Büdcə təşkilatları tərəfindən xərclənmiş vəsaitlərin hesabatlılığı tam təmin edilməlidir

Vüqar Gülməmmədov: Maliyyə intizamının gücləndirilməsinin yolu dövlət satınalmalarında qiymətlərin düzgün müəyyənləşdirilməsindən və rəqabət mühitinin yaradılmasından keçir

Dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması dövlət büdcəsinin gəlirlərinin formalaşdırılmasını və icrasını mürəkkəbləşdirib. Bu da öz növbəsində büdcə vəsaitlərindən maksimum qənaətlə və daha səmərəli istifadə olunması məsələsini aktuallaşdırıb. Hesablama Palatasının sədri Vüqar Gülməmmədov AZƏRTAC-ın müxbirinin bununla bağlı suallarını cavablandırır. 

– Vüqar müəllim, Milli Məclisdə 2015-ci ilin dövlət büdcəsinin icrasına dair müzakirələrdə deputatlar fikir bildirərkən əsasən Hesablama Palatasının müvafiq rəyinə istinad edirdilər. Bu rəyin mötəbərliyi nə ilə bağlıdır?

– İlk olaraq qeyd edim ki, dövlət büdcəsinin icrası ilə bağlı rəyin hazırlanması sonrakı audit olaraq hər bir dövlətin Ali Audit Qurumunun (AAQ) əsas funksiyalarındandır.  Auditin təməl prinsiplərini müəyyən edən Lima Bəyannaməsində qeyd edilir ki, AAQ tərəfindən ilkin auditin keçirilib-keçirilməməsi hər bir ölkənin hüquqi şəraiti və şərtləri, o cümlədən tələbləri ilə müəyyən olunur. Sonrakı audit isə bundan asılı olmayaraq AAQ-ın mütləq vəzifəsidir. Hesablama Palatası bu beynəlxalq normaya uyğun və milli qanunvericilik aktlarının tələblərinə müvafiq qaydada öz rəyini Milli Məclisə təqdim edib. Rəyin hazırlanmasında Hesablama Palatası rəsmi dövlət qurumlarının müxtəlif hesabat və məlumatlarından, keçirilmiş nəzarət tədbirlərinin nəticələrindən istifadə etməklə yanaşı, bir sıra nüfuzlu beynəlxalq maliyyə institutlarının hesabatlarının təhlilinə də geniş yer ayırıb. Rəydə, həmçinin dövlət vəsaitlərinin icrası ilə bağlı bu təhlillərə əsaslanan nəticələr əksini tapıb. Bu baxımdan Milli Məclisin deputatlarının beynəlxalq təcrübəyə uyğun olaraq və dövlət büdcəsinin icrası haqqında daha geniş informasiya verən rəyə istinad edərək müzakirə aparması təbiidir.  2015-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı Hesablama Palatasının rəyinin analoji rəylərlə müqayisədə bir fərqli cəhəti də qurumların büdcə vəsaitlərinin istifadəsi ilə bağlı hesabatlarının təhlilinə də geniş yer verilməsidir.

Burada əsas məqsəd hesabat ilində icra edilmiş vəsaitlərin istiqamətləri və icrası vəziyyətinin büdcənin icrası ilə bağlı rəy verilməsi üçün Milli Məclis tərəfindən təqdim edilmiş hesabatla uzlaşdırılmasıdır. Məhz bu məqam, sizin də qeyd etdiyiniz kimi, rəyə daha çox müraciət edilməsini əsaslandırır. Digər tərəfdən, belə yanaşma ölkə rəhbərinin “maliyyə və iqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir” tələbinə müvafiq olaraq büdcə vəsaitlərinin icrası haqqında daha çox məlumatın ictimaiyyət üçün əlçatanlığını təmin edir.    

– 2015-ci il dövlət büdcəsinin icrası son illərlə müqayisədə mürəkkəbləşib və gəlirlərin icrası proqnoz göstəricilərdən aşağı olub. Yəqin ki, bu, əsasən dünya neft bazarında yaranmış vəziyyətlə bağlıdır. Bəs digər daxilolmaların icrasında nə kimi nəticələr qeydə alınıb?

– Son beş ildə ilk dəfə olaraq hesabat ilində dövlət büdcəsinin gəlirləri proqnozla müqayisədə az icra edilib. Gəlirlərin  nəzərdə tutulmuş məbləğlə müqayisədə 90 faiz səviyyəsində icra olunmasının və əvvəlki illərlə müqayisədə azalmaların əsas səbəbi neftin qiymətinin proqnoz göstəricisindən 40,4 faiz az olması, nəticədə dövlət büdcəsinə daxilolmaların 84,3 faizini təşkil edən Dövlət Neft Fondundan daxilolmaların 78,3 faiz səviyyəsində yerinə yetirilməsidir. Bu, əvvəlki illə müqayisədə 12,9 faiz aşağı göstəricidir. Digər daxilolmalara gəlincə, Vergilər Nazirliyi və Gömrük Komitəsi üzrə isə nəzərdə tutulmuş məbləğ 2014-cü illə müqayisədə artımla və proqnozun 100,1 faizi səviyyəsində icra edilib. Ayrı-ayrı tədiyyə növlərinə gəldikdə isə qeyd etmək lazımdır ki, proqnozlar 7 mənbə üzrə 100 faizdən çox, 4 mənbə üzrə 100 faiz səviyyəsində, 5 mənbə üzrə isə kəsirlə yerinə yetirilib.

– Dövlət büdcəsinin xərcləri ilə bağlı hansı məqamları qeyd etmək istərdiniz?

– Dövlət büdcəsinin icrası ilə bağlı Hesablama Palatasına rəy tərtib edilməsi üçün təqdim edilmiş hesabat və müvafiq qanun layihəsinə görə, 2015-ci ilin dövlət büdcəsinin xərcləri 21100,0 milyon manata qarşı 84,3 faiz səviyyəsində icra edilib. İcra prosesini xarakterizə edən birinci məqam vəsaitlərin il boyu xərclənmə ardıcıllığı ilə bağlıdır. Hesabat ilində ümumi xərclərin 48,2 faizi ilin birinci yarısında, 51,8 faizi isə ikinci yarımillikdə, ümumi büdcə xərclərinin 31,6 faizi isə hesabat ilinin sonuncu rübündə icra olunub. İkinci məqam il ərzində aparılmış dəyişikliklərlə bağlıdır. Belə ki, dövlət büdcəsinin icrası haqqında hesabata əsasən 2015-ci ildə dövlət büdcəsinin funksional təsnifatının bölmələrinin bir neçəsi üzrə təsdiq edilmiş büdcə ayırmaları həddində köməkçi bölmələr səviyyəsində dəyişikliklər olunub. Nəzərəçarpacaq dəyişikliklər “Təhsil” və “Mənzil və kommunal təsərrüfatı” bölmələrində edilib.

Təhlil göstərir ki, funksional təsnifat üzrə il ərzində aparılmış dəyişikliklər əsasən vəsaitlərin konkret icraçılar və tədbirlər üzrə daha ünvanlı istiqamətlərə yönləndirilməsi istiqamətində olub.

Diqqət yönəltmək istədiyimiz digər bir məqam isə birdəfəlik təyinatlı xərclərlə bağlıdır. Dövlət büdcəsinin icrası ilə bağlı təqdim edilmiş məlumatların təhlili hesabat ilində cəmi xərclərin 10,3 faizinin konkret istifadəçisi əks etdirilməyən birdəfəlik təyinatlı vəsaitlərdən ibarət olduğunu göstərir.  Məlumat üçün qeyd edim ki, birdəfəlik təyinatlı xərclər dedikdə proqnozlaşdırılması çətinlik törədən amillərin təsirinin nəzərə alınması və il ərzində maliyyələşməsində problemlər yaranmaması məqsədilə konkret icraçılar üzrə deyil, ümumi təyinatlı xərclər kimi proqnozlaşdırılan vəsaitlər nəzərdə tutulur.  

-Qeyd etdiniz ki, 2015-ci ildə büdcə xərcləri 84,3 faiz səviyyəsində icra olunub. İcra edilməyən vəsaitlər əsasən hansı istiqamətləri əhatə edib?

-2015-ci il üçün dövlət büdcəsinin təsdiq edilmiş büdcə xərclərinin 3315,5 milyon manatı və ya 15,7 faizi icra olunmayıb. Həmin vəsaitlərin istiqamətlərinə gəldikdə isə, icra edilməmiş məbləğin 58,8 faizi “Sənaye, tikinti və faydalı qazıntılar” bölməsinin, başqa sözlə, investisiya xərclərinin, 10,4 faizi isə “Əsas bölmələrə aid edilməyən xidmətlər” bölməsinin, xüsusilə də bu bölmədə ehtiyat fondlarının payına düşüb. İqtisadi təsnifat üzrə isə 2015-ci ildə dövlət büdcəsinin icra edilməmiş məbləğində qeyri-maliyyə aktivlərinin alınması ilə bağlı xərclərin xüsusi çəkisi 60,5 faiz, əsaslı təmir və sair xərclərin payı 23,9 faiz təşkil edib.

 Ümumiyyətlə formalaşma mənbələrinə görə icra edilməyən vəsaitləri iki qrupa bölmək olar: verilmiş maliyyələşmədən istifadə edilməyərək geri qaytarılan vəsaitləri və ümumiyyətlə, maliyyələşdirilməyən xərclər. Birinci qrupa ştatlarda olan vakansiyalar hesabına və dövlət satınalmalarında yaranan qənaət, xərclərin keyfiyyətli sənədləşməməsi səbəbindən xəzinədarlıq orqanları tərəfindən qəbul edilməyən, planlaşdırma prosesində artıq nəzərdə tutulan və digər bu kimi xərclər aid edilir. İkinci qrupa isə zəruri olmayan xərclər və təsdiq olunmuş planla müqayisədə açılmayan maliyyələşmələr daxildir. Bu isə dövlət büdcə xərclərin idarə edilməsi ilə bağlı məsələdir və xərclərin dövlət büdcəsinin mədaxilinə uyğunlaşdırılmasına, dövlət büdcə kəsirinin artmamasına və xərclərin optimallaşdırılmasına xidmət edir.

– Hesablama Palatası həm fəaliyyəti haqqında hesabatda, həm də icraya dair rəydə dövlət satınalmaları haqqında məlumatları əks etdirib. Bu, yəqin ki, məsələnin xüsusi əhəmiyyət daşıması ilə əlaqədardır.

– Elədir. Dövlət satınalmaları büdcə xərclərində iqtisadi münasibətlərin tənzimlənməsi rolunu oynamaqla xüsusi əhəmiyyətə malikdir. Başqa sözlə, rəqabətli mühitin formalaşdırılması ilə bazar iştirakçılarına bərabər şərtlərin yaradılması, nəticədə isə sahibkarlığın inkişafına nail olunması baxımından satınalmalar AAQ-ların nəzarət obyektidir. Hesablama Palatası da dövlət vəsaitlərinin istifadəsi ilə bağlı həyata keçirdiyi nəzarət tədbirlərində və təhlillərdə bu sahəni həmişə diqqətdə saxlamağa çalışır.

Fəaliyyətlə bağlı hesabatlarda müəyyən edilmiş nöqsanlar barədə daha geniş məlumat verilib. Belə ki, satınalma metodlarının tətbiq edilməməsi,  həmçinin birmənbədən satınalma üsuluna üstünlük verilməsi tez-tez rast gəlinən hallardandır. Eyni zamanda, qeyd etmək lazımdır ki, nəzarət obyektləri üzrə məlumatların təhlili bir mənbədən satınalma metodunun tətbiq edildiyi bütün satınalma müqavilələrinin 46,9, əhatə edilmiş cəmi vəsaitin isə 94,5 faizinin məhz tikinti sahəsinə aid olduğunu göstərir. Azərbaycan Prezidenti İlham Əliyev son çıxışlarında satınalmaların, xüsusilə tikinti sahəsində satınalmaların şəffaf və rəqabətli şəraitdə təşkili ilə bağlı tapşırıqlar verib. Eyni zamanda, dövlətimizin başçısı bu ilin aprel ayında “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə inzibati və cinayət məsuliyyəti müəyyən edən qanun layihələrinin hazırlanması ilə bağlı Sərəncam da imzalayıb. Bu, satınalmalar sahəsinə diqqətin təzahürü olmaqla yanaşı, icraçılar tərəfindən daha məsuliyyətli yanaşmanın zəruriliyini göstərir.

Onu da qeyd edim ki, Hesablama Palatası Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı olan INTOSAI-ın  Dövlət Satınalma Müqavilələrinin auditi üzrə Xüsusi İşçi Qrupunun üzvüdür və bu il iyunun 23-24 tarixlərində Bakıda həmin qrupun III toplantısı keçirilib. Səkkiz ölkədən nümayəndələrin iştirak etdikləri toplantıda bu sahədə rast gəlinən problemlər və həll yolları müzakirə olunub. Hesab edirik ki, dövlət satınalmalarının auditi üzrə belə müzakirələr qabaqcıl təcrübənin tətbiqi istiqamətində mühüm addımdır. Dövlət satınalmalarında ehtimal olunan qiymətin düzgün müəyyənləşdirilməsi və rəqabət mühitinin yaradılması maliyyə intizamının gücləndirilməsində mühüm rol oynayır. Burada diqqət yetirilməli məqam ondan ibarətdir ki, əvvəlki illərin təcrübəsi ilin birinci yarısı ilə müqayisədə ikinci yarısında aparılmış satınalmaların sayının daha çox olduğunu göstərir.  

– Dövlət büdcəsinin kəsiri də mühüm iqtisadi kateqoriya sayılır və onun maliyyələşməsi iqtisadi tarazlığa təsir edən amillərdəndir. Bu sahədə respublikamızda hesabat ilində vəziyyət necə olub?

– Dövlət büdcəsinin kəsiri büdcə xərclərinin gəlirlə təmin olunmayan hissəsidir. Təcrübədə büdcə kəsirinin yaranması səbəblərinə ölkədə istehsalın həcminin azalması, dövlət büdcəsi xərclərinin strukturunun qeyri-rasional olması, qeyri-məhsuldar xərclərin həcminin böyüklüyü, inflyasiya, irrasional vergi sistemi, əhalinin həyat səviyyəsinin aşağı düşməsi və s. aid edilir.  Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi kəsirinin yuxarı həddi 1662000,0 min manat məbləğində təsdiq edilmişdi. Qənaətli yanaşmanın tətbiqi nəticəsində gəlirlərin icra səviyyəsinin xərclərin icra səviyyəsindən çox olması ilin sonuna kəsirin 286570,5 min manat məbləğində olması ilə nəticələnib və ÜDM-in 0,52 faizi həcmində olub.

Kəsirin maliyyələşmə mənbəyi də vacib iqtisadi faktordur. Büdcə kəsirinin maliyyələşdirilməsinin iki növü mövcuddur: şəxsi və cəlb edilmiş vəsaitlər. Şəxsi vəsaitlərə dövlətin mülkiyyətində olan əmlakın özəlləşdirilməsindən daxilolmalar daxildir ki, bunlar da bir qayda olaraq qaytarılmamaq şərtilə istifadə edilir. Cəlb edilmiş vəsaitlər isə müvəqqəti maliyyə resursları kimi qaytarılmaq şərtilə istifadə edilir. Eyni zamanda, cəlb edilmiş vəsaitlər dövlət borcunun tərkib komponentinə çevrilir. Daxili borcun tərkib komponentlərinə dövlət istiqrazları, dövlət daxili uduşlu istiqrazlar, xarici borca isə xaricdən alınmış kreditlər aid edilir. Bəzi dövlətlər bu istiqamətdə xarici borclanmadan aktiv istifadə edir, digər qrup ölkələr isə iqtisadi aktivliyi stimullaşdırmaq üçün daxili borclanmaya üstünlük verir.

Son illər respublikamızda büdcə kəsirinin bağlanılması əsasən vahid xəzinə qalığı hesabına həyata keçirilir. Bu isə xəzinə qalığının bir növ “maliyyə təhlükəsizliyi yastığı” rolunu oynadığını göstərir.

Kəsirin maliyyələşmə mənbələri üzrə 2015-ci ilin sonuna 1,4 milyard manat məbləğində vahid büdcə qalığından 285,6 milyon manat vəsait yönəldilib. Bu istiqamətdə bir məsələyə diqqət çəkmək istərdik. Belə ki, 2015-ci il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbələrindən biri kimi 29000,0 min manat məbləğində nəzərdə tutulmuş özəlləşdirmədən daxilolmalar üzrə 4910,8 min manat və ya 16,9 faiz az vəsait daxil olub. Proqnoz göstəricisinin yerinə yetirilməməsi əsasən investisiya müsabiqəsi yolu ilə özəlləşdirməyə yönəldilən müəssisələrin (səhmlərin, hissələrin) satışından və özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin birbaşa satışından daxilolmaların nəzərdə tutulduğundan az icra edilməsi ilə əlaqədar baş verib. Cari ildə bu sahədə analitik təhlil işlərinin aparılmasına başlanılıb.

– Büdcə təşkilatlarından icra ilə bağlı hesabatların alınması hansı zərurətdən irəli gəlir?

– Beynəlxalq təcrübədə dövlət auditinin əsas üsullarından biri məhz maliyyə hesabatlarının auditidir, başqa sözlə, audit olunan obyektin maliyyə hesabatlarının, mühasibat uçotunun təşkilinin və maliyyə vəziyyətinin qiymətləndirilməsidir. Burada başlıca məqsəd, əvvəldə də qeyd etdiyim kimi, dövlət büdcəsinin icrası ilə bağlı müvafiq mərkəzi icra hakimiyyəti orqanından daxil olmuş  və büdcə təşkilatlarından alınmış maliyyə hesabatlarının üzləşdirilməsidir.

Bu, bütün dünyada tətbiq edilən bir təcrübədir: büdcə təşkilatlarının xərclədikləri vəsaitlərə dair hesabatları dövlət xəzinədarlıq orqanlarının təqdim etdiyi hesabatlar vasitəsilə yoxlanılır, kənarlaşmalar müəyyənləşdirilir və AAQ-ın tərtib etdiyi rəydə bu barədə məlumat verilir.

2015-ci il dövlət büdcəsinin icrası ilə bağlı təqdim edilmiş rəydə vəsaitlərin icrası istiqamətləri üzrə daha dolğun məlumatların əldə edilməsi məqsədilə büdcə vəsaitlərinin istifadəsi ilə bağlı hesabatlara istinad edilib və bu məqsədlə 113 qurum üzrə məxfi xərclər istisna olmaqla 5791,8 milyon manat məbləğində vəsait  təhlillə əhatə olunub. Biz növbəti ildə dövlət büdcəsindən vəsait alan bütün təşkilatlardan hesabat almağı planlaşdırırıq. Bu, xərclənmiş vəsaitin uçotunun dəqiq və şəffaf olması baxımından mütləqdir.

– Rəyə nəticələr və təkliflər də daxil edilib. Dövlət büdcəsinin icrası ilə bağlı ümumi nəticələrə toxunduq. Bəs Hesablama Palatasının təklifləri hansı istiqamətləri əhatə edib?

– Rəydə müxtəlif istiqamətlər üzrə ümumilikdə 19 təklif əksini tapıb. Buraya vergi inzibatçılığının təkmilləşdirilməsi və vergi dərəcələrinin optimallaşdırılması, vergidən yayınma hallarının minimuma endirilməsi, vergitutma bazasının genişləndirilməsi, xarici kapitalın cəlb edilməsi üçün əlavə tədbirlərin görülməsi, həmçinin vəsaitləri dəyərsizləşməkdən qorumaq və dövlət büdcəsinə əlavə gəlir gətirmək məqsədilə  vahid xəzinə hesabında olan vəsaitin qalığının (sərbəst qalığın) idarəetməyə verilməsi prosesinin əsaslı surətdə korreksiya edilməsi daxildir. Həmçinin  postneft dövründə Dövlət Neft Fondundan dövlət büdcəsinə edilən transfertlər nəzərə alınmadan dövlət büdcəsinin gəlirlərinin və kəsirinin müəyyənləşdirilməsi, icraçı təşkilatlar üzrə dövlət borcunun qaytarılmasının müvafiq müddət üzrə tənzimlənməsi, vaxtında müvafiq müdaxilələrin edilməsi, dövlət istiqrazlarının yerləşməsi üzrə əsas borc ödənişinin geri qaytarılmasının büdcənin mədaxilinin azalması hesabına həyata keçirilməsi, büdcə ili ərzində cəlb ediləcək dövlət borcu ilə bağlı konkret hədlərin müəyyənləşdirilməsi, həmçinin dövlət borcunun idarə edilməsi sahəsində strategiyanın hazırlanması məqsədəmüvafiq hesab edilib.

Ümumiyyətlə, qeyd edim ki, hər bir təklif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müəyyən edilmiş prioritetlərə nail olunmasına yönəlib. Belə ki, ölkə rəhbəri çıxışlarında Dövlət Neft Fondunun vəsaitinin qoruması, vergi bazasının genişləndirilməsi, qeyri-formal iqtisadi fəaliyyətin leqal müstəviyə gətirilməsi, gömrük rəsmiləşdirilməsi və bütün idxal-ixrac əməliyyatlarının tam şəffaf aparılması ilə bağlı konkret tapşırıqlar verib.

– Mövcud şərait gəlirlərin artırılması ilə yanaşı, xərclərə dair də tələblər qoyur. Bununla bağlı nə deyə bilərsiniz?

– Təkliflərin müəyyən hissəsi məhz xərclərlə bağlı olub. Belə ki, rəydə dövlət büdcəsinin cari xərclərinin (müdafiə olunan xərclər istisna olmaqla) azaldılması, o cümlədən idarəetmə xərclərinin məhdudlaşdırılması, Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlərə yenidən baxılması, tənzimləyici normativlərin hazırkı dövrün tələbləri nəzərə alınmaqla əsaslı surətdə təkmilləşdirilməsi, illik amortizasiya normalarının dövlət büdcəsindən subsidiya alınması məqsədi üçün zərər hesablanılarkən nəzərə alınmaması ilə bağlı təkliflər əksini tapıb. Mən yenə də cənab Prezidentin dövlət büdcəsinin xərcləri ilə bağlı tapşırıqlarını qeyd etmək istərdim.

Dövlətimizin başçısı gələcəkdə xüsusilə hər bir layihəyə, onun əhəmiyyətinə baxıldıqdan sonra qərarların qəbul edilməsi, dövlət sərmayəsinin ölkəyə tez bir zamanda gəlir gətirə və idxalı əvəzləyə biləcək sahələrə qoyulması, israfçılığa, izafi xərclərə yol verilməməsi, cari xərclərimizin qeyri-neft sektorunun, vergi və gömrüyün hesabına formalaşdırılması ilə bağlı mühüm tapşırıqlar verib.

Diqqətinizi, eyni zamanda, rəydə əksini tapmış təkliflərin digər bir qrupuna yönəltmək istərdim.

Şəffaflığın artırılması və hesabatlılığın gücləndirilməsi büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tələb edir. Bu baxımdan rəydə dövlət büdcəsinin xərclərinin inzibati təsnifatı üzrə icrası ilə bağlı müddəanın əlavə olunması, ilin sonuna istifadə edilməyən vəsaitlər üzrə halların büdcə qanunvericiliyində konkret müəyyənləşdirilməsi və növbəti ilin dövlət büdcəsinin xərclərində nəzərə alınması, dövlət büdcəsinin icrası ilə bağlı hesabatlara  büdcə gəlirlərinin maddələr səviyyəsində və gəlirlərin icrasının təmin edən qurumlar üzrə icra göstəricilərinin, həmçinin dövlət büdcəsi xərclərinin icrası məbləğinin funksional təsnifatın  paraqraflar səviyyəsində təqdim olunması, dövlət əsaslı vəsait qoyuluşunun icrası ilə bağlı təqdim edilən məlumatlarda bu vəsaitlərdən büdcə ssudasının qaytarılmasına yönəldilmiş məbləğlər haqqında məlumatların ayrıca qeyd olunması təklif edilib. Təkliflərin hazırlanmasında məqsəd dövlətimizin başçısının maliyyə nəzarətinin gücləndirilməsi, xüsusilə Hesablama Palatasının fəaliyyətinin səmərəli təşkili, büdcə vəsaitlərin qənaətlə xərclənməsi istiqamətində tapşırıqlarının vaxtında və tam şəkildə icra olunmasıdır. 

– Sonda Hesablama Palatasının cari ilin 6 ayı üzrə fəaliyyətinin əsas istiqamətləri barədə məlumat verməyinizi xahiş edirik. 

– Hazırda nəzarət tədbirləri ilə müəyyən edilmiş nöqsanların təsnifləşdirilməsi və icmallaşdırılması prosesi gedir. Ötən dövrlərlə müqayisədə biz bu istiqamətdə yeni yanaşma tətbiq etməyi nəzərdə tuturuq. Maliyyə pozuntularının təsnifatı və ümumi uçotu aparılmaqdadır və sonra da ayrı-ayrı funksional istiqamətlər üzrə təhlillər həyata keçiriləcək və iyul ayının ikinci ongünlüyündə bu barədə məlumat ictimaiyyətə çatdırılacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında