Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun iyulun 15-də dövlət çevrilişinə cəhd və ondan sonrakı proseslər barədə AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.
- Cənab səfir, qardaş Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanında olub. Hər iki ölkə birlikdə dünya miqyaslı enerji və nəqliyyat layihələri həyata keçirir. Bununla yanaşı, ölkələrimizdə hər hansı hadisə baş verdikdə ilk reaksiya da məhz Türkiyə və ya Azərbaycandan gəlir. Bu baxımdan, qarşıya çıxan çağırışlar, dostluq, qardaşlıq əlaqələri, eləcə də Türkiyədəki 15 iyul hadisələri ilə bağlı fikrinizi bilmək maraqlı olardı. Qardaş ölkədə dövlət çevrilişi cəhdini Azərbaycan birincilər sırasında kəskin surətdə pislədi, xalqın seçdiyi hakimiyyətə, demokratiyaya qarşı zorakılığın yolverilməzliyini bəyan etdi.
- Həqiqətən də iyulun 15-də Türkiyə müasir tarixinin ən böhranlı gününü yaşadı. Həmin gün baş verən hadisələr hər hansı siyasi partiyaya və ya şəxsə qarşı deyil, sözün tam mənasında, konstitusion quruluşun devrilməsini hədəfə alan, Türkiyənin çökdürülməsi məqsədinə xidmət edən xainlərin cəhdi idi. Bu baxımdan bunu çağdaş tariximizin ən mühüm dönüş nöqtələrindən biri olaraq görürük.
Türkiyə Cümhuriyyəti demokratiya üçün çox ciddi təhlükəni sovuşdurdu. Belə təhlükəli məqamda digər ölkələrin göstərdikləri həssaslıq, həmrəylik bizim üçün çox vacib idi. Azərbaycan hər zaman olduğu kimi, bu dəfə də qardaş Türkiyənin yanında oldu. Amma qardaşlıq həmrəyliyi nümayiş etdirməsindən daha çox Azərbaycanın mövqeyinin bütün dünyaya örnək göstərilməli olan digər bir cəhəti də var. O da budur ki, Azərbaycan birmənalı olaraq, Türkiyədə demokratiyanın, konstitusion quruluşun, hakimiyyətin xalqa məxsusluğu prinsipinin tərəfində durdu. Mən bunu həmişə vurğulayıram ki, Azərbaycan və Türkiyə bütün məqamlarda bir-birinin yanındadır. Amma bu məsələdə Azərbaycan dünyaya demokratiya dərsi verdi. Azərbaycan həqiqətin tərəfində durdu və ilk anlardan etibarən Türkiyə ilə möhkəm həmrəylik nümayiş etdirdi.
Bu həmrəylik yalnız dövlət səviyyəsində olmadı. Eyni zamanda, xalq da həmişəki kimi, öz dəstəyini bildirdi. Həmin gecə təxminən saat 3 radələrində mən küçəyə çıxaraq, səfirliyin binası qarşısına toplaşan Türkiyə və Azərbaycan vətəndaşlarına müraciət etdim, onlara minnətdarlığımı bildirdim. Türkiyədə meydanlara çıxıb hakimiyyəti müdafiə edən xalqımız da, Prezidentimiz də, Baş nazirimiz də, xarici işlər nazirimiz də qardaşlıq dəstəyinə və ədalətli mövqeyinə görə Azərbaycana minnətdarlıqlarını ifadə etdilər.
Bu həmrəylik, hörmətli Prezident İlham Əliyevin dediyi kimi, ikitərəfli əlaqələrimizin ən yüksək səviyyədə olduğunu bir daha göstərdi. Azərbaycan ilə Türkiyə region üçün çox böyük əhəmiyyətə malik layihələr reallaşdırır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum var. Bundan başqa, TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu layihələrini həyata keçiririk. Türkiyə və Azərbaycan bu layihələri həyata keçirməklə həm tarixən sahib olduqları imkanları birləşdirərək ciddi uğurlar qazanır, həm də sadəcə öz xalqları, bir olan millətimiz üçün deyil, başqa ölkələr üçün də əlverişli imkanlar ortaya qoyur. Hesab edirəm ki, bu, sözün əsl mənasında, dünyada nümunə göstərilə biləcək iki ölkənin qardaşlığı ilə yanaşı, praqmatik səviyyədə öz imkanlarını mükəmməl şəkildə birləşdirərək necə müsbət nəticələr əldə edilməsinin gözəl bir örnəyidir.
Eyni zamanda, iqtisadi, siyasi, təhlükəsizlik baxımından dünyada yaşanan çətin dövrdə belə müsbət örnək mühüm əhəmiyyət daşıyır. Belə bir dövrdə görülməli olan da məhz budur. Hesab edirəm ki, ölkələrin bizim Azərbaycan ilə etdiyimiz kimi, bir araya gəlib imkanlarını birləşdirərək həm özləri, həm də dünya üçün müsbət nəticələr əldə etmələri çox səmərəli və önəmli olar.
- Bundan əvvəl İstanbulda Atatürk Hava Limanında terror aktının, daha sonra dövlət çevrilişi cəhdinin Türkiyənin region ölkələri ilə münasibətləri normallaşdırdıqdan dərhal sonra baş verməsini necə izah edə bilərsiniz? Sizcə, həm Atatürk Hava Limanındakı terror aktı, həm də dövlət çevrilişi cəhdi bu normallaşma prosesini hədəfə aldığını deməyə əsas verirmi?
- Həm terror aktı, həm də dövlət çevrilişi cəhdi zaman etibarilə Türkiyənin Rusiya, xüsusilə İsrail ilə ikitərəfli əlaqələrində olan gərginliyi aradan qaldırmaq üçün bu ölkələrlə danışıqlar apardığı vaxta təsadüf etdi. Beləliklə, belə bir ardıcıllığın olduğu doğrudur. Ancaq tarixi baxımdan belə bir ardıcıllıq olsa da, onların bir-biri ilə bağlantısının olub-olmadığını deyə bilmərəm. Mən bir diplomat, Türkiyənin Azərbaycandakı səfiri olaraq, bunu tədqiqatçıların öhdəsinə verməyin tərəfdarıyam. Bu məsələ ilə bağlı daha doğru dəyərləndirmə etmək üçün mülahizələrdən uzaq durmağın səmərəli olduğunu düşünürəm. Ona görə də bu ehtimalı diqqətdə saxlayaraq, işimizi davam etdirməliyik.
Türkiyə Cümhuriyyətinin Baş naziri vəzifəyə təyin edildikdən sonra dedi ki, biz həm daxildə, həm də xaricdə dostlarımızın sayını artırmaq, düşmənlərimizin sayını azaltmaq üçün konstruktiv iradə ortaya qoyacağıq. Həm İsrail, həm də Rusiya ilə gərginliklərin yaşandığı dövrdən etibarən ortaya qoyduğumuz əsas parametrləri yenidən xatırladaraq və bu ölkələrlə möhkəm təməllərə söykənərək, - onların da eyni addımları atması sayəsində, - razılığa gələ bildik və ikitərəfli əlaqələrimizin inkişafı istiqamətində mühüm məsafə qət etdik. Bu, son dərəcə böyük əhəmiyyət daşıyır. Təbii ki, biz bunu yalnız Rusiya və İsrail ilə məhdudlaşdırmaq istəmirik. Məqsədimiz Türkiyə xarici siyasətinin keçmişdən gələn prinsiplərinə uyğun olaraq, hamı ilə konstruktiv əsasda, fikir ayrılıqlarımızı da müzakirə etmək yolu ilə münasibətlərimizin inkişafını davam etdirməkdir.
Atatürk Hava Limanındakı terror aktı birinci deyildir. Təəssüf ki, keçmişdə də, yaxın dövrdə də Türkiyədə bir neçə terror aktı törədilib. Bütün bunları siz yaxşı bilirsiniz. Həmin terror aktları zamanı Azərbaycan bizimlə güclü həmrəylik nümayiş etdirdi. Burada diqqət yetirilməli məqam odur ki, bütün bunlar yalnız Türkiyəyə məxsus problemlər deyil. Fransada, ABŞ-da, İraqda, Pakistanda, Banqladeşdə, Belçikada, Almaniyada olan hücumları gördük. İndi dünya ciddi terror dalğasının ağuşundadır. Türkiyə həssas bölgədə yerləşdiyi üçün bundan daha çox əziyyət çəkir. Lakin biz təkcə Türkiyəni deyil, bütün ölkələri, bəşəriyyəti narahat edən ortaq bir problemlə qarşı-qarşıyayıq. Bu həqiqətləri görmək lazımdır.
Azərbaycanlı qardaşlarımızın bir məsələyə daha yaxşı diqqət yetirmələrini istəyirəm. Hazırda Türkiyənin bütün hava limanlarında, turizm bölgələrində, mühüm strateji məntəqələrində çox ciddi təhlükəsizlik tədbirləri görülür. Bu baxımdan Türkiyədə narahatlığa əsas yoxdur. Onlar yay tətili mövsümündə istirahətlərini Türkiyənin turizm bölgələrində əmin-amanlıq şəraitində keçirə bilərlər.
Bir məsələni də qeyd etmək lazımdır ki, terrorizmə qarşı ciddi mübarizə aparılmalıdır. Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdi tamamilə başqa bir məsələdir. O da bir terror fəaliyyətidir. Lakin tamamilə başqa ölçüdə terror fəaliyyətidir. Bu istiqamətdə yaşanan prosesləri çox yaxşı bilirsiniz. Xalqımızın küçələrə axışması sayəsində çevriliş cəhdinin qarşısı alındı. Üstəlik, Türkiyədə demokratiyanı məhv etmək məqsədi güdən bu cəhd nəticəsində tam əksinə, demokratiya qələbə qazandı. Türk xalqı demokratiyaya sahib çıxaraq, öz iradəsini ən güclü şəkildə ortaya qoydu. “Türk xalqı” ifadəsini təsadüfən işlətmədim. Hər kəs siyasi partiya mənsubiyyətini bir tərəfə qoydu. Həmin hadisədən bir gün əvvələ qədər Türkiyənin daxili siyasi səhnəsində olduqca ciddi mübahisələr, müzakirələr aparılarkən, iyulun 15-dən etibarən hər gecə demokratiya növbəsi adı altında şəhərlərimizdə çox böyük tədbirlər təşkil olunur. Həmin tədbirlərə baxsanız, daha çox Türkiyə bayrağını görərsiniz. Siyasi partiyaların şüarlarını, konkret hansısa bir ideologiyanın ön plana çıxdığını görə bilməzsiniz. Bütün millətimiz, Türkiyə Cümhuriyyəti vətəndaşları “tək bir yurdumuz, tək bir dövlətimiz var” düşüncəsi ilə hərəkət edərək birlikdə dövlətə sahib çıxdılar. Bu, onu göstərir ki, Türkiyədə demokratiya bu proseslərdən, sözün tam mənasında, güclənərək çıxdı.
Düzdür, şəhidlərimiz oldu, kədərli hadisələr yaşadıq. Təəssüf doğuran hal odur ki, bu çevriliş cəhdi tarixən qürur mənbəyimiz olan Türkiyə Silahlı Qüvvələrinin içində yuva salan bir qrup vətən xaini tərəfindən törədildi. Amma həmişə dediyimiz kimi, Türkiyə Silahlı Qüvvələri qürur mənbəyimiz olaraq qalacaq. Lazımi tədbirlər görülür və görüləcək. Təkcə Silahlı Qüvvələrdə deyil, bütün dövlət qurumlarında təmizləmə işləri aparılır. Türkiyə bu prosesdən həm demokratiyasını gücləndirərək, həm də sistematik yalnışlıqlarını müəyyənləşdirib aradan qaldıraraq çıxacaq və yoluna davam edəcək.
İyulun 28-də Ali Hərbi Şuranın toplantısı keçirildi. Silahlı Qüvvələrimizdə yeni təyinatlar oldu. 15 iyul hadisələrindən qısa zaman keçməsinə baxmayaraq, Türkiyə həm Silahlı Qüvvələrin tərkibində ciddi addımlar atmaqda, həm də sistematik problemləri həll etməkdədir. Biz güclənərək yolumuza davam edəcəyik. Bundan heç kimin şübhəsi olmasın.
- Hazırda Türkiyədə Fətullahçı terror təşkilatının üzvlərinin üzə çıxarılması istiqamətində qətiyyətli tədbirlər görülür. Ölkədə üç ay müddətində fövqəladə vəziyyət elan edilib. Bunu zəruri edən hansı amillərdir və fövqəladə vəziyyət müddətində hansı tədbirlərin görülməsi planlaşdırılır? Ümumiyyətlə, 15 iyul dövlət çevrilişi cəhdi və sonrakı proseslər ölkə həyatına, xüsusilə iqtisadiyyata, turizmə necə təsir etdi?
