Yeni dövrün yeni kinosu yaranmaqdadır

Azərbaycan kinosunun 118 yaşı tamam olur. Milli  kino sənətimizin tarixi 1898-ci il avqustun 2-dən başlayır. Lümyer qardaşları 1896-cı ildə  Parisdə ilk filmi nümayiş etdirdikdən iki il sonra, 1898-ci ildə fotoqraf Mişon Bakıda "Balaxanıda neft fontanı" və "Bibiheybət neft mədənində yanğın" adlı xronikal süjetləri lentə almaqla milli kinematoqrafiyamızın əsasını qoydu. Bundan sonra onlarla film çəkildi. Bunların arasında ən yaddaqalanı Üzeyir Hacıbəyovun  "Arşın mal alan" operettası əsasında çəkilmiş ilk milli kinokomediyamız oldu. 118 ildən artıq  bir yol keçmiş Azərbaycan kinosu bu  gün hansı  qayğılarla yaşayır? Müsahibimiz  "Azərbaycanfilm" kinostudiyasının  direktoru, Prezident İlham Əliyevin sərəncamı ilə bu günlərdə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüş Müşfiq Hətəmovdur.

- Müşfiq müəllim, əvvəla sizi fəxri ad almağınız münasibətilə qəzetimiz adından təbrik edirik. İkincisi,  istərdik ki, Azərbaycan kino  sənətinin keçdiyi tarixi yola  qısa bir  nəzər salaq.

-  Bu yol 1898-ci ildən başlayır. O vaxtlar  dünyada  bu sənət yenicə yaranmağa başlamışdı. 1916-cı ildə Azərbaycanda ilk bədii  film çəkildi –  İbrahim bəy Musabəyovun  "Neft və milyonlar səltənətində"  povesti ekranlaşdırıldı. Həmin il  dahi Üzeyir bəyin "Arşın mal alan" operettası da ekranlaşdırılmış və 1917-ci il yanvarın 3-də "Forum" kinoteatrında nümayiş olunmuşdu. Bu, Üzeyir bəy yaradıcılığına Azərbaycan kinosunun ilk müraciəti idi. 1945-ci ildə çəkilmiş "Arşın mal alan" isə ilk milli filmimizdir ki, SSRİ dövründə Dövlət mükafatına layiq görülüb.

Sonrakı illərdə Üzeyir bəy yaradıcılığının ən gözəl nümunələrindən olan "O olmasın, bu olsun" operettası (1956), "Leyli və Məcnun" operası əsasında da  filmlər yaradılmışdır. Sonra isə yazıçı Anarın öz ssenarisi əsasında çəkdiyi dahi bəstəkarın həyat və yaradıcılığından bəhs edən  "Üzeyir ömrü"  filmi   çəkildi  və bu kinolent Azərbaycan musiqi tarixinin böyük bir salnaməsinə çevrildi. Azərbaycan müstəqillik qazanana qədər ölkəmizin kinematoqrafçıları milli ənənələrə söykənərək kino salnaməmizi xeyli zənginləşdirmişlər. Sovet filmləri sırasında çox qiymətli Azərbaycan filmləri də vardır.

- Müstəqilliyin ilk illərində Azərbaycan kinosu  ciddi problemlərlə üzləşdi...

-  Bilirsiniz, Azərbaycan Sovetlər  İttifaqından ayrılandan sonra kinoda vəziyyət kritik həddə çatmışdı. Sovet  dövründə kino  sənəti  mərkəzdən maliyyələşdirilirdi və bu sistem dağılmışdı.  Prokat  sistemi  iflic olmuşdu. "Azərbaycanfilm" kinostudiyası, demək olar ki, öz  fəaliyyətini tamamilə dayandırmışdı. İşsiz qalmış kadrlar ölkəni tərk etməyə başlamışdılar.

Müstəqil Azərbaycanın kino sənəti 1993-cü ildən formalaşmağa başladı. Həmin illərdə incəsənətin bu vacib sahəsi, sözün əsl mənasında, məhv olmaq təhlükəsi ilə üzləşmişdi. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə incəsənətə diqqət artırıldı. Milli kinematoqrafiyanın qazandığı ən mühüm uğurlardan biri "Kino haqqında Qanun"un qəbul edilməsi oldu. Bununla kinematoqrafın hüquqi bazası yaradıldı. Qeyd edək ki, MDB ölkələri arasında Rusiyadan sonra yalnız Azərbaycanda belə bir qanun qəbul edilmişdi.

 Sonrakı illərdə Azərbaycanda kino çəkilişlərinə dövlətin qoyduğu vəsait ilbəil artırıldı. Belə ki, bu sahəyə 2000-ci ildə 600 min, 2004-cü ildə 850 min, 2005-ci ildə 1 milyon 400 min, 2006-cı ildə 2 milyon, 2007-ci ildə isə 3 milyon 300 min manat vəsait ayrılmışdır.Sonrakı illərdə  bu vəsait ilbəil daha da artırıldı. Buna uyğun olaraq əvvəllər 3-4 ildə cəmi 1-2 bədii film çəkilirdisə və ya heç çəkilmirdisə,  artıq "Ovsunçu", "Hacı Qara", "Küçələrə su səpmişəm", "Arxada qalmış gələcək", "Girov", "Əlvida, cənub şəhəri", "Cavid ömrü", "Hökmdarın taleyi", "Cavad xan", "Manifest", "Biz qayıdacağıq"  kimi  filmlər  çəkildi. Eyni zamanda  bir neçə sənədli və cizgi filmləri istehsal olunmağa  başlanıldı.

 Bu gün Azərbaycan filmləri beynəlxalq festivallarda  iştirak edir, müxtəlif səviyyəli mükafatlar qazanır. Bu sahəyə dövlət qayğısı sayəsində milli kinomuz hazırda  yeni inkişaf dövrünü yaşayır. Mədəniyyət  və Turizm Nazirliyi  ən yaxşı  layihələrimizi  dəstəkləyir və onların reallaşması  üçün köməyini əsirgəmir.

- Azərbaycanda kinematoqrafiyanın  inkişafı ilə bağlı  dövlət  proqramı bu qayğının təzahürü deyildimi?

- Azərbaycan Prezidenti İlham Əliyev  ulu öndərin mədəniyyət  siyasətini uğurla davam etdirir. Elə  kinematoqrafiyanın inkişafı da  ölkə başçısının diqqət və qayğısı ilə əhatə olunmuşdur. Son illər dövlətimiz milli kinomuzun tərəqqisinə, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqət  göstərir. 2007-ci il fevralın 20-də Prezident İlham Əliyev  "Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında" sərəncam imzaladı. Bu sərəncam kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni bir təkan verdi. Etiraf etmək lazımdır ki, hələ respublikamızda kinonun maddi-texniki bazası aşağı səviyyədədir. 1976-cı ildə ulu öndərimiz Heydər Əliyev "Kino sənətinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında" sərəncam imzalamışdı. Bu sərəncama əsasən, o  zaman xarici valyuta hesabına kino avadanlıqları alınırdı. Prezident İlham Əliyevin imzaladığı sərəncamda isə kino sahəsində məsələlərin həlli kompleks şəkildə qoyulmuşdur. Yəni həmin sənəddə kinostudiyanın binasının ən müasir tələblərə cavab verən formada yenidən qurulması, ən yeni texniki avadanlıqlarla təchiz edilməsi, kadr siyasətinin həyata keçirilməsi və digər mühüm məsələlər öz əksini tapmışdır. Proqramda nəzərdə tutulan  bir sıra məsələlər öz həllini tapsa da,  studiyanın təmiri  bəzi obyektiv səbəblər ucbatından hələ də reallaşmamışdır. Yəqin ki, yaxın gələcəkdə  bu problem də öz həllini tapacaq.

1996-cı ildə Azərbaycan Dövlət Film Fondu yaradıldı. Hazırda bu fondda 10 mindən artıq milli və xarici film saxlanılır. Həmin filmlərin yüksək səviyyədə qorunmasını təmin etmək məqsədilə Dövlət Film Fondu üçün dünya standartlarına cavab verən  xüsusi  bina inşa edilib. Azərbaycanda yeni yüksək ixtisaslı kinematoqrafçı kadrların hazırlanmasına xüsusi diqqət yetirilir. SSRİ-nin dağılması ilə əlaqədar kino sahəsində kadr hazırlığı sistemi də dağılmış, olanlar isə pərən-pərən düşmüşdülər. Respublikamızda milli kinematoqrafçı kadrların hazırlanması məsələsi Prezidentin sərəncamında öz əksini tapmışdır. Yerli və xarici filmlərin yüksək səviyyədə nümayiş etdirilməsi üçün kinoteatrların dünya standartlarına uyğun yenidən qurulması əsas vəzifə kimi qarşıya qoyulmuşdur. Bu gün "Nizami" Kino Mərkəzi  yalnız kinoteatr kimi deyil, həm də tarixi abidə kimi qorunaraq ən müasir tələblərə cavab verən formada  fəaliyyətini  davam etdirir.

- Son vaxtlar Azərbaycan  filmlərinin beynəlxalq  festivallardan xoş sədası gəlir. Bu  barədə nə deyərdiniz?

- Dünya kinosunda inkişaf davam etməkdədir. Yeni texnologiyalar kinoya tətbiq olunur, yeni cərəyanlar yaranır.  Bu  festivallarda iştirak etmək üçün  dünya  kinosu ilə  ayaqlaşmaq  lazımdır. Bunun  üçün  bizim kinematoqrafçılar da  yeni yollar axtarırlar. Bu axtarışlar isə  yüksək səviyyəli  filmlərin yaranması ilə  nəticələnir. Beynəlxalq   festivallarda  nümayiş etdirilən filmlərimiz də bu tələblərə cavab verir və son  zamanlar nüfuzlu beynəlxalq  festivallarda  ölkəmizə uğur qazandırır. 2014-cü ildə  "Azərbaycanfilm" Kann beynəlxalq kino bazarına altı film təqdim etmişdir. Bunlar "Şəhər motivləri", "Qırmızı bağ", "Yarımçıq xatirələr", "İçərişəhər", "Axınla aşağı", "Qisas almadan ölmə. Keçmişdən məktublar" bədii filmləridir.

Mən "Nabat"  filminin  beynəlxalq  festivallarda qazandığı uğurları  xüsusi  vurğulamaq istərdim. Bu kino  əsəri Boğaziçi Beynəlxalq Film Festivalında  (Türkiyə), 14-cü Dəkkə Beynəlxalq Film Festivalı (Banqladeş)  və LET'S CEE Beynəlxalq Film Festivallarının  (Avstriya)  əsas müsabiqə proqramlarında göstərilmiş, hər birində baş qadın rolunun ifaçısı  Fatima Ariya  "Ən yaxşı qadın  rolu"na  görə mükafata layiq  görülmüşdür. Həmin  film  il ərzində 33-cü Fajr Beynəlxalq Film Festivalının (İran) Şərq panoramında  göstərilmiş və   "Ən yaxşı rejissor" işinə  görə  mükafat qazanmışdır. Eləcə də,  film    34-cü İstanbul Beynəlxalq Film Festivalının  (Türkiyə)  "Yeni bir baxış" müsabiqə proqramında, 13-cü Pune Beynəlxalq Film Festivalının  (Hindistan)  "Dünya kinosu" müsabiqə proqramında, 26-cı Palm Springs Beynəlxalq Film Festivalının (ABŞ) "Award Buzz" müsabiqə proqramında  iştirak etmişdir.

Bunlar  həyata keçirilən tədbirlərin yalnız bir  qismidir. Əsas olan  odur ki,  kino istehsalı  davam edir  və biz  Azərbaycan kinosunun əvvəlki  şöhrətini özünə qaytarmaq üçün yollar axtarır,  yüksək səviyyəli  filmlər  yaratmağa  çalışırıq.

Müsahibəni yazdı: M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında