Xəbər verildiyi kimi, Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncam imzalamışdır. Azərbaycan Konstitusiya Məhkəməsi ölkə başçısının təklif etdiyi Konstitusiyaya dəyişikliyi nəzərdə tutan Referendum Aktı layihəsini müzakirə edərək müsbət rəy vermişdir. Azərbaycan Prezidentinin sərəncamı ilə Konstitusiyada dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) sentyabrın 26-da keçiriləcək.
Artıq "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ictimaiyyətə təqdim edilib. Təklif olunan dəyişikliklər böyük maraqla qarşılanıb. Ziyalılar, ictimai-siyasi xadimlər, partiya sədrləri və ictimaiyyət nümayəndələri Konstitusiyada dəyişiklikləri zəruri hesab edir və bunu ölkəmizin inkişafı, habelə idarəetmə strukturlarının daha da möhkəmləndirilməsi ilə əlaqələndirirlər.
Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa ilə söhbətimiz də bu mövzuda oldu.
Konstitusiyaya dəyişikliklərin aktual olduğunu bildirən partiya sədri bunu ölkəmizin inkişafı ilə əlaqələndirdi: "Ölkədə ali icra hakimiyyəti orqanının və hüquq-mühafizə sisteminin gücləndirilməsi vacib məsələlərdəndir. Bunu son zaman bölgədə baş verən hadisələr də təsdiqləyir. Digər vacib cəhət isə insan haqlarının müdafiəsi ilə əlaqədar beynəlxalq aləmdə baş verən yeniliklərin Konstitusiyada yer almasıdır. Bu baxımdan hesab edirəm ki, Konstitusiyaya dəyişikliklərin edilməsi zərurətdən yaranıb. Bu dəyişiklikər mövcud vəziyyətdə hər kəs tərəfindən müsbət qiymətləndirilir".
Milli Məclisin deputatı dedi ki, ali icra hakimiyyəti orqanında birinci vitse-prezident və vitse-prezident institutlarının tətbiq olunması idarəetmədəki boşluğun aradan qaldırılmasına gətirib çıxara biləcək bir seçimdir. O, əminliklə bildirdi ki, bu dəyişikliklər qanunvericilik bazasını daha da zənginləşdirəcək və ölkəmizin demokratik prinsiplərin inkişafına sadiqliyini bir daha təsdiqləyəcək. Partiya sədri hər bir kəsin bu referendumda fəal iştirakına əminlik ifadə etdi: "Hesab edirəm ki, bu referendumun nəticələri uğurlu olacaq və cəmiyyət tərəfindən də dəstəklənəcək. Çünki digər ölkələrlə müqayisədə bu gün ən böyük dəyər Azərbaycandakı davamlı sabitlikdir. Bildiyimiz kimi, sabitliyin hər hansı bir şəkildə pozulması insanların yaşam səviyyəsinə, mülkiyyət hüquqlarının pozulmasına, həm də təhsil, sağlamlıq və digər hüquqların gerçəkləşməsinə mane olur. Bu baxımdan dəyişikliklərin müsbət nəticələrlə yekunlaşacağına əminəm".
F.Mustafa bildirdi ki, təklif olunan dəyişikliklər sırasında diqqətçəkən məqamlardan biri də 56-cı maddənin III hissəsinə "seçkilərdə iştirak etmək" sözlərinin "seçilmək" sözü ilə əvəz edilməsidir. Digər təklif isə 100-cü maddədən "Yaşı otuz beşdən aşağı olmayan" sözlərinin çıxarılmasıdır. Deputat qeyd etdi ki, hazırda bu barədə müxtəlif fikirlər səslənir: "Seçkilərdə yaş məhdudiyyətinin aradan qaldırılması o demək deyil ki, insanlar gedib 18 yaşı tamam olmuş şəxsləri ya parlamentə deputat, ya da prezident seçəcəklər. Yaş məhdudiyyətinin götürülməsi hələ cəmiyyət tərəfindən bu yaşda da müəyyən məsələlərin həlli anlamına gəlmir. Ona görə də hər bir şəxsin kifayət qədər seçim imkanları var. Namizədlərə səs verən seçicilər, ilk növbədə, onlara həyat təcrübəsinə, təhsili, dünyagörüşünə və iş qabiliyyətinə görə təmsilçilik səlahiyyəti verirlər. Bu baxımdan bütün sahələrdə məhdudiyyətin götürülməsi demokratik prinsiplərə önəm verilməsi deməkdir. Yəni hər hansı bir istedadlı və ya fövqəladə qabiliyyətli insanların kənarda qalmasına yol vermək olmaz. Bu baxımdan da hər bir kəsə bütün imkanlar yaradılmalıdır. Necə ola bilər ki, 18 yaşlı gənc seçkilərdə səs vermək hüququna malik olsun, ancaq seçilmək hüququndan məhrum edilsin? Bu ədalətsizliyin aradan qaldırılması, yaşından asılı olmayaraq, hər bir kəsin seçmək və seçilmək hüququnun tənzimlənməsində böyük rol oynayır".
Partiya sədri 101-ci maddənin I hissəsində "5" rəqəminin "7" rəqəmi ilə əvəz edilməsini və aşağıdakı məzmunda ikinci cümlənin--"Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər"-məntiqinin əlavə ediməsini ölkəmizin dünya birliyinə inteqrasiyasının nəticəsi kimi dəyərləndirdi: "Son illər Azərbaycan sürətlə inkişaf edir, qanunvericilik bazası daha da zənginləşdirilir, qəbul olunan qanunlar dünya standartlarına uyğunlaşdırılır. Dünyanın bir sıra ölkələrində prezidentlik səlahiyyəti 7 ildir. Bu da öz müsbət nəticəsini göstərir. Məsələn, Fransada belə bir idarəetmə sistemi öz effektini göstərir. Belə hallar digər ölkələrdə də mövcuddur. Azərbaycanda da prezidentlik səlahiyyətinin 5 ildən 7 ilə qaldırılması icra hakimiyyətinin daha güclü olması, çevik reaksiya verməsinə imkan yaradacaq. Ümumiyyətlə, hesab edirəm ki, Konstitusiyaya dəyişikliklər edilməsi təklifi Azərbaycan vətəndaşlarının hüquqlarının qorunması, müəyyən məhdudiyyətlərin aradan qaldırılması və ali icra hakimiyyəti orqanının daha da möhkəmləndirilməsi baxımından təqdirəlayiqdir. Bu dəyişikliklər ölkəmizin demokratik dəyərlərə üstünlük verməsi baxımından da zəruridir".
Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
"Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.