Azərbaycan elminin ağsaqqallarından biri, Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, Ali Attestasiya Komissiyasının Arxeologiya və Etnoqrafiya üzrə Müdafiə Şurasının sədri, Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Teymur Bünyadov 88 illik ömrünün böyük bir hissəsini ölkəmizdə etnoqrafiya elminin formalaşmasına və inkişafına, xalqımızın tarixinin və milli-mənəvi dəyərlərinin öyrənilməsinə, milli ruhumuzun saflaşmasına həsr etmişdir. Yetirmələri onu Azərbaycan milli etnoqrafiya məktəbinin yaradıcısı, kimi dəyərləndirir və ehtiram bəsləyirlər.
Alimin dostları fəxrlə deyirlər ki, Teymur müəllimin elmi məqalələri və monoqrafiyaları etnoqrafiya elmimizin özülü, onun redaktorluğu və fəal iştirakı ilə ərsəyə gələn "Azərbaycan etnoqrafiyası" üçcildliyi isə bu sahənin başının tacıdır. İctimai elmlər sahəsində mühüm hadisə kimi dəyərləndirilən bu ensiklopedik nəşrdə Azərbaycan xalqının təsərrüfat həyatı, maddi və mənəvi mədəniyyəti, sənətkarlıq və ailə-məişət məsələləri geniş əksini tapıb.
Odlar yurdunu qarış-qarış gəzən, topladığı etnoqrafik materialları özünəməxsus dəst-xətlə və məhəbbətlə tədqiq edən alim həm də incəqəlbli folklorşünas, istedadlı nasir və şairdir. Onun müxtəlif illərdə nəşr etdirdiyi "Göz yaşları" romanı, "Xan çinarın kölgəsində", "Ana birdi, Vətən tək", "Başı çalmalı dağlar" adlı üçcildlik bayatılar toplusu, "Dedim ki, yadigar qalsın" hikmətli sözləri və digər kitablarını oxucular böyük sevgi ilə qarşılamışlar. Xalqımızın zəngin mənəvi dünyası, düçar olduğumuz uzun sürən müharibənin ağrıları, vətənpərvər oğul və qızlarımızın döyüş əzmi bu əsərlərin əsas qayəsini təşkil edir.
Ömrünün müdrik çağında yenə də gənclik şövqü ilə yazıb-yaradan Teymur müəllimin əsərləri bizi özümüzə daha yaxından tanıdır, hər birimizdə zəngin keçmişimizə dərin ehtiram və gələcəyə möhkəm inam hissi yaradır. Onlarca elmlər doktoru və namizədi yetişdirmiş bu nurani insan təkcə elmdə yox, həm də həyatda öz məktəbini yaratmışdır: elm, insanlıq və tərbiyə məktəbini. Alim həmişə gənclərə dəstək olmuş, onlara əsl atalıq nəvazişi göstərməyə çalışmışdır. Kim bilir, bəlkə də bu, onun uşaqlıq və erkən gənclik illərində üzləşdiyi həyatın sərt sınaqları, ağrı-acıları ilə bağlıdır:
– Mənim uşaqlığım çox dərdli və ələmli olub. Səkkiz yaşında anamı itirdim. Onun ölümündən bir il sonra – 1938-ci ildə isə atamı "xalq düşməni" kimi güllələdilər. "Təqsir"i Qori Müəllimlər Seminariyasını bitirib Kutaisi şəhərində pristav işləməsi idi. Atamı atdöşü eləyib aparanda özümü saxlaya bilmədim. Məni bərk-bərk sinəsinə sıxan xalamın əlindən çıxıb atamın boynuna sarıldım. Qəhərdən boğazım tutulmuşdu. Atam da heç nə demirdi. Boynumu, boğazımı yandıran isti göz yaşlarından bildim ki, o da ağlayır. Bizi güclə ayırdılar...
O illərdə "xalq düşməni"nin oğlu kimi ağır və bədnam damğanı daşımaq elə də asan deyildi. Dünənki dostlar və qohumlar bu gün kənar qaçır, bəziləri isə açıqca "düşmən oğlu" olduğumu başıma qaxırdılar. Gücüm gecələr yorğanı başıma çəkib xısın-xısın ağlamağa çatırdı. Uşaq olduğum üçün mənə toxunmasalar da, əmim uşaqlarının hərəsinə on bir il iş kəsib Sibirə sürgün etdilər. Hamımız cana doymuşduq, uğursuz taleyimizdən gileyli düşmüşdük. Bu əzablı həyata, tənəli baxışlara düz 20 il dözməli olduq. 20 ildən sonra atamın günahsız güllələnməsi barədə bəraət kağızı aldıq.
O qəlbiqəmli, gözünəmli yetimlik illərində ən yaxın sirdaşım kitablar idi. Bütün gücümü, diqqətimi oxumağa yönəltmişdim. 1946-cı ildə Qazax rayonu üzrə orta məktəbi iki nəfər qızıl, bir nəfər isə gümüş medalla bitirdi. Qızıl medalları mən və sonralar ölkəmizin tanınmış dilçi alimi olan Vaqif Aslanov aldıq. Gümüş medalı isə məşhur yazıçımız İsa Hüseynov qazandı. Həmin illərdə orta məktəbi medalla bitirənləri ali məktəblərə imtahansız götürürdülər. Mən Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsini seçdim. Tələbəlik illəri ömrümün ən unudulmaz və yaddaqalan dövrü olub. Müəllimlərimin, demək olar ki, hamısını dərin ehtiram və sonsuz məhəbbətlə xatırlayıram. Onlar əsl ziyalı, vətənpərvər və humanist insanlar idilər. Beşillik universitet həyatı bizə təkcə elm, ümumi dünyagörüş vermədi, həm də əsl insan və ziyalı kimi yetişdirdi.
Ali məktəbi bitirəndən sonra Şirvanşahlar Dövlət Muzeyində əmək fəaliyyətinə başladım. Ölkə müharibədən təzə çıxmışdı, digər sahələrdə olduğu kimi, elmi müəssisələrdə də gənc kadrlara böyük ehtiyac vardı. Buna görə də Azərbaycan KP MK-nın qərarı ilə 12 nəfər ümidverən gənc Moskvaya aspiranturada oxumağa göndərildi. Onların arasında mən də vardım. Kənd məktəbini bitirdiyim üçün rus dilini yaxşı bilmirdim. Bəziləri mənə irad tuturdu ki, "da" ilə "net"i ayırmırsan, sən orda necə oxuyacaqsan? Dedim, gedəcəm, qəbul imtahanlarını verə bilsəm, oxuyacam. İmtahanlardan keçə bilməsəm özümü atacam tramvayın altına...
Həyatda nə əldə etmişəmsə, buna öz zəhmətim, inadkarlığımla nail olmuşam. İmtahan da verdim, az-çox rusca danışmağı da öyrəndim. SSRİ Elmlər Akademiyasının Maddi Mədəniyyət Tarixi İnstitutunun aspiranturasında oxuduğum illərdə elmi rəhbərim məşhur qafqazşünas alim, Lenin mükafatı laureatı Yevgeni İqnatyeviç Krupnov mənə çox mətləbləri anlatdı. Elmi işçi kimi yetişməyimdə və alim kimi formalaşmağımda, ən əsası, etnoqrafiya elminin sirlərinə dərindən yiyələnməyimdə bu geniş erudisiyalı, tələbkar, qayğıkeş və səmimi insanın müstəsna əməyi olmuşdur.
1955-ci ildə onun elmi rəhbərliyi ilə "Tunc dövründə Azərbaycanda əkinçilik və maldarlıq" mövzusunda namizədlik dissertasiyasını müdafiə etdim və tarix elmləri namizədi alimlik dərəcəsi aldım. Müdafiədən sonra institutun rəhbərliyi mənə Moskvada qalıb işləməyi təklif etdi. İki-üç aya birotaqlı mənzillə də təmin olunacağımı bildirdilər. Ancaq doğmalarım razı olmadılar. Bacım daş atıb başını tutdu: "Tək oğlansan, Moskvada qalsan bir rus qızına da ilişəcəksən. İz itəcək, kökümüz yadlaşacaq. Qadan alım, qardaş, qayıt evimizə!" Bacımın fəryad dolu məktubunu oxuyandan sonra ruhum Bakıya qanadlandı. 1955-ci ilin may ayında tarix elmləri namizədi kimi Vətənə döndüm və Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda kiçik elmi işçi vəzifəsində fəaliyyətə başladım.
– Sizin namizədlik dissertasiyanıza qafqazşünas alimlər yüksək qiymət verərək, onu tarixşünaslıq baxımından mühüm hadisə kimi qəbul etmişdilər...
– Bu elmi işin hadisə kimi qiymətləndirilməsinin əsas səbəbi həmin mövzuya məhz mənim ilk dəfə müraciət etməyim idi. Müdafiədən iki il sonra mövzünü yenidən işlədim və Moskvada çap etdirdim. Kitaba ön sözü elmi rəhbərim professor Y.İ.Krupnov yazmışdı. Məşhur sovet tarixçisi B.B.Pyatrovskinin geniş və müsbət rəyindən sonra əsər daha da məşhurlaşdı. Rusiya, Gürcüstan, Şimali Qafqaz və Orta Asiya respublikalarından olan tarixçilər kitabdan iqtibaslar verirdilər. Səbəbi də o idi ki, mən Azərbaycanın fonunda ən qədim dövrdən başlayaraq bütün Qafqazın təsərrüfat tarixini hərtərəfli tədqiq etmişdim. Tutarlı faktlarla sübuta yetirmişdim ki, Azərbaycan ta qədimdən Qafqazda əkinçiliyin beşiyi olub.
– Siz həm də Azərbaycanın arxeologiya və etnoqrafiya elmləri sahəsində ilk tarix elmləri doktorusunuz. Orta əsrlərdə ölkəmizin təsərrüfat həyatının tədqiqi zamanı hansı həqiqətləri və maraqlı məqamları üzə çıxara bildiniz?
– Əvvəla, onu deyim ki, Azərbaycanda etnoqrafiya elmi çox cavandır. XX əsrdə yaranıb, formalaşıb. Özündən demək olmasın, ölkəmizdə bu elmin inkişafında mənim xüsusi payım var. Arxeologiyanın inkişafı sahəsində də xidmətlərim az olmayıb. Ötən əsrin 50-ci illərində tarix elminin zənginləşməsində xüsusi önəmi olan arxeologiya və etnoqrafiya elmlərinə maraq xeyli artmışdı. Azərbaycanın bir sıra guşələrində arxeoloji və etnoqrafik ekspedisiyalar geniş tədqiqatlara başlamışdılar. Arxeologiya elmi sahəsində ümumiləşdirilmiş bir əsərə böyük ehtiyac duyulurdu. Tarix İnstitutunun rəhbərliyi həmin əsəri yazmağı mənə həvalə etdi.
Bir neçə illik gərgin əməyin bəhrəsi olan "Azərbaycan arxeologiyası oçerkləri" 1960-cı ildə nəşr edilərək mütəxəssislərin və geniş oxucu kütləsinin müzakirəsinə verildi. Bu fundamental əsərdə Azərbaycan xalqının dünyanın ən qədim və mədəni xalqları arasında öz yeri olduğunu, onun məskunlaşdığı ərazinin zəngin və təbii muzeyi xatırlatdığını fakt və sübutlarla əsaslandırmağa çalışmışdım. Xalqımızın ən qədim dövrdən XV əsrə qədərki tarixini əhatə edən kitabda Azərbaycanda arxeologiya elminin öyrənilməsi, qədim, yeni daş dövrü, mis, tunc və dəmir dövrü yığcam şəkildə öz əksini tapmışdı. İlk orta əsrlər abidələri və qədim şəhərlərimiz haqqında geniş məlumatları da mütəxəssislər və oxucular böyük maraqla qarşıladılar.
Qədim və orta əsrlərdə Azərbaycanda kənd təsərrüfatının tarixi mövzusu uzun illər mənim əsas tədqiqat obyektim olub. 1964-cü ildə çap olunan "Azərbaycanda əkinçiliyin inkişaf tarixinə dair" monoqrafiyamda bir neçə minilliyi əhatə edən əkinçilik sahələrinin – taxılçılıq, bağçılıq, üzümçülük, ipəkçilik və pambıqçılığın inkişaf mərhələlərini xronoloji ardıcıllıqla araşdırmağa, həmin sahələrin əcdadlarımızın təsərrüfat həyatında aparıcı rolunu müəyyənləşdirməyə çalışmışam.
Beş il sonra – 1969-cu ildə işıq üzü görən "Azərbaycanda maldarlığın inkişaf tarixindən" adlı monoqrafiyamda isə qaramal, xırda buynuzlu heyvanlar, atçılıq və dəvəçiliyin inkişaf tarixi geniş şərh edilmişdi. Burada həm də xalq nəqliyyat vasitələrini, maldarlıq məhsullarını, toxuculuq və başqa sənət sahələrini ətraflı tədqiq etmişdim. Hər iki monoqrafiya haqqında "Sovetskaya arxeologiya" və "Sovetskaya etnoqrafiya" jurnallarında o illərin tanınmış alimlərinin müsbət rəyləri dərc olunmuşdu və onların tarix elminin tədqiqi sahəsində mühüm əhəmiyyəti qeyd edilmişdi.
"Azərbaycan etnoqrafiyası" üçcildliyinin mənim elmi bioqrafiyamda xüsusi yeri var. İctimai elmlər sahəsində mühüm hadisə kimi qiymətləndirilən bu fundamental əsərin iki cildini özüm yazmışam. Üçüncü cildin isə əsas təşkilatçısı və baş redaktoru olmuşam. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 2004-cü il 12 yanvar tarixli sərəncamına əsasən, 25 min nüsxə tirajla çap olunan bu nəşrdə xalqımızın çoxəsrlik tarixi, əkinçilik və maldarlıq mədəniyyəti, iqtisadi həyatı tarixi-etnoqrafik baxımdan tədqiq edilmişdir.
Azərbaycanda qədim sənət sahələrindən olan dulusçuluq, toxuculuq, xalçaçılıq, təkəlduz, misgərlik, zərgərlik, dəmirçilik, dabbaqlıq, daşdöymə, ağacişləmə və başqa sənət sahələri geniş səpkidə araşdırılmışdır. Üçcildlikdə həmçinin xalqımızın maddi mədəniyyəti, ailə məişəti, milli bayramları, qonaqpərvərlik, musiqi, din, ədəbiyyat, elm və təhsil, xalq təbabəti, ağsaqqallıq və ağbirçəklik institutu etnoqrafik baxımdan tədqiq edilmişdir.
Onu da deyim ki, belə fundamental əsər Yaxın Şərq, Qafqaz və keçmiş SSRİ respublikaları arasında ilk dəfə məhz Azərbaycanda yazılmışdır. Fəxr edirəm ki, onun araya-ərsəyə gəlməsində zəhməti olanlardan biri də mənəm. Ümumiyyətlə, mən həmişə çalışmışam ki, xalqımızın maddi-mədəniyyət abidələrini, milli-mənəvi sərvətlərini lazımi səviyyədə tədqiq edək, onu həm özümüzə, həm də bütün dünyaya göstərək. Bu səpkidə fəaliyyətimi yorulub-usanmadan ömrünün sonuna qədər davam etdirəcəyəm.
– Oxucular sizi təkcə tarixçi-etnoqraf alim kimi yox, həm də istedadlı nasir və şair, folklorşünas kimi tanıyırlar. Bədii yaradıcılığa müraciət sizdə, sadəcə, hobbidir, yoxsa qəlb ehtiyacı?
– Həyatda, səbəbsiz, heç nə olmur, hər şeyin kökündə bir səbəb yatır. Hələ Sovet dönəmində qələmə aldığım və 1991-ci ildə çap olunan "Göz yaşları" romanı, bir növ mənim tərcümeyi-halım, 1965-ci ilə qədər olan ağrılı-acılı həyatımdır. Romanda işgəncə və iztirablara məruz qalan bir nəslin sovet hakimiyyətinin ilk illərində, repressiya və müharibə dövründə üzləşdiyi sarsıntıları ürəkağrısı ilə qələmə almışam. Həm də həmin dəhşətləri bir nəslin faciəsi kimi deyil, bütöv bir mahalın iztirabları fonunda xalqşünaslıq baxımından işıqlandırmağa çalışmışam.
1990-cı ilin Qara Yanvarından sonra qələmə aldığım bayatılar üç kitabdan – "Anam birdi, Vətən tək", "Xan çinarın kölgəsində" və "Başı çalmalı dağlar" kitablarında toplanıb. "Ana laylası beşik nəğməsidir" dördüncü bayatı kitabımı da çapa hazırlayıram.
– Bu, bir həqiqətdir ki, son illərdə elmə maraq, nədənsə, azalıb. Problemdən çıxış yolunu nədə görürsünüz?
– Elmə marağın azalmasının köklü səbəbləri var. Birinci və ən başlıca səbəb elmi işçinin maddi ehtiyacının hələ ki, tam təmin edilməməsidir. Məhz bu səbəbdəndir ki, onların xeyli hissəsi əsas diqqətini maddi ehtiyaclarının təmin edilməsinə yönəldir. Əlbəttə, ölkəmizin hazırkı maddi durumu bu problemin köklü şəkildə həllinə imkan vermir. Amma Milli Elmlər Akademiyasının yeni prezidenti elmin nüfuzunu və elmi işçilərin məvacibini artırmaq üçün aidiyyatı qurumlarla birlikdə bütün imkanları götür-qoy edir. İnanıram ki, yaxın vaxtlarda bu sahədə də müsbət dəyişiklik olacaq.
Mənim əqidəmə görə, hər bir xalqın gələcək inkişafı onun təhsilinin və elminin inkişaf səviyyəsi ilə birbaşa bağlıdır. Müasir dövrdə bu vacib sahəyə qayğı ilə yanaşmayan xalqların gələcəyi də yoxdur. Azərbaycan xalqı istedadlı xalqdır və gənclərimizin elmi potensialı böyükdür. Onları düzgün istiqamətləndirmək, aralarından daha istedadlılarını seçərək, xaricdə oxumalarına şərait yaratmaq, imkan daxilində yaxşı maaş və evlə təmin etmək lazımdır. Məhz bu yolla gənclərin elmə axınını və Azərbaycan elminin gələcək inkişafını təmin etmək olar.
Ölkə Prezidenti İlham Əliyev gənclərin təhsilinə böyük qayğı ilə yanaşır. Neçə illərdir ki, Azərbaycanda xaricdə təhsil proqramı icra olunur və həmin proqram dövlət büdcəsi hesabına maliyyələşir. Hazırda magistratura və aspirantura pilləsində təhsil alanların xaricə göndərilməsinə, əcnəbi mütəxəssislərin Azərbaycanın ali təhsil ocaqlarında mühazirə oxumalarına üstünlük verilir. Bütün bunlar neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində görülən çox mühüm işlərdir və heç şübhəsiz, tezliklə Azərbaycanın inkişafına öz layiqli töhfəsini verəcək.
Müsahibəni apardı:
Əlipənah BAYRAMOV,
"Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.