İlham ZƏKİYEV: Rio Paralimpiadasında uğurlu çıxışımızla etimadı doğruldacağıq

Sentyabrın 8-dən 17-nə qədər Braziliyanın Rio de Janeyro şəhərində təşkil olunacaq XV Yay Paralimpiya Oyunlarında  170 ölkədən 4000 atletin gücünü sınayacağı  yarışlarda 24 idmançımız 6 növ üzrə turnirlərdə mübarizə aparacaq ki, bu da London Olimpiadası ilə müqayisədə xeyli çoxdur. Komandamızın bayraqdarı ikiqat Paralimpiya çempionu və bürünc mükafatçısı İlham Zəkiyev olacaq.

Azərbaycan idmanının ən parlaq simalarından biri olan İlham Zəkiyevlə görüşüb, ondan müsahibə aldıq. Həmin müsahibəni oxucularımıza təqdim edirik.

İlham, artıq dördilliyin ən möhtəşəm idman yarışı ərəfəsindəyik. Rio Paralimpiadasında komandamızın bayraqdarı kimi hansı hissləri keçirirsiniz?      

- Pekin və London Olimpiadalarında Azərbaycan bayrağını komandamızın önündə aparmaq mənə nəsib olmuşdu. Bu dəfə də bu şərəfli missiya mənə həvalə olunub. Şübhəsiz, bayraqdar olmaqdan böyük qürur duyuram. Keçirdiyim hissləri sözlə ifadə etmək mümkün deyil. İnşallah, Paralimpiadanın açılış mərasimində komandamızın bayraqdarı və kapitanı kimi şərəfli vəzifənin öhdəsindən layiqincə gələcəyəm.

Növbəti Paralimpiadada şanslarınız yüksək qiymətləndirilir. Rəqibləriniz arasında kimdən daha çox ehtiyat edirsiniz?

– Ümumilikdə, mənim çəkimdə 12 cüdoçu çəkimdə mübarizə aparacaq. Onların əksəriyyəti ilə qarşılaşmışam. Özbəkistan komandasını təmsil edən rəqibimlə hələ gücümü sınamamışam. Son dünya çempionu, Asiya Oyunlarının qalibi olub. London Paralimpiadasında məğlub olduğum yaponiyalı idmançı da güclü rəqiblərdəndir. O "London-2012"-də qalib oldu. Yerli idmançını da qeyd edərdim. London Oyunlarında bürünc medal uğrunda mübarizədə onu məğlub etsəm də, son dünya çempionatında onunla bacarmadım. Əslində, belə bir möhtəşəm yarışda zəif rəqib olmur. Çalışacağam ki, potensialımdan maksimum istifadə edim.

Cüdo komandasının digər üzvlərinin  medal şansları ilə bağlı nə deyə bilərsiniz?

– Biz 7 çəki dərəcəsində təmsil olunacağıq. 60 kq-da London Paralimpiadasının qalibi Ramin İbrahimov, 66 kq-da dünya və Avropa çempionu Bayram Mustafayev 73 kq-da bu yarışların qalibi Ramin Qasımov, 81 kq-da gənc idmançımız, Avropa çempionu, dünya üçüncüsü Rövşən Səfərov, 100 kq-da komandamızın heyətində yeni çıxış edən,  Avropa üçüncüsü Kənan Abdullaxanlı və ilk Avropa Oyunlarının gümüş mükafatçısı Səbinə Abdullayevadan – komandamızın hər bir üzvündən medal gözləyirik. Yarışlara hazırlıq çərçivəsində Paralimpiya Komitəsi tərəfindən yığmamız üçün hər  bir şərait yaradılmışdı. Dövlətimizin biz idmançılara göstərdiyi diqqət və qayğıya yüksək nailiyyətlərlə cavab verməliyik. Rio Paralimpiadasında uğurlu çıxışımızla bizə bəslənilən etimadı doğruldacağıq.

Müsahibəni apardı:
Leyla QURBANOVA,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında