Elçin CƏFƏROV: İdmançılarımızın qələbə ilə Vətənə dönəcəklərinə əminəm

Güləş yığmamız Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına favorit kimi yola düşdü. Son illər qitə, dünya çempionatlarında və digər nüfuzlu turnirlərdə sözlərini demiş Azərbaycan pəhləvanlarının ötən Olimpiya Oyunlarında iki çəkidə qızıl medala sahib olmaları güləş aləmində lider mövqeyimizin bir daha təsdiqi idi. Müsahibimiz Güləş Federasiyasının yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov pəhləvanlarımızdan bu dəfə daha yüksək nəticələr gözlənildiyini dedi.

– Elçin müəllim, artıq dördilliyin zirvə yarışına start verilib. London Olimpiadasında güləşçilərin xalqımıza bəxş etdikləri möhtəşəm qələbənin nostalji duyğuları isə bizi hələ də tərk etməyib...

– London Yay Olimpiya Oyunlarında güləşçilərimiz əldə etdikləri böyük qələbələrlə Azərbaycan Olimpiya hərəkatına zəngin töhfələr verdilər. Olimpiya xalçasında sonacan böyük əzmlə mübarizə aparan sərbəst güləşçilər, Toğrul Əsgərov və Şərif Şərifovun qarşısında heç bir rəqib tab gətirmədi. Təəssüf ki, yunan-Roma güləşi və qadın güləşi üzrə pəhləvanlarımız qızıl medalın bir addımlığında büdrədilər. Pekin Olimpiadasının gümüş mükafatçısı Rövşən Londonda da ikinci yeri tutdu. Halbuki qızıl medal almaq üçün yüksək idman formasında idi. Pekin Olimpiadasının bürünc medalçısı Mariya Stadnikin də Londonda qızıl medal üçün geniş imkanları var idi.  Üç güləşçimiz, Emin Əhmədov, Yuliya Ratkeviç  və Xetaq Qazyumov çıxışlarını bürünc medalla başa vurdular. Bütövlükdə, güləşçilərimiz 7 medal qazandılar. Bu, möhtəşəm uğurdur.

– "Klassik"lərimizin London Olimpiadasından sonra - ötən dörd il ərzindəki  nəticələri sizi qane edirmi?

– Rioda iştirak edəcək budəfəki heyətimizdə güclü pəhləvanlar yer alıb, bu da təbii ki, ötən dörd ildə görülən işlərin bəhrəsidir. Düzdür, London Olimpiadasına da yunan-Roma güləşi üzrə güclü heyətlə yola düşmüşdük. Qeyd etdiyim kimi, medallarımız sayca çox, keyfiyyətcə daha yüksək ola bilərdi.  Buna baxmayaraq, qazanılan nəticələrdən razı qaldıq.

Olimpiya Oyunları çox güclü yarışdır və burada zəif rəqib iştirak etmir. London Olimpiadasından sonra məşqçilər heyətində dəyişiklik oldu. Məqsəd yığmamızın daha güclü potensialını təmin etmək idi. Komandamıza Cəmşid Xeyrəbadi dəvət olundu. Onun rəhbərliyi altında ötən dörd il ərzində bir sıra nailiyyətlər əldə edilib. Bu illərdə güləşçilərimiz iştirak etdikləri bütün yarışlardan medalla qayıdıblar. Dünya Kubokunu qazanıb, yunan-Roma güləşi tarixində böyük uğura imza atıblar. Bunların içərisində ötən il ilk Avropa Oyunlarında və Las-Veqasda keçirilən dünya çempionatında pəhləvanlarımızın parlaq nəticələrini, Rəsul Çunayevin dünya çempionu olmasını xüsusi qeyd edərdim. Buraya yeniyetmə və gənclərimizin də dünya, Avropa çempionatlarında əldə etdikləri nəticələri əlavə etsəm, deyə bilərəm ki, bu gün “klassik”lərimizin nəticələri yüksəkdir. Dünyanın lider güləş dövlətləri içərisində yunan-Roma güləşçilərimiz də var. Bu gün haqlı olaraq, bütün dünyada idmançılarımızla hesablaşır, onları ciddi rəqib kimi qəbul edir və yüksək nəticələr gözləyirlər.

– Sizcə, yunan-Roma güləşi üzrə hansı çəkilərdə medal şanslarımız var? Komandamızdan yüksək nəticələr gözləyə bilərikmi?

– Ötən illər ərzində güləşçilərimizin hərtərəfli qayğı ilə əhatə olunması nəticələrdə də özünü göstərir. Olimpiya Oyunlarında iştirak edəcək idmançıların, məşqçilərin problemi yoxdur. Hər bir idmançı Güləş Federasiyasının prezidenti Fazil Məmmədovun diqqətindədir. Yığma komanda üzvlərinin mənzil-məişət problemi, təlim-məşq proseslərində, yarışlarda iştirakları, qidalanma, vitaminləşdirmə - hər bir problem yüksək səviyyədə həllini tapıb. Təlim-məşq toplanışlarımızın bir qismi ölkəmizin rayonlarında, olimpiya bazalarında keçirilib. Federasiyanın birinci vitse-prezidenti Namiq Əliyev təlim-məşqlərdə şəxsən iştirak edir. Dünya, Avropa çempionatlarının qalib və mükafatçıları olan komanda üzvlərimizin hamısı güclü potensiala malikdir. Xüsusən, Rövşən Bayramovu qeyd etmək istəyirəm. İki dəfə ardıcıl Olimpiya oyunlarının gümüş medalına layiq görülüb. Dünya çempionu, dəfələrlə Avropa çempionudur. 66 kq-da Rəsul Çunayev dünya və Avropa çempionatlarının qalibidir. 75 kq-da Elvin Mürsəliyev Avropa çempionu, dünya çempionatının mükafatçısıdır. Saman Təhmasibi dünya və Avropa çempionatının mükafatçısı, Sabah Şəriəti Avropa çempionatının mükafatçısı, bir sıra Qran-pri yarışlarının qalibi və mükafatçısıdır. Onların hər biri medala iddialıdır.

– Rio Olimpiadasından sonra Tokio Yay Olimpiya Oyunlarına hazırlıq mərhələsi başlayacaq. Yeni nəsil güləşçilərin yetişməsi üçün planlar nədən ibarətdir?

– Yunan-Roma güləşi üzrə yığma komandada 3-4 nəfər karyerasını bitirə bilər. Bütün bunlar məşqçilər korpusunun nəzarəti altındadır.  Ötən illər ərzində yeniyetmə və gənclərə xüsusi diqqət yetirilib.  Onların arasında gələcəyin olimpiyaçıları var. Təlim-məşq toplanışlarında gənclərin iştirakının təmin olunması, beynəlxalq yarışlarda yoxlanılması bundan sonra da davam etdiriləcək.

– Yığmamıza arzularınız?

– Azərbaycan dövləti idman ölkəsi olaraq bu dəfə də Olimpiya Oyunlarını izləyən dünya ictimaiyyətinin diqqət mərkəzində olacaq. Əsas medal ümidlərimizdən olan güləşçilərimizə, eləcə də Azərbaycan yığmasında mübarizə aparan hər bir idmançıya uğurlar diləyirəm, onlara bəslənilən etimadı doğrultmağı arzu edirəm. İdmançılarımızın dövlətin diqqət və qayğısına cavab olaraq bu dəfə də qələbələrlə Vətənə dönəcəklərinə əminəm!

Müsahibəni apardı:
Leyla QURBANOVA,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında