Ən qədim dövrlərdən mədəniyyətin təşəkkül tapmasını homo sapiensin (şüurlu insanın) fəaliyyəti ilə bağlayırlar. Amma, eyni zamanda, şüurlu insan tipi tarixi yolunun başlanğıcını mədəniyyətin təşəkkülündən götürüb. Çünki şüurlu insanın formalaşması ilə mədəniyyətin inkişafının sıx əlaqəsi vardır. Minilliklər boyu hər bir xalqın, millətin yaratdığı və nəsildən-nəslə ötürdüyü maddi və mənəvi dəyərlər dünya mədəniyyət xəzinəsinə zəngin töhfələr verib. Ümumbəşəri dəyərlər içərisində Olimpizm və idman dəyərləri xüsusi yer tutur.
Milli Olimpiya Komitəsinin baş katibi, Milli Məclisin deputatı, Əməkdar elm xadimi, professor Ağacan Abiyev bu mövzu ilə bağlı qəzetimizə verdiyi müsahibədə idman, Olimpiya hərəkatının hər bir dövlətin, hər bir xalqın mədəniyyəti ilə sıx bağlı olduğunu və mədəniyyətlərarası dialoqun dalana dirəndiyi, xalqlar və millətlər arasında münaqişələrin alovlandığı dini və irqi ayrı-seçkiliyin tüğyan etdiyi müasir dövrdə dünyaya sülh çağırışı etdiyini bildirdi.
Olimpizm sülh və barış missiyası kimi
– Ağacan müəllim, müasir dünya düzənində idman və Olimpiya hərəkatının dünyaya sülh çağırışını nadir imkanlardan hesab edirlər. Bu fikirlə razısınızmı?
– Olimpiya və idman hərəkatının qlobal sülhə çağırış məzmunlu olması onun dünyəvilik missiyası daşımasını sübut edir. Olimpizmin tərifində bildirilir ki, olimpizm təhsil, elm, idman və mədəniyyət deməkdir. Hələ qədim Yunanıstanda Olimpiya Oyunlarında təkcə idman yarışları keçirilməyib. Burada, eyni zamanda, şairlər, rəssamlar, artistlər də çıxış edirdilər və onlar mükafatlandırılırdılar. Beləliklə, qədim Olimpiya Oyunlarında insanlar müxtəlif mədəniyyət nümunələri ilə tanış olmaq imkanı qazanırdılar. Müasir Olimpiya Oyunlarının açılış və bağlanış mərasimləri çoxmədəniyyətliliyin, yəni multikulturalizmin əyani göstəricisidir. Açılış mərasimində milyonlarla insan müxtəlif xalqların mədəniyyəti ilə tanış olur və mədəni cəhətdən daha da zənginləşir. Müasir Olimpiya Oyunlarında iştirakçı ölkələrin mədəniyyəti ilə bağlı silsilə tədbirlərin keçirilməsi də diqqət mərkəzindədir. Olimpizmin gücü də məhz irqindən, milli mənsubiyyətindən, dinindən asılı olmayaraq, dünyanın müxtəlif mədəniyyət nümayəndələrini bir araya gətirmək, onların ədalətli mübarizə aparması üçün şərait yaratmaqdır. Olimpizmin sülh və barış missiyası günün aktual çağırışı kimi bütün dünyanın diqqət mərkəzindədir. İdmanın multikultural bir proses olaraq fərqli mədəniyyətlərin bütün cəmiyyətlərdə özünü təsdiq etməsi isə onun dünyəvi xarakter daşımasının daha bir sübutudur. Ayrı-ayrı idmançıların, idman klublarının bu prosesdə fəal iştirakı multikulturalizm mahiyyətli bir fəaliyyət növü kimi də özünü göstərir.
I Avropa Oyunları həm də multikulturalizmin
ən gözəl nümunələrini dünyaya göstərdi
- Olimpiya hərəkatının multikulturalizmlə əlaqəsi barədə fikirlərinizi bilmək maraqlıdır...
- Nümunə olaraq, birinci Avropa Oyunlarının ölkəmizdə təşkilini göstərə bilərik. 50 ölkədən 20 idman növü üzrə 6000-dən çox avropalı Bakıda bir araya gəlib dövrümüz üçün mühüm çağırış olan birlik nümayiş etdirdi. Bakı qocaman qitənin Olimpiya ümidlərinə işıq yandırdı. Eyni zamanda, müasir dövrün ağır sınağı olan humanitar fəlakətlərə “yox!” deməyin mümkünlüyünü sübut etdi. Avropa Oyunları zamanı minlərlə insan ölkəmizdəki nümunəverici multikultural durumun şahidi oldu. “Odlar yurdu”nda alovlandırılan oyunların məşəli isə qitə sakinlərinin hər birinin birlik ümidlərini alovlandırdı. Azərbaycan qocaman qitənin nəhəng idman ordusunun güc və birliyini nümayiş etdirən ideal məkana çevrildi. Bu məkanda oyunların davam etdiyi müddət ərzində, xüsusən, avropalılar Azərbaycanın çoxəsrlik mədəniyyəti ilə tanış olmaq şansı qazandılar.
Dünyanın idman tarixinə qızıl hərflərlə həkk olunan I Avropa Oyunlarında ən güclü komandalardan birinin Azərbaycan yığmasının olması isə çox millətlərin, dinlərin nümayəndələrinin yaşadığı ölkəmizdəki birliyin vəhdətindən doğan qələbə idi! İlk Avropa Oyunlarının ev sahibliyinin müsəlman ölkəsinə etibar edilməsi diqqət çəkən məqamlardan oldu. Bununla Azərbaycan avropalıların müsəlmanlarla bağlı yanlış təsəvvürlərinin aradan qaldırılması üçün böyük iş gördü, İslam ölkələri arasında isə nüfuzunu daha da artırdı. Oyunların möhtəşəm açılış və bağlanış mərasimlərində milli mədəniyyət nümunələrimizlə yanaşı, dünya musiqisinin tanınmış nümunələri də nümayiş etdirildi. Azərbaycanlılar dünyanın hər yerindən gəlmiş müxtəlif millətlərin nümayəndələri ilə birgə yüksək səviyyədə təşkil edilmiş bu mərasimdən xüsusi zövq aldılar, dünya musiqisinin gözəl nümunələrini canlı dinləyərək mənəvi cəhətdən bir az da zənginləşdilər. Bu, əsl multikulturalizmdir. Dövlətlər müharibə əvəzinə bir-birinə mədəniyyət nümunələri göndərsələr sülh bərqərar olar. Tam qətiyyətlə demək olar ki, məhz mədəni dəyərlər dünyanı xilas edəcək.
2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan olunub
– Dünya mədəniyyətlərinin fərqliliyi, çoxmədəniyyətlilik, yəni multikulturalizm insanlar üçün ən qiymətli dəyərlərdəndir. Ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində multikulturalizm Azərbaycanda dövlət siyasəti elan olunub və bu siyasət möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda tarixən həyat tərzi olan multikulturalizm ənənələrinin bu gün də mövcudluğu bu uğurlu siyasətin nəticəsidir. Prezident İlham Əliyev çıxışında demişdir: “Bəzi siyasətçilər deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Bəlkə haradasa iflasa uğrayıb. Amma Azərbaycanda yaşayır və bu meyillər, bu ideyalar güclənir, ictimaiyyətdən də daha çox dəstək alır. Biz bu yolla gedəcəyik”. Prezidentin 2016-cı ili “Multikulturalizm ili” elan etməsi bir çağırışdır və hər birimiz bu çağırışa səs verməliyik. Multikulturalizm siyasətinə yardım edən, proqramlar, layihələr işləyib hazırlamalıyıq. Bu mövzu ilə bağlı televiziya və mətbuatı izləyirəm. Yaxşı olardı ki, bu mövzu bir qədər də geniş işıqlandırılsın. Multikulturalizm ifadəsi hər bir vətəndaş tərəfindən aydın dərk edilsin. Onun necə bir nemət olduğunu bilsinlər. Hər bir insan bilməlidir ki, o, təkcə öz mədəniyyətini yox, həm də bəşəri mədəniyyəti sevməli, onu qəbul etməlidir. Amma bu, o demək deyil ki, öz dəyərlərimizdən imtina edək. Azərbaycanın mədəniyyəti çox zəngindir. Muğam sənətimiz, xalq yaradıcılığı və klassik musiqilər, opera və balet tamaşaları, rəsm əsərlərimiz və poeziyamız ümumdünya mədəniyyətinə zəngin töhfələr verib. “Musiqi ayrı-ayrı xalqlara məxsus olsa da, insanları birləşdirən ən yaxşı vasitədir. Bu səbəbdən də müxtəlif xalqlar arasında mədəni körpülər salmaq çox vacibdir” - deyən ulu öndər Heydər Əliyev xalqlar arasında mədəni əməkdaşlığın nə qədər vacib olduğunu vurğulamışdır.
Azərbaycan “Eurovizion” mahnı müsabiqəsini təşkil etdi. Bu mərasimə qocaman qitənin ən yaxşı müğənniləri seçilmiş ifaları ilə qatılmışdılar. Təsəvvür edin, müsabiqə zamanı fərqli mədəniyyətlərə məxsus musiqilərdən nə qədər böyük zövq aldıq. Eyni zamanda, bu tədbiri keçirməklə dünyanın multikultural dəyərlərinə necə böyük töhfə verdik. Bütün dünya xalqları müxtəlif mədəniyyətlərin ən nadir incilərini dinləməklə nə qədər saflaşdılar.
Bəşəri dəyərləri qəbul edib,
həyatımızı keyfiyyətlə yaşayaq
– İdmanın mədəniyyətlə əlaqəsini, birliyini necə təsəvvür edirsiniz?
– İdmanla məşğul olan insanlar mədəni dəyərlərdən istifadə edirlərsə onun səmərəsi daha çox olur. Belə ki, onlar multimədəni dəyərləri qəbul etmək üçün daha hazırdırlar. İdmançının əzələ və sinir sistemində adi insanlarla müqayisədə yaxşılığa doğru fərq var. Ona görə gənclərə dönə-dönə deyirik ki, idmanla məşğul olsunlar. Həyat keyfiyyəti yüksək olanda insan problemlərini rahat həll edə bilir. Mədəni dəyərləri qida kimi qəbul edib, Allahın bəxş etdiyi ömrü keyfiyyətlə yaşamalıyıq. Əsl insan olmaq, yaxşı işlər görmək üçün bu dəyərlər çox vacibdir. Bizi digər canlılardan fərqləndirən məhz mədəni dəyərlərdir. Müxtəlif xalqların mədəniyyəti ilə tanış olub onlardan bəhrələnmək gənclərimizin daha mədəni olmasına, şəxsiyyət kimi bütövləşməsinə səbəb olacaq.
Tarixi minillikləri əhatə edən zəngin irsimiz
bolid sürəti ilə dünyaya çatdırıldı
– Ağacan müəllim, Bakı ötən ay dünyanın ən möhtəşəm idman yarışlarından biri olan “Formula-1”-in ev sahibi kimi, öz missiyasının öhdəsindən gələ bildimi?
– Çox yüksək səviyyədə təşkil olunan bu tədbir dünyanın 1 nömrəli avtomobil yarışları idi və onun təşkili hər dövlətin işi deyil. “Formula-1” yarışlarını hərtərəfli inkişaf etmiş dövlətlər keçirirlər. Məşhur avtomobil firmalarının yaratdıqları idman maşınları qeyri-rəsmi olaraq bolidlər, onları idarə edənlər isə pilotlar adlandırılır. Bu maşınların bolidlərlə müqayisəsi çox maraqlıdır və yerinə düşür. Yerdə 300-350 sürət fantastikdir. Yarış zamanı “Formula-1” avtomobilləri və çoxmilyonlu azarkeş ordusu UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan İçərişəhər Tarixi Memarlıq Qoruğunu, şəhərə müasirlik verən möhtəşəm göydələnləri və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən Bakının təkrarolunmaz və gözəl simasını gördülər. Otuz minə yaxın tamaşaçı yarışı tribunalardan izlədi. Məşhur yarışın 190-a yaxın ölkədə 500 milyondan artıq azarkeş tərəfindən izlənildiyini nəzərə alsaq, deməli, minillik mədəni tariximizin bu günə kimi yaradılmış zəngin irsinin bolid sürəti ilə dünyaya çatdırılması deməkdir.
“Formula-1” yarışları mədəniyyət proqramlarının hazırlanması, paytaxta yaxın ərazilərdə olan qoruqlara, abidələrə turların təşkili ölkəmizin turizm imkanlarının daha da genişləndirilməsi məqsədi daşıyırdı. İştirakçıların və qonaqların muzeyləri, sərgi və mədəni abidələri böyük maraqla ziyarət etmələri mədəniyyətimizin dünya xalqları tərəfindən qəbul edilməsi demək idi. Bu, çoxəsrlik tariximizin məhz multikultural dəyərlər üzərində bərqərar olmasının bariz nümunəsi idi. Avropa və Asiyanın qovuşuğunda yerləşən və müxtəlif mədəniyyətlərin yanaşı yaşamasını qəbul edən tolerant cəmiyyətdə əsrlərlə bərqərar olan zəngin bir tarixi irsin dünya xalqları üçün nə qədər önəm daşımasını göstərən amil idi.
Rəvayətə görə qədim yunanlar tamaşalara məhəllə şəklində yığışıb gedərmişlər. Onlardan soruşanda ki, hara gedirsiniz? Cavab verərmişlər ki, teatra müalicə almağa gedirik. İnsanlar gündəlik problemlər, qayğılardan bəzən stress vəziyyətə düşürlər. Onlar bəzən nəzərə almırlar ki, incəsənət, mədəni tədbirlər insanın sağlamlığına nə qədər xeyirdir. Bütün dünya bununla məşğul olmalıdır. Bu və ya digər dövlətlərin milli mədəniyyətinə inteqrasiya olmağı arzu etməyən bəzi xalqların nümayəndələri multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycana gəlsinlər. Əminik ki, məhz mədəni dəyərlərimizlə, zəngin irsimizlə qidalanıb multikulturalist kimi vətənlərinə dönəcəklər.
Bu, “Homo sapiens” tipli insandan “Homo culturalies” tipli insana keçid üçün beynəlxalq proqramın bütün dünyada işlənib hazırlanmasını daha da sürətləndirən amilə çevriləcək.
Müsahibəni apardı:
Leyla QURBANOVA,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.