Eksklüziv müsahibə Ercan Yerdelenli (ABŞ): Azərbaycan inkişaf və tərəqqi yolundadır

Ercan Yerdelenli ilə Dünya Azərbaycanlılarının IV Qurultayında tanış oldum. Uzun illərdir ki, Birləşmiş Ştatlarda yaşayır. Politoloqdur. Beş il əvvəl Nyu-York Azərbaycanlılları Assosiasiyasını yaradıb. Ercan bəy qurultayla bağlı təəssüratları barədə qəzetimizə həvəslə müsahibə verdi.

– Ercan bəy, əvvəlcə, lütfən, özünüz, ailəniz barədə qısa da olsa, məlumat verərdiniz.

– Mən Türkiyənin Qars vilayətindənəm. Əslən azərbaycanlıyam. Ana tərəfim Borçalıdandır. Ata nəslimiz İrəvan azərbaycanlılarındandır. 30 ildən çoxdur ki, ABŞ-dayam. Həyat yoldaşım Sunay xanımla üç övlad böyütmüşük. Nəvələrimiz var.

– Övladlarınız, nəvələriniz sizin kimi dilimizdə belə səlis danışa bilirlər?

– Başqa cür olurmu?! Mən də, həyat yoldaşım da, övladlarım da Azərbaycan, Bakı sevdalıyıq. Biz hər zaman Vətənlə nəfəs alırıq. Azərbaycan bizim ürəyimizdədir, biz onun uğurlarına sevinir, ağır, çətin günündə yanında olmağı özümüzə borc bilirik. İndi Allaha çox şükür ki, Azərbaycan böyük inkişaf və tərəqqi yolundadır. Bu günlərdə Bakıda özümü olduqca xoşbəxt hiss edirəm.

– Qurultay barədə təəssüratlarınızı bilmək maraqlı olardı...

– Qurultay çox yüksək səviyyədə keçdi. Çox aktual mövzularda panel iclasları oldu. Əslində müzakirələrin canlı, dinamik və işgüzar keçməsinə Azərbaycan Prezidenti cənab İlham Əliyevin qurultayın açılışındakı parlaq nitqi güclü stimul verdi. İnanıram ki, bu qurultay diapor quruculuğu prosesinə yeni təkan verəcək.

– Siz Nyu-Yorkda Azərbaycan diasporunun fəallarından birisiniz. Gördüyünüz işlər barədə söhbət açmağınızı istərdim.

– 1980-ci illərə qədər Nyu-Yorkda azərbaycanlılar az idilər. İndi sıralarımız xeyli sıxlaşıb. Siyasi fəallığımız da yüksəlib. Mən ixtisasca politoloqam. ABŞ-ın ictimai-siyasi dairələri ilə əlaqələr yaratmağa çalışıram. Müəyyən uğurlarımız da var. Ən çox da media ilə əlaqələrimizi genişləndirməyə cəhd edirik. Axı, müasir dönəmdə KİV-in qlobal proseslərə təsir imkanları kəskin artıb. Yeri gəlmişkən, cənab İlham Əliyev haqlı olaraq nitqində soydalarımıza yaşadıqları ölkələrdə mətbuatla əlaqələri gücləndirməyi tövsiyə etdi.

– Qurultayda dəfələrlə Azərbaycanın xaricdəki diaspor təşkilatları arasında birliyin gücləndirilməsinin zəruri olduğu ideyası vurğulandı. Siz bu barədə nə düşünürsünüz?

– Amerika qitəsində hazırda Cənubi Azərbaycandan olan bir milyondan çox soylaşımız məskunlaşıb. Təsəvvür edin ki, biz Amerikada həm quzey, həm güney azərbaycanlılarının, eləcə də türkiyəli qardaş-bacılarımızın səylərini bir araya gətirə bilsək, nə qədər böyük qüvvəyə sahib ola bilərik. Sevindirici haldır ki, hazırda bu istiqamətdə müsbət tendensiya baş verir.

– Okeanın o tayında sizin yolunuzu doğmalarınız, dostlarınız gözləyirlər. Bakı, qurultayla bağlı düşüncələrinizi, yəqin ki, onlarla bölüşəcəksiniz...

– Mən Bakıya ikinci dəfədir ki, gəlirəm. Üç il əvvəl burada olmuşam. O zamankı səfərim də uğurlu olub. Amma budəfəki gəlişim həyatımda xüsusi bir iz buraxdı. Vətənimlə özüm arasında heç vaxt qırılmayacaq bir mənəvi bağlılıq hiss etdim. Bir mahnıda deyilir ki, Vətəni sevmək azdır, onu qorumaq lazımdır. Mənə elə gəlir ki, Vətəni sevmək, qorumaq qədər, onu bütün dünyaya tanıtdırmaq, sevdirmək lazımdır. Bu missiya, ilk növbədə, bizim, diaspor təşkilatlarının üzərinə düşür.

– Ercan bəy, Bakıya bir də nə vaxt gələcəksiniz?

– Biz Bakını fiziki olaraq tərk edirik. Vətən hər zaman bizimlədir. Bunu qürbətdə yaşayan insanlar yaxşı bilirlər. Mənim çox sevdiyim bir fikir burada bu günlərdə tez-tez səslənirdi: Azərbaycan türk dünyasının tacıdırsa, Bakı bu tacın bərq vuran üzüyüdür. Özündə tariximizi və gələcəyimizi təcəssüm etdirən gözəl, sevimli Bakıya təkrar-təkrar gəlmək, Vətənin adını uca tutmaq hər birimizin övladlıq borcudur.

Müsahibəni apardı:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında