“Bakı Qran-prisi mövsümün ən parlaq hadisələrindən biri olacaq”

Britaniyalı avtoyürüşçü Colion Palmer bu qənaətdədir

Azərbaycanda keçirilən beynəlxalq yarışlar ilk növbədə yüksək təşkilatçılığına görə iştirakçıların və çoxsaylı turistlərin diqqət mərkəzində olur. “Formula-1” yarışması da bu baxımdan uzun müddət xatirələrdən silinməyəcək. Avropa Qran-prisi  dünya çempionatları tarixində üçüncü şəhər yarışları olmaqla, paytaxtımızın əsrarəngiz gözəlliyini bütün dünyaya nümayiş etdirmək baxımından böyük əhəmiyyət kəsb edir. Bunu həm yarış iştirakçıları, həm də turistlər deyirlər.

Yarış iştirakçıları boş vaxt tapan kimi şəhərimizin görməli yerlərində olur, paytaxtımızdakı inkişafdan, insanların qonaqpərvərliyindən, eləcə də yarışın təşkilati işlərinin yüksək səviyyədə qurulmasından razılıqlarını bildirirlər.

Bu dəfə həmkarlarımın  hədəfində Bakı trasında gəzintiyə çıxan britaniyalı avtoyürüşçü Colion Palmer oldu.  Jurnalistlərin suallarını cavablandırarkən aydın oldu ki, britaniyalı avtoyürüşçünün belə yarışlarda böyük təcrübəsi var.   O, 2016-cı ildə “Renault” komandasının pilotu, GP2 seriyasının çempionu, “Formula-2” FIA seriyasının vitse-çempionudur.

– Bu sizin Bakıya ilk səfərinizdir?

– Bəli, Bakıda ilk dəfədir oluram. Bu yarışma ilə əlaqədar bir çox ölkələrdə olmuşam. Açığını deyim ki, Azərbaycana gələn gündən diqqətimi ilk növbədə buradakı qeyri-adi tikililər, səliqə-səhman çəkdi. Bakıya gələnə qədər öyrənmişdim ki, son illər Azərbaycan bir neçə  nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi edib. Hamısı da uğurla başa çatıb. Ümid edirəm ki, “Formula-1” yarışması da belə  olacaq. Bu yarışlar digər idman növləri ilə müqayisədə çox çətin və təhlükəlidir. Kiçik bir səhv iştirakçılara çox baha başa gələ bilər. Mən nikbin adamam. İnanıram ki, hər şey yaxşı olacaq.

– Yarışın təşkilati işləri sizi qane edirmi?

– İnanın ki, hazırlıq işləri məni valeh etdi. Mühafizə sədləri çox etibarlıdır. Şəhərdəki qədim və yeni tikililərin uyğunluğu Qran-pri üçün gözəl fon yaradır. İnanıram ki, tamaşaçılar da  razı qalacaq və yarışdan zövq alacaqlar.

– “Formula-1" yarışmasına  hansı arzularla gəlmişsiniz?

– Təbii ki, hər bir iştirakçı yarışlara qalib olmaq arzusu ilə qoşulur. Bura gəlməzdən öncə çox hazırlaşmışam və yaxşı formada olduğumu düşünürəm. Mən öz titullarımı qorumaq, “Formula-1"-in birincisi olmaq arzusundayam.  Bakı yürüşü həm mənim, həm də tamaşaçılar üçün mövsümün ən parlaq hadisələrindən biri olacaq. Ümid edirəm ki, gözəl Bakıdan qalib kimi qayıdacağam.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında