Fərid Mansurov: Güləşçilərimizin ümidləri doğruldacağına inanıram

Dünya güləş aləminin lider komandalarından biri olan Azərbaycan yığmasının üzvləri bu gün Olimpiya xalçasında mübarizəyə başlayacaqlar. Olimpiadanın favoritləri sırasında olan güləşçilərimizdən çox böyük ümidlərlə medallar gözləyirik. Güləş Federasiyasının ­­vitse-prezidenti, Olimpiya çempionu Fərid Mansurovla əlaqə saxlayıb yığma komandamızın hazırlığı, əhval-ruhiyyəsi ilə bağlı fikirlərini öyrəndik.

- Fərid, komandada mübarizə ruhu necədir?

- Güləşçilərimiz yarışların başlanmasını səbirsizliklə gözləyirlər. Yəni  komandada mübarizə ruhu çox yüksəkdir.

- Sizcə,  onların hazırlığı bu böyük sınaqdan qalib çıxmaları üçün yetərlidirmi?

- Bu idman növündə yüksək nailiyyətlər üçün illərin gərgin zəhməti lazımdır. Ötən yarışlarda pəhləvanlarımız ciddi sınaqlardan üzüağ çıxmaqla güləş aləmində lider mövqeyə sahib olduqlarını təsdiq etmişlər. Onlar bütün yarışlarda uğurla çıxış edərək Vətənə medallarla qayıdıblar. Yunan-Roma güləşi tarixində ilk dəfə dünya kubokunu qazanmışıq. Düşünürəm ki, pəhləvanlarımızın hazırlığı yüksək səviyyədədir və onlar Olimpiya xalçası üzərində qələbələri ilə bunu təsdiq edəcəklər.

- Necə düşünürsünüz, yunan-Roma güləşçilərimiz London Olimpiadasındakı nəticələrini təkrarlaya, yaxud bir qədər də yaxşılaşdıra biləcəklərmi?

- London Yay Olimpiya Oyunlarına da yunan-Roma güləşi üzrə güclü komanda ilə yola düşmüşdük. Onu da qeyd edim ki, orada nəticələr bir az da yaxşı ola bilərdi. Yəni pəhləvanlarımızın geniş imkanları medalların sayında və keyfiyyətində müsbətə doğru dəyişikliklərə imkan verirdi. Bu, Olimpiya meydanıdır və nəzərə alaq ki, buraya dünyanın hər yerindən adlı-sanlı pəhləvanlar gəlirlər. Yəni onların da hər biri medala iddialı güclü rəqiblərdir. Ötən illər ərzində Güləş Federasiyasının rəhbərliyi idmançılarımızın hərtərəfli hazırlığı üçün bütün tədbirləri görüb. Düşünürəm ki, pəhləvanlarımız nəticələrini bir az da yaxşılaşdırıb, medalların sayında və keyfiyyətində artıma nail olacaqlar.

- Güləş yığmamızın hazırlığında sizin də əməyiniz var. Olimpiya çempionu kimi hansı hissləri keçirirsiniz?

- Özüm güləşəndə bəlkə də bu qədər həyəcanlı deyildim. İndi artıq hər bir güləşçinin Olimpiya meydanında mübarizəsi dillə ifadə edilməyəcək emosiyalar yaradacaq. Artıq böyük həyəcanla yarışların başlanmasını gözləyirəm. Güləşçilərimizin ümidləri doğruldacaqlarına inanıram.

- Artıq bir həftədir ki, Azərbaycan yığmasının üzvləri Olimpiya Oyunlarında gərgin mübarizə aparırlar...

- Yarışları böyük maraq və həyəcanla izləyirik. Cüdoçularımız Rüstəm Orucov və Elmar Qasımovun qazandıqları gümüş medallar qürur hissi doğurur. Onların hər ikisi qızıl medala çox yaxın idilər. Amma Olimpiya Oyunlarını digər yarışlarla müqayisə etmək olmaz. Elə ölkələr var ki, bu yarışlarda bir medal belə qazana bilmirlər.

Bu qələbə münasibəti ilə idman ictimaiyyətini, xalqımızı ürəkdən təbrik edirəm. Azərbaycan yığmasına möhtəşəm Olimpiya Oyunlarında daha böyük uğurlar azulayıram.

Müsahibəni apardı:
Leyla QURBANOVA,
"Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında