Azad RƏHİMOV: “Formula –1” Avropa Qran-pri yarışının Bakıda keçirilməsi Azərbaycana böyük fayda gətirəcək

Dünya ictimaiyyətinin diqqəti bir neçə gündən sonra Azərbaycanın paytaxtına yönələcək. Belə ki, Bakı iyunun 17-dən 19-dək dünyanın  ən möhtəşəm avtomobil yarışı olan “Formula-1” Avropa Qran-prisinə ev sahibliyi edəcək. Azərbaycanın gənclər və idman naziri, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin sədri Azad Rəhimov bu möhtəşəm yarışların təşkili ilə bağlı “Xalq qəzeti”nə müsahibə verib. Həmin müsahibəni oxucularımıza təqdim edirik.

– Bakıda daha bir möhtəşəm yarışın  -”Formula-1” Avropa Qran-prisinin startı ərəfəsindəyik. Bölgəmizdə ilk dəfə keçiriləcək məşhur avtomobil yarışlarının paytaxtımızda təşkili ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı...

– “Formula-1” Avropa Qran-prisinin Azərbaycanda keçirilməsi ölkəmizin dünyada tanıdılmasında və ölkədə yeni idman ənənəsinin formalaşmasında böyük önəmə malikdir. Bununla yanaşı, böyük azarkeş kütləsi olan “Formula-1” yarışı Azərbaycana çox sayda turist cəlb edəcək. Bu da öz növbəsində ölkədə turizmin inkişafı ilə yanaşı, yarışın keçirildiyi ərəfədə hava yolları, mehmanxana, restoran və digər iaşə obyektlərində iqtisadi canlanmaya səbəb olacaq. Bir sözlə, “Formula—1” Avropa Qran-prisi yarışının Bakıda keçirilməsi Azərbaycana böyük fayda gətirəcək və belə bir layihənin reallaşmasında yaxından iştirak etdiyimə görə çox şadam.

– Bakı Şəhər Halqasının yarışa hazır olması üçün görülmüş işlər sizi qane edirmi?

– Bakı Şəhər Halqasında yarış üçün artıq son hazırlıq işləri gedir. Bütün işlər plana əsasən aparılır və mütəxəssislər görülən işləri yüksək qiymətləndirirlər. Beynəlxalq Avtomobil Federasiyasının (FİA) yarış direktoru və təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Çarli Vaytinq son bir ay ərzində Bakıya iki dəfə səfər edib və hər səfərində trekdə görülən işləri yüksək qiymətləndirib, öz razılığını bildirib. Asfalt örtüyündən trek ətrafında quraşdırılmış tribunalaradək yarışla əlaqədar görülən bütün işlər və inşa olunan tikililərin keyfiyyəti şəxsən məni də qane edir. Ümid edirəm ki, biz belə yüksək səviyyədə hazırlığın görüldüyü yarışı yenə ən yüksək səviyyədə keçirməyə nail olacağıq.

– “Formula -1”-in Bakı mərhələsi  digərlərindən  nə ilə fərqlənəcək?

– Bakıda ilk dəfə keçiriləcək “Formula-1” Avropa Qran-prisi mövsümün digər yarışları ilə müqayisədə bir sıra cəhətləri ilə fərqlənəcək. Belə ki, yarışın keçiriləcəyi Bakı Şəhər Halqası bəzi xüsusiyyətlərinə görə digər “Formula-1” treklərindən seçilir. İlk növbədə, Bakı Şəhər Halqası şəhər trekidir və şəhər trekləri arasında müqayisədə burada maksimal sürətin  340 km/saat – qeydə alınacağı gözlənilir. Trek şəhərin müasirliyi ilə tarixiliyini özündə birləşdirir. Trekin Qoşa qala divarlarının yanından keçən hissəsi ensizliyinə görə bütün “Formula-1” treklərindən seçilir. Neftçilər prospektində olan ikitərəfli hərəkət hissəsi də başqa heç bir trekdə bu uzunluqda yoxdur. Bununla yanaşı, treklə Xəzər sahili arasındakı bulvar hissəsində “Formula-1” şəhərciyi olacaq və burada ən yüksək səviyyədə əyləncə tədbirləri keçiriləcək. Bir sözlə, yarışla əyləncə bir arada olacaq, Bakıda bayram ab-havası yaşanacaq. Məhz bu xüsusiyyətinə görə də Avropa Qran-prisi mövsümün digər “Formula-1” yarışlarından fərqlənir.

–  Oyunlarda qazanılacaq təcrübə, yaradılmış infrastruktur yaxın perspektiv üçün nələr vəd edir?