- Dövlət çevrilişinə cəhddən sonra Türkiyədə fövqəladə vəziyyətin elan edilməsi təbiidir. Fövqəladə vəziyyət Türkiyə Cümhuriyyəti Konstitusiyasında əksini tapan və müəyyən şərtlərdə hökumətin elan edə biləcəyi bir tədbirdir. Hökumətimiz də buna əsaslanaraq fövqəladə vəziyyətin tətbiqi barədə qərar qəbul edib. Fövqəladə vəziyyətin elan olunması Türkiyənin qoşulduğu beynəlxalq müqavilələrlə də ziddiyyət təşkil etmir. Türkiyə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası”nı imzalayan ölkələrdən biridir. Fövqəladə vəziyyət yarandığı təqdirdə dövlət tərəfindən lazımi tədbirlərin görülməsi ilə bağlı müddəa bu Konvensiyada da əksini tapıb. Beləliklə, biz bu qərarı qəbul etməklə nə daxili hüquq, nə də beynəlxalq müqavilələr baxımından yanlış addım atmamışıq. Türkiyə hüquqi, demokratik dövlətdir və bütün addımlarını bu prinsiplər çərçivəsində atır və atmaqda davam edəcək.
Xüsusilə vurğulamaq istəyirəm ki, Türkiyənin gördüyü tədbirlər əsasən Qərbdə son dərəcə yanlış prizmadan şərh edilir. Halbuki dünyada fövqəladə vəziyyət elan edən yeganə ölkə Türkiyə deyil. Türkiyə bunu nə zaman etməyə qərar verdi? Türkiyə bu qərarı parlamentimizin Silahlı Qüvvələrimizin daxilindəki müəyyən qrup tərəfindən bombalandığı, ölkədə demək olar ki, vətəndaş müharibəsi təhlükəsi yarandığı zaman qəbul etdi. Bu qərarı Atatürk Hava Limanında törədilən terror hücumundan sonra qəbul etmədik. Daha əvvəlki terror hücumlarından sonra da qəbul etmədik. Fransaya baxın, terror hücumları oldu. Təbii ki, terror aktlarının nəticələri çox dəhşətlidir və heç kim buna az əhəmiyyət verdiyimi düşünməsin. Biz bu məsələdə Fransa xalqı, həmçinin terror hücumlarına məruz qalan hər kəslə tam həmrəyik. Lakin fövqəladə vəziyyət baxımından müqayisə etmək üçün demək istəyirəm ki, Fransa terror hücumundan sonra bunu elan etməyə ehtiyac duydu. Üstəlik, fövqəladə vəziyyətin müddətini uzatmaqdadır. Bu, o deməkdir ki, dövlətlər məruz qaldıqları müxtəlif miqyaslı təhdidlərlə mübarizə üsulu kimi, fövqəladə vəziyyət tətbiq edə bilərlər. Fransa terror hücumlarından sonra bunu etdi. Biz bunu terror aktlarından sonra etmədik. Lakin konstitusion quruluşun məhv edilməsini hədəfə alan bu cəhdin qarşısını almaq üçün fövqəladə vəziyyətin elan olunmasına ehtiyac duyduq. Dediyim kimi, biz lazımi tədbirləri hüquqi dövlət düşüncəsi ilə hərəkət edərək görürük.
Gördüyümüz tədbirlər nələrdir və fövqəladə vəziyyətin məqsədi nədir, - bu da çox sadədir. Fürsətdən istifadə edərək azərbaycanlı qardaşlarımıza bir daha səslənmək istəyirəm ki, bu tədbirlərin heç bir şəkildə onların və ya başqa ölkə vətəndaşlarının Türkiyəyə səyahət etmələrini məhdudlaşdırmaq, giriş-çıxışlarla bağlı əlavə maneələr yaratmaq və s. məqsədi yoxdur. Biz dövlət əleyhinə çıxış edən Fətullahçı terror təşkilatına qarşı son günlərdə mübarizəmizi sürətlə və daha təsirli aparmaq üçün fövqəladə vəziyyət elan etdik. Hörmətli Baş nazirimiz də bununla bağlı bildirdi ki, biz həyata keçirdiyimiz tədbirləri daha təsirli etmək üçün fövqəladə vəziyyəti dövlət olaraq özümüzə qarşı elan etdik. Nazirlər Kabinetinin qərarları əsasında Fətullahçı terror təşkilatı ilə mübarizə qətiyyətlə davam etdirilir, sistemli şəkildə lazımi addımlar atılır. Bu addımlara misal kimi, Jandarm Qüvvələrinin və Sahil Mühafizəsinin Daxili İşlər Nazirliyinin tərkibinə verilməsini göstərmək olar. Bu tədbirlərin davam etdirilməsində Türkiyənin məqsədi hüquqi dövləti, demokratiyanı qorumaqdır. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik.
Baş verənlərin turizmə təsirinə gəldikdə isə təbii ki, xaricdən baxdıqda terror aktları və ya dövlət çevrilişi cəhdi insanlarda, hətta Türkiyəni ən yaxşı tanıyan azərbaycanlı qardaşlarımızda belə hansısa narahatlıq doğura bilər. Bunu normal qəbul edirəm. Lakin mən eyni dərəcədə normal qəbul edilməli olan bir məsələni də demək istəyirəm ki, çox şükür, gördüyümüz tədbirlər təsirlidir, lazımlıdır və beləliklə, Türkiyədə həyat əvvəlki axarına qayıdıb.
Son dövrdə dünyada yaşanan terror aktları ilə əlaqədar onsuz da turizm sahəsində durğunluq hiss edilir. Bilirsiniz ki, futbol üzrə Avropa çempionatının keçirilməsindən əvvəl turizm fəallığının az olacağı ehtimal edilirdi. Hətta bunun Braziliyada Olimpiya Oyunları dövründə də turist axınına mənfi təsir edəcəyi barədə fikirlər səslənirdi. Rusiya ilə yaşadığımız gərginlik, onun tətbiq etdiyi embarqo ilə əlaqədar Türkiyəyə gələn rus turistlərin sayında da azalma var idi. Lakin bu, bir həqiqəti dəyişmir ki, Türkiyə çox mühüm turizm istiqamətidir, infrastruktur, turistlərə təqdim edilən imkanlar, xidmətin keyfiyyəti baxımından güclü rəqabət imkanına sahib ölkədir. Bu imkanlarımızla azərbaycanlı qardaşlarımız başda olmaqla, bütün dünyaya fəal şəkildə xidmət göstərməyə davam edirik. Azərbaycanlı qardaşlarımızın da bu baxımdan əmin olmalarını istəyirəm.
- Bir neçə gün əvvəl Türkiyə Nazirlər Kabinetinin iclasından sonra Baş nazir Binəli Yıldırım keçirdiyi mətbuat konfransında siyasi partiyaların liderləri ilə görüşdə Konstitusiyaya ilkin dəyişiklik məsələlərinin müzakirə edildiyini bildirdi. Bu dəyişikliklər nələri nəzərdə tutur? Ümumiyyətlə, geniş miqyasda Konstitusiya dəyişikliyinin, prezidentlik sisteminə keçidin əsas hədəfləri nədir?
- Bilirsiniz ki, bunlar uzun müddətdir Türkiyədə əsas müzakirə mövzularıdır. Siyasi partiyalarımızın bu məsələlərlə bağlı fərqli fikirləri var. Lakin ortaq mövqe də var. Ortaq mövqe odur ki, Türkiyədə kimdən soruşsanız, Konstitusiyamızın nəzərdən keçirilməsinə ehtiyac olduğunu deyə bilər. Çünki bu Konstitusiya 1980-ci ildəki hərbi çevrilişdən sonra hazırlanıb və illərlə üzərində dəyişikliklər aparılıb. Bu, köhnə bir binanı mütəmadi təmir etməyə bənzəyir. Bəzi yerlərini düzəldirsən, lakin sistem tamamilə yaxşı işləmir və əsas problemləri tam aradan qaldırmaq mümkün olmur. Bu baxımdan hesab edirəm ki, ümumiyyətlə, Türkiyədə bütün dairələr Konstitusiyanın dəyişdirilməsinə ehtiyac olduğunu qəbul edir.
Lakin sonrakı mərhələ daha mürəkkəbdir. Konstitusiyada yer alacaq müddəalarla bağlı təbii olaraq, müxtəlif fikirlər ortaya çıxır. Digər tərəfdən, Türkiyədə xüsusilə hökumətimizin üzərində durduğu və zərurət olaraq ortaya qoyduğu prezidentlik sisteminə keçilib-keçilməməsi ilə bağlı müzakirələr aparılır. Əslində bu mübahisələr yeni deyil, keçmişdə də olub və müxtəlif siyasi partiyalar tərəfindən bir vaxtlar səsləndirilən məsələdir. Şübhəsiz, bütün bunlar bir-biri ilə əlaqəlidir. Prezidentlik sisteminə keçiləcəksə, bəzi dəyişikliklər zəruri olacaq.
Siyasi partiyalarımız arasında prezidentlik sistemi ilə bağlı hələ də ümumi razılıq əldə edilməyib. Bununla yanaşı, Türkiyədə dövlət sisteminin daha səmərəli işləməsi ilə bağlı tədbirlərin görülməsinin vacibliyi hamılıqla qəbul olunan məsələdir. Baş nazirimizin 15 iyul hadisələrindən sonra müxalifət partiyalarının rəhbərləri ilə keçirdikləri görüşlər, həmçinin hörmətli Prezidentimizin də siyasi partiyaların liderlərini qəbul etməsi nəticəsində Konstitusiya dəyişikliyi ilə bağlı həyata keçirilən, lakin yarımçıq qalan fəaliyyətin yenidən başladılması barədə razılıq əldə olunub. Bu, daha uzunmüddətli və genişmiqyaslı Konstitusiya dəyişikliyi ilə bağlıdır. Bununla yanaşı, Baş nazir daha qısa müddətdə və razılığın rahatlıqla əldə olunacağı bəzi məsələlərlə bağlı ortaq fəaliyyətin həyata keçirilməsindən bəhs etdi. Lakin bunun hansı məsələləri əhatə etdiyi hələ açıqlanmayıb.
Qeyd etmək lazımdır ki, 15 iyuldan sonra Türkiyədə insanlar bunu deməyə başladılar: “Vətənin taleyi müzakirə mövzusu olduqda, digər məsələlər əhəmiyyətli deyil”. Bütün siyasi partiyalarımız demokratiyaya sahib çıxmaq barədə ortaq iradə sərgilədilər. Hamı bir nəfər kimi - həm vətəndaşlarımız, həm də siyasi partiyalarımız silah tətbiq edərək dövlət çevrilişi yolu ilə konstitusion quruluşun dəyişdirilməsinə qarşı çıxdılar. Həmçinin Fətullahçı terror təşkilatı ilə mübarizə məsələsində də ortaq iradə nümayiş etdirdilər. Zənnimcə, Konstitusiyaya tezliklə olunacaq dəyişikliklər bu məsələləri əhatə edəcək.
Ən önəmlisi odur ki, Türkiyədə dövlət çevrilişi cəhdindən sonra daxili siyasət səhnəsində yumşalma var. Siyasi partiyaların liderləri bir-birinə müsbət mesajlar verirlər. Cəmiyyətimiz bu müsbət mənzərədən məmnun olduğunu ifadə edib. Prezident Rəcəb Tayyib Ərdoğan da dövlət başçısı kimi, bundan məmnundur. Ölkə daxilindəki bu konstruktiv mühit Konstitusiya ilə bağlı mübahisələrin daha sağlam əsasda aparılmasına imkan verəcək. Bu, həm də demokratiyamızın səviyyəsi baxımından gözəl örnəkdir. İnşallah, belə bir konstruktiv əsasa söykənərək çox mühüm və çətin proses olan Konstitusiya dəyişikliyini uğurla başa çatdıracağıq.
Sonda mən bütün azərbaycanlı qardaşlarımıza bir daha təşəkkür edirəm. Xüsusilə qeyd etmək istəyirəm ki, həmin gecə ölkəmiz üçün evdə necə həyəcan və narahatlıq keçirdimsə, azərbaycanlı qardaşlarımız da eyni hissi, həyəcanı yaşadılar. Bu, mənim müşahidə etdiyim ən dəyərli məqam oldu. Bunu mənə yaşatdığı üçün Azərbaycan xalqına təşəkkür edirəm.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.