Xəbər verdiyimiz kimi, mayın 31-də Astana şəhərində Qazaxıstan parlamenti Senatının sədri Kasım-Jomart Tokayevin təşəbbüsü ilə “Dinlər terrorizmə qarşı” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransda Azərbaycanı təmsil edən Milli Məclis sədrinin müavini Bahar Muradova tədbirdə müzakirə olunan aktual məsələlərlə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.
- Bahar xanım, “Dinlər terrorizmə qarşı” mövzusunda beynəlxalq konfransda müzakirə edilən məsələlər, ümumiyyətlə, bu tədbirin əhəmiyyəti barədə fikirlərinizi bilmək istərdik.
– Əvvəla qeyd edim ki, bu konfrans, adından da göründüyü kimi, çox aktual mövzuya həsr olunmuşdu. Tədbirə 40 ölkədən 60 nümayəndə heyəti dəvət edilmişdi. Konfransda beynəlxalq təşkilatların, dini qurumların, dini konfessiyaların təmsilçiləri, parlamentarilər, alimlər, ictimai-siyasi xadimlər iştirak edirdilər. Göründüyü kimi, iştirakçıların tərkibi çox zəngin idi. Dünya miqyasında tanınmış insanlar konfransın iştirakçıları arasında idilər. Əlbəttə ki, Azərbaycan da konfransa dəvət olunmuşdu. Tədbirin mövzusunun nə qədər aktual olduğunu, zamanla ayaqlaşdığını, Qazaxıstanın dünyada gedən proseslərdə məhz bu aspektə diqqət yetirməsini, bu ölkədə müxtəlif xalqların və dinlərin nümayəndələrinin ahəngdar şəkildə, bir-biri ilə dostluq, anlaşma şəraitində yaşamasını nəzərə alarkən belə bir təşəbbüsün çox yerinə düşdüyünü qeyd etmək lazımdır.
Konfransı əvvəldən axıradək Qazaxıstan parlamenti Senatının sədri Kasım-Jomart Tokayev apardı və bütün ölkələrin nümayəndələrinin mövzu ilə bağlı çıxışları oldu. Xatırlatmaq istərdim ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin “Sülh manifesti” adlanan XXI əsr müraciəti olub. Nüvə silahından imtina edən ölkələr sırasında yer alan Qazaxıstan bu müraciətlə bütün dünyanı bu təşəbbüsə qoşulmağa çağırır. Bu il martın 31-də Qazaxıstan Prezidentinin Nyu-Yorkdakı çıxışında da bütün dünya ölkələrinə, xalqlarına, beynəlxalq təşkilatlara müraciəti olub və Nursultan Nazarbayev hazırda həm nüvə silahı ilə bağlı yaranmış vəziyyəti, həm də dinlər, sivilizasiyalar, mədəniyyətlər arasında toqquşmaları nəzərə alaraq BMT-nin devizi altında terrora qarşı bir koalisiyanın yaradılması təşəbbüsü ilə çıxış edib. Bu konfrans da məhz həmin iki təşəbbüsün reallaşmasına xidmət göstərmək və Qazaxıstanın bu istiqamətdəki fəaliyyətini davamlı şəkildə aparmağa həsr olunmuşdu. Nəzərə alsaq ki, burada iştirak edən nümayəndə heyətləri, eyni zamanda ayrı-ayrı beynəlxalq təşkilatların nümayəndələri idi, bu mövzunun həm də beynəlxalq təşkilatlar müstəvisinə, ayrı-ayrı ölkələrin parlamentlərinə və ictimai-siyasi gündəminə daşınması baxımından da konfransın çox böyük əhəmiyyəti vardı. Vurğulanan əsas məqam ondan ibarət idi ki, terrorizm bu gün özünü təqdim etmək, insanlığa, bəşəriyyətə, hazırkı dünya nizamına qarşı törətdiyi hərəkətlərə haqq qazandırmaq üçün dini şüarlardan istifadə edir. Terrorun heç bir dində özünə yer tapmadığını və bütün dinlərin ona qarşı çıxdığını nəzərə alsaq, elə dinlərin özünün içərisində dini şüarlarla yaradılan cərəyanlarla mübarizə işini təşkil etmək baxımından da konfrans çox böyük əhəmiyyət daşıyırdı.
Həm dövlət və hökumət başçıları, həm parlamentarilər, ümumiyyətlə, hər kəs öz imkanları daxilində terrorizmə qarşı mübarizə aparır və bu istiqamətdə müəyyən beynəlxalq qurumlar, alyanslar, birliklər yaranır. Amma dindarların bu mübarizəyə qoşulması, terrorun və terrora cəhdin dinlə, dini təbliğatla, dini maarifləndirmə ilə heç bir əlaqəsi olmadığını sübuta yetirməsi çox böyük əhəmiyyət kəsb edir. Hesab edirəm ki, konfransın keçirilməsi bu bir neçə aspektdən zamanında verilmiş qərarın nəticəsi idi. Azərbaycan da bu məsələlərə münasibətdə Qazaxıstanla eyni mövqe tutur. Biz hər zaman terrora qarşı olmuşuq. Ona görə ki, terrordan əziyyət çəkən ölkələr arasında biz də varıq. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra keçən 25 il ərzində ölkəmizdə 30-dək terror aktı törədilib, 2 mindən çox vətəndaşımız həlak olub, nə qədər insanın sağlamlığına zərər dəyib, maddi-mədəniyyət abidələrimiz yer üzündən silinib. Bir sözlə, bu, bizə çox yaxın bir məsələdir. Azərbaycan həm də terrorizmə qarşı mübarizədə beynəlxalq alyansın çox fəal üzvüdür. Bu baxımdan Azərbaycan nümayəndə heyətinin bu konfransda iştirakı, həmin məsələ ilə bağlı çıxışı, ölkəmizin mövqeyini ifadə etməsi çox vacib idi. Mən də çıxışımda bu dialoq mühitindən istifadə edərək beynəlxalq səylərin birləşdirilməsi təşəbbüsünü dəstəklədiyimizi vurğuladım və Prezident Nursultan Nazarbayevin təşəbbüsünə qoşulmağın zəruriliyini qeyd etdim. Çıxış maraqla qarşılandı.
– Konfransda maraqlı təkliflər irəli sürmüsünüz. Xahiş edirik, bu barədə də bir qədər məlumat verəsiniz.
– Ümumiyyətlə, bütün çıxışlar dinlənildikdən sonra yekunda hər kəsin fikrini əhatə edən yeni təkliflər daxil olurdu və redaksiya heyəti son anadək bəyanat layihəsinin üzərində işlədi. Bütün fikirləri, səslənən təklifləri özündə əks etdirən bir bəyanat layihəsi qəbul olundu. Mənim də çıxışımda vurğuladığım iki təklif bu bəyanat layihəsinin 9-cu və 19-cu bəndlərində əksini tapdı. Qeyd edim ki, bunlar çox ciddi təkliflərdir. Doğrudur, biz terrora qarşı mübarizədə bir qədər əvvəl dediyim kimi, dövlət xadimlərinin, siyasətçilərin, din xadimlərinin səylərinin birləşdirilməsini çox vacib hesab edirik. Amma terror da birdən-birə, özbaşına yaranmır. Terrorun yaranmasının, terrorizmin genişlənməsinin, “çiçəklənməsi”nin, bugünkü vəziyyətə gəlib çatmasının əsas səbəbləri ilk növbədə ayrı-ayrı cəmiyyətlərdə, ayrı-ayrı mühitlərdə onun üçün yaranmış münbit şəraitdir. Bu da sirr deyil ki, bəzi beynəlxalq dairələr, fövqəldövlətlər bu və ya digər regional iqtisadi və siyasi maraqlarını reallaşdırmaq üçün ayrı-ayrı ölkələrin dövlət və konstitusion əsaslarını sarsıtmağa yönəlmiş fəaliyyətlərə rəvac verirlər. Bu ölkələrdə vətəndaşları, dindarları qətlə yetirməyi, qan tökməyi, insana silah qaldırmağı özü üçün şərəf bilən və bununla da manyakal hisslərini ödəyən şəxsləri bir araya gətirərək terror təşkilatları yaradırlar. Həmin terror təşkilatları müəyyən məqsədlər üçün istifadə edilir, maliyyələşdirilir, silahla təmin olunur. Sonda da bu terror təşkilatları nəzərdə tutulan regional çərçivədən və yaxud hansısa bir ölkənin çərçivəsindən uzaqlaşaraq, dünya miqyasına çıxır və artıq başqa ölkələri, qitələri təhdid edir ki, bu gün biz məhz belə bir vəziyyətlə üz-üzəyik. Ona görə də təklifimizdən biri məqsədli olaraq məhz buna yönəldi ki, biz, bütövlükdə konfrans iştirakçıları bu kimi cəhdlərə, ayrı-ayrı terror qruplarının yaranmasına, maliyyələşdirilməsinə, silahlandırılmasına və onların müxtəlif maraqlar üçün istifadə edilməsinə qətiyyətlə qarşı çıxırıq.
İkinci təklifim isə diqqəti ayrı-ayrı ölkələrdə və cəmiyyətlərdə terrora rəvac verə bilən səbəblərə yönəltdi. Əlbəttə ki, terrorizmə ayrı-ayrı ailələrə, xüsusilə qadınlara, gənclərə, uşaqlara olan münasibət, zərərli adət-ənənələr, zərərli təbliğatlar rəvac verir. Terrorun obyekti, ondan əziyyət çəkənlər əsasən qadınlar, uşaqlar, ailələr, gənclər olurlar. Onlar ya terror qruplarına cəlb edilməklə zərər çəkir, yaxud da terrorla mübarizədə həlak olurlar. Ona görə biz bu məsələyə xüsusi diqqət yetirməyi və bu sahədə maarifləndirməni genişləndirməyi, ailə tərbiyəsinə, xüsusilə gənc nəslin formalaşdırılması zamanı onların təkcə dini qanunlarla deyil, mənəvi meyarlara əsaslanaraq dünyəvi qanunlar və dəyərlərlə tərbiyələndirilməsinə diqqət yetirməyi vacib hesab edirik. Bu, Azərbaycan dövlətinin yeritdiyi siyasətin mahiyyətindən doğan bir yanaşmadır. Mən belə bir təklifin də bəyanat layihəsinə daxil olması təşəbbüsü ilə çıxış etdim və hər iki təklif layihədə əksini tapdı. Qərara alındı ki, bəyanat həm BMT-yə, həm də onun müvafiq qurumlarına göndərilsin.
Hesab edirəm ki, Qazaxıstan tərəfi bu konfransı yüksək səviyyədə keçirmək üçün lazım olan hər şeyi etmişdi. Nəzərə almaq lazımdır ki, Qazaxıstanda da çoxsaylı dinlərin və etnik qrupların nümayəndələri yaşayır. Bu ölkədə iki rəsmi dilin (rus və qazax dilləri) olması göstərir ki, Qazaxıstan dövləti, onun hazırkı rəhbərliyi bu məsələlərə necə həssas yanaşır. Multikultural dəyərlər, tolerantlıq, çoxkonfessiyalılıq, çoxmədəniyyətlilik Azərbaycanda olduğu kimi, Qazaxıstan cəmiyyətinin də təbiətidir, həyat tərzidir. Ona görə də biz orada olarkən, insanlarla görüşərkən, siyasətçilərlə fikir mübadiləsi apararkən bu məsələlərə yanaşmada mövqelərimizin nə dərəcədə üst-üstə düşdüyünün şahidi olduq. Prezident Nursultan Nazarbayevin də konfrans iştirakçılarına xüsusi müraciəti var idi. Dövlət başçısı öz müraciətində konfrans iştirakçılarını həm bu tədbirdə, həm də bundan sonrakı fəaliyyətdə bütün bu məsələlərə ciddi diqqət yetirməyə çağırdı. Biz də Nursultan Nazarbayevin bu təşəbbüsünə qoşulmağa razı olduğumuzu, onunla həmfikir olduğumuzu bildirdik.
Onu da xüsusi vurğulamalıyam ki, konfrans zamanı mən Azərbaycana olan xüsusi münasibəti gördüm. Həm bu tədbirə dəvət olunarkən və qarşılanarkən, həm də konfransın gedişində və konfransdan sonra Qazaxıstan parlamenti Senatı sədrinin Prezident İlham Əliyev və Azərbaycan parlamenti haqqında söylədiyi səmimi fikirlər məndə çox böyük təəssürat yaratdı. Azərbaycan nümayəndəsi olaraq, özümü dost, qardaş ölkədə hiss edirdim.
Qazaxıstan son illərdə çox inkişaf edib. Bu ölkənin əldə etdiyi uğurlar bizi çox sevindirir. Qazaxıstanın beynəlxalq miqyasda, həm də ikitərəfli əsasda Azərbaycana verdiyi dəstəyi xüsusi vurğulamaq istəyirəm. Bütün məqamlarda Türkiyə ilə yanaşı, Qazaxıstan da Azərbaycanla bir yerdə olduğunu bildirir. Bizim də onlara münasibətimiz eynidir.
“XXI əsr türk əsridir” deyənlər yanılmayıblar. Türk respublikaları doğrudan da çox sürətlə inkişaf edirlər. Əlbəttə ki, Orta Asiyada Qazaxıstan kimi güclü bir dövlətin olması bu regionu əhatə edən ölkələr, eləcə də türk dünyası üçün çox vacibdir.
Hesab edirəm ki, bu səfər çox uğurlu oldu. Konfransdan aldığım təəssüratlar uzun müddət yaddaşımda qalacaq. Səfər zamanı Qazaxıstan-Azərbaycan münasibətlərinin bu günün tələbləri, beynəlxalq miqyasda cərəyan edən ictimai-siyasi proseslər zəminində vacib məqamlarda bir-birini dəstəkləyən münasibətlər olduğunu bir daha gördüm. Mən ünsiyyətdə olduğum Qazaxıstan vətəndaşlarının səmimi salamlarını, Azərbaycana olan dost münasibətini bütün oxuculara, tamaşaçılara çatdırıram. Onlar bunu məndən xahiş etmişdilər. Mən də onların xahişini məmnuniyyətlə yerinə yetirirəm.
- Müsahibəyə görə sağ olun.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.