– Bildiyiniz kimi, ötən il Bakıda birinci Avropa Oyunları keçirildi və həm də bu oyunlar ən yüksək səviyyədə baş tutdu. Bunun üçün biz bir sıra yeni idman obyektləri inşa etdik, köhnələrini yenilədik və digər zəruri infrastrukturu yaxşılaşdırdıq. Bununla yanaşı, irimiqyaslı idman tədbirlərini təşkil edə biləcək yerli mütəxəssislər yetişdirdik, əksəriyyəti gənclərdən, universitet tələbələrindən ibarət könüllülər ordusu meydana gətirdik. İndi bütün bu istiqamətlərdə mövcud ənənəni daha yüksək səviyyədə davam etdirməyə çalışırıq. Həm lazımi infrastrukturun qurulması, həm də yerli kadrların hazırlanması baxımından onu deyə bilərəm ki, artıq Azərbaycan dünya miqyaslı istənilən tədbiri keçirməyə hazırdır və bunu ən yüksək səviyyədə reallaşdırmağa qadirdir.

– “Formula-1” yarışı Bakının mərkəzi küçələrində keçirildyi üçün şəhər sakinləri bir sıra çətinliklərlə üzləşə  bilərlər. Bu sahədə problemlərin yaranmaması üçün hansı işlər görülür?

– Bakı Şəhər Halqası Əməliyyat Şirkəti yarışa lazımi hazırlığın görülməsində bütün əlaqədar dövlət qurumları ilə birgə işləyir, o cümlədən nəqliyyatla da bağlı birgə plan ilin əvvəlində işlənib hazırlanıb. Bu plan yarışa hazırlıq işlərinin görülməsindən yarışın keçirilməsinədək bütün dövrü əhatə edir. Əsas məqsəd odur ki, görülən hazırlıq işləri şəhər sakinlərinin və nəqliyyatın hərəkətində fasiləyə səbəb olmasın. Burada fürsətdən istifadə edərək şəhər sakinlərinə göstərdikləri dəstəyə və anlayışa görə öz təşəkkürümü bildirmək istəyirəm. Bu yarış ölkəmizin tamamilə xeyrinədir və gələcəkdə hamı bunun bəhrəsindən faydalana biləcək. 

–  Geniş auditoriyaya malik “Formula-1” yarışları zamanı şəhərimizə güclü turist axınının olacağı təbiidir.  Ölkəmizə gələn turistləri hansı yeniliklər gözləyir?

– “Formula-1” yarışları 187 ölkədə canlı yayımlanır və bu yarışları izləyənlərin ümumi sayı 500 milyondan çoxdur. Böyük azarkeş kütləsinə sahib bu yarışın Azərbaycana çox sayda tursit gətirəcəyi şübhəsizdir. Ölkəyə gələn turistlər Bakıda onlar üçün yüksək səviyyədə təşkil olunmuş yarışda və əyləncə tədbirlərində iştirak edə biləcəklər. Bununla yanaşı, Mədəniyyət və Turizm Nazirliyinin yarış ərəfəsində sırf turistlər üçün hazırladığı bir sıra tədbirlər var. Bu müddət ərzində bütün mədəniyyət obyektləri intensiv fəaliyyət göstərəcək və Bakıya gələcək turistlərin xidmətində olacaq. Biz yarışa və yarışı izləməyə gələnlər üçün ən yüksək şəraiti hazırlamağa çalışırıq, xidmətlərimizi daha da genişləndirməyə səy göstəririk. Ümid edirəm ki, turistlər bu səfər həmişəkindən daha böyük razılıqla ölkələrinə qayıdacaqlar.

– İrimiqyaslı yarışlar zamanı təhlükəsizlik məsələləri xüsusi əhəmiyyət kəsb edir. Bununla bağlı hansı tədbirlər nəzərdə tutulub?

– Azərbaycanda indiyədək keçirilmiş bütün irimiqyaslı tədbirlərdə müvafiq xidmətlərin əməkdaşları yüksək səviyyədə çalışaraq yarışların tam təhlükəsiz şəraitdə keçməsini təmin ediblər. Təhlükəsizlik xidmətləri yenə intensiv fəaliyyət göstərirlər. İnanırıq ki, bu yarış, da əvvəlkilər kimi, tam təhlükəsiz şəraitdə baş tutacaq.

Yarışın yüksək səviyyədə və təhlükəsiz şəraitdə keçməsini təmin etmək məqsədilə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Təhlükəsizlik Departamenti hüquq-mühafizə orqanları ilə – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti,  Dövlət Təhlükəsizliyi Xidməti, eləcə də Fövqəladə Hallar Nazirliyinin rəsmi nümayəndələri ilə təhlükəsizlik tədbirlərinin planını işləyib hazırlamışdır.

Yarış zamanı təhlükəsizlik tədbirləri beynəlxalq tədbirlərə xas olan təcrübəyə əsaslanaraq təşkil edilmişdir.

– Avropa Oyunlarının könüllülük proqramı gənclərimizin bu sahədə güclü potensialını üzə çıxardı. Bu proqram, həm də onların “Bakı-2015”-ə qoşulması və beynəlxalq arenada ölkəmizi dəstəkləməsi üçün geniş imkanlar yaratdı. “Formula-1” yarışında gənclərimizdən hansı nəticələr gözləyirsiniz?

– “Bakı-2015” Avropa Oyunları ilə birlikdə Azərbaycanda könüllülük ənənəsinin əsası qoyuldu və bu ənənə “Formula-1” yarışında da ən yüksək səviyyədə davam etdiriləcək. Ölkədə gənclər arasında könüllü fəaliyyətə rəğbət böyükdür. Belə ki, 5 minlik könüllülük proqramına 15 minə yaxın müraciət olmuşdu. Yenə könüllülük prinsipi ilə fəaliyyət göstərən min nəfərlik marşal proqramına da 5 minə yaxın müraciət qeydə alınmışdı. Burada marşallıq fəaliyyətini xüsusi ilə qeyd etmək istəyirəm. Bu fəaliyyət sadəcə ”Formula-1” yarışlarına məxsusdur. Onlara yarışın rəsmiləri də deyilir. Avropa Qran-prisində iştirak edən bütün marşallara FİA-nın marşallıq lisenziyası veriləcək. Bu lisenziya vasitəsilə istənilən “Formula-1” yarışında, Azərbaycanda və ya yarışın keçirildiyi başqa ölkədə, marşal kimi fəaliyyət göstərmək mümkün olacaq. Bu, “Formula-1” yarışının yerli insan resurslarına verdiyi əsas töhfələrdən biridir.

– Avtomobil idmanına dünyada olduğu kimi,  Azərbaycanda da maraq böyükdür. Belə bir mötəbər yarışın ölkəmizdə təşkili bu növün inkişafına öz töhfələrini verə bilərmi?  Gələcəkdə təmsilçilərimizin də bu yarışlarda iştirakına ümid etmək olarmı?

– Bakıda “Formula-1” yarışının keçirilməsinin ölkədə avto-idman fəaliyyətinə böyük rəğbət yaradacağına inanıram. Hazırda “Formula-3” yarışlarında mübarizə aparan 19 yaşlı idmançımız var: Gülhüseyn Abdullayev. O, həm də Avropa Qran-prisinin rəsmi elçisidir. Hesab edirəm ki, yaxın gələcəkdə dünyanın aparıcı sürət idmanı yarışlarında azərbaycanlı pilotları daha çox görə biləcəyik. Avropa Qran-prisi ölkədə avto-idman ənənəsinin daha da güclənməsinə xidmət edəcək və yeniyetmələrdə bu sahəyə böyük həvəs oyadacaq.

– Cənab nazir, Bakıda birinci Avropa Oyunlarının açılış mərasimi çox gözəl və yüksək səviyyədə  təşkil olunmuşdu. Bu gözəl mərasimi dünya ictimaiyyəti böyük heyranlıq və maraqla izlədi. Artıq vətəndaşlarımız, eləcə də xarici qonaqlar  “Formula-1”-in açılış mərasimində möhtəşəm bir tədbirin tamaşasını səbirsizliklə gözləyirlər...

– Bu il “Formula-1” yarışı 21 ölkədə keçiriləcək. 2016-cı il ən çox qran-pri yarışının keçirildiyi il kimi tarixə düşəcək. Bu baxımdan onu bildirmək istərdim ki, “Formula-1”-də ilk Avropa Oyunlarında olduğu kimi, möhtəşəm açılış və ya bağlanış mərasimi olmayacaq. Ancaq yarışdan əvvəl milli mədəniyyətimizi əks etdirən 30 dəqiqəlik bir musiqili təqdimata yer veriləcək və sonunda təntənəli bir podium mərasimi təşkil olunacaq.

Belə yüksək səviyyəli mərasimlər “Formula-1” yarışları üçün xarakterik deyil. Ancaq biz yarışı izləməyə gələn turistlərin və yerli sakinlərin yarış günlərini yüksək səviyyədə keçirmələri üçün müxtəlif növ əyləncə proqramları hazırlamışıq. Yarış həftəsonu ərzində hər gün dünyanın ən məşhur ulduzlarından biri səhnəyə çıxacaq və ən çox sevilən mahnılarını canlı ifa edəcək. Yenə Dənizkənarı bulvarda yerləşən “Formula-1” şəhərciyində hər yaşdan olan insanlar üçün müxtəlif növ əyləncə tədbirləri olacaq. Bir sözlə, yarış və əyləncə bir arada olacaq və  izləməyə gələn hər kəs burada böyük festival ab-havası yaşaya biləcək.

Müsahibəni apardı:
Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında