Avropada nə baş verir: “siyasi zəlzələ”, yoxsa mənəvi çalxalanma?

Müsahibimiz Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Siyasi Araşdırmalar İnstitutunun direktoru, Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirovdur

– Elman müəllim, Avropada baş verənlər  hazırda dünyanın diqqət mərkəzindədir. 28 il Avropa İttifaqının üzvü olmuş Böyük Britaniyanın bu qurumu tərk etmək barədə  qərarı böyük rezonans doğurub. Nə baş verir?  Sizcə, bu çalxalanma digər dövlətlərdə oxşar proseslərin başlanmasına təsir göstərə bilərmi?

– Qabaqcadan deyim ki, Böyük Britaniyanın belə bir qərarının, doğrudan da,  baş tutacağının özü sual altındadır. Baxmayaraq ki, hələ 2011-ci ildə, yəni 5 il bundan qabaq Böyük Britaniyanın Baş naziri Devid Kemeron özü belə bir fikir səsləndirmişdir ki,  Avropa İttifaqında üzvlük məsələsinə baxmaq niyyətləri var və məqsəd heç də üzvlükdən çıxmaq deyil, Avropa İttifaqının özündə islahatlara böyük ehtiyac yaranıb. İslahatlar olmayacağı təqdirdə bu qurumla vidalaşmaq  lazım gələcək. 1979-cu ildə Marqaret Tetçer  nümayişkəranə şəkildə özünün əl çantasını stolun üstünə tullayaraq demişdir ki, bizim haqqımızı geri qaytarın. Yəni, çantamızda pulumuz yoxdur. Nəyin hesabına?  Avropa İttifaqına (o zaman Avropa İqtisadi Birliyi adlanırdı) verdiyimiz pullar hədər yerə gedir. Böyük Britaniya cəmiyyətinin bir hissəsində belə bir fikir formalaşmışdı ki, onlar Avropa İttifaqına daha çox xeyir verirlər, əvəzində isə adekvat reaksiyanı görmürlər. Məsələn, 2015-ci ildə  Avropa İttifaqının büdcəsinə Böyük Britaniyanın 17 milyard avro vəsait köçürməsi haqqında məlumat var. Bunu beynəlxalq Valyuta Fondu da təsdiqləyir. Əvəzində  isə Avropa İttifaqının Böyük Britaniyaya  təxminən 5,7 milyard  avro qismində vəsait qaytarması haqqında təsdiqlənmiş məlumatlar var. Yeri gəlmişkən, Almaniyanın ilk Kansleri Konrad Adenauerin bir fikrini səsləndirmək istəyirəm.   O, 1950-ci ildə demişdir ki, Böyük Britaniya Avropa ölkəsi ola bilməyib və o, yalnız və yalnız Avropanın qonşusu ola bilər. Heç bir zaman britaniyalı özünü avropalı kimi hiss etməyəcək. Təxminən analoji mövzuda Fransanın sabiq Prezidenti Şarl de Qol da fikir səsləndirmişdi. Məhz Şarl de Qol  düz iki dəfə-1963 və 1967-ci illərdə veto qoydu ki, Böyük Britaniya Avropa İqtisadi Birliyinin üzvü olmasın. Bütün bu reallıqlar fonunda  bu proses-Brexit, yəni Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə əlaqədar keçirilən  referendum baş tutdu.

– Sizcə, referendumla qəbul edilmiş qərarın hüquqi əsası varmı? Bu, qərar Avropa İttifaqının üzvü olan digər ölkələrə də təsir edə bilərmi?

– Böyük Britaniya qanunvericiliyinə görə, referendumla  qəbul edilmiş qərarın hüquqi gücü yoxdur. Yəni, bu, tövsiyə xarakterlidir. Yalnız bu qərarı əsas götürüb Böyük Britaniyanın Avropa İttifaqından çıxacağı qənaətinə gəlmək düzgün fikir deyil. Məsələ ondadır ki, Böyük Britaniya demokratik ölkə olduğundan xalqın mövqeyi və fikri çox önəmlidir. Bax, bu nöqteyi-nəzərdən vəziyyət kifayət qədər gərgindir. Bütün bunlara baxmayaraq, Böyük Britaniyanın Avropa İttifaqından çıxmaq  niyyəti ilə bağlı  referendum keçirildikdən sonra və həmin referendumda xalqın 52 faizinin lehinə mövqe bildirməsi effekti  xeyli aktuallaşıb. Yeri gəlmişkən, bu gün Böyük Britaniyada insanları daha çox düşündürən əsas məsələ heç də  Avropa İttifaqını daha kimlərin tərk edəcəyi məsələ deyil. İnsanları ən çox düşündürən odur ki, görəsən Böyük Britaniyanın özü bundan sonra indiki formatda qala biləcəkmi?  Böyük Britaniya və Şimali İrlandiya Krallığına-bu dövlətin adı belədir-İngiltərə, Uels, Şotlandiya və Şimali İrlandiya da daxildir. Yəni, məlum hadisələr fonunda, 2014-cü ildə  Şotlandiya referendum keçirdi, amma "yox" cavabı aldı. Belə olan vəziyyətdə Şotlandiyanın real namizəd kimi növbəti referendum keçirib Böyük Britaniyanın tərkibindən çıxmaq ehtimalı var. Şimali İrlandiyanın İrlandiya ilə birləşmək məsələsi artıq yenidən aktuallaşıb. Uels də bu məsələlərdə heç kimdən kənarda qalmaq istəmir.

Belə çıxır ki, gələcəkdə Böyük Britaniya  təkcə İngiltərədənmi ibarət olacaq?  Nəyə görə?  Onların rəhbərliyinin yeritdiyi Qərb siyasətinə görəmi? Devid Kemeron bir yandan qeyd edir ki, islahatlarla bağlı şərtlər irəli sürmüşük, islahatlar aparılmasa, Avropa İttifaqından çıxacağıq. Kraliça Yelizaveta 2015-ci ildə parlamentdə çıxış edərək deyir ki, 2017-ci ilə qədər çıxmaq və ya çıxmamaq məsələsinə baxacağıq. Britaniyanın Avropa İttifaqından  çıxmaq qərarı iyunun 23-də oldu, ondan bir il öncə Devid Kemeron Avropa İttifaqının sammitində çıxışı zamanı demişdir ki, bizim artıq Avropa İttifaqından çıxmaq barədə qətiyyətli qərarımız var. Sonra isə bəyan edir ki, biz qalmağa üstünlük veririk və islahatların tərəfdarıyıq. 

Fikir verin, orta statistik britaniyalı indi hansı seçimi etməlidir? Baş nazir və kraliça gah çıxmaq, gah da çıxmamaq barədə danışır, yəni  beləliklə, hamını çaşqın vəziyyətə qoyurlar. Bundan savayı, yaranmış qəribə situasiyanın biri də Şotlandiyanın qətiyyətlə Avropa İttifaqının tərkibində qalmaq iddiasıdır. Şimali İrlandiya da bu iddiadadır. Nəyə görə? Çünki Avropa İttifaqı ilə inteqrasiya  bu ölkə üçün vacib idi.  Ona görə də indiki vəziyyətdə belə qərara aldılar ki, əgər Böyük Britaniya çıxmaq barədə qərar qəbul etdisə, onda biz də bu dövlətin tərkibində qalmaq istəmirik. Artıq İspaniyada da  Kataloniya deyir ki, biz də Avropa İttifaqından çıxmaq istəyirik. Niderland, Macarıstan və  Danimarkada da artıq oxşar addımlar atılmağa başlanılıb. Sonuncu dəfə, 2013-cü ildə Xorvatiya Avropa İttifaqının üzvü olub. İyirmi səkkiz dövlətin belə bir unikal inteqrasiya olunmuş birliyi artıq çalxalanmağa başlayıb.

– Yəni, Avropa İttifaqından çıxmaq belə asan prosesdirmi? Yığışın, referendum keçirin və  məsələni həll edin.

– Bildiyimiz kimi, Avropa İttifaqı 1992-ci il fevralın 7-də 12 dövlət tərəfindən yaradılıb. Ondan biri nəhz Böyük Britaniya idi. Bu ölkə 4 mühüm komponent olan-azad ticarət  zonası, ümumi bazar, Gömrük İttifaqı və Valyuta İttifaqının hər birində  təmsil olunur. İndi nə baş verir? Sanki bunların heç biri yox imiş və Böyük Britaniya Avropa İttifaqının tərkibindən çıxır. Bütün bunların başında dayanan Londonun keçmiş meri Lari Consondur.  Bu adam hazırda növbəti təbliğata başlayıb.  Deyir ki, Lissabon sənədi var, həmin sənədin 50-ci maddəsinə görə, Avropa İttifaqından çıxan dövlət təxminən iki illik danışıqlar aparmalıdır. O, elə belə də deyir: "Boşanma tərəflərin razılığı ilə olmalıdır".

Təsəvvür edin ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının tərəfdarları indi ayılıblar ki, biz nə etmişik. Avropa İttifaqının hökuməti deyiləndə, Avropa Komissiyası başa düşülür. Bu təşkilatın prezidenti deyiləndə Avropa İttifaqı Şurası nəzərdə tutulur. Qanunverici orqan isə Avropa Parlamentidir.  Bu üç təşkilatın liderləri Böyük Britaniyaya deyirlər ki, gəl razılaşaq. Artıq başlamısınız və bunu sona çatdırın, tərkibimizdən çıxın. Yəni bu məsələni uzatmaq mərkəzdənqaçmaya səbəb ola bilər.  Ancaq Böyük Britaniya indi bu məsələni uzatmağa başlayıb. Onlar cidd-cəhdlə bu prosesi yubatmağa çalışırlar. Göründüyü kimi, hazırda belə bir anormal vəziyyət yaranıb.

– Avropada baş verən proseslərə,  bu təşkilatın zəiflədilməsinə və çalxalanmasına Qərbdən hər hansı bir  təsir  ola bilərmi?

– Mən belə düşünmürəm. Hesab edirəm ki, rəsmi Vaşinqtonun strateji müttəfiqlərinin, yəni Avropa İttifaqının üzvü olan ölkələrin zəifləməsi, onun maraq dairəsində deyil. ABŞ Avropa İttifaqına özünün iqtisadi dayaqları, özü üçün çox vacib bir bazar kimi baxır. Buna səbəb Avropa İttifaqı ölkələrinin mütləq əksəriyyəti, həm də NATO ölkələridir. Belə olan vəziyyətdə ABŞ-ın Avropada mövcudluğunun özü, əslində, NATO və Avropa İttifaqı hesabınadır. Xatırlayırsınızsa, Birləşmiş Ştatların İraq böhranı ilə bağlı Fransa  və  Belçikaya etiraz edəndə ki, biz sizin yanınızda yer almırıq və müharibəyə qoşulmuruq. Hətta siz bizim qitəni tərk edib gedə bilərsiniz. O zaman ABŞ cavab vermişdi ki, biz Avropanı tərk edib getsək, onda məlum olacaq ki, "Avropa evi" sahibsiz qalıb. Sahibsiz evdə nələr baş verir? Bütün övladların bir-birinə qarşı iddiaları baş qaldıracaq. Məsələn, Almaniya və Fransa biz olmayan yerdə köhnə əyyamlara qayıtmağa başlayacaqlar və bir-birinə qarşı ittihamlar irəli sürəcəklər ki, filan vaxt bizim aramızda müharibələr olub və ərazilərimizi zəbt etmisiniz. Məlum olacaq ki, bu ölkələr arasında öz həllinin tapılmasını gözləyən o qədər məsələ var ki, hətta Sem dayının-ABŞ-da özlərini belə adlandırırlar-Avropanı tərk etməsi kifayətdir ki, siz öz aranızda sonsuz müharibəyə başlayasınız.

– Bu gün qətiyyətlə demək olarmı ki, artıq Böyük Britaniya Avropa İttifaqından çıxdı?

