Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sahibkarlığın inkişafına göstərdiyi qayğı ölkəmizdə özəl sektorun genişlənməsi üçün əsaslı stimul yaratmışdır. Bu inkişaf ölkədə prioritet sahə elan olunmuş informasiya texnologiyaları sahəsində də aydın nəzərə çarpır. Son illər özəl sektorda öz uğurlu nailiyyətləri ilə seçilən SİNAM şirkəti Azərbaycanda informasiya texnologiyaları sahəsində bir sıra layihələrin reallaşmasını təmin etmişdir. Müsahibimiz şirkətin prezidenti Elçin Əliyevdir.
- Elçin müəllim, SİNAM şirkətinin yarandığı andan etibarən informasiya texnologiyaları bazarındakı fəaliyyəti barədə nə deyə bilərsiniz?
-Fəaliyyətimizin əsası 1994-cü ildən xeyli əvvəl, SİNAM şirkətini qurduğumuz zaman qoyulub. Hələ informasiya texnologiyaları biznesinin kompyuter texnikasının alış və satış əməliyyatları ilə məhdudlaşdığı vaxtlarda bizim üçün prioritet qabaqcıl texnologiyalar olmuşdur. Biz proqram təminatının inkişafına, sistem inteqrasiyasına çox böyük diqqət ayırırdıq. Zaman göstərdi ki, düzgün siyasət seçmişik. Bu gün SİNAM ölkənin, eləcə də regionun ən böyuk informasiya texnologiyaları şirkətlərindən biridir və informasiya texnologiyaları bazarının gələcək inkişafı üçün prioritetlərin müəyyənləşdirilməsində onun rəy və düşüncələri böyük əhəmiyyət daşıyır. Bu gün yeni texnoloji həll yolları, bilik, elm, inteqrasiya üzrə həll yolları həyatımızda böyük rol oynayır. Biz sifarişçiyə onun biznesinin maksimum gəlir gətirməsi üçün ən optimal və effektiv həll yolları təklif edirik.
- Dünyada baş verən maliyyə böhranı bir sıra ölkələrdə informasiya texnologiyaları ilə məşğul olan şirkətlərin də fəaliyyətinə ciddi təsir göstərib. Azərbaycanda bu sahədə vəziyyət necədir? Sizin şirkətin fəaliyyətinə bu böhran təsir göstərməyib ki?
- Maliyyə böhranının bütün ölkələrə təsir göstərməsinə baxmayaraq, Azərbaycan inkişaf tempini qoruya bilmişdir. İKT sahəsi ölkəmizdə iqtisadiyyatın qabaqcıl sahəsi olaraq ciddi təsirlərə məruz qalmadı. Dünya bazarından danışdıqda, razılaşıram ki, böhran dövründə bir çox şirkətlər iflasa uğrayır, lakin müştəriləri üçün optimal texnoloji həll yolları təklif edən şirkətlərin qarşısında yeni imkanlar açılır. Əvvəllər şirkət layihələri həyata keçirdiyi zaman büdcə haqqında düşünmürdü, indi isə maliyyə böhranı olduğuna görə müştəri özünün hər bir xərcini nəzərdən keçirməli və lazım olduqda artıq xərcləri azaltmalı olur. Belə halda isə müştəri tanınmış dünya brendləri ilə deyil, daha effektiv və uğurlu həll yolları təqdim edən orta ölçülü firmalarla işləməyə üstünlük verir. Zaqafqaziya və Orta Asiya regionlarında biz ön mövqelərdə durur, xarici tenderlərdə iştirak edir, nəhəng layihələr həyata keçiririk. Biz həmçinin, daha effektli və uğurlu həll yolları təqdim edərək, sifarişçinin öz xərclərini optimallaşdırmasına imkan yarada bilirik. Bu da maliyyə böhranı zamanı bizim qarşımızda yeni imkanlar açır və fəaliyyətimizin əhatə dairəsini genişləndirməyə, Azərbaycanın hüdudlarından kənara çıxmağa şərait yaradır.
Bu gün biz öz məhsullarımızla dünya bazarına çıxırıq. Bunlar şirkətin 16 illik fəaliyyəti ərzində və şirkətin yaradılmasına qədərki dövrdə əldə olunan nailiyyətlərimizin nəticəsidir.
- SİNAM şirkətinin təklif etdiyi həll yollarına hansı sahələrdə tələb var? Şirkət elektron imzaların tətbiq edilməsi üzrə layihəni nə dərəcədə uğurla həyata keçirir?
- Hazırda əsas sifarişçilər hökumət idarələri və bank sektorudur. Bu istiqamətlərdə fəal işləyirik. Biz özümüzü elektron hökumət üzrə həll yollarının təminatçısı (e-government solutions provider) kimi görürük. Əgər maraqlı və perspektivli bir istiqamət aşkarlayırıqsa, həmin istiqamət üzrə maliyyələşdirdiyimiz bir layihə hazırlayırıq və onun həyata keçirilməsi üçün əməkdaşlarımızdan ibarət bir komanda təyin edirik. Elə bu yolla elektron imzalar üzrə ən yaxşı həll yollarımızdan birini irəli sürmüşük. Elektron imzalar üzrə ilk həll yolunu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə (DGK) təqdim etdik. Biz layihə üzrə işçi komandanı hələ də dəstəkləməyə davam edirik. Bu gün sahədə ölkəmiz üçün, eləcə də korporativ elektron imzalar üzrə irimiqyaslı həll yolları təqdim etməyə hazırıq və bu məhsulu bazarda uğurla tətbiq etməyə davam edirik. Hazırda bu layihə Dövlət Gömrük Komitəsində (DGK), Mərkəzi Bankda uğurla tətbiq edilmiş, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda (DSMF) isə hələ tətbiq edilməkdədir. Biz öz məhsulumuzu bütün müəssisələrə, o cümlədən bank və telekomunikasiya sektoruna təqdim etməyə hazırıq. Bu sektorlara biz həm də elektron imzalar üzrə inkişaf etdirdiyimiz həll yollarını təqdim etməyi planlaşdırırıq.
- Avtomatlaşdırılmış fərdi uçot sisteminin Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna tətbiqi, sizcə, uğurludurmu? SİNAM şirkəti daha hansı layihələrə imza atmışdır?
- Bu layihənin nəticələri ilə fəxr edirik. Onun hazırlanması bir qədər çətin oldu. DSMF-də sıfırdan başlayaraq sistemi qurmaq lazım gəldi və biz əsaslı şəkildə köməklik göstərdik. Layihənin reallaşdırılması zamanı bəzən qanunvericilikdə düzəlişlər etmək, işin gedişatına uyğun tamamlanası tapşırıqlarda, proqramlarda düzəlişlər etmək lazım gəlirdi. Hazırda bu, mükəmməl bir fərdi uçot sistemidir və bu sistemin bünövrəsini SİNAM qoymuşdur. Bir müddət əvvəl Dünya Bankının xətti ilə Əfqanıstanın Maliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ekspert qrupu Bakıya səfər etmişdi. Təxminən altı ölkəni gəzərək, onlar öz ölkələri üçün nümunə kimi Azərbaycanın sistemini seçdilər və artıq Əfqanıstanda Azərbaycanın istifadə etdiyi modeldən istifadə olunacağı haqda memorandum imzalanıb. Hazırda Dövlət Sosial Müdafiə Fondunda təxminən 1,7 mln vətəndaşdan ibarət baza hazırlanmış qeydiyyat aparılır və proseslərin tam şəffaflığı təmin edilir. DSMF sisteminin inkişafı çərçivəsində DSMF rayon şöbələri üçün informasiyanın idarə edilməsi sistemi yaradılmış və tətbiq olunur.
Kommersiya fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərin qeydiyyata alınmasında bir pəncərə prinsipinə keçidlə əlaqədar sığortaedənlərin qeydiyyatı üzrə əvvəlki sistem tamamilə dəyişdirilmiş və qeydiyyat məlumatlarının Vergilər Nazirliyindən operativ şəkildə DSMF-ə çatdırılması üçün sistem quraşdırılmışdır.
SİNAM şirkətinin İsveçin CMA şirkəti ilə birgə ölkə miqyasında həyata keçirdiyi daha bir layihə - kommunal xərclərin ödənilməsi sisteminin (APUS) quraşdırılması layihəsi gözəl nəticələr verir. Sistem artıq elektrik, qaz, su üçün gün ərzində təxminən 40- 50 min ödəniş təmin edir. Bu isə gündəlik 500 min manatdan artıq ödənişin qəbul edilməsi deməkdir. İldə 200 mln manata çatan bu ödəniş hələ son hədd deyil, güman edirik ki, bu, ən azı iki dəfə artacaq. Ən başlıcası odur ki, sistemin dizaynı belə prosesləri uğurla tamamlamağa imkan verir. Bu layihə ümummilli əhəmiyyət daşıyır və region ölkələri arasında ilk dəfə Azərbaycanda həyata keçirilir. Bu sistem abonentlərə kommunal xərclərin banklar, Azərpoçtun filialları və bankomatlarda nəğd yolla, plastik kartlarla, bank köçürmələri və internet-bankinq kimi müxtəlif ödəmə mexanizmləri ilə ödəmə imkanı yaradır.
Bundan əlavə, biz sənədlər dövriyyəsi sistemini işləyib hazırlayırıq. Gostərdiyimiz səylər nəticəsində dünyanın aparıcı sənədlər dövriyyəsi sistemi sayılan EMC Azərbaycanın strukturları üçün lokallaşdırılır. Artıq bu aydan etibarən bazarda sənəd dövriyyəsi üzrə milli sistem olacaqdır. Onun əsasında elektron imzalar üzrə bizim həll yollarımız və sənədlər dövriyyəsi üzrə dünya lideri EMC şirkətinin həll yolları qurulacaqdır. Bu isə elektron hökumətin bünövrəsini təşkil edir. Hazırda sözügedən layihə mütəxəssislər komandası tərəfindən EMC-nin dəstəyi ilə Azərbaycan Mərkəzi Bankında həyata keçirilir.
- SİNAM şirkəti poçt əməliyyatlarının avtomatlaşdırılması layihəsində iştirak etmişdir. Bu, ölkəyə nə verir və sizin rəhbərlik etdiyiniz şirkət bu layihədə nə dərəcədə iştirak etmişdir?
- Əhəmiyyətinə görə bu, ən effektli layihələrdən biridir. Azərpoçt dünya praktikasında maliyyə xidmətləri üzrə yeni konsepsiya sayılan poçt-bank rolu oynamağı qarşısına məqsəd qoymuşdur. Azərpoçtun ölkə üzrə 1600 filialı mövcuddur, bu filiallar şəbəkəsi üzrə həyata keçirilən poçt işlərini bilavasitə vahid poçt-bank sistemi ilə birləşdirmək və avtomatlaşdırmaq tələb olunurdu. Poçt-maliyyə xidmətləri sisteminin tətbiqi və poçt əməliyyatlarının avtomatlaşdırılması korporativ uçot sistemini tamamilə qaydaya salmağa, şəffaf iş səvviyyəsini yüksəltməyə və proseslərin effektivliyini bir neçə dəfə artırmağa şərait yaratdı.
Yaxın gələcəkdə Azərpoçt bir sıra bank əməliyyatlarını həyata keçirmək üçün lisenziya alacaq və bütün ölkədə bank əməliyyatlarını həyata keçirməyə başlayacaq. Azərpoçt təkcə kommersiya banklarının göstərdiyi cari əməliyyatlarda rəqabət aparmayacaq, həm də əlavə xidmətlər göstərəcəkdir. Həmin kommersiya bankları, bildiyiniz kimi, gəliri aşağı olan və poçtun ənənəvi olaraq mövcud olduğu uzaq kəndlərə can atmır. Bu yolla ölkəmizin bütün əhalisi maliyyə xidmətlərindən istifadə etmək imkanı tapacaq və maliyyə sektoru əlavə vasitələrin cəlb olunması nəticəsində möhkəmlənəcək. Ən əsası, poçt uzaq kəndlər də daxil olmaqla, bütün ölkə ərazisində elektron hökumət üzrə aparıcı qüvvə olacaq. Poçt məntəqələri mövcud olan hər yerdə Azərbaycan vətəndaşlarına poçt- bank xidmətlərindən başqa elektron hökumət üzrə xidmətlər də göstəriləcək.
- SİNAM şirkətinin həyata keçirdiyi layihələr çərçivəsində ölkənin ucqar yerlərinə məlumatlar necə çatdırılacaq?
Azərbaycan hökuməti ilə BMT-nin Azərbaycan üzrə inkişaf proqramının birgə layihəsi "şəbəkə idarəetməsi üzrə milli təşəbbüs" çərçivəsində biz AzDATACOM müasir IPMPLS şəbəkəsini qururuq. Bu şəbəkə müasir e-hökumət, e-biznes, e-təhsil və e-səhiyyə vasitələrinə imkan yaradacaqdır. AzDATACOM şəbəkəsi Azərbaycanda "rəqəmsal çatışmazlıqların" aradan qaldırılması üçün real imkanlar yaradacaqdır. Başa çatmaq üzrə olan poçt əməliyyatlarının avtomatlaşdırılması layihəsində məhz bu sistemdən istifadə olunacaq. Yəni ölkədəki bütün şəhər və rayonlarda hər bir müəssisə adi ADSL modem ilə şəbəkəyə giriş əldə edə bilər. Budur, bütün ölkə üzrə işləyən hazır şəbəkə.
- Şirkət təhsil sistemi üzrə hansı layihələrdə iştirak edir?
- Təhsil sistemində biz bir çox layihələr həyata keçirmişik. Bu gün ölkəmizin qarşısında Bolonya (vahid Avropa ali təhsil sahəsi yaratmaq üçün Avropa ölkələrinin təhsil sistemlərinin yaxınlaşması və uyğunlaşması prosesi) sisteminə qoşulma ilə əlaqədar böyük məsələlərin durduğu bir vaxtda hər bir ali məktəb üçün zəruri olan tədrisin idarə edilməsi sistemini hazırlamağı qarşımıza məqsəd qoymuşuq. İndi biz dünyada təhsil üzrə həll yolları təmin edən nəhəng IMC şirkətinin partnyoru olaraq belə bir sistemi Azərbaycan dilində təklif edə bilərik. Tədrisin idarə edilməsi sistemi (Learning Management System) təkcə təhsil müəssisələrində deyil, həm də treninqlərin müəssisə fəaliyyətinin ayrılmaz hissəsi olduğu yerlərdə planlaşdırma, tədris, sınaq və qiymətləndirmə prosesinin avtomatlaşdırılmasına imkan verir. Biz bununla kifayətlənmədik, tərəfimizdən işlənib hazırlanmış müəssisələrin idarə edilməsi sistemi ilə inteqrasiya edilsə, təkcə təhsil prosesini deyil, həm də orta məktəblərin, ali məktəblərin, firmaların və digər müəssisələrin bütün təsərrüfat işlərini avtomatlaşdırmaq mümkündür. Hələ DSMF ( Dövlət Sosial Müdafiə Fondu) layihəsini həyata keçirərkən biz 2 min nəfərə (kəndlərdən iştirak edənlər daxil olmaqla) necə təlim keçmək barədə düşündük. Maarifləndirici sistem yaratmaq lazımdır. Bu isə bizim ali məktəblər üçün hazırladığımız həmin məhsuldur. Əgər həll yollarına mərkəzləşdirilmiş şəkildə yanaşsaq, az xərclə daha effektli nəticə alınır.
- Azərbaycanda İKT- nin ixracı nə dərəcədə mümkündür?
- SİNAM-ın böyük kadr potensialı var. Bizi boş yerə "informasiya texnologiyaları kadrlarının beşiyi" adlandırmayıblar və buna sevinirik. Uzun illərin təcrübəsi və xarici bazarlarda fəaliyyət göstərmək istəyi qarşımızda daha böyük imkanlar açır. Hazırda Amerika, Orta Asiya və Yaxın Şərq bazarlarında fəal olaraq işləməyə başlamışıq. Biz şadıq ki, Prezidentimiz İlham Əliyev Azərbaycanın inkişafında İKT-ni iqtisadiyyatın prioritet sahəsi elan etmişdir. İstehsal sahəsi üçün böyük kapital qoyuluşu tələb olunur və bunun üçün də təhcizat, daşınma, gömrük əməliyyatları və s. ilə əlaqəli problemləri həll etmək lazımdır. Təsəvvür edin ki, zavod açmaq üçün milyonlarla manat investisiya qoyulur və bunun çox hissəsi material və avadanlıqlara sərf olunur, gəlir isə xərcləri ancaq ödəyir. Dövlət başçımız tərəfindən prioritet adlandırılan sahənin inkişafı üçün insanlara, biliyə sərmayə qoymaq lazımdir. Bu, daha sərfəlidir. Yaxın vaxtlarda Azərbaycanda neftin ixracı pik nöqtəyə çatacaq, lakin hələ də İKT məhsullarının ixracı üçün uyğun şərtlər yoxdur. Regionlar üzrə istehsal olunan məhsullara güzəştli vergilərin tətbiq olunduğu və müvafiq səviyyədə işlərin aparıldığı innovasiya mərkəzləri və texnoparklar olmadan İKT məhsullarının ixracı barədə danışmaq yersizdir. MDB-də yaxın qonşularımıza nəzər yetirin. Məsələn, Belarusda texnoparkların fəaliyyəti xüsusi qanunlarla tənzimlənir. Dubaydakı İnternet şəhərini də nəzərdən qaçırmaq olmaz. Azərbaycanda İKT məhsullarının ixracına təkan verən qanunların qəbul edilməsinə və İKT sektorunun ölkədə tam inkişafına tələsmək lazımdır. Bu, neft inqlabı ilə müqayisə ediləcək dərəcədə böyük effekt verəcəkdir. Qərarları bu gün vermək lazımdır. Sabah artıq gec ola bilər.{nl}
Müsahibəni yazdı: M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.