BMT-nin Dünya Turizm Təşkilatının (DTT) fəxri baş katibi Mario Françesko Franjiallini DTT-də baş katib vəzifəsində çalışdığı müddətdə də Azərbaycan Respublikası ilə sıx əməkdaşlıq şəraitində işləmiş və ölkəmizin Dünya Turizm Təşkilatına üzvlüyünə dəstək olmuşdur.
Paris doğumlu F.Franjiallini Fransanın məşhur Ecole Nationaled’Administrationun (Milli İdarəçilik Universiteti) məzunudur. 1986-1989-cu illərdə Fransanın milli turizm idarəsinə başçılıq edib. O, 1990-1996-cı illərdə BMT-nin Ümumdünya Turizm Təşkilatında (ÜTT) baş katibin müavini və 1997-2009-cu illərdə isə həmin təşkilatın baş katibi olub və hazırda bu təşkilatın fəxri baş katibidir. F.Franjiallini ÜTT-nın STEP Fondunun prezidenti, AMFHORT-un (Turizm Sahəsində Təhsil və Təlim Üzrə Dünya Assosiasiyası) məşvərətçi icraçı sədridir. Bundan əlavə, F.Franjiallini Parisdəki Panteon-Sorbon Universitetinin, Fransanın Savoie Mont-Blanc Universitetinin, Honkonq Politexnik Universitetinin fəxri professorudur. Cənab Franjiallini Dünya Bankı, Dünya Ticarət Təşkilatı və BMT-nin ECOSOC təşkilatı kimi beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, iqtisadiyyat, ictimai hüquq və siyasi elmlər, statistik və bazar araşdırmaları sahəsində çoxsaylı tədqiqatların və məqalələrin müəllifidir.
Bu günlərdə 10 yaşlı Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Elmi Şurasının üzvlərinin yekdil qərarı ilə BMT-nin Ümumdünya Turizm Təşkilatının (ÜTT) fəxri baş katibi Mario Françesko Franjialliniyə fəxri doktor adı verilib. ATMU-nun qonağı olan F.Françeskonun Azərbaycana ilk səfəri, ölkənin turizm destinasiyası baxımından keçən dövr ərzində necə inkişaf etməsi ilə bağlı fikirlərini öyrəndik.
—Hörmətli Françesko Franjiallini, siz 15 il əvvəl Bakıda olmusunuz. Ötən illər ərzində Bakı şəhəri turist cəlbediciliyi baxımından necə dəyişmişdir?
—Bakıda 15 il əvvəl daha çox qədim dövrlərin ab-havası hiss olunurdu. Mən İçərişəhərin köhnə eyvanlarını xatırlayıram. Onların hamısı indiyədək qorunub, ya yox, bunu bilmirəm. O vaxtlar Bakı indiki qəbər dinamik şəhər deyildi. Bu gün Bakı öz keçmişinin bir hissəsini qoruyub saxlamaqla yanaşı, həm də beynəlxalq şəhərə çevrilmişdir. Bu isə Bakını biznes və turizm üçün üstün imtiyazlar daşıyan bir məkana çevirir. Şəhər əhəmiyyətli idman və ictimai-mədəni tədbirlərin keçirilməsi üçün öz imkanlarını geniş nümayiş etdirmişdir. Amma qeyd edim ki, turizm Azərbaycanda daha çox Bakıda cəmləşmişdir. Bu sizin ölkənin yüksək mərkəzləşdirilmiş xarakterini əks etdirir. Davamlı turizm prinsipi həm paytaxt, həm də regionlar istiqamətində tətbiq edilməlidir.
—Necə fikirləşirsiniz, Azərbaycanda turizmin davamlı inkişafının təmin olunması üçün daha hansı işlər görülməlidir?
—Birinci halda, daha sadə və orta səviyyəli mehmanxanalar və turist cəlbediciliyi olan məkanlar inkişaf etdirilməlidir. Beynəlxalq səviyyəli otellərə əlavə olaraq, evlərdə qonaqlama və yataq yerinin və səhər yeməyinin təmin olunması inkişaf etdirilməlidir. Dağlarda və kənd yerlərində ekoturizm, idman turizmi və mədəni turizmə prioritet verilməlidir. Azərbaycan iqtisadiyyatında neft sənayesi üstünlük təşkil edir. Bu, ölkənin həm dinamikasını həm də həssas (zəif) tərəfini təşkil edir. Turizm iqtisadiyyat üçün diversifikasiya yanaşmaları və cəmiyyətin sabitliyi üçün bir əsas rolu oynayır. Bir çox yerlərdə turizmin yaratdığı dəyərlərin bütün ölkə ərazisi boyunca yayılması bacarığının şahidi olmuşuq. Bu yolla kiçik şəhərlər və yoxsul uzaq ərazilərdə, o cümlədən, iqtisadiyyatın müvafiq sahələrində yeni fəaliyyət növləri, eləcə də iş yerləri yaratmaq mümkündür.
—Məlumdur ki, 2001-ci ildə Azərbaycan Ümumdünya Turizm Təşkilatına qəbul edilib. Necə düşünürsüz, ötən müddət ərzində bu üzvlük Azərbaycana nə verdi?
—SSRİ-nin süqutundan sonra, demək olar ki, müstəqillik əldə edən bütün ölkələr, o cümlədən Azərbaycan BMÜTT-na qoşulmuşdur, lakin bu ölkələr arasında Azərbaycan təşkilat daxilində ən fəal ölkə kimi özünü doğrultdu. Üzvlük nəticəsində hansı faydaların əldə olunması ilə bağlı sual, zənnimcə, hökumətə ünvanlanmalıdır. Bir halda ki, ölkəniz BMÜTT-nin idarəetmə orqanı olan İcra Şürasına üzvlük üçün müraciət edib və üzv seçilibsə, demək ki, ölkəniz təşkilatın fəaliyyətində yaxından iştirak etməyə maraq göstərir. Sizə bir misal çəkə bilərəm ki, mən baş katib olanda Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayev xizək və qış idman turizm növlərinin inkişafı üçün dəstək göstərməyimi rica etmişdi. İxtisaslı bir fransız ekspertin iştirakı ilə bir qrup ölkənizə ezam olundu. Həmin qrupun müəyyənləşdirdiyi ərazilər indi ölkədəki iki xizək mərkəzindən biridir.
—Azərbaycan Qafqazın bir parçasıdır. Sizcə, digər Qafqaz ölkələri ilə müqayisədə Azərbaycanı inkişaf etmiş turizm ölkəsinə çevirmək üçün hansı təxirəsalınmaz işlər görülməlidir?
—Aralarındakı müxtəlifliklərə baxmayaraq, Cənubi Qafqazın hər üç ölkəsində bir çox cəhətdən eyni təbii və mədəni turizm potensialları mövcuddur. Azərbaycan coğrafi və mədəni irs baxımından Avropa, Asiya və Yaxın Şərqin kəsişməsində yerləşdiyinə görə zəngin turizm məkanıdır. Bu da, ölkədə turizmin regionda yerləşən digər iki ölkə ilə müqayisədə daha çox inkişaf etməsinə əsas verir. Azərbaycanı inkişaf etmiş turizm ölkəsinə çevirmək üçün isə xeyli iş görülməlidir. Birinci atılmalı addım, hətta bu proses qarşılıqlı olaraq həyata keçirilməsə belə, İƏİT (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) ölkələrindən gələn turistlər üçün viza problemlərinin aradan qaldırılmasıdır. Bu turizmin inkişafına yeni impuls və daxil olan vəsaitlərin diversifikasiyasına töhfə verə bilər. Belə bir təşəbbüsün həyata keçirilməsi ilə əsas turizm ölkələrindən biri olan İspaniya dünya turizmində müvəffəqiyyət əldə etməyə başlamışdır.
—Azərbaycana ilk səfəriniz zamanı ümummilli lider Heydər Əliyevlə görüşmüşdünüz. Zaman keçdikcə 15 il əvvəlki o görüşü necə xatırlayırsınız?
—Prezident Heydər Əliyev Azərbaycanda bütün sahələr kimi turizm sahəsinin inkişafına da maraq göstərirdi. Beynəlxalq təşkilatın rəhbərinin Azərbaycana səfər etməsinin bu inkişafa kömək olacağına inanırdı. Mən ölkəyə səfər edən belə təşkilat rəhbərlərinin ilklərindən idim. Cənab Prezidentiniz şəxsən məni çox yaxşı qəbul etdi, hətta öz şəxsi qatarını — qədim Şərq ekspresi kimi lüks qatarı məni Bakıya gətirmək üçün Gürcüstana—Tbilisiyə göndərmişdi. O, mənim yaddaşımda bütün sahələri mükəmməl bilən və ölkəsinin inkişafı üçün lazımi imkanlara əl atan bir dövlət rəhbəri kimi qalıb. Azərbaycanda turizmin bugünkü vəziyyətini hələ o vaxtdan bu işin düzgün istqamət götürməsi ilə bağlamaq doğru olardı.
Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.