Şriftin ölçüsü:
02.12.2010 06:58 | Oxunma sayı: 817
Turqut Ər kimi dönüklərin böhtan və iftiraları tarixi həqiqətlərə kölgə sala bilməz!
Türkiyə - Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin getdikcə daha da möhkəmlənməsi, iki ölkə arasında qarşılıqlı əlaqələrin qırılmaz tellərlə bağlanması bir sıra dairələri, xüsusilə də ermənipərəst qüvvələri ciddi narahat edir. Belə qüvvələr zəif iradəli, xəyanətkar, antimilli şəxsləri çirkli pullar hesabına ələ alır və Türkiyə - Azərbaycan dayaqlarının möhkəmləndirilməsində müstəsna xidmətləri olmuş şəxsiyyətlərə böhtan atmaqla, qərəzli məlumatlar yaymaqla çaşqınlıq yaratmağa çalışırlar. Xəbis niyyətli qüvvələr bir vaxtlar Türkiyənin Azərbaycandakı səfirliyində "diplomatik fəaliyyət" göstərən Turqut Ər adlı bir yazar tapıblar.
T.Ər qərəzli, subyektiv mülahizələrlə dolu olan kitab yazaraq tarixi faktları təhrif etmiş, Türkiyə - Azərbaycan əlaqələrinin möhkəmləndirilməsində müstəsna rolu olmuş şəxsiyyətlərin ünvanına böhtan, bəzən də təhqirlə dolu ifadələr işlətmişdir. Onun kitabından bəzi hissələr "Azadlıq" qəzetində çap olunmuşdur. Bu da səbəbsiz deyildir. Çünki bu qəzetə himayədarlıq edənlər daim hakimiyyəti ələ keçirməyə cəhd etsələr də, öz istəklərinə çata bilməmişlər. Turqut Ər Azərbaycanda "diplomatik" fəaliyyət göstərdiyi müddətdə müxalifət adı ilə antimilli mövqedə olan həmin qüvvələrlə sıx əlaqə yaradaraq bəzi avantürist dairələrinin sifarişlərini yerinə yetirib. Həmin vaxtlar T.Ər və onun təmsil etdiyi dairələr Azərbaycanın və digər türk dövlətlərinin rəhbərliyinə özlərinə sərf edən naşı, iradəsiz, dövlət idarəçiliyində təcrübəsi olmayan adamları gətirərək, bu ölkələri öz bildikləri kimi idarə etmək arzusunda idilər. Lakin, o vaxt dövlət xadimlərinin uzaqgörənliyi, möhkəm siyasi iradəsi və müdrikliyi sayəsində dövlət çevrilişinə cəhdlərin qarşısı alınmışdır. Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətini qurmaq, inkişaf etdirmək, dünya dövlətləri sırasına qoşmaq, bu istiqamətdə həyata keçirdiyi tədbirlər antimilli qüvvələrin planlarını alt-üst etmişdir. Xəyanətkar dairələrin istək və arzularını həyata keçirmək istəyənlərdən biri olan Turqut Ərin təxribat xarakterli "Azadlıqdan tiranlığa" adlı kitabı həm türkiyəli, həm də azərbaycanlı ziyalıların ciddi narazılığına səbəb olub.
Aydın Mirzəzadə, Milli Məclisin deputatı:
- Bu kitabı yazmaqda Turqut Ərin əsas məqsədi Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaqdır. Bununla yanaşı, həm də gündən-günə möhkəmlənən və inkişaf edən Azərbaycanla Türkiyə arasındakı münasibətlərə nifaq salmaqdır. Ən əsası isə Azərbaycan üçün müqəddəs olan insanlar haqqında müəyyən mənfi rəy yaratmaqdan ibarətdir. Belə yazılar böhtan, yalan və iftiradan başqa ayrı şey deyil. Turqut Ər ağlına gələn cəfəngiyyatları tarixi fakt kimi qələmə verməyə çalışır. Lakin heç kimi öz yalanlarına inandıra bilməz. Çünki Azərbaycan məhz ümummilli lider Heydər Əliyevin yenidən dəfə siyasi hakimiyyətə gəlişindən sonra öz müstəqilliyini qoruyub saxlamış, möhkəmləndirmiş və demokratik dövlət imicini qazanmışdır.
Turqut Ər sanki bunları görməyərək qərəzli və subyektiv mülahizələri ilə Azərbaycanda bu gün dövlətçiliklə, inkişaf perspektivləri ilə bağlı olan fikirlərə fəsadlıq törətməyə çalışır. Onun əsassız və qərəzli mülahizələri ölkəmiz inkişafının şahidi olan insanlarda ikrah hissi oyadır. Həmin qərəzli fikirlərin Azərbaycanda radikal müxalifətin himayəsində olan mətbu orqanda çap edilməsi müxalifətin müəyyən qanadlarında milliliyin, vətənpərvərlik hisslərinin olmamasından irəli gəlir. Adlarını müxalifət qoyan belə antimilli qüvvələr üçün Azərbaycan haqqında kimin nə yazmasının fərqi yoxdur. Əsas odur ki, bu hakimiyyətə qarşı mübarizədə onların əllərində bir bəhanə olsun. Bu alətin çirkin olması, Turqut ərlərin arxasında duran dairələr tərəfindən Azərbaycana atılmasının onlar üçün fərqi yoxdur. AXCP sədri Əli Kərimlinin himayədarlıq etdiyi "Azadlıq" qəzeti belə çirkin oyunlara himayədarlıq etməklə heç nəyə nail ola bilməyəcək.
Zahid Oruc, Milli Məclisin deputatı:
- Turqut Ərin kitabından bəzi məqamları oxuduqca belə fikirlərin hansısa "yan" sonluğu soyadı olan bir şəxsin fikirləri ilə üst-üstə düşməsinə şübhə ola bilməz. Damarlarında türk qanı daşıyan hər bir şəxs həm türk dünyasına, o cümlədən Azərbaycana daim dost-doğma münasibətdə olmalıdır. 1990-1995-ci illərdə Azərbaycanda cərəyan edən proseslər hər birimizin gözləri önündədir. Hər birimiz əsl gerçəkliyin nədən ibarət olduğunu çox yaxşı bilirik. Heydər Əliyevin müdrikliyi o illərdə özünü bir daha göstərdi. Türkiyə - Azərbaycan münasibətləri yüksək səviyyədə qorunub saxlanıldı və diplomatik qarşıdurma baş vermədi. O vaxt Azərbaycanda dövlət çevrilişinə cəhd göstərilən zaman Türkiyənin Azərbaycandakı səfiri Altan Karamanoğlu "persona-non-qrata" elan olunub ölkədən qovulmalı idi. Bunun aşkar şəkildə hansı hadisələrə aparıb çıxaracağını, düşmən qüvvələrin bundan necə bəhrələnəcəyini tarixi şəxsiyyət Heydər Əliyev peşəkar siyasətçi kimi hesabladı və məhz bu hadisələrin üzərindən sakitliklə keçdi.
Turqut Ərin "Azadlıqdan tiranlığa" adlı kitabında açıq cinayət məsuliyyəti yaradacaq böhtan və iftiraların hər birinin qarışığı olaraq Azərbaycan parlamentariləri, ziyalıları və xalqını, millətini sevən hər bir Azərbaycan vətəndaşı böhtanla dolu materialı dərc edən qəzetə müraciət etməlidir. Bu müraciətlərin hüquq müstəvisində olması daha vacibdir. Tarixi şəxsiyyətlərə müraciətdə davranışlar ölkə daxilindəki media orqanları tərəfindən etik şəkildə qoyulmalıdır. Bu, bizim ixtiramız deyil, dünya təcrübəsində, inkişaf etmiş ölkələrdə belə bir qayda var. Belə insanların şərəf və ləyaqəti bütün dönəmlərdə qorunmalıdır. Məhz bu baxımdan Turqut Ər yazdıqları böhtan və yalanlara görə məsuliyyət daşıyır. Belə cəfəngiyyat Türkiyə - Azərbaycan münasibətlərinə xələl gətirə bilməz və ölkəmizin yaxın tarixi keçmişinə kölgə sala bilməz. Çünki Azərbaycanın bugünkü inkişafının möhkəm özülü məhz o dövrdə ulu öndər Heydər Əliyevin müdrikliyi sayəsində qoyulub.{nl}
Söhbəti qələmə aldı: Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.