– Mənim subyektiv fikrim ondan ibarətdir ki, bu məsələ ilə bağlı birmənalı fikir söyləmək çox çətindir. Böyük Britaniyanın qanunvericiliyinə görə, bu qərar hüquqi qüvvəsi olmayan, yalnız tövsiyə xarakterlidir.  Bildiyiniz kimi, Böyük Britaniya konstitusiyası olmayan dövlətdir. Referendumun qəbul olunması xalqın seçiminə hörmətlə yanaşılmasından irəli gəlir. Özümüz də şahidi oluruq ki, hər gün yeni  bir hadisə baş verir. İki il ərzində bu proseslər tamamilə başqa  bir məcrada  inkişaf edə bilər.

Böyük Britaniya sıradan olan dövlət deyil. İndi deyilir ki, Böyük Britaniya Avropa İttifaqından çıxdı. Onda bu sözün ardınca deyilməlidir ki, Avropada əhalinin sayına görə üçüncü yerdə dayanan bir dövlət, bildiyiniz kimi, əhalisinin sayı 65 milyonu ötüb,  Avropa İttifaqından çıxdı. Ərazisinə görə səkkizinci dövlət bu təşkilatı tərk etdi. Təsəvvür edin ki, Böyük Britaniya Avropa İttifaqında 28 dövlət arasında  iqtisadi gücünə və ümumi daxili məhsuluna görə yalnız Almaniyadan sonra ikinci yerdədir. Bu ölkənin ümumi daxili məhsulunun həcmi 2,9 trilyon funt-sterlinqdir.

Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının dünya miqyası ilə müqayisəsi də böyük əks-səda doğurur. Bu gün BMT Baş Məclisində 193 ölkə var. Deməli, dünyanın 5-ci iqtisadiyyatı olan bir dövlət Avropa İttifaqını tərk edir. Avropa İttifaqı ölkələrinin ümumi daxili məhsulunun 17 faizi  Böyük Britaniyanın payına düşür. Belə olan vəziyyətdə bu ölkənin Avropa İttifaqını tərk etməsində ilk zərbəni alan elə özü olacaq. Nəyə görə? Çünki  belə bir nəhəng dövlətin özünün bütün ixracatının 50 faizi Avropa İttifaqının payına düşür. On faizi isə  Böyük Britaniyanın hesabına. Faktlar da təsdiqləyir ki, burada itirilmə qarşılıqlıdır. Böyük Britaniya daha çox itirəcək. Əgər bu, tərketmə doğrudan da reallaşsa, vəziyyət dəyişməsə, nə baş verə bilər? 

Mənə elə gəlir ki, yeni reallıq bütün Avropa qitəsinin proseslərinin mahiyyətini dəyişəcək  və nəticədə Almaniya,  Fransa və İtaliyadan ibarət yeni üçlük yaranacaq. Bu 3 dövlət Avropa İttifaqının dövlətləri arasında əsas həlledici qüvvəyə çevriləcək. Belə olan vəziyyətdə Böyük Britaniya bu boşluğu doldurmaq üçün  ABŞ-a daha da yaxınlaşmaqla  kompensasiya edəcək. Bu gün ABŞ-dan soruşsalar ki, indiki məqamda sizin üçün dünyada ən yaxın dövlət hansıdır, birmənalı olaraq, Böyük Britaniyanın adı çəkiləcək, Fransa və Almaniyanın  yox.

Bu gün Böyük Britaniyada ikili siyasət yeridilir. Gah deyirlər ki, Avropa İttifaqında qalırıq, gah da deyirlər ki, çıxırıq. Bu siyasətin nəticəsində Devid Kemeronun istefaya getməsi gözlənilən idi. Hesab edirəm ki, bir müddət sonra  yenidən Böyük Britaniyanın Avropa İttifaqına qatılması ilə bağlı referendun məsələsi aktuallaşcaq.  Bu gün Böyük Britaniyada 100 mindən artıq  elektron imzatoplama kampaniyasına başlanılıb ki, bu, səhv qərardır, təzyiqlər altında olub və sair. Biz yenidən əvvəlki vəziyyətə qayıtmaq istəyirik. Ona görə də, bu ölkə haqqında tələm-tələsik rəy bildirmək və "Böyük Britaniya Avropa İttifaqından çıxdı" qənaətinə gəlmək və bu barədə digər fikirlər söyləmək hələ  tezdir. 

Müsahibəni qələmə aldı:
Əliqismət BƏDƏLOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında