Dünya dördilliyin zirvə yarışının - Rio de Janeyro Yay Olimpiya Oyunlarının startı ərəfəsindədir. Azərbaycan komandası bu yarışlara yüksək uğurlar qazanmaq əzmi ilə yola düşür. Müstəqillik dövründə olimpiadalar tarixində ən çox idmançı və idman növü ilə təmsil olunan yığmamızın tərkibində bu dəfə, həm də çoxlu titullu idmançılar yer alıb. Şübhəsiz, təcrübəli idmançıların yer aldığı komandamıza böyük ümidlər bəsləyirik. Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov "Xalq qəzeti"nə müsahibəsində Rio Olimpiadasında atletlərimizdən idman ictimaiyyətinin, eləcə də xalqımızın böyük uğurlar gözlədiyini bildirdi.
– İsmayıl müəllim, müstəqil Azərbaycan növbəti olimpiadada iştirak edəcək. Olimpiadadan-olimpiadaya nailiyyətlərimiz yüksələn xətlə davam edir. İdman sahəsinin bu cür sürətlə inkişafını şərtləndirən amillər barədə nə deyə bilərsiniz?
– İdman elə bir sahədir ki, burada daim inkişaf və yenilik olmasa yaxşı nəticə əldə etmək mümkün deyil. Müstəqil Azərbaycanın dinamik inkişafı bu sahənin də hərtərəfli yüksəlişini təmin edib. Ölkəmizdə qısa müddət ərzində qurulan nəhəng idman infrastrukturuna dünyanın istənilən inkişaf etmiş ölkəsi həsəd apara bilər. Ötən illər ərzində ölkəmizdə yaradılan Olimpiya idman kompleksləri, mərkəzlər, müxtəlif təyinatlı idman qurğuları bu sahənin inkişafına zəngin töhfələr verir. 1993-cü ildən idmançılarımızın Avropa, dünya çempionatları və digər mötəbər yarışlardan qazandıqları uğurlar getdikcə artır. Təkcə ötən il idmançılarımız beynəlxalq yarışlarda 823 medal qazanıblar. 823 medalın qazanılmasının ölkəmizin tanınmasında nə qədər böyük əhəmiyyəti var. Ölkəmizdə hər il 50-dən artıq dünya, Avropa miqyaslı müxtəlif tədbirlər keçirilir. Regionlarımızda beynəlxalq tədbirlər miqyasını getdikcə genişləndirir. Naxçıvanda hər il 3-4 beynəlxalq yarış keçirilir. Paytaxt Bakı ilə yanaşı, bölgələrmizdə təşkil edilən dünya və qitə səviyyəli yarışlar yerlərdə idmanın kütləviliyini təmin edir. Bölgə idmançıları mötəbər yarışlarında yüksək nailiyyətlər qazanırlar. Bu gün Olimpiyaçılarımızın uğurlarından danışarkən ötən illərin nailiyyətlərinə diqqət etmək lazımdır. Belə bir mötəbər yarışda parlaq qələbələrin əldə edilməsi bir-iki ilin hazırlığı deyil, illərlə çəkilmiş zəhmətin bəhrəsidir. Bu uğurlar idman sahəsinə dövlət tərəfindən göstərilən diqqət və hərtərəfli qayğının nəticəsidir. Olimpiya Oyunlarında möhtəşəm qələbələrimiz Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən idmançılarımız üçün yaradılmış şərait sayəsində mümkün olmuşdur.
– Rio de Janeyro Yay Olimpiya Oyunlarında ötən olimpiadalarla müqayisədə, komandamız, həm idmançıların, həm də idman növlərinin sayına görə rekord göstərici əldə edib. Bu, idmançılarımızın nəticələrinə nə qədər təsir edə bilər?
– Təbii ki, daha çox idman növündə, həm də əvvəlkilərdən artıq sayda idmançı ilə təmsil olunmağımız daha çox medal qazanmaq şansı yaradır. Üstəlik, keyfiyyət cəhətdən də komandamız çox qabağa gedib. Bu dəfə komandamızın tərkibində Olimpiya Oyunlarının qalib və mükafatçıları, dünya, Avropa çempionları və mükafatçıları daha çoxdur. Təbiidir, bu gün dünya çempionu olan idmançı Olimpiya Oyunlarında da özünü təsdiq etməlidir. Amma əksinə də ola bilər. Ən yüksək nəticə əldə edən idmançı ola bilər növbəti yarışda uğur qazanmasın. Bu orqanizmdə gedən proseslərdən, gündəlik münasibətlərdən və digər amillərin təsirindən də asılı ola bilər.
Azərbaycanın müstəqil dövlət kimi iştirak etdiyi 1996-cı ildən Rio Olimpiadasına qədər həm iştirakçıların, həm də medalların sayında artım müşahidə olunub. Təsadüfi deyil ki, müstəqil ölkə kimi iştirak etdiyimiz ilk olimpiadada - "Atlanta-1996"-da 9 idman növü üzrə 23 nəfərlə təmsil olunmuşduqsa, artıq "London-2012"-də 16 idman növü üzrə 53 idmançı mübarizə aparırdı. Ötən beş olimpiadada - Atlantada bir gümüş, Sidneydə iki qızıl bir bürünc, Afinada bir qızıl, dörd bürünc, Pekində bir qızıl, iki gümüş, dörd bürünc medal əldə etmişdiksə, artıq Londonda bu medalların sayı ikisi qızıl olmaqla ona çatdı. Komandamızın Rio Olimpiadasında daha yüksək nəticələr əldə etməsinə inanıram.
– Sizcə, medallar əvvəlki olimpiadalarda olduğu kimi, yenə də ənənəvi idman növlərində qazanılacaq, ya yeni növlərdə medallara ümid edə bilərik?
– Ümumiyyətlə, idmanın öz qanunauyğunluqları var. Burada 100 faiz proqnoz vermək olmaz. Amma deyə bilərəm ki, əlbəttə, yeni növlərdə də medal ola bilər. İdmançı əgər Olimpiya Oyunlarına lisenziya əldə edibsə, deməli, potensialı var. Düzdür, güləş, eləcə də olimpiadalar tarixində ilk dəfə tam heyətlə təmsil olunacaq boks yığmalarından daha uğurlu nəticələr gözləyirik. Ötən olimpiadada ümidləri doğrultmayan cüdoçularımıza da böyük ümidlər bəsləyirik. Tərkibində dünya çempionunun və digər mötəbər yarışların qalib və mükafatçılarının yer aldığı taekvondo yığmamızın da medal şansları var. Medal ümidlərimiz sırasında gimnastika, eləcə də avarçəkməni də qeyd edə bilərəm. İstedadlı bədii gimnastımız Marina Durunda, dünya çempionatının bürünc medalçısı, ilk Avropa Oyunlarında beş medal əldə etmiş idman gimnastımız Oleq Stepko, avarçəkənimiz - dəfələrlə dünya və Avropa çempionu Valentin Demyanenko, digər növlər üzrə lisenziya qazanmış potensiallı idmançılarımızın hamısına ümidlər bəsləyirik. Amma bununla belə, olimpiadada qarşılıqlı rəqabət idmançının mütləq qalib, yaxud məğlub olacağını müəyyən edir. İdmançılarımız potensiallarından maksimum istifadə edərlərsə, qələbə qazana bilərlər.
– Rio Olimpiadasından sonra dünyanın diqqəti möhtəşəm Ümumdünya Şahmat Olimpiadasının ev sahibi Bakıya yönələcək. Bu nüfuzlu tədbirin təşkili ilə bağlı nə deyə bilərsiniz?
– Bakı indiyə qədər müxtəlif sahələrdə, o cümlədən idman sahəsində mötəbər tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib. Dünya, Avropa çempionatları, dünya kuboku yarışları və digər idman tədbirlərinin təşkilindən məmnun qalan nüfuzlu qurumların rəsmiləri bu barədə dəyərli fikirlər söyləyiblər. Ötən il qitənin 49 ölkəsindən 6000 idmançının iştirak etdiyi ilk Avropa Oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirildi. Böyük uğurlara imza atan komandamız Rusiyadan sonra ikinci pillədə qərarlaşdı. Bir ay bundan əvvəl isə Bakı daha bir möhtəşəm yarışın - "Formula-1" üzrə Avropa Qran-prisinin yüksək səviyyədə təşkili ilə dünyanın diqqətini cəlb etdi.
Rio Olimpiadası bitdikdən sonra Bakıda dünyanın ən mötəbər yarışlarından olan Ümumdünya Şahmat Olimpiadası start götürəcək. Qeyd edim ki, bu tədbirə Bakının ev sahibliyi etməsi idman tariximiz üçün əlamətdar hadisədir. Sentyabrın 1-dən 14-nədək keçiriləcək şahmat olimpiadasında 200-ə yaxın dövlətin komandasının iştirak edəcəyi gözlənilir. Yarışların baş hakimi təcrübəli hakim Faiq Həsənov olacaq. Tədbirə hazırlıq artıq başa çatıb. Əminik ki, Bakı Ümumdünya Şahmat Olimpiadasına da ən yüksək səviyyədə ev sahibliyi edəcək.
Gələn il isə mühüm əhəmiyyətli idman tədbirlərindən biri olan IV İslam Həmrəyliyi Oyunları Bakıda keçiriləcək. Dünya əhəmiyyətli belə tədbirlərə ev sahibliyinin ölkəmizə həvalə edilməsi Azərbaycanın beynəlxalq aləmdə ildən-ilə nüfuzunun artmasının və respublikamızın özünü idman dövləti kimi təsdiq etməsinin əyani göstəricisidir.
– Yay Olimpiya Oyunları bitən kimi Tokio Olimpiadasına hazırlıq başlayacaq. Növbəti dörd ildə əsas planlar barədə nə deyə bilərsiniz?
– Qeyd etdiyim kimi, idman sahəsi daim inkişaf tələb edir. Rio Olimpiadasında iştirakımızla yanaşı, artıq Tokio Olimpiadasına hazırlıq dövrü başlayıb. Olimpiya yığmamızın tərkibində çoxlu gənc idmançılar da var. Onların hərtərəfli hazırlığı ilə bağlı müşahidələr aparılır, imkanları götür-qoy edilir. Şübhəsiz, ehtiyat qüvvə də ötən dörd il ərzində yetişib. Müxtəlif idman növləri üzrə yeniyetmələr arasında perspektivli idmançılarımızın bacarıqlarının artırılması üçün görülən işlər davam etdiriləcək. Ayrı-ayrı idman növlərində region idmançılarının yığmanın tərkibində yer alması üçün tədbirlər planının daha da genişləndirilməsi nəzərdə tutulub. Olimpiadalara əsas hazırlıq mərhələləri dünya, Avropa çempionatlarında, dünya kuboklarında və digər nüfuzlu yarışlarda müəyyənləşir. Növbəti dörd il ərzində yeniyetmə və gənclərdən ibarət ehtiyat qüvvənin də beynəlxalq yarışlarda öz gücünü sınaması üçün hər bir şərait yaradılır. Əminəm ki, Tokio Olimpiadasına hazırlıq da yüksək səviyyədə baş tutacaq.
– Rio Olimpiadasında iştirak edəcək idmançılarımıza arzularınız?
– Atletlərimiz hər zaman dövlət qayğısını və xalqın dəstəyini hiss edib, bu etimadı doğrultmaq üçün yüksək nailiyyətlər uğrunda əzmlə mübarizə aparıblar. Bu dəfə də Azərbaycan dövləti, xalqımız onlardan layiqli qələbələr gözləyir. Arzularıma gəldikdə isə, komandamızın hər bir üzvünə qələbə sevinci, uğurlar arzulayıram. Olimpiyaçılarımızın Vətənə böyük qələbələrlə dönəcəklərinə inanıram!
Müsahibəni apardı:
Leyla QURBANOVA,
"Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.