Xəbər verildiyi kimi, mayın 16-da Vyanada ABŞ-ın dövlət katibi Con Kerri, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir, ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşikin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilmişdir.
Əvvəlki görüşlərlə müqayisədə Vyanada Ermənistan prezidenti Serj Sarkisyan münaqişənin danışıqlar yolu ilə nizamlanmasının tərəfdarı olduğunu bildirmişdir. Bəs əvvəllər keçirilən 19 görüşdə Ermənistan prezidenti niyə müxtəlif vasitələrlə danışıqlar masasından qaçır, sülh variantından yayınırdı? Necə oldu ki, 20-ci dəfə keçirilən görüşdə Serj Sarkisyan birdən-birə fikrini dəyişdi və münaqişənin sülh yolu ilə həllinə tərəf olduğunu bildirdi? Bəlkə bu il aprelin əvvəlindəki “dördgünlük müharibə”nin ermənilər üçün acı nəticələri Ermənistan prezidentini belə yumşaltdı? Yoxsa, Serj Sarkisyan Azərbaycan Ordusunun gücü qarşısında tab gətirə bilməyəcəyini indi dərk etdi?
Bu və ya digər suallarla Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirova müraciət etdik. O dedi:
—Vyana görüşü Azərbaycan üçün bir neçə istiqamət üzrə pozitivdir. Birincisi ona görə ki, aprel döyüşlərindən sonra yaranmış yeni şəraitdə Azərbaycan diktə edən tərəfdir. Yəni, Azərbaycan danışıqlara getməyə hazır olduğunu bəyan etdi və danışıqlara getdi. Ermənistan prezidenti isə danışıqlardan imtina etdi, lakin danışıqlara məcbur edildi və danışıqlara göndərildi.
İkinci reallıq ondan ibarətdir ki, danışıqların keçirildiyi gün, mayın 16-da, danışıqlardan bir neçə saat öncə Ermənistan parlamenti qondarma Dağlıq Qarabağ respublikasının tanınmasından imtina edən bir mövqe irəli sürdü. Bu da bir daha təsdiqləyir ki, Ermənistan tərəfi təzyiq altındadır və o, danışıqlara getməyə məcburdur.
Üçüncü, Ermənistan prezidenti Vyanadan qayıdarkən təyyarədə verdiyi müsahibə zamanı qeyd etdi ki, onun ölkəsinin silahlı qüvvələri öz vəzifəsini yerinə yetirib. Ardınca isə Serj Sarkisyan bildirdi ki, Azərbaycan 800 hektar ərazini geri alıb. Yəni, faktiki olaraq, belə çıxır ki, Sarkisyanın əsgərləri həmin 800 hektarı geri qaytarmaq vəzifəsini yerinə yetirib. Bu da məğlub davranışın bir nəticəsidir.
Dördüncü məqama aydınlıq gətirən E.Nəsirov bildirdi ki, tərəflərin danışıqların gedişi zamanı atəşkəsə əməl etməklə bağlı razılaşmalarının mənası fərqlidir. Yəni, aprel döyüşlərinə qədər atəşkəsə əməl etmək bir məna daşıyıb və bu, daha çox status-kvo vəziyyətinin dondurulmasına xidmət edib. Aprel döyüşlərindən sonra isə artıq bu mənanı daşımır. Artıq o, iyun ayında prezidentlər səviyyəsində növbəti görüşün keçirilməsi üçün bir münbit şəraitin, sakitliyin və sabitliyin təmin edilməsi mənası daşıyır. Yəni, bunlar tamamilə fərqli məsələlərdir: “Ona görə də mənim fikrim bundan ibarətdir ki, Vyana danışıqları, əslində, yeni şəraitdə Azərbaycanın üstün mövqeyinin ifadəsidir. İyun ayına qədərki dövrü isə biz pauza deyil, strateji pauza adlandırsaq, daha düzgün olar. Ermənistan dövləti ötən il cəmi bir dəfə, o da ilin sonunda danışıqlara getmişdisə, indi artıq ardıcıl şəkildə danışıqlara getmək məcburiyyətindədir”.
Vyana danışıqlarından sonra Sarkisyan qeyd etdi ki, növbəti danışıqlarla bağlı heç bir razılaşma yoxdur. Ancaq belə cəhdlər var ki, danışıqlar olsa, yaxşı olar. Ancaq Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə dedi ki, iyun ayında danışıqların yeri və zamanı müəyyən ediləcək. Bax, buradan da məlum olur ki, Ermənistan prezidenti artıq öz xalqını aldadır. Əslində, reallıq başqadır. Yəni Sergey Lavrov həqiqəti daha düzgün qeyd edib, nəinki Serj Sarkisyan. Bütün bunlar bir daha təsdiq edir ki, prinsip etibarilə Vyana danışıqlarına müsbət hal kimi yanaşmaq olar.
E.Nəsirov qeyd etdi ki, Ermənistan prezidenti Vyana danışıqlarına getməzdən əvvəl yenə də müxtəlif bəhanələrə əl atmışdı. Bunlardan biri qoşunların təmas xəttinin 1994-cü ilin mayında imzalanmış atəşkəs zamanı müəyyən edilən həddə çəkilməsinə cəhd idi: “Qarşı tərəf istəyirdi ki, 1994-95-ci il sərhədləri reallığı kontekstində danışıqlara başlasınlar. Bu alınmadı. Eyni zamanda, beynəlxalq birlik Azərbaycanın mövqeyini dəstəkləyir və bu mövqe də ondan ibarətdir ki, işğal altındakı torpaqlar geri qaytarılmalıdır. Amma Ermənistan buna getmirdi. Bu baxımdan, Azərbaycanın öz gücü hesabına 8 yüksəkliyi alması və hərbi üstünlük əldə etməsi taktikasını beynəlxalq birlik prinsip etibarilə qəbul edib. Yəni, bunu dəstəkləyib. Çünki onsuz da Ermənistana deyilirdi ki, güzəştə get, amma o, getmək istəmirdi. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, Vyana danışıqları, əslində, yeni şəraitdə Azərbaycanın üstün mövqeyinin ifadəsidir”.
Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.