Manas yurdundan kövrək Qarabağ xatirəsi...

Qırğızıstandan olan gənc şair Kaliçayla tanışlıqda məni ilk növbədə, onun gülərüz çöhrəsi cəlb etdi. O, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə gerçəkləşdirdiyi "Türk dünyası gənc yazıçılarının əsərlərindən ibarət almanaxın nəşri və Bakı toplantısının keçirilməsi" adlı layihə çərçivəsində keçirilən silsilə tədbirlər üçün bu ilin 10-15 iyulunda şəhərimizə gəlmişdi.

Manas yurdunun yetirməsi Kaliça Jakıpın kövrək duyğulu şeirləri ilə yanaşı, Azərbaycanla, özəlliklə Qarabağla bağlı verdiyi suallar da maraqlı idi: Şəhidlər xiyabanını ziyarət edərkən baxışlarında heyrət dolu suallar oxunurdu: "Axı necə oldu ki, bu qədər şəhidiniz oldu?  Qarabağda nə baş verdi? Mənim atam hələ də Qarabağdan, Şuşadan o qədər xoş xatirələr danışır ki... Çəkdirdiyi şəkillərə baxanda o, gözəl Şuşanı xatırlayır..." 

Son cümlə istər-istəməz marağıma səbəb oldu. Kaliçanın atası Tölöbaldı Cakıpov keçən əsrin 70-ci illərində Qarabağda olubmuş. 1943-cü ildə anadan olub. Qırx il mühasib işləmiş Tölöbaldı bəy hazırda pensiyaçıdır. Kaliçanın vasitəsilə Tölöbaldı bəy xahişimizi qəbul edib, suallarımızı cavablandırdı. 

- Sizin üçün Azərbaycan nə deməkdir?

- Azərbaycana bir sözlə duyğularımı çatdırmam qeyri-mümkündür. Azərbaycan unikal təbiətə, təkrarolunmaz mədəniyyətə və çoxəsrlik tarixə malikdir. Mənim üçün isə Azərbaycan  qardaşlarım, dostlarım deməkdir. Bizim damarımızda eyni qan

- türk qanı axır.

- Şuşada olduğunuz illəri necə xatırlayırsınız?  Neçənci ildə orda olmusunuz?

-1979-cu ildə. Sovet dövrü idi. Dövlət qulluqçusu idim, gözəl  Şuşaya "putyovka" ilə getmək şansı yaranmışdı.

-Şəhəri necə xatırlayırsınız?

- Şuşa  Dağlıq Qarabağda gözəl bir şəhər idi. Sakit, dinc, sülhsevər şəhər idi, insanları da mentalitet baxımından bizimkilərə oxşayırdı. Qonaqpərvər, gülərüz insanlar idi. Orada  gəzməli-görməli çox yer var idi. Təmiz dağ havası, əsrarəngiz peyzajlar... Şuşadan başqa biz Ağdamda və Xankəndidə də olduq. Ağdamda mavi ­mozaika ilə bəzədilmiş məscidi xatırlayıram. Onun iki minarəsi çox uzaqdan  görünürdü. Gözəl məscid idi.  Ağdamda həm də çörək muzeyi var idi, hansı ki, orda qədim əmək alətlərini və daşlaşmış taxıl, çörək nümunələrini görmək olardı.

- Şuşa, həmçinin Azərbaycanın musiqi beşiyi hesab edilir. Qarabağ muğamını eşitmisinizmi?

- Azərbaycan muğamı  azərbaycanlıların ən qədim və əsas  musiqi janrlarından biridir. Azərbaycanlılar muğamı həm ifa, həm də improvizə edirlər. Qeyri-adi və gözəldir. Mən Şuşada çox Azərbaycan muğamına qulaq asmışam, onlar da müxtəlifdir. Ancaq yaddaşımda daha çox "Qarabağ şikəstəsi" qalıb. O, unudulmaz bir ritmə malikdi...

 - Şuşa tarixi abidə və muzeylərlə zəngin olub. Hansı tarixi yerlərdə olmusunuz?

- Bəli, orada çox gözəl arxitekturaya malik qədim binalar, evlər var idi. Şuşa qalası, Yuxarı və Aşağı Gövhər Ağa Məscidi, Saatlı Məscidi... Eləcə də, Azərbaycanın tanınmış şəxsiyyətlərinin heykəl və büstləri var idi.

- Şuşada çəkdirdiyiniz fotolardakı insanlar kimdir?

- Şuşa sanatoriyasında dincələn insanlar idi. Üstündən çox vaxt keçib, oradakı mehriban və işıqlı insanların adlarını unutmuşam.

- Yəqin ki, siz Qarabağ ətrafında cərəyan edən situasiyadan xəbərdarsınız, ermənilər tərəfindən işğal olunmuş torpaqlarımızdan bir milyondan çox insan qovularaq məcburi köçkünə çevrilib...

- Bəli, Azərbaycandan bir az uzaqda olduğumuzdan burada baş verənlər barədə informasiyalar bizə gəlib çatmır. Ancaq Qarabağ ətrafında baş verən olayları internetdən izləyirik. Bir vaxtlar olduğum ən sevdiyim gözəl şəhərlərdə həmin gözəlliyin və dincliyin daha olmamasını bilmək mənim üçün çox ağırdır!.. Bizim qardaşlarımız olan azərbaycanlıların başına gələnlər bizi incidir. Hər bir xalq öz Vətənini sevir. Çünki bu torpaq onlara əcdadlardan miras olaraq ötürülür. Dağlıq Qarabağ haqqında onu deyə bilərəm ki, oradan zorla qovulmuş azərbaycanlıların doğma  torpağıdır. Əminəm ki, o torpaqlar gec-tez öz sahiblərinə – azərbaycanlılara qaytarılmalıdır. Əminəm ki, o torpaqlar gec-tez öz sahiblərinə – azərbaycanlılara qaytarılmalıdır. Ümid edirəm ki, müharibəsiz qaytarılar.

Mənə pis təsir edir... Ancaq xatirələrimdə Şuşa gözəl Azərbaycan şəhəri kimi o illərdə gördüyüm mənzərədə qalıb; qonaqpərvər dostlar və onların üzlərindəki qayğısız təbəssümləri...

P.S. Bu yazının ərsəyə gəlməsində dəstəyi üçün Kaliça Jakıpa təşəkkür edirəm.

Söhbəti qələmə aldı:
Əfsanə BAYRAMQIZI,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında