Polşa ilə Azərbaycan arasında siyasi dialoq yüksək səviyyədədir, iqtisadi əməkdaşlıq üçün isə potensial tükənməzdir

Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfiri Həsən Həsənov AzərTAc-ın xüsusi müxbirinə müsahibə vermişdir.
- Cənab səfir, Azərbaycan ilə Polşa arasında münasibətlərin hazırkı vəziyyəti barədə nə deyə bilərsiniz? - Azərbaycan ilə Polşa arasında ötən illər ərzində çox yaxşı dostluq münasibətləri formalaşmışdır. Hazırda iki ölkə arasında siyasi dialoq yüksək səviyyədədir. Bu baxımdan, dövlətimizin başçısı Prezident İlham Əliyevin və Polşanın sabiq Prezidenti Lex Kaçınskinin qarşılıqlı səfərləri, habelə Krakov, Vilnüs, Kiyev, Bakı enerji sammitləri və Batumi enerji konfransı çərçivəsində görüşləri xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev ilə yeni seçilmiş Polşa Prezidenti Bronislav Komorovski arasında da artıq işgüzar əlaqələr yaranmışdır. Bunlarla yanaşı, Polşanın Baş naziri Donald Tuskun bu ilin martında Azərbaycana səfəri ölkələrimiz arasında münasibətlərin inkişafına yaxşı töhfə vermişdir. Bundan əlavə, müxtəlif dövlət rəsmilərinin beynəlxalq tədbirlər çərçivəsində görüşləri də qeyd edilməlidir.
Azərbaycan ilə Polşa arasında münasibətlərdən danışarkən qarşılıqlı diplomatik əlaqələrin əhəmiyyəti xüsusi vurğulanmalıdır. Azərbaycanı Polşada məndən əvvəl səfir kimi təmsil etmiş Vilayət Quliyev bu münasibətlərin daha da inkişafı üçün xeyli işlər görmüşdür.
- Polşa iqtisadiyyatının ümumi vəziyyətini necə qiymətləndirirsiniz?
- 2009-cu ili götürsək, Polşa Respublikası Avropa İttifaqında (Aİ) ən yüksək sürətlə inkişaf edən ölkə olmuşdur. Daha dəqiq isə, 2009-cu ildə ümumi daxili məhsulda artım qeydə alınmış yeganə Aİ üzvü Polşa olmuşdur. Avropa Komissiyasının proqnozlarına görə, 2010-cu ildə də Polşa ən yüksək sürətlə inkişaf edən Aİ ölkəsi olacaq və 2011-ci ildə inkişaf tempinə görə liderlər sırasında yer alacaqdır. Polşa İqtisadiyyat Nazirliyinin məlumatlarına əsasən, 2010-cu ilin birinci yarısında Polşada ümumi daxili məhsulun həcmi 3,2 faiz, ixracın həcmi isə 20 faiz artmışdır. Deyə bilərəm ki, 2010-cu ilin yanvarından avqustunadək Polşada əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz çox sənaye məhsulu istehsal olunmuşdur.
- Polşa iqtisadiyyatının ən inkişaf etmiş sahələri hansılardır?
- Polşa iqtisadiyyatının bir çox sahələri inkişaf etmişdir. Bunlardan daha çox inkişaf edəni mebel sənayesi, zərgərlik, xüsusən də yaqut zinət əşyalar istehsalı, informasiya texnologiyaları sektoru, əczaçılıq, tibb avadanlıqları istehsalı, tikinti sektoru, dəri məmulatları istehsalı, yeyinti sənayesi və başqalarıdır.
Digər sahələrə gəldikdə isə, turizmi qeyd etmək istərdim. Zəngin tarixi keçmişə və gözəl təbiətə malik Polşa bütün dünyadan olan turistlər üçün böyük maraq obyektidir. Özü də sözügedən turist mərkəzlərinin Krakov, Qdansk, Katovitsa kimi beynəlxalq hava limanlarına malik iri şəhərlərin yaxınlığında yerləşməsi faktı bu məkanların cəlbediciliyini daha da artırır.
Doğrudur, Azərbaycan ilə Polşa arasında turizm sahəsində qarşılıqlı əlaqələr mövcuddur. Lakin bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün potensial da çoxdur. Məsələn, Polşada turizm mərkəzləri müasir standartlarda yenidən qurulur. Polşanın dünyada məşhur Krınitsa-Zdruy müalicəvi istirahət mərkəzinə, Tatra dağlarının ətəyində yerləşən, gözəl təbiətə malik Zakopaneyə Azərbaycandan da gələnlər az deyildir. Eynilə, polyaklar Azərbaycanın yenə də dünyada məşhur Naftalan şəhərində müalicə olunmaq məqsədi ilə ölkəmizə gəlirlər. Xüsusən yay aylarında turist vizası almaq üçün səfirliyə çoxlu müraciətlər olur. Düşünürəm ki, turizm operatorlarının təşkilatçılığı ilə qarşılıqlı turist səfərlərini daha sistemli və davamlı etmək olar.
Azərbaycan ilə Polşa arasında birbaşa hava reyslərinin açılması da bu əlaqələrə böyük təkan verə bilər. Birbaşa hava reyslərinin açılması iki ölkə arasında bütövlükdə iqtisadi münasibətlərin inkişafı üçün böyük bir təkan olardı.
- Bəs Azərbaycan ilə Polşa arasında iqtisadi əlaqələr necə inkişaf edir?
- Bilirsiniz ki, ölkələrimiz arasında iqtisadi əlaqələr 2006-cı ildə yaradılmış Azərbaycan-Polşa İkitərəfli İqtisadi Əməkdaşlıq Komissiyası çərçivəsində həyata keçirilir. Komissiyanın son iclası 2009-cu ilin may ayında Varşavada keçirilmişdi. Bu il noyabrın 24-də Komissiyanın növbəti - dördüncü iclası Bakıda keçiriləcəkdir. Komissiyanın Polşa tərəfdən həmsədri, Polşa Baş nazirinin müavini və iqtisadiyyat naziri Valdemar Pavlak iclasında iştirak etmək üçün böyük nümayəndə heyəti ilə Bakıya səfər edəcək və komissiyanın Azərbaycan tərəfdən həmsədri, sənaye və energetika naziri Natiq Əliyev, iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşəcəkdir.
Komissiyanın iclası ilə bərabər, biznes forumun keçirilməsi də nəzərdə tutulur. Biznes forumda iştirak etmək üçün tikinti, energetika, ekoloji texnologiyalar, kənd təsərrüfatı məhsullarının emalı və s. sahələri təmsil edən 30-dək iş adamı da Bakıya gedəcəkdir. Onlar Azərbaycanda özlərinə tərəfdaş tapmaq niyyətindədirlər.
Ümumiyyətlə, vurğulamaq istərdim ki, Polşada Azərbaycanın iqtisadi uğurlarından xəbərdardırlar və hazırda Polşa iş adamları ölkəmizlə əməkdaşlığa böyük maraq göstərirlər.
- Biznes forumda iştirak edəcək Polşa şirkətlərinin təklifləri barədə hansı məlumatları ölkəmizdə çalışan iş adamlarına çatdırmaq istərdiniz?
- Bu baxımdan Polşa tərəfinin təklifi çox geniş spektri əhatə edir. Polşa şirkətləri əsasən beton qəlibi və taxta məmulatı, tikinti texnikasının, xüsusən də buldozerlər və yük kranlarının satışında maraqlıdırlar. Eyni zamanda, Polşa şirkətləri tikinti materialları, dəmir yolu sərnişin vaqonları istehsalı, sənaye avtomatlaşdırma vasitələri, hidravlik avadanlıq, sənaye boru infrastrukturu quraşdırılması, yol tikintisi texnologiyaları təklif edirlər. Habelə, Polşa firmalarının təklif etdikləri sahələr sırasında süd, meyvə və tərəvəz emalı; şirə, konsentrat, pivə, un məmulatı istehsalı; su və şirə qablaşdırılması, plastik kütlə emalı texnologiyaları da vardır. Energetika sahəsində Polşa firmaları yenilənən energetika sahəsində layihələrin icrasını, energetika sisteminin müasirləşdirilməsini, hidroaqreqatların təmiri və quraşdırılmasını, eyni zamanda, ağır sənaye tullantılarının zərərsizləşdirilməsini, kiçik su elektrik stansiyalarının tikintisini təklif edirlər.
Tibb sahəsi üzrə ixtisaslaşan Polşa firmaları və elmi institutları, xüsusən ortopediya və travmatologiya sahəsi üzrə Azərbaycanda tərəfdaşlar axtarırlar. Bundan əlavə, Polşa tərəfi məktəbyaşlı uşaqların nitqinin, görmə və eşitmə qabiliyyətinin hərtərəfli yoxlanılması ilə bağlı pilot proqram təklif edir və layihənin reallaşdırılması üçün tərəfdaş axtarır. Layihəyə görə Bakı məktəblərindən biri və ya bir neçəsi seçiləcək, məktəblilər sözügedən sahədə ABŞ, Avropa və Rusiyanın tanınmış mərkəzləri ilə əlaqələrə malik Polşa Fiziologiya və Eşitmə Patologiyası İnstitutunun mütəxəssisləri tərəfindən müayinə olunacaqlar. Müayinənin nəticələri ölkəmizdən olan mütəxəssislərlə birlikdə dəyərləndiriləcək və müalicəyə ehtiyacı olan uşaqlar Bakı şəhərində yerləşən müvafiq müalicə mərkəzlərinə göndəriləcəklər. - Azərbaycan ilə Polşa arasında ticarət əlaqələri nə yerdədir?
- Ötən bir neçə il ərzində Azərbaycan şirkətləri ilə Polşa şirkətləri arasında real əməkdaşlıq əlaqələri qurulmuşdur. Yeni-yeni tərəfdaşlar tapmaq və ya artıq mövcud əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirmək məqsədi ilə onlarla Polşa şirkəti Azərbaycana, ölkəmizin iş adamları Polşaya səfərlər edirlər. Ticarət əlaqələri genişlənir. Ölkəmizdən Polşaya, əsasən, doymamış propan (propilen), qaz, reaktiv yanacaq və s. ixrac olunur. Polşadan isə Azərbaycana kağız və əczaçılıq məmulatları, buldozerlər, borular, qənnadı məmulatı, keramik plitələr, alma, kolbasa və digər yeyinti sənayesi məhsulları gətirilir. Fürsətdən istifadə edərək ölkəmizin ticarət adamlarının diqqətinə çatdırmaq istərdim ki, böyük alıcılıq qabiliyyətinə malik Polşa bazarında Azərbaycan daha böyük həcmdə və daha çox adda məhsullarla təmsil oluna bilər.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 2009-cu ildə Azərbaycan ilə Polşa arasında ticarət dövriyyəsinin həcmi 33,02 milyon ABŞ dolları təşkil etmişdir. Bu, iki ölkənin potensial imkanlarını əks etdirmir. Komissiyanın iclasları zamanı bu məsələ də qaldırılmış, iki ölkə arasında ticarət dövriyyəsinin həcmini artırmaq üçün müzakirələr aparılmışdır.
Bu baxımdan Polşa hökumətinin hazırladığı layihə, düşünürəm ki, azərbaycanlı iş adamları üçün maraqlı olacaqdır. Belə ki, Polşa Milli İqtisadiyyat Bankı azərbaycanlı istehlakçılara Polşa istehsalı olan məhsulları almaq üçün güzəştli şərtlərlə kreditlər təklif edir. Həmçinin, bu bank maliyyə öhdəliklərinin maliyyələşdirilməsi və təsdiqi, sənədləşdirmə xidmətləri və alıcıya kredit sahəsində əməkdaşlıq etmək üçün ölkəmizdə tərəfdaş axtarır.
- Bəs Azərbaycan sərmayəsi Polşada kapital bazarında təmsil olunubmu?
Ümumiyyətlə, 2004-cü ildə Aİ-yə üzv olmuş hər bir Şərqi Avropa ölkəsi xarici investisiyalar üçün cəlbedici məkana çevrilmişdir. Amma 2008-ci ilin sonlarında baş verən məlum beynəlxalq maliyyə böhranı sözügedən ölkələr üçün bir növ sınaq oldu. Beynəlxalq təşkilatların hesabatlarında qeyd olunduğu və tanınmış mütəxəssislərin təhlil xarakterli yazılarında da bildirildiyi kimi, Polşa bu sınaqdan uğurla çıxmağı bacardı. Bu amil xarici investorlarda Polşaya olan inamı daha da artırmış və xarici investorların diqqətini bir daha Polşanın üzərində cəmləmişdir. Polşa İqtisadiyyat Nazirliyinin məlumatına görə, hazırda Polşada birbaşa xarici yatırımlar 120 milyard avro təşkil edir.
Bildirmək istərdim ki, xarici investisiyanı cəlb etmək üçün Polşa hökuməti proqram layihələr reallaşdırmaqdadır. Hazırda 2008-2011-ci illəri əhatə edən Özəlləşdirmə Planı həyata keçirilməkdədir. Bu plan çərçivəsində müxtəlif sahələr üzrə ümumilikdə 782 şirkətin tam və ya qismən özəlləşdirilməsi nəzərdə tutulur. Enerji sektoru üzrə "Enea S.C.", "Energa S.C.", "Polish Energy Group S.C." və s. kimi iri şirkətlər özəlləşdirilməyə çıxarılmışdır. Həmçinin planda iqtisadiyyatın müxtəlif sahələr üzrə iri şirkətlər, maliyyə institutları vardır. Məsələn, iri maliyyə institutlarından Bakı Birjası ilə də əməkdaşlıq edən Varşava Fond Birjasını misal göstərmək olar. Tanınmış iri şirkətlərdən Azərbaycan bazarında da təmsil olunan "Lotos S.C."-nin səhmlərinin bir qismi investorlara təklif edilir. Özəlləşdirmə Planında neft sənayesi, əczaçılıq, tikinti, ticarət və xidmət sektoru, daşıma, metallurgiya, səhiyyə və s. sahələrdə çalışan bir sıra orta və xırda şirkətlərin də adları vardır.
Ümumiyyətlə, düşünürəm ki, 2008-2011-ci illəri əhatə edən Özəlləşdirmə Planı Avropa bazarının bir hissəsi olan Polşaya sərmayə yatırmaq istəyən, 2010-cu il noyabrın 24-də Bakıda keçiriləcək biznes forumu isə özünə Avropada tərəfdaş axtaran Azərbaycan iş adamları üçün gözəl imkandır və bu imkandan faydalanmaq lazımdır.

{nl}

Vüqar SEYİDOV AzərTAc-ın xüsusi müxbiri
Varşava

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında