“Bakı treki bizə unudulmaz anlar yaşadır”

“Küləklər şəhəri” kimi tanınan Bakının küçələri dünyanın ən sürətli bolidlərinə yeni nəfəs verir. Analoqu olmayan enişli-yoxuşlu, bəzi döngələrdə isə dar keçidləri ilə diqqət çəkən Bakı trasında yeni rekord qeydə alındı!

“Formula-1” üzrə Avropa Qran-prisinin startı ərəfəsində iştirakçı pilotlar da yarışın sürprizlərlə dolu və gərgin mübarizə şəraitində keçəcəyini, eyni zamanda, daha baxımlı olacağını qeyd etmişdilər. Əslində, bu nüfuzlu yarışın ən yüksək səviyyədə təşkili üçün qısa zaman kəsiyində həyata keçirilmiş layihələr də pilotların Bakı mübarizəsinin sürət həvəskarlarına unudulmaz anlar bəxş edəcəyini vəd edirdi.

İlk yarış gününün rekord göstəricisinə “Torro Rosso”nun pilotu Karlos Sayns sahib olub. “Formula-1" Avropa Qran-pri yarışlarında saatda 340 kilometr sürətin ən yüksək hədd sayıldığını nəzərə alsaq, deyə bilərik ki, Avropa Qran-prisinin ikinci sınaq yürüşündə qeydə alınan saatda 351 kilometr nəticə sürət həvəskarları üçün əsl adrenalin idi.

Yarışların elə ilk günü göstərdi ki, Azərbayjan paytaxtının tam mərkəzindən və gözəl məkanlarından keçib, bulvar boyunca uzanan və dünyanın ən yüksək sürətli treki kimi xarakterizə edilən Bakı trası “Formula-1" iştirakçıları və azarkeşlər üçün əfsanəvi məkana çevrilməkdədir. İlk yarış gününün sonunda pilotlarla görüşümüzdə söhbətimizin əsas mövzusu da bu oldu.

Əfsanəvi “Formula-1” sürücüləri Bakı trekinin unudulmaz anlar yaşatdığını dilə gətirdilər, sürət mübarizəsinə məxsusi çalarlar qatdığını qeyd etdilər.

“Mersedes”in sürücüsü Luis Hamilton (3 qat dünya çempionu, Avropa Qran-prisinin üç test yürüşünün qalibi):

—Bakı treki əsl yürüş üçündür. İlk yarış günü çox gözəl keçdi. Tras kifayət qədər mürəkkəb və maraqlıdır. Belə traslar üçün hamar və mürəkkəb olmayan döngələr xarakterik deyil. Bakı trasının əlverişli olmadığını deyənlər səhv edirlər. Burada əsas odur ki, mürəkkəb vəziyyətdən bacarıqla çıxasan. Belə yarış məkanları əsil məharət tələb edir. Biz bu cür asan olmayan yürüşləri sevirik və çətinlikləri dəf etməkdən zövq alırıq.

Avropa Qran-pri yarışları mövsümün ən maraqlı yarışlarından biri olacaq. Mən buna əminəm. Qarşıda bizi gərgin idman mübarizəsi gözləyir.

“Toro Rosso”nun sürücüsü Karlos Sayns (“Formula-1” tarixində ən yüksək sürət göstəricisinə imza atıb- saatda 351 kilometr):

- Yarışın ilk günü səbirsizliklə gözlədiyimiz yeni trekdə gücümüzü sınadıq. Trek yüksək sürət bacarığı və dəqiqlik tələb edir. Belə traslarda imkanlarımızı daha da genişləndirmək şansı qazanırıq.

Qeyd edim ki, bu yürüşlərdən böyük zövq aldım. Eyni zamanda, özümə inamım daha da artdı. Yürüş zamanı elə anlar oldu ki, hiss və həyəcandan qanadlanmaq istəyirdim. Düzdür, havanı bir qədər başqa cür gözləyirdik. Buludlu və küləkli hava şəraitinin də öz çətinlikləri olur.

Bir sözlə, Bakı trası mənə xoş hisslər bağışladı, məni yaxşı mənada təəccübləndirdi. Yürüşü uğurla başa vurmaq əzmindəyəm. Yürüşün davamını səbirsizliklə gözləyirəm. Çalışacağıq ki, sonrakı yarışlarda daha çox xal yığaq.

“Red Bull Racing” komandasının təmsilçisi Daniil Kvayt:

– Pilotlar çətinlikləri dəf etmək üçün daim yeni yollar axtarırlar. İdman növümüz qeyri-adiliyi sevir. Biz hər anı qiymətləndirməyi bacarmalıyıq. Artıq Bakı trekini öyrənmək üçün imkanlarımızı səfərbər edib, bəzi məqamlara aydınlıq gətirdik. Düşünürəm ki, sonrakı yürüşlərdə bütün bunlardan məqsədimizə çatmaq üçün yararlanacağıq.

“Hər zaman yeni şəhərlərə səfər etmək mənim üçün maraqlı olub. Bakıda şəhər trekidir, ona görə sükan və pedal ilə ciddi çalışmaq gərək olur. Şəhər treklərində bəzi çətinlikləri dəf etmək üçün düşünmək lazım gəlir.

Bakı treki barədə onu deyə bilərəm ki, tamam başqa bir aləmdir. Bir qədər Sinqapur trasına oxşasa da, sürətliliyinə və digər xüsusiyyətlərinə görə tamam fərqli məkandır. Bakı trasında istənilən an səhvə yol vermək olar. Döngələrin bəzisi çox dardır. Amma bu cür sadə olmayan tapşırıqların öhdəsindən gəlmək bizim əsas vəzifəmizdir. Sonrakı yürüşlər vəziyyəti qiymətləndirməkdə bizə yardımçı olacaq. Ən razı qaldığım isə trasın sürətli olmasıdır. Bu mənada yeni traslarda qüvvəmizi sınamaq çox maraqlıdır. Əslində, mən özüm də təkrarçılıqdan uzaq olmağa çalışıram. Yeniliyə imza atmaq üçün üzərimdə işləyirəm.

“Force İndia” komandasının pilotu Serxio Peres:

– İlk növbədə, “Formula-1” Avropa Qran-prisinin möhtəşəmliyini qeyd etmək istəyirəm. Hər şey çox gözəldir. Əsl yarış həyəcanı yaşanır. Pilotlar arasında gərgin mübarizənin olacağını bilirdik. Bir tərəfdən yeni tras, başqa bir məkan, digər tərəfdən idman növümüzün adrenalin dolu məqamları. Əslində, təcrübəmiz artdıqca daha çətin vəziyyətlərdən daha asan çıxa bilirik. Mürəkkəb trasları xoşlayıram. Təhlükəli və mürəkkəb tras anlayışları başqa-başqa şeylərdir. Düşünürəm ki, tras pilotlar üçün sadəcə mürəkkəbdir. Biz hər yürüşümüzdə elə vəziyyətlə rastlaşırıq ki, ani məqamda səhv buraxıb təhlükə ilə üz-üzə qala bilərik. Əslində, idman növümüz bizdən ən yüksək səviyyədə diqqətli olmağı tələb edir.

Heç vaxt rəqiblərin hansı proqram üzrə işlədiklərindən baş aça bilmirsən. Amma öz şanslarımızı da yüksək qiymətləndiririk. Maşınımızın bu yürüş zamanı effektivliyinə də əminik. Qarşımızda duran əsas məqsəd xalların sayını artırmaqdır. Düşünürəm ki, maksimum nəticələrə nail ola biləcəyik.

Şəhəriniz isə çox gözəldir. Müasir Bakı ən gözəl paytaxtlardan biri hesab oluna bilər.

Söhbəti qələmə aldılar:
Məsaim ABDULLAYEV,
Leyla QURBANOVA
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında