bu göstərici üzrə Azərbaycan dünyada 1-ci yerdədir. Sidneydə 31 idmançıdan 3-ü (9,67 faizi), Afinada 36-dan 5-i (13,89 faizi), Pekində 44-dən 7-si (15,91 faizi) medal qazanmışdı. Ölkəmiz keyfiyyət əmsalı və ya medal əyarına görə dünya sıralamasında 39-cu, kəmiyyətə, yaxud medal sayına görə 15-ci yerdə qərar tutdu. Bu nəticə ilə Avropa ölkələri arasında yeddinci, İslam dövlətləri arasında birinci, MDB ölkələri arasında ikinciyik. Sevindirici haldır ki, bu medallar 5 idman növü üzrə əldə edilib. Bu da yüksək göstəricidir.
– Yeri gəlmişkən, qeyd edək ki, ilk dəfə medal əldə etdiyimiz idman növlərində yığmamızın çıxışı xüsusilə təqdirəlayiqdir. Ölkəmizdə yeni idman növlərində təmsilçiliyimizlə bağlı nə deyə bilərsiniz?
– Olimpiadalar tarixində taekvondo üzrə biri qızıl olmaqla, üç medal fantastik nəticədir. Taekvondo ölkəmizdə ən inkişaf etmiş növlərdən biri sayılsa da, indiyə qədər Olimpiya Oyunlarında nailiyyətimiz yox idi. Bu idman növünün ölkəmizdə populyarlaşması və coğrafiyasının genişləndirilməsi üçün görülən işlər artıq bəhrəsini verir. Olimpiya çempionumuz Radik İsayev 14 illik fasilədən sonra – 2015-ci ildə Azərbaycana dünya çempionatının qızıl medalını gətirmişdi, Avropa çempionu və I Avropa Oyunlarının qalibi olmuşdu. Onun çempionluğu bizim üçün sürpriz olmasa da, ilk dəfədən qızıl medalın qazanılması, eyni zamanda, komandanın digər iki üzvünün bürünc medallar əldə etməsi tarixi nailiyyət kimi dəyərləndirilir. Avarçəkmə üzrə bir gümüş, bir bürünc medalın qazanılması, bu idman növünün də ölkəmizdə nə qədər inkişaf etdiyini göstərir.
Olimpiadada bədii gimnastımız Marina Durundanın çıxışını da xüsusi vurğulamaq istəyirəm. Olimpiya Oyunlarında debüt edən Marinanın çoxnövçülük yarışının təsnifat mərhələsində çıxışlarını yüksək səviyyədə başa vurub finala vəsiqə qazanması onun güclü potensialından xəbər verir. Finalda təmsilçimiz yüksək idman texnikası, musiqi və xoreoqrafiyanın vəhdətindən yaranan gözəl və ecazkar çıxışı ilə tamaşaçıları bir daha ovsunladı. Marina Durunda yekunda 9-cu sırada qərarlaşdı. Qeyd edim ki, müstəqillik dövründə Azərbaycanda gimnastika ən populyar növlərdən birinə çevrilmişdir.
Ölkəmizin oxatma, velotrek, kanoe-slalom, triatlon kimi növlərdə debüt nəticələri gələcək üçün başlanğıc hesabatı kimi də qiymətləndirilə bilər. Kanoe-slalomda təmsilçimizin finalda mübarizə aparması müsbət haldır. Gələcəkdə bu və digər inkişaf etməkdə olan idman növlərində də yüksək nəticələrə ümid edirik.
– Boks Federasiyasının vitse-prezidenti kimi, dəri əlcək ustalarımızın çıxışına da münasibətinizi bilmək istərdik. Ümidlər doğruldumu?
– Əlbəttə! Müstəqillik tariximizdə boks üzrə ancaq bürünc medallar əldə etmişdik. Olimpiada ərəfəsində mətbuata verdiyim müsahibələrdə Rioda bürünc tilsiminin sınacağına əmin olduğumu bildirmişdim. Komandamızın bir gümüş və bir bürünc medalı yaxşı nəticədir. Amma onu da qeyd edim ki, yığmamızın daha çox medal qazanması üçün güclü potensialı var idi. Komandamızın tərkibində yer alan boksçular dünyanın ən adlı-sanlı idmançılarıdır.
– Müstəqillik dövründə ən çox medalı güləşçilərimiz qazanıblar. London Olimpiadasında bu növ üzrə iki qızıl medal əldə edilmişdi. Ümumiyyətlə, ənənəvi növlərdə nəticələr sizi qane edirmi?
– Əldə edilən medalların tən yarısını güləşçilərimiz qazandılar. Bu yüksək göstəricidir və bunu gözləyirdik. Bildiyiniz kimi, bu medalların bəzilərinin əyarı daha yüksək ola bilərdi. Pəhləvanlarımız Olimpiya xalçasında xüsusi əzmkarlıq nümayiş etdirdilər. Cüdoda ötən olimpiadalarda yüksək nailiyyətlərimiz olub. London Olimpiadasında tatami ustalarımız medal qazana bilməmişdilər. Rioda bu növ üzrə iki gümüş medal parlaq nəticə hesab olunur.
Ümumilikdə, Rio-de-Janeyro Yay Olimpiya Oyunları qüdrətli Azərbaycanın geniş imkanlarını bir daha meydana çıxardı. Əldə edilən nəticələr qürurvericidir. Sentyabrın 7-də paralimpiyaçılarımız mübarizəyə başlayacaqlar. Onlardan da böyük qələbələr gözləyirik.
Müsahibəni apardı:
Leyla QURBANOVA, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.