“Formula-1”: “Renault”un yürüşçüləri Bakı Qran-prisini intizarla gözləyirlər

“Renault”un yürüşçüləri - GP2 seriyasının çempionu, “FIA Formula-2” seriyasının vitse-çempionu, britaniyalı Colian Palmer və “Formula-Reno 3.5” çempionatının qalibi, 2014 və 2016-cı illər mövsümlərində Formula-1-in pilotu, danimarkalı Kevin Maqnussen Bakıda keçiriləcək Formula-1 Avropa Qran-prisindən gözləntilərini bölüşüblər.

Colian Palmer: Bakıda həm avtomobilə, həm də yürüşçüyə çətin sınaq olacaq

 

– Colian, Bakı mərhələsinə necə hazırlaşmısınız?

– Bakı trası tamamilə yenidir və simulyatorumuzda yoxdur. Buna görə də oyun əlavəsinin köməyi ilə məşq etmişəm! Mənim “Baku City Circuit” barədə müəyyən təsəvvürüm var. Mühəndislərim artıq hazırlaşıblar. Amma yalnız trasda gəzişəndən və cümə günü bir neçə dövrə vurandan sonra ilk təəssüratlardan danışmaq olar. Hamı eyni vəziyyətdədir.

– Tras barədə nə deyə bilərsiniz?

– Belə görünür ki, maraqlı trasdır. Orada şəhər trası üçün yetərincə sürət götürməyə və ötüb keçməyə imkan verən sahələr var. Çox böyük orta sektor olduqca mürəkkəb görünür. Bu sektor çox ensizdir. Bundan əlavə, orada fərqli yüksəkliklər var. Əslində, şəhər trasında hər hansı səhv qəzaya səbəb olur. Odur ki, diqqətli olmaq lazımdır.

– Belə görünür ki, Azərbaycanda isti olacaq. Kokpitdə (kabinə) bunu hiss edəcəksinizmi?

– Əlbəttə, isti öz rolunu oynaya bilər. Maşında da hiss olunur. İndiyədək isti hava şəraitində yürüşlərimiz olmayıb. Bəhreyn Qran-prisi  axşam saatlarında keçirilmişdi, buna görə də temperatur bir o qədər yüksək deyildi. Şəhər trasında isti olacaq. Xüsusən də kokpitdə. Odur ki, texnikaya da, yürüşçülərə də çətin olacaq. Amma hər halda Kanada havasından sonra ürəyimdən isti iqlim keçir.

– Bakıda Monreal “uik-endinin” hansı müsbət məqamlarından istifadə etmək olar?

– Maşınla işləmək sahəsində inkişafa nail olmuşuq. Bəxt üzümüzə bir balaca çox gülsəydi və finişə çata bilsəydik, lap əla olardı. Şadam ki, inkişafımız davam edir. Əlbəttə, Monrealda trasdan çıxmağım məni məyus etdi, amma yeni mühərrik əvvəlki versiyasından  səmərəli çıxdı və çoxlu vaxt əldə etməyə imkan verir. Komanda var gücü ilə çalışır, biz tədricən maşına öyrəşirik, motor isə mükəmməl işləyir. İndi kiçik problemlərimiz var və onları dəf edəndən sonra  yaxşı formada olacağıq.

 

Kevin Maqnussen: Yenidən mübarizəyə atılmaq lazımdır

 

– Kevin, Bakı Qran-prisindən nə gözləyirsiniz?

– Yaxşı olardı ki, yüksək nəticə nail edək. Kanada Qran-prisi bizim üçün uğursuz oldu. Yenidən mübarizəyə atılmaq lazımdır. Biz inkişaf edirik, hərçənd kənardan bu, bir o qədər də görünmür. Bundan əlavə, yeni trasla tanış olmaq istəyirəm.

– “Baku City Circuit” barədə nə düşünürsünüz?

– Orada uzun düz yol var, buna görə də maraqlı olmalıdır. Şəhər trası üçün yetərincə uzun olan halqa bir neçə maraqlı xüsusiyyətə malikdir. Orada çox dar hissə var. Bu hissə ilə ilk tanışlıq güclü təəssürat doğuracaq. Biz trasın örtüyü və digər özəllikləri barədə hələlik heç nə bilmərik. Hasarlar çox yaxındır. Çalışacağam ki, onlardan uzaq olum.

– Kanada Qran-prisinin yekunlarını necə qiymətləndirirsiniz?

–Çox mürəkkəb yarış oldu. Aydın məsələdir ki, üçüncü məşq zamanı qəza “uik-endimi” korladı. Komandaya təşəkkür etməliyəm. Yürüş üçün ehtiyat şassi hazırlamaqdan ötrü gərgin işləməli oldu.

Bazar günü maşının potensialını üzə çıxara bilmədim. Mən starta “Soft” şinləri ilə çıxmışdım. Əvvəlcə hər şey yaxşı idi, amma “UltraSoft”a keçəndən sonra istədiyim sürətə nail ola bilmədim. Buna görə də yolun ikinci hissəsi çətin oldu.

– Bakı yürüşünə necə hazırlaşırsınız?

– Qran-pri yarışına qədər görüləsi işlərimiz çoxdur. Trasa daxil olub maşın sürməzdən əvvəl böyük hazırlıq işi görülməlidir. Mən münasib sürət seçmək üçün mühəndislərlə sıx ünsiyyət saxlayıram. Baxaq görək necə olacaq.